Milli Qəhrəmanın statusu: vətəndaşlığın fərqi yoxdur

Qarabağ müharibəsində igidliyinə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəxslər sırasında başqa ölkənin vətəndaşları da var: Anatoli Davidoviç, İsgəndər Aznaurov, Mixail Slesaryov, Ruslan Polovinko, Sergey Senyuşkin, Yevgeni Karlov... Azərbaycan Milli Qəhrəmanlarına verilən status başqa ölkənin vətəndaşlarına da eyni qaydada şamil edilirmi?
 
"Media forum" saytının sualını cavablandıran Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib ki, Milli Qəhrəmanlara verilən status hansı ölkənin vətəndaşı olmasına baxmayaraq hər kəsə eyni qaydada şamil edilir.
 
Milli Məclisin deputatı, sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı bildirib ki, Milli Qəhrəmanların statusu hazırda əsasən "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" və "Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında" qanunlarla tənzimlənir.
 
Ümumilikdə Milli Qəhrəmanlara, onların ailəsinə, övladlarına şamil edilən imtiyazlar "Təhsil haqqında qanun", Torpaq Məcəlləsi, Vergi Məcəlləsində də əksini tapıb. Milli Qəhrəmanların övladları ölkənin bütün təhsil müəssisələrində ödənişsiz təhsil alır, ailəsi torpaq vergisi və bəzi başqa vergilərdən azaddır, onlara dövlət və bir sıra özəl səhiyyə müəssisələrində pulsuz səhiyyə xidməti göstərilir.
 
Milli Qəhrəmanlar veteranlar içərisində ən yüksək təqaüdçülərdir. Dövlət başçısının ötən il verdiyi fərmana əsasən, Milli Qəhrəman adı verilmiş hər bir şəxs üçün prezident təqaüdünün aylıq məbləği artırılaraq 1000 manat müəyyən edilib. Milli Qəhrəman subaydırsa, təqaüd valideynlərinə, evlidirsə, ailəsi və uşaqlarına verilir.
 
Ötən ay prezident "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. Bu sərəncam Milli Qəhrəman adı verilmiş şəxslərə də birbaşa şamil edilir.
 
Azərbaycanın 211 Milli Qəhrəmanı var. Onlardan 17 nəfəri sağdır.