Minlərlə adamın ölkədən çıxışına niyə qadağa qoyulub?

Vətəndaş ölkə daxilində çörəkpulu qazana bilmirsə, onun maddiyyata gedən yolunu tıxamaq yox, açmaq lazımdır

Ədliyyə naziri Fikrət Məmmədov ötən il dövlət qeydiyyatına alınan qeyri-kommersiya təşkilatlarının ümumi sayının artaraq 4100-ü ötdüyünü, KIV-in sayının isə 5100-ə çatmaq üzrə olduğunu bildirib.
 
Nazirin sözlərinə görə, 2015-ci ildə əvvəlki illə müqayisədə icra işlərinin sayı 50 faizdən çox artıb. Onlardan 220 mindən çoxunun icrası təmin edilib. Hüquqi və fiziki şəxslərə 168 milyon manat vəsaitin ödətdirilməsinə nail olunub. Icra sənədlərini qərəzli icra etməyən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 5520 nəfər barəsində inzibati xəta haqqında protokol tərtib edilib, o cümlədən 2750 nəfər inzibati qaydada həbs olunub.
 
Məhkəmə qərarlarının icrasından qəsdən yayınan 370 nəfər barəsində cinayət işi başlanıb. Hesabat dövründə 6238 borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, məhkəmə qərarını icra etmiş şəxslərə əvvəllər qoyulmuş məhdudiyyət götürülüb.
 
Göründüyü kimi, 6 min nəfər borclunun ölkədən getməsinə yasaq qoyulması məsələsi hüquqi cəhətdən əsaslandırılmış şəkildə ortaya qoyulur. Yəni borcun varsa, ödəməlisən, yalnız bundan sonra yol açıqdır. Işin qanuni tərəfinə baxanda, məsələnin həlli asan görünür. Lakin bu məsələdə çox vaxt fərqinə varmadığımız bir sıra həssas nüanslara diqqət etmək gərəkir. Bu isə borclu olan şəxslərin əksəriyyətinin gəlir yerlərinin ölkə xaricində olmasıdır.
 
Vətəndaşların böyük bir qisminin xaricdən, xüsusən Rusiyadan göndərilən vəsaitlə dolandığı, onların ailə üzvlərinin yalnız bu yolla təmin edildiyi kimsəyə sirr deyil. Ailə başçıları kənarda kiçik biznesə əl atmaqla, müəyyən həddə pul qazanır və bununla da ailə büdcəsini təmin edir. Dolanışığı xaricdən asılı olan adamlara qoyulan qadağa onlara çox ciddi çətinliklər gətirir. Belə olan şəraitdə optimal variant kimi, nə etmək lazımdır?
 
Ekspertlər hesab edir ki, əslində, borclu şəxslərin ölkədən kənara çıxmasına yasaq qoymaqdansa, onlara borcunun qaytarılması üçün şərait yaratmaq lazımdır. Yəni borclu şəxs ölkədə kifayət qədər pul qazana bilmirsə, onda maddiyyata gedən yolları tıxamaq yox, açmaq lazımdır.
 
Hamıya bəllidir ki, hazırkı iqtisadi böhran şəraitində  əhalinin imkanları tükənib. Alıcılıq qabiliyyəti aşağı düşüb, orta və kasıb yaşayan ailələr belə, yoxsulluq həddində çapalayır. Bir az özündə güc tapan insanlar isə banklardan pul götürərək özünə yaxın xaricdə, Türkiyə və Rusiyada, Gürcüstanda biznes qurmaq istəyir. Həmin şəxslərin borcunu qaytarması üçün bu istiqamətdə yaxşı düşünülmüş bir taktika ortaya qoyulmalıdır. Şəxs ölkədən gedirsə, vətəndaşlıqdan da imtina etmir ki?! Ona görə də belə inzibati yollarla deyil, humanizm prinsipilə hərəkət etmək vacibdir. Məsələni bu şəkildə qoymaq, onların xaricə  getməsini əngəlləmək işin xeyrinə yox, zərərinədir.(Azadlıq)