İmam Rzanın (ə) həyatı

Zil-qədə ayının 11-i (İyul ayının 14-ü) şiələrin səkkizinci imamı – imam Rzanın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin həyatı və əxlaqı ilə bağlı qısa məlumatı diqqətinizə çatdırırıq:

İmam Rzanın (s) şəhadəti münasibətilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o Həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq:

İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və atası İmam Kazim (ə) (183-cü hicri ilində) Bağdad zindanında şəhid olduqdan sonra otuz beş yaşında imamətə çatmışdır. İmam Rzanın (ə) vəfat tarixi haqda ixtilaf vardır; bəziləri 202-ci il, bəziləri isə 203-cü hicri ilində vəfat etdiyini qeyd etmişlər. Hansı ayda vəfat etdiyinə gəldikdə isə, Şeyx Kuleyni və Şeyx Müfid (hansı gündə olduğuna toxunmadan) Səfər ayında vəfat etdiyini söyləmişlər. Növbəxti o Həzrətin vəfat gününün Səfər ayının sonuncu gün olduğunu qeyd etmişdir. O Həzrətin anası Xeyzəran adlanırdı. Bəzilərinin fikrincə, o, Novbə əhalisindən olmuşdur. Adı Ərva, ləqəbi isə Şəqradır. Bəziləri anasının adının Nəcmə, Tüktəm və künyəsinin Ümmül-Bənin olduğunu qeyd etmişlər. (“Əl-əimmətu isna əşər”, c.2, səh.342.)

İmam Rza (ə) 201-ci h.q. ilinə qədər Mədinədə yaşamış, həmin ilin Ramazan ayında Mərvə gedərək 202-ci və yaxud 203-cü ilin Səfər ayında şəhadətə yetirilmiş və Xorasanda (Məşhəd şəhərində) dəfn olunmuşdir.

İmam Rza (ə) Harunun dövründə

183-cü hicri ilində İmam Kazim (ə) Harunun əmri ilə Bağdad zindanında zəhərlənib şəhid olduqdan sonra İmam Rza (ə) İmam olduğu müddətin on ilini Harunun hakimiyyəti dövründə yaşamışdır. Bu müddət Harunun özbaşınalıq və azğınlıq mühiti olması ilə yanaşı, həm də İmam Rzanın (ə) nisbətən azad yaşadığı və elmi-mədəni fəaliyyəti dövrü hesab olunur. Çünki Harun bu müddət ərzində o Həzrətə toxunmamış və İmam Rza (ə) açıq şəkildə fəaliyyət aparmışdır. Buna görə də, o Həzrətin yetirdiyi şagirdlər, islami elmlər ocağında təlim etdiyi Quran həqiqətləri və İslam maarifi də, məhz bu dövrə təsadüf edir. Harunun təzyiqləri azaldaraq İmam Rzanı (ə) nisbətən azad buraxmasının səbəbi, bəlkə də, onun İmam Kazimi (ə) qətl etdiyini ört-basdır etməsi ilə əlaqədardır. Harun bu böyük cinayətin üstünü örtməyə çalışsa da, məsələnin üstü açılır və camaatda ona qarşı böyük nifrət hissi oyanır. Buna görə də, Harun bir təhər özünə bəraət qazandırmaq istəyirdi.

Vəliəhdlik məsələsi

İmam Rza (ə) haqqında ən önəmli tarixi hadisə o Həzrətin vəliəhdlik məsələsi idi. O Həzrətin vəliəhdliyi ilə bağlı nəzərə çarpan məsələlər bunlardır: 1. Bu prosesdə Məmunun hədəfi; 2. Məmunun öz hədəfinə çatmamasında İmam Rzanın (ə) mövqeyi.

Məmunun zahiri rəftarlarından başa düşülür ki, o, bu prosesdə xüsusi hiyləgərliklə zahirdə öz xalis niyyətini – İmam Rzaya (ə) məhəbbətini bildirmək istəmiş və xilafət məsələsində İmam Əlinin (ə) nəslinin haqlı və layiqli olduğuna inandığını göstərməyə çalışmışdır.

Digər məsələ İmam Rzanın (ə) xilafət təşkilatına gətirilməsi ilə o Həzrətin fəaliyyətlərinin məhdudlaşdırılması idi.

Üçüncü məsələ isə budur ki, İmam Rza (ə) Məmunun vəliəhdliyini qəbul etməklə əzəmətini, məqam və mövqeyini azaldacaq, tərəfdarlarının yanında hörmətdən düşəcək, kimsə onu pak və müqəddəs bir şəxsiyyət kimi tanımayacaq və nəhayət, iddia etdiklərini puç biləcəkdilər.

Əbusəlt Hərəvi də vəliəhdliyin İmam Rzaya (ə) həvalə edilməsinin səbəbini belə açıqlayır: “Məmun İmam Rzanı (ə) vəliəhd seçməklə camaata o Həzrətin dünyapərəst və dünya malına hərisliyini sübut etmək və beləcə, mənəvi məqamını ləkələmək istəyirdi.”

Həqiqət budur ki, camaat hər vaxt İmam Əlinin (ə) övladlarına, məxsusən, şiə imamlarına xüsusi ehtiram bəsləmiş və bu da xalqın onlara hədsiz dərəcədə etiqad və etimadına səbəb olmuşdu. İmamların spesifik xüsusiyyətləri hər kəsi onlara tərəf yönəltmiş, camaatın onlara qarşı itaətini zəruriləşdirmiş və onların qarşısında təslimçilik ruhu yaratmışdı. Məmun çalışırdı ki, bu əzəmət və müqəddəsliyi aradan qaldırsın və ən azı, onların da başqaları kimi hakimiyyətə çatdıqları zaman zülm və fəsada düşəcəkləri fikrini camaata aşılasın.

Xilafət və siyasət insanların nəzərində bir növ çirkinlik sayıldığı üçün təqvalı və nəfsi pak insanın siyasətə qoşulması onun təsir və nüfuzunun azalmasına səbəb olacaqdı. İmam Rza (ə) kimi təqva və zahidlikdə öndər olan şəxsin Abbasilərin qurduğu xilafətlə əməkdaşlığı o Həzrəti məqam və nəzərdən salacaqdı. Buna görə də, o Həzrətə etiraz əlaməti olaraq deyirdilər: “Dünyaya bağlanmadığınız halda, nə üçün Məmunun vəliəhdliyini qəbul etdiniz?” İmam (ə) buyurardı: “Bu işə nə qədər nifrət etdiyimi yalnız Allah bilir.”

Məmunun bu hədəflərinin kənarında bəzi məsələlərə də toxuna bilərik. Məsələn, Məmun bu tədbiri ilə İmam Rzanı (ə) istədiyi kimi idarə edə bilərdi. Bu istiqamətdə İmamın üzərində bir çox gözətçi qoymuşdu ki, onlar hər an İmamın vəziyyətini Məmuna çatdırırdılar. (“Üyunu əxbarir-Riza (ə)”, c.2, səh.151-152.)

İmam Rzanın (ə) reaksiyası

İmam Rzanın (ə) göstərdiyi ilk reaksiyanı Xorasana gəlməkdən imtina etməsi idi. O Həzrət onu aparmağa məmur olan Rəca ibn Əbu Zəhhakın məcbur etməsinə qədərki müddətdə bu işlə müxalifətçilik etdi. Şeyx Kuleyni, Yasir Xadimdən və Rayyan ibn Səltdən belə nəql edir: “(Məmunun qardaşı) Əmin məğlub edildikdən və Məmun hökumətini qurduqdan sonra İmama bir məktub yazaraq Xorasana gəlməsini istədi. İmam isə onun istəyinə müsbət cavab vermədi. Bir hədisdə deyilir: “Məmun bu haqda o qədər məktub yazdı ki, İmam (ə) Məmunun bu işdən əl çəkməyəcəyini gördükdə, getməkdən başqa bir çarənin olmadığını başa düşdü.” (“Üsuli-kafi”, c.1, səh.488.)

Şeyx Səduq, Məul Səcistanidən belə nəql edir: “İmam Rzanı (ə) Xorasana aparmaq üçün Mədinəyə bir məmur gəldiyi zaman, mən orada idim. İmam Rza (ə) Rəsulullah (s) ilə vidalaşmaq üçün o Həzrətin türbəsinə daxil oldu. İmamın dəfələrlə türbədən çıxıb yenidən geri döndüyünü və yüksək səslə ağladığını gördüm. İmama yaxınlaşıb salam verdim və bunun səbəbini soruşdum. İmam buyurdu: “Cəddimin yanından gedəcək və qürbətdə öləcəyəm...”

Həmçinin İmam Rza (ə) Xorasana getdiyi zaman ailəsindən heç kəsi özü ilə aparmadı. Bu da o Həzrət baxımından səfərin heç də aydın gələcəyə malik olmadığını bildirirdi.

Nəhayət, Məmun xilafəti İmam Rzaya (ə) həvalə etmək istəyini irəli sürdü. Məmunun hədsiz israrından və İmamın da bunu qəbul etməməsindən sonra, vəliəhdlik zorla İmama yükləndi.

Vəliəhdliyin qəbulluğu barədə Məmunun israrı və əks-təqdirdə, İmam Rzanın (ə) ölümlə hədələnməsi o Həzrəti elə bir vəziyyətdə qoymuşdu ki, o Həzrətin başqa çarəsi qalmamışdı. Eyni zamanda, İmam (ə) Məmunun öz hədəfinə çatmaması üçün əlindən gələnini də əsirgəmədi. Bu məsələ yalnız İmamla (ə) Məmun arasında baş verən iki aylıq müzakirədən sonra gerçəkləşdi.

İmam Rza (ə) dəlil-sübutları ilə Məmuna bildirdi ki, ya özünün və ata-babalarının xilafətə haqlı olmadıqlarını etiraf etməli, ya da İmamdan əl çəkməlidir. Məmun İmam Rzanı (ə) vəliəhdliyə məcbur etdiyi zaman İmam ona buyurdu: “Əgər bu xilafət sənə aiddirsə, Allah onu sənin üçün qərar vermişdir. Belə olan halda, Allahın sənə geyindirdiyi paltarı çıxarıb başqasına verməyin caiz deyildir. Əgər sənə aid deyilsə, yenə də, özünə aid olmayanı başqasına bağışlamağın caiz deyildir.” (“Rovzətul-vaizin”, Nişapuri, səh.223.)

Hər halda, İmam Rza (ə) məcburi şəkildə vəliəhdliyi qəbul etdi. Lakin vəliəhdliyi qəbul etdiyi üçün siyasi istifadələr olunmasın deyə, İmam bütün gücünü səfərbər etdi.

O Həzrət vəliəhdliyi bir sıra xüsusi şərtlərlər əsasında qəbul etmişdi ki, əməli olaraq onu siyasi və ictimai məsələlərə müdaxilə etməkdən tamamilə uzaqlaşdırırdı. O Həzrət şərtlərini belə açıqladı: “Mən bunu (vəliəhdlik) bu şərtlərlə qəbul edirəm ki, kimsəni vəzifəyə təyin etməyəcək və kimsəni vəzifəsindən azad etməyəcəyəm. Heç bir adət-ənənəni pozmayacaq və vəliəhdlik məqamını yalnız uzaqdan-uzağa daşıyacağam.” (“Üyunu əxbarir Riza (ə)”, c.2, səh.148.)

İmam Rza (ə) və Məmun

Burada Məmunun İmam Rza (ə) ilə əlaqəsi haqda iki əsaslı məsələni xatırlamaq yerinə düşərdi:

1. Məmun İmam Rzanı (ə) Mərvə gətirdikdən sonra müxtəlif alimlərin iştirakı ilə bir çox elmi yığıncaqlar təşkil edərdi və orada İmamla başqaları arasında bir çox müzakirələr baş verərdi. Bu yığıncaqlarda müzakirə edilən məsələlər, ümumiyyətlə, fiqhi və etiqadi məsələlərdən ibarət idi.

Bu işdə Məmunun məqsədi özünü elmsevər və ona əhəmiyyət verən kimi göstərmək idi. Amma Məmunun belə yığıncaqlar təşkil etməkdə məqsədi başqa idi. O, İmamı müzakirə mühitinə çəkməklə adi camaatın Əhli-beyt imamları ilə bağlı “Onlar xüsusi elmlərə, o cümlədən, “lədünni” elmə sahibdirlər!” – düşüncəsini aradan qaldırmaq istəyirdi.

İmam Rzanın (ə) elmi şöhrəsi Məmun tərəfindən şəhadətə yetirilməsi üçün ən önəmli dəlil sayıldı. Əhməd ibn Əli Ənsari deyir ki, Əbu Səltdən: “Məmun İmam Rzanın (ə) öldürülməsinə necə razı oldu?” – deyə soruşduqda belə cavab verdi: “...Məmun vəliəhdliyi İmam Rzaya (ə) həvalə etməklə camaata onun dünyaya bağlandığını göstərmək və nəticədə, o Həzrəti camaatın gözündən salmaq istəyirdi. Ancaq İmam Rzanın (ə) rəftar və hərəkətləri onun Məmundan üstünlüyünü aşkar etdikdə, Məmun İmam Rzanın (ə) elmi məqamını zədələmək və camaatın gözündən salmaq üçün bütün müsəlman və qeyri-müsəlman sxolastiklərini İmamla elmi münazirəyə dəvət edirdi. Amma İmamla həmsöhbət olan hər bir müsəlman, yəhudi və məsihi alimi İmama təslim olurdu. Nəticədə, camaat da deyirdi ki, İmam Rza (ə) xilafətə Məmundan daha layiqdir. Məmunun casusları da bu xəbərləri ona çatdırırdı. Beləcə, Məmun İmam Rzanı (ə) zəhərləyərək öldürdü. (“Üyunu əxbarir-Riza (ə)”, c.2, səh.241.)

2. Məmunla İmam Rza (ə) arasındakı əlaqələrə kölgə salan ikinci bir nöqtə də, İmamın “bayram” namazında iştirak etməsi oldu. Məmun, İmamdan (ə) bayram namazını qılmağı istəsə də, İmam vəliəhdliyi qəbul edərkən qarşıya qoyduğu şərtlər əsasında bayram namazını qılmayacağını söylədi. Məmun israr etdikdə, İmam məcbur olaraq qəbul etdi və buyurdu: “Belə isə, Rəsulullah (s) kimi namaza gedəcəyəm!” Məmun da bunu qəbul etdi. Bu arada camaat İmam Rzanın (ə) padşahlar kimi bəzi xüsusi ənənələrə tabe olaraq evdən çıxacağını gözləyərkən, bir də gördülər ki, İmam ayaqyalın evdən çıxdı və “təkbir” deyərək yola düşdü. Rəsmi geyimlərlə bu məclisdə iştirak edən əmirlər və dövlət məmurları bunu gördükdə, atlarından düşüb, ayaqqabılarını çıxartdılar, “təkbir” deyərək İmamın arxasınca hərəkət etməyə başladılar. Nəql edirlər ki, Fəzl xəlifə Məmuna dedi: “Əgər İmam Rza (ə) bu şəkildə namaz qılınacaq yerə getsə, camaat ona aşiq olar. Yaxşı olar ki, onun geri dönməsini istəyin.” Məmun bir nəfəri göndərərək İmamın geri dönməsini istədi. İmam ayaqqabılarını istədi və geyinib atına minərək geri döndü.” (“Rovzətul-vaizin”, Nişapuri, səh.227-228.)

Məmun bu hadisədən daha çox təhlükə hiss edib anladı ki, İmam onun heç bir dərdinə dərman olmadığı kimi, siyasi vəziyyəti tamamilə onun əleyhinə yönəldir. Buna görə də, onun hər bir işini vasvasılıqla araşdırmaq və Məmunun əleyhinə görmək istədiyi hər bir tədbiri ona xəbər vermək üçün gözətçilər təyin edildi və onlar belə fəaliyyətlərdən Məmunu xəbərdar etdilər. (“Üyunu əxbarir Riza (ə)”, c.2, s.153.)

Başqa hallarda da İmam Rza (ə) Məmunu gördüyü işlərinə görə tənqid edərdi. Məsələn, Məmun İslam ərazilərini genişləndirmək üçün qeyri-islami dövlətlərlə döyüşərkən o Həzrət Məmuna buyurmuşdu: “Nə üçün Muhəmmədin (s) ümməti haqda düşünmür və onları islah etməyə çalışmırsan?”

İmam Rzanın (ə) şəhadəti

Qeyd etdiklərimizdən aydın olur ki, Məmun İmam Rzanı (ə) Mərvə gətirməklə uğurlu nəticələr əldə edə bilmədi. Hətta vəziyyətin bu minvalla davam etməsi onun üçün aradan qaldıra bilməyəcəyi ehtimali zərərlər belə doğuracaqdı. Xilafəti ələ almaq üçün öz qardaşını öldürməkdən çəkinməyən və özünün xilafət kürsüsünə oturması üçün zəhmətlərə qatlaşan vəzirini göz qırpmadan öldürən Məmun indi də cani ata-babaları kimi xilafətini qorumaq məqsədilə şiə imamlarından digər birini öldürmək fikrinə düşdü və nəhayət, hiylə və özünəməxsus siyasi oyunlar tətbiq etməklə İmam Rzanı (ə) şəhadətə yetirdi və İmamın (ə) ölümündən kədərləndiyini bildirdi. Belə ki, üç gün, üç gecə İmamın (ə) qəbrinin üstündən ayrılmadı. Məmun elə ustalıqla öz rolunu ifa etdi ki, hətta bəzi şiə alimləri İmamın (ə) Məmun tərəfindən şəhadətə yetirilmədiyini qəbul etdi. İrbili həmin alimlərdən biridir. Halbuki İmam Rza (ə) haqqında ən geniş kitab yazan Şeyx Səduq başda olmaqla şiə alimlərinin əksəriyyəti bir çox rəvayətlərə istinad edərək İmam Rzanın (ə) Məmun tərəfindən şəhadətə yetirildiyini təsdiq etmişlər. (“Müsnədi-İmam Rza (ə)”, Əzizullah Ətarudi, c.1, səh.124-139; “Məsum imamların fikri-siyasi tarixi”, Ustad Rəsul Cəfərian, “İmam Rzanın həyatı” bölməsi.)

Tərcümə etdi: Rza Şükürlü (Maide.Az)