İMAM SADİQ (Ə) VƏ ŞİƏ FİQHİNİN ƏHLİ-BEYT HƏDİSLƏRİNƏ SÖYKƏNMƏSİ

İmam Sadiqin (ə) dövrü Əhli-beyt elmlərinin müxtəlif sahələrdə yayıldığı bir dövr idi. O həzrət bu zəmində daha çox fəaliyyət göstərmişdi. Bunun səbəbi bir tərəfdən güclü Əməvi hakimiyyətinin çökməsi, digər tərəfdən, Abbasilərin hakimiyyətə gəlməsindən qaynaqlanan siyasi boşluğun yaranması idi. O həzrət imamət dövrünün bir hissəsində böhransız bir siyasi fəza ilə qarşılaşmışdı. İmam Sadiq (ə) şiələrin bütün diqqətini Əhli-beytə yönəldərək, onları başqalarının hədislərinə istinad etməkdən çəkindirirdi. Şiə fiqhinin müstəqil və əsaslı olaraq qurulmasının ən önəmli səbəblərindən biri də bu idi. O həzrət bir rəvayətdə belə buyurur: “Ey şiələr! Rəsulullahın (s) əsərlərini,sünnəsini və Peyğəmbərin Əhli-beytindən olan hidayət imamlarının əsərlərini daim gözönündə saxlayın.” (“Rovzətul-kafi”, s. 5.)

İmam Sadiq (ə) Yunis ibn Zebyana belə buyurdu: “Ey Yunis! Düzgün elm axtarırsansa, o bizim yanımızdadır. Çünki biz hikmət yollarını və doğrunu səhvdən ayıran mizanı irs aparmışıq.”

İmam Sadiq (ə) öz rəvayətlərini şagirdlərinə nəql edir və onlar da – həm şiə, həm də sünni şagirdləri – Həzrətin hədislərini yazırdılar. Lakin əhli-sünnədən olanlar hədisi belə yazırdı: “Cəfər ibn Mühəmməddən, o da atasından, o da ata-babalarından və onlar da Rəsulullahdan (s) nəql edirlər.” Başqa sözlə, hədisi sənədi ilə birlikdə nəql edirdilər. Amma o həzrətin şiə şagirdləri “Əbu Əbdüllahdan” ünvanı ilə yazır və sənədini zikr etmirdilər. Çünki şiələr imamların ismətinə, imamətinə və sözlərinin höccət olduğuna inanırdılar və elə bu səbəbdən də, hədisin sənədini yazmağa ehtiyac duymurdular. Bununla belə, imam Sadiq (ə) buyurduğu hədislərin Peyğəmbərin hədisləri olduğuna təkid edirdi: Mənim hədisim atamın hədisidir, atamın hədisi cəddimin hədisidir, cəddimin hədisi Əli ibn Əbu Talibin hədisidir, Əlinin hədisi Rəsulullahın (s) hədisidir və Rəsulullahın hədisi də Allahın sözüdür.” (“Vəsailuş-şiə”, c. 18. s. 49.)

Əmirəlmöminin Əli (ə) buyurmuşdur: ...Biz Əhli-beyt elmimizi Allahın elmindən alır, Allahın hökmü ilə hökm edir və sözü sadiq olan Peyğəmbərdən eşidirdik. Əgər bizim və əsərlərimizin arxasınca getsəniz, bizim bələdçiliyimizlə hidayətə qovuşarsınız. Haqq bayrağı bizdədir və ona tərəf gələn haqqa çatar, ondan üz çevirən zəlalət boğular!(“İqdul-fərid”, İbn Əbdu Rəbbih, c. 4, s. 67.)

İmam Sadiq (ə) də belə buyurmuşdur: “Bizim yanımızda elə bir şey var ki, onun varlığı bizi xalqdan ehtiyacsız və onları bizə möhtac etmişdirBizim yanımızda bir kitab var ki,Rəsulullah (s) onu söyləmiş və Əmirəlmöminin Əli (ə) də yazmışdır. Bütün halal və haram hökmlər onda mövcuddur.” (“Kafi”, Şeyx Kuleyni, c. 1, s. 241.)

Şiələrin hədis kitablarında müşahidə edilən uyğunluq əsla əhli-sünnənin hədis kitablarında görünmür. Çünki onların kitabları məzmunca bir-birilə uyğun gəlməyən ixtilaflı nəzəriyyə və hədislərlə doludur. Bu ixtilaflı hədislərin əksəriyyəti səhabələrin əqidə və nəzərlərindən qaynaqlanır. Belə olan surətdə, bəzilərinin şiəni tanıdarkən onun təsəvvür və xəyallarla dolu olan və müxtəlif fikirlərdən təşkil tapan bir təriqət olduğunu deməsi sözün əsl mənasında insafsızlıqdır. Buna görə də, imam Sadiq (ə) öz zamanındakı əhli-sünnə ravilərinin məlumat və elmlərini dəyərləndirərkən belə buyurur: “Başqaları Peyğəmbərdən(s) sonra keçmiş ümmətlərin getdikləri yolu gedərək Allahın dinini dəyişdirdilər və təhrif etdilər. Onlar Allahın dininə bəzi şeylər əlavə edib onun bəzi sözlərini azaltdılar. Buna görədə, indi onların əlində olan hər bir şey Allah tərəfindən nazil olan dinin təhrif edilmişformasıdır.” (“İxtiyaru mərifətir-rical”, Şeyx Tusi, s. 140.)

Şiə imamlarının hədisləri əhli-sünnənin fiqhinə də nüfuz etmiş və onların bir çox raviləri imam Baqir (ə) və imam Sadiqdən (ə) çoxlu sayda hədislər nəql etmişlər. Bu hədislərin bir qismi onların hədis kitablarında mövcuddur. Hətta əhli-sünnə kitablarında bəzən söz, bəzən də məzmun baxımından Əhli-beytin kəlamlarına bənzəyən çoxlu hədisə rast gəlmək mümkündür.

Əhli-sünnə rəvayətlərinin zəif olması və onların səhabə və tabeinin əməllərinə istinad etməsi onların fiqhi bünövrəsinin zəifliyinə gətirib çıxarırdı. Çünki səhabə və tabeinin arasında olan düşüncə və xarakter fərqliliyi o qədər çox idi ki, nəzər və fətvaları bir yerə toplamağı daha da çətinləşdirirdi.

Əhli-sünnə fəqihləri səhabə və tabeinin üsul və metodlarına istinad etməklə yanaşı, digər hökm və fətva qaynaqları da irəli sürürdülər ki, bunların ən mühümmü “müqayisə “metodu idi. Əhli-sünnə alimlərindən biri hədislər az olduğu üçün “müqayisə” metoduna əl atdığını bəyan edir. İmam Sadiq (ə) öz zamanında bu fikri gündəmə gətirmiş və əvvəlki hədisin davamında əhli-sünnənin rəvayətlərə olan ehtiyacı barədə belə buyurmuşdur: “Xalqınonlara cahil deməsindən utanır və soruşulan sualları cavabsız qoymaqdan xoşlanmırlar.Onlar xalqın elmi əsl və həqiqi mədən və xəzinəsindən (Əhli-beyt) öyrənməsini istəmirlər və buna görə də, “müqayisə və rəyi Allahın dininə qataraq Rəsulullahın (s) hədislərini bir kənara atırlar və beləcə, bidətə üz gətirirlər.” (“Vəsailuş-şiə”, c. 18, s. 40.)

İmam Sadiq (ə) belə bir fiqhi məktəbin qarşısında müxalif cəbhə tutaraq mədəni fəaliyyətinin böyük bir hissəsini rəy və müqayisə ilə mübarizəyə həsr etdi. Bu barədə o həzrətdən çoxlu sayda rəvayətlər nəql edilmişdir. Onların bəzisinə işarə edirik:

Əbu Hənifə rəy və müqayisəyə əməl edənlərdən biri idi. O, bu məsələdə başqalarını ötüb keçmişdi. Onun fiqhi məktəbi İraqda “rəy məktəbi” adı ilə məşhur olmuşdu.

İmam Sadiqin (ə) Əbu Hənifə ilə münazirə və mübahisəsi barədə nəql edilmiş məşhur bir rəvayətdə İmamın (ə) əvvəlcə onu dində müqayisə etməkdən çəkindirməsindən, sonra isə müqayisənin bir neçə yerdə heç bir şeyi həll edə bilmədiyini xatırlamasından danışılır.

İmam ondan soruşur: “Zina ağırdır, yoxsa, haqsız yerə adam öldürmək?”

Əbu Hənifə deyir: “Haqsız yerə adam öldürmək.”

İmam Sadiq (ə) buyurur: “Allah zinanın isbatı üçün dörd şahid və bir adamın öldürüldüyünü isbat etmək üçün isə iki şahid istəmişdir. Bu isə, müqayisənin tələb etdiyi hökmün tam əksinədir.

İmam sonra soruşur: “Namaz əhəmiyyətlidir, yoxsa, oruc?”

Əbu Hənifə deyir: “Namaz.”

İmam buyurur: “Qadın, heyz (aybaşı) olduğu günlərdə qıla bilmədiyi namazları qəza etməyə vəzifəli deyil, amma oruc tuta bilmədiyi günlərin orucunun qəzasını tutmalıdır. Bu da müqayisə ilə uzlaşmır.” (“Hilyətül-övliya”, Əbu Nəim, c. 3, s.197.)

Bu kimi nümunələr başqa rəvayətlərdə də qeyd edilmişdir. (“Vəfəyatul-əyan”, c. 1, s. 471.) Beləcə, İmam öz səhabələrinə rəy əhli ilə onların təsiri altına düşəcək miqdarda oturub-durmalarını qadağan etmişdi. Necə ki, müqayisəyə əməl etməyi məhkum etmək zəminində imam Sadiqdən (ə) çoxlu sayda hədis rəvayət edilmişdir. (“Rical”, Kəşşi, s. 163, 164, 189.) O həzrət ondan hədis nəql edib, amma müqayisəyə əməl edən kəslər barədə olan hədsiz narahatlığını əsla gizlətmirdi.

Şiənin istinad etdiyi qaynağı əhli-sünnə də qəbul edirdi. Çünki imam Sadiq (ə) hədislərini öz ata-babalarından nəql edirdi və onun əsli Əmirəlmöminin Əliyə (ə), sonra isə Rəsulullaha (s) çatırdı. Əmirəlmöminin Əli (ə) illər boyu Rəsulullahın (s) hüzurunda olduğundan bütün fəqih və ravilərin etimad etdiyi bir fəqih və ravidir.

İmamların şəxsiyyəti istər əxlaqi baxımdan olsun, istərsə də elmi baxımdan, hətta əhli-sünnənin qəbul etdiyi ən sadə ölçü və meyarlara əsasən də hər kəsdən üstündür. Bu səbəbdən, əhli-sünnənin ən qədim “rical” alimlərindən olan İcli imam Sadiqin (ə) adına çatdıqda belə yazır: “Cəfər ibn Mühəmməd ibn Əli ibn Hüseyn ibn Əli ibn Əbu Talib. Onlarda olan fəzilət və üstünlüklər heç kimdə yoxdur. Bu beş nəfər imamdır.” (“Əl-imamus-Sadiq (ə)”, Məhəmməd Cavad Fəzlullah, s. 196.)

Rza Şükürlü