Öncə 661 milyon manatın hesabını vermək gərəkdir

Bu gün məlum oldu ki, Azərbaycan Teleradio Şirkətinin 11 ildir rəhbəri kürsüsündə oturan Alışanov Azərbaycanda jurnalistika deyəndə ağıla ilk gələn adlardan biri olan Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında cinayət işi başladıb. O, Qulu müəllimin Cinayət Məcəlləsinin iki maddəsi ilə - 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir.
 
Bu iddianın boş və çürük olması bəri başdan məlumdur. Bu barədə sonra, yəqin ki, daha geniş yazacağam.
 
Lakin diqqətimi çəkən cənab A.Alışanovun bugünkü vəzifəsinə onu 16 avqust 2006-cı ildə təyin edən Prezidentin bir başqa sərəncamından "xəbərsiz" olmasıdır. Onu vəzifəyə təyin edən Prezident, 2011-ci ilin 27 dekabr tarixində Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsinə dair başqa bir Sərəncam imzalayıb. Həmin proqramın 1.2.7.-ci bəndində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına həvələ olunub ki, 2012-ci il ərzində Diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər hazırlasın və Parlamentə təqdim etsin. Məntiqlə Prezident bu Sərəncamı imzalamaqla Alışanovun Qulu müəllimi tutdurmaq istədiyi 147 və 148-ci maddələrin Cinayət Məcəlləsindən çıxarılmasını istəyib. Indi çox maraqlı vəziyyət yaranıb, AzTV-nin rəhbərinin bu təşəbbüsü həm də bir səmimiyyət testi olacaq.
 
Bu xəbəri oxuyanda ağlıma gələn ilk məqam, Alışanovun vəzifədə olduğu 11 ildə dövlətdən nə qədər vəsait alıb, nə qədər hesabat verdiyini araşdırmaq oldu. Qarşıma çıxan rəqəmləri sizinlə də paylaşıram. 2006-2016-cı ilər ərzində, yəni 11 ildə, Dövlət büdcəsindən bugünkü dollar dəyəri ilə tam 407 milyon 404 min 671 Amerikan dolları, yəni bugünkü manat kursu ilə 661 milyon 132 min manat vəsait alıb. Bu, bütünlükdə dövlətin bütün mediaya, media dəstək fondlarına, nəşriyyata və s. ayırdığı pulun da 58,32 faizini təşkil edir. Araşdırmada 661 milyon manatın heç olmasa bir hissəsinin hesabatını belə tapa bilmədim. 11 ildə 661 milyon manata hökm edən bir şəxsin sadə bir tənqidə belə reaksiya verib, cəmiyyətdə hörmət duyulan bir şəxsin həbsini istəməsi həm də hesab vermədiyi cəmiyyətə meydan oxumaqdır. Öncə 661 milyon manatın hesabını vermək lazımdır Cənablar!
 
P.S.Yazı müəllifin bloqundan götürülüb.
 
Ələsgər Məmmədli
media eksperti, hüquqşünas