Natiq Cəfərli: “Azərbaycan rəqabətdə həm İrana, həm də Gürcüstana uduzur”

"Samsung Electronics Central Eurasia" Məhdud Məsuliyyətli Ortaqlığın Azərbaycandakı nümayəndəliyi ləğv olunub.

 

Bununla bağlı qərar iyunun 3-də qəbul olunub. Artıq bir çox iri şirkətlərin zamanla ölkəni tərk etməsi hallarına rast gəlirik. Bunu əsasən gəlirliliyin azalması ilə izah edirlər. Amma təbii ki, burada bir çox amillər var ki, şirkətlərin bu cür qərar qəbul etməsinə vadar edir.

 

İqtisadçı ekspert Natiq Cəfərli Deyerler.Org-la fikirlərini bölüşərkən deyib ki, Azərbaycanın cəlbediciliyi getdikcə zəifləyir: “Azərbaycan bazarı həddindən artıq kiçilib. Bazarın kiçilməsi və ticarət dövriyyəsinin azalması, eyni zamanda ölkədə biznesi aparmaq üçün olan maneələr xarici şirkətlərin Azərbaycanda işləməsinin cəlbediciliyini azaldır, burada xərclədikləri vəsaitlə qazandıqları vəsait arasında kəskin fərq yaranır. Belə bir şəraitdə xarici şirkətlər öz xərclərini optimallaşdırırlar. Əvvəllər ölkəmiz tək Azərbaycan bazarı üçün deyil, həm də region bazarı üçün logistik mərkəzə çevrilmişdi. Bir çox şirkətlər bəzi ölkələrə Azərbaycan üzərindən çıxış əldə etmək istəyirdilər. Azərbaycan bazarından yararlanmaqla yanaşı xarici ölkələrlə də iqtisadi münasibətləri bu ölkədən reallaşdırmaq istəyirdilər. İndi bu cəlbedicilik də itib. Çünki, qonşu ölkə olan Gürcüstanda biznesi aparmaq, qeydiyyatdan keçirmək və bizneslə məşğul olmaq daha sərfəli və rahatdır. Çünki, Gürcüstanda qanunlar, qaydalar işləyir. Eyni zamanda vergi dərəcələri kifayət qədər aşağıdır. Bu baxımdan bəzi hallarda ölkəmizdən gedən şirkətlər məhz Gürcüstanı öz şirkətinin mərkəzi kimi seçirlər. Məsələn İsveçin “Nestle” şirkəti nümayəndəliyini Azərbaycandan Güsrücstana daşıdı. Bir də yaxın zamanlarda regionun mərkəzi və bazarın həcminə görə də İran olması ehtimalı var. İran 80 milyonluq geniş bazardır. Düşünürəm ki, bir çox şirkətlərin Azərbaycanı tərk etməsində bunun da rolu olacaq. Azərbaycan bu rəqabətdə bazarın həcminə görə İrana, biznesin rahat aparılmasına görə Gürcüstana uduzur. Bu səbəblərə görə şirkətlər nümayəndəliklərini bağlayıb ölkəni tərk edirlər". /