Müharibə Azərbaycana azı 25 milyon manata başa gəlib – TƏHLİL

Aprelin 2-də cəbhə xəttində başlayan və hazırda da ara-sıra davam edən hərbi əməliyyatlar Azərbaycana ən azı 25 milyon manata başa gəlib. Bu barədə “Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sümərinli bildirib. Onun sözlərinə görə, rəhbərlik etdiyi institut əməliyyatların hərbi tərəfdən məsrəflərini araşdırıb. Əsasən beş istiqamətdə məsrəflərdən söhbət gedir:
  •     insan itkiləri (şəhid olanlar və yaralılar) üçün xərclər;
  •     təchizat xərcləri (təminat: qidalanma, geyim, daşıma, infrastruktur və s. xərclər);
  •     hərbi əməliyyatların aparılması üçün istifadə olunan silah-sursat və hərbi texnika;
  •     mühəndis-stehkam qurğularının, hərbi infrastrukturun mövcud və gələcək bərpası.
  •     mülki itkilər (əhaliyə dəyən ziyan, mülki tikililərin dağıdılması).
Cəsur Sümərinlinin sözlərinə görə, hazırda rəhbərlik etdiyi təşkilata daxil olan məlumatlara əsasən hərbi əməliyyatlar zamanı 70-ə yaxın Azərbaycan hərbi qulluqçusu şəhid olub. “Onların hər birinin ailəsinə və ya yaxınlarına Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (”Azərsığorta”) vasitəsilə 11 min manat ödənilməlidir. Eyni zamanda 80-ə yaxın yaralının olduğu barədə məlumatlar var. Onlara sağlıq durumundan asılı olaraq (əlillik dərəcəsinə görə və s. xərclər) ortalama 5 min manat verilməsi mümkündür . Beləliklə, təxminən 770 min manat şəhid ailələrinə, 350 min manat isə yaralılara verilməsi mümkündür. Eyni zamanda şəhidlərin dəfn mərasimi xərcləri üçün ortalama (hər bir şəhid üçün təxminən min manat) 70 min manat xərclənməsi ehtimalı var. Bundan başqa hazırda yaralanan hərbçilərin müalicəsi üçün hərbi büdcədən ən azı 200 min manat ayrıldığı bildirilir. Hökumət nümayəndələrinin açıqlamalarından belə aydın olur ki, şəhid olanların ailələrinə digər yardımların, güzəştlərin edilməsi də gözlənilir. Bütün bunlar ümumilikdə təxminən 1 milyon manatdan artıq edir”.
 
Təchizat xərclərinə gəldikdə isə, C.Sümərinli bildirdi ki, ehtimallara görə, bu istiqamətdə müdafiə büdcəsindən milyonlarla vəsait ayrılıb. “Bu istiqamətdə konkret rəqəm demək çətindir. Amma aydındır ki, bir sıra amilləri nəzərə aldıqda ən azı bir milyon manat bu istiqamətdə vəsait sərf olunub”.
 
“Xəzər” İnstitutunun rəhbərinin fikrincə, ən çox xərclər üçüncü istiqaməti, hərbi əməliyyatların gedişində istifadə olunan silah-sursat və hərbi texnikanı əhatə edir. “Düşmən tərəfindən Azərbaycan Hərbi Hava Qüvvələrinə aid Mi-24 helikopterinin vurulması və bir ədəd tankın sıradan çıxması, əməliyyatların intensivliyini və orada istifadə olunan silahların, sursatların, hərbi texnikanın sayını, miqyasını nəzərə alaraq ən azı 20 milyon manat vəsait sərf olunduğunu deyə bilərik”, – deyə C.Sümərinli bildirdi.
 
C.Sümərinli qeyd etdi ki, müdafiə xərclərinin bir hissəsi döyüş gedən ərazilərdə, eyni zamanda nəzarətə keçən müəyyən ərazilərdə mühəndis-istehkam qurğularının, hərbi infrastrukturun bərpası, tikintisinə yönəldiləcək.
 
“Nəzərə almalıyıq ki, son hərbi əməliyyatların nəticəsi ilə əlaqədar tərəflər gələcək hərbi əməliyyatların zərbəsindən özlərini sığortalamaq üçün bütün cəbhə boyu mühəndis-istehkam qurğularının, səngərlərinin möhkəmləndirilməsi, yeni tikililərin, sığınacaqların, hərbi obyektlərin tikilməsi istiqamətində qərar qəbul edəcəklər. Bu istiqamətdə də Azərbaycan tərəfinin milyonlarla manat vəsait xərcləməsi istisna deyil”, – deyə C.Sümərinli bildirdi.
 
C.Sümərinlinin sözlərinə görə, hərbi əməliyyatların gedişində Azərbaycanda mülki əhaliyə, mülki tikililərə ciddi ziyan dəyib və onların nəticələrinin aradan qaldırılması milyonlarla manata başa gələcək.
 
“Xəzər” İnstitutunun rəhbəri hesab edir ki, bu və digər məqamları nəzərə almaqla hərbi əməliyyatlar Azərbaycan tərəfinə təxminən 25 milyon manata başa gəlib.