Müşfiqabad məscidindəki insidentlə bağlı araşdırma başladılıb

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQIDK) Müşfiqabad qəsəbə məscidində dindarlar arasında baş vermiş insident barədə araşdırmaya başlayıb.
 
Komitənin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, son günlər bəzi mətbuat vasitələrində və sosial şəbəkələrdə dini təriqət nümayəndələri arasında ziddiyyətlərin kəskinləşdiyi müşahidə olunur və Dövlət Komitəsi bundan narahatdır.
 
Komitə bununla, o cümlədən adı çəkilən məscidlə bağlı vəziyyəti nəzarətə götürüb və ciddi araşdırmaya başlayıb: “Araşdırmalar başa çatdıqdan sonra bu istiqamətdə ciddi addımlar atılacaq. Dini duruma mənfi təsir edə biləcək istənilən bütün addımların qarşısı qəti şəkildə alınacaq”.
 
Qeyd edək ki, bu günlərdə Müşfiqabad məscidində dindarlar arasında kütləvi dava düşüb. Qaradağ rayon Polis İdarəsinin yaydığı məlumatda bildirilir ki, vəhhabi kimi tanınan qrup iftar məclisindən sonra şiə təriqətindən olan dindarlara hücum edib və nəticədə kütləvi dava baş verib.