Əməl ilə əxlaqın qarşılıqlı əlaqəsi-7

QURANİ-KƏRİMDƏ ƏXLAQ AYƏLƏRİ

Qurani-Kərimin “Tövbə” surəsinin 103-cü ayəsində belə buyurulur:

خُذْ مِنْ أَمْوَالِهِمْ صَدَقَةً تُطَهِّرُهُمْ وَتُزَكِّيهِم بِهَا

“Onların mallarından sədəqə (zəkat) al ki, bununla onları təmizləyib paklaşdırasan.”

Bu ayədə zəkat və onun təsirlərindən söhbət gedir. Ayədə göstəriş verilir ki, mömin insanlardan zəkat al”. Sonra bu ayəninin davamında zəkatın əxlaqi və mənəvi təsirlərindən söz açılır: “Sən bu işlə onları təmizləyir və inkişaf etdirirsən.

Bəli, zəkatı ödəmək insanı dünyapərəstlikdən, paxıllıqdan, xəsislikdən təmizləyir, canlarında insansevərlik, səxavət, başqalarının hüququna diqqət toxumunu cücərdir. Bundan əlavə, cəmiyyətdə yoxsulluq və aztəminatlılıqdan doğan azğınlıqlar digərlərinin bu ilahi vəzifəni yerinə yetirməsi ilə kökündən həll olur. Buna görə də zəkat həm əxlaqi rəzillikləri aradan aparır, həm də sildiklərinin yerini müsbət əxlaqi keyfiyyətlərlə bəzəyir. Bu, bəhsimizdə əsas mövzu olan məsələdir; yəni pis və yaxşı əməllərin əxlaqi rəzilət və keyfiyyətlərin inkişafında təsiri. Bu məsələ oxşar bir ifadə ilə “hicab” ayəsində də gözə dəyir:

وَإِذَا سَأَلْتُمُوهُنَّ مَتَاعًا فَاسْأَلُوهُنَّ مِن وَرَاء حِجَابٍ ذَلِكُمْ أَطْهَرُ لِقُلُوبِكُمْ وَقُلُوبِهِنَّ

“Əgər onlardan (Peyğəmbərin zövcələrindən) bir şey istəsəniz, pərdə arxasından istəyin ki, bu, həm sizin qəlbləriniz, həm də onların qəlbləri üçün daha təmiz olar. (“Əhzab” surəsi, ayə 53.)

Bu ifadə tərzi onu göstərir ki, əməllə iffəti gözləmək qəlbin paklığına səbəb olur. Əksinə, iffəti tərk etmək insanın qəlbini və ruhunu çirkləndirir, əxlaqi rəzilliklərin inkişafına səbəb olur.

Nəticə: Uyğun ayələri şərh etməkdə hədəfimiz əməllərin insan əxlaqına olan təsirlərinə və onun fonunda insan ruhunun formalaşmasına aydınlıq gətirmək idi. Ayələrdən bu qənaətə gəlmək olar ki, nəfsin tərbiyəsi üçün əməllərdə ehtiyatlı olmaq lazımdır, çünki günahı, pis əməlləri təkrar etmək bir tərəfdən öz gözündə əməllərin qəbahətini aradan qaldırır, digər tərəfdən də insanın ruhu ona adət edir, tədricən, rəzil sifətlər vərdiş şəklində insanın canına hopur və insan pis əməli ilə daha da şadlanır və fəxr edir. (“Quranda əxlaq”, Ayətullah Məkarim Şirazi, səh.186-187.)

Maide.az