Nazir jurnalisti məhkəməyə verib

Səhiyyə naziri Oqtay Şirəliyev "Kanal 8" İnternet TV-nin jurnalisti Teymur Kərimovu böhtanda ittiham edərək məhkəməyə verib. Məhkəmə prosesi iyunun 7-də Nəsimi Rayon Məhkəməsində olacaq.
 
T.Kərimov "Azadlıq" radiosuna bildirib ki, nazir onu CM-in 147.2 maddəsilə ilə ittiham edir və məhkəmədən jurnalistin cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edir.
 
Məsələ ilə bağlı Turan-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildiriblər ki, yuxarıda deyilənlərə dair bəyanat olacaq.
 
Mayın 18-də jurnalist Teymur Kərimov anasının müalicəsinə pul toplamaq üçün Səhiyyə Nazirliyinin qarşısında aksiya keçirib. O deyib ki, səhiyyə sistemində rüşvətxorluq hökm sürür.
 
Öz növbəsində Səhiyyə Nazirliyi bildirib ki, T.Kərimovun anası dövlət hesabına müalicə olunur, bütün ittihamlar əsassızdır.
 
Jurnalist qeyd edib ki, söylədiklərinə dair sübutları məhkəməyə təqdim edəcək. "Mən həkimə rüşvət verildiyini videoya çəkmişəm və məhkəməyə təqdim edəcəm. Anama lazımi dərmanlar verilmir. Qoy, nazir təsdiqləsin ki, bu dərmanların heç olmasa biri anama verilib", - T.Kərimov deyib.-0-