Meyvənin mümkün bahalaşma səbəbləri

"Modern.az"da "Meyvələrin qiyməti bahalaşacaq - səbəb" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif bu il meyvələrin qiymətinin bahalaşacağı səbəblərini ekspert Nicat Nəsirli ilə müzakirə edir.
 
Müəllif deyir ki, bu ilin aprel ayı, may ayı hava şəraiti baxımından kənd təsərrüfatı üçün o qədər də əlverişli keçməyib, aprelin 17-dən 22-dək şimal enliklərindən uzun sürən soyuq hava kütlələrinin daxil olması ölkədə qeyri-sabit hava şəraiti yaradıb.
 
Müəllif vurğulayır ki, dağlıq və bəzi dağətəyi rayonlarda qar örtüyünün qalınlığı 2-14 santimetr olub, yağıntıların miqdarı bəzi rayonlarda aylıq normanı keçib, mayın 13-də isə bəzi dağlıq rayonlara, xüsusilə Xaçmaza dolu düşüb, mayın 20-nə olan hava proqnozuna görə də ölkənin bəzi yerlərinə dolu düşmə ehtimalı var və mövsümə uyğun olmayan yağıntılar kənd təsərrüfatı məhsullarına böyük zərər verir.
 
Kənd Təsərrüfatı Nazirliyinin eksperti Nicat Nəsirli isə hava amilini "modern.az"a risk faktorlarının içərisində ən təhlükəlisi kimi dəyərləndirib.
 
Onun fikirncə, bu təhlükənin başında leysan, dolu amili ən təhlükəlisi sayılır.
 
Ekspert deyir ki, ölkənin coğrafi iqlim şəraitinə görə, dolu adətən çəyirdəkli meyvələrin çiçəklənmə dövrünə təsadüf edir, bu isə məhsuldarlığa ciddi şəkildə mənfi təsir göstərir: "Hələ 2-3 həftə əvvəl leysan xarakterli yağış yağdı, ardından da dolu düşdü. Bütün bunların nəticəsində isə ərik daha çox zərər gördü. Yağıntıların və dolunun təsirini biz xüsusilə əriyin məhsuldarlığında müşahidə edəcəyik. Quba, Qəbələ, Zaqatalada ərik bağları yağıntılardan çox böyük zərər görüb. Dolunun növbəti günlərdə yağma ehtimalı olduğuna görə vəziyyət bir qədər də çətinləşə bilər".
 
N.Nəsirlinin sözlərinə görə, hava şəraitinin bitkiçilik sahəsinə təsirləri gözlənilmir, çünki dolu kütləvi deyil, lokal xarakterli oldu, əsasən də Xaçmaza düşdü, bu isə ciddi iqtisadi nəticə yarada bilməz.