Milli Qəhrəmanın instituta borcu olan qızı dövlət imtahanını verdi

Ötən həftə “Odlar Yurdu” Universitetində təhsil alan Milli Qəhrəman İsgəndər Aznaurovun qızı Adolat Aznaurovanın universitetə olan 2 min borcunu ödəmədiyi üçün dövlət imtahanına buraxılmaması ilə bağlı xəbər vermişdik.
İşə mətbuat qarışdıqdan sonra universitetin rektoru, millət vəkili Əhməd Vəliyev Adolat Aznaurovanın universitetə olan borcunu silərək onun dövlət imtahanına buraxılması üçün göstəriş vermişdi.
Ötən gün isə, A. Aznaurova dövlət imtahanını verib. Bu barədə o özü Azxeber.com-a bildirib:
“İyulun 5-də imtahan verdim. İmtahanım şifahi keçirildi. Bütün suallara cavab verərək imtahandan uğurla keçdim”.
Xatırladaq ki, Milli Qəhrəmanın qızının universitetdə 2 min AZN-ə görə dövlət imtahanına buraxılmaması ölkə gündəmində böyük səs-küyə səbəb olmuşdu.