İnsanın üzündəki möhtəşəm həndəsi quruluş

Bir simada olan ahəng belə, məntiq və riyaziyyat qarşısında təsadüfü qeyri-mümkün qılarkən, ölçülərin ümumi olması, gəlmiş-keçmiş və gələcək bütün insanlara şamil olması heç kimin bir-birinə bənzəməməsi bunun bir təsadüf olmamasından xəbər vermirmi?
 
Maide.Az saytı bununla bağlı araşdırmanı təqdim edir.
 
Mahiyyət etibarı ilə mələklərdən də ülvi olan insan oğlunun maddi quruluşu; şəkil, quruluş və fizioloji baxımdan, böyük bir ölçü və uyğunluq ilə mükəmməl bir sənət əsəri olaraq diqqətimizi çəkməkdədir. 
İnsan, kainat içərisində həm səbəb, həm nəticə vəziyyətində olduğundan; bütün elmlər də səbəb və nəticə olaraq insanda mərkəzləşir. Bu yazımızda, insanın kəllə sümüyü və xüsusilə də üzündə ilk əvvəl nəzərə çarpan və hər kəs tərəfindən hiss edilən mükəmməl ölçünü, heyrətamiz nizamlı həndəsi quruluşu ərz edəcəyik.
İnsanın anatomik quruluşu, bəzi prinsip və qaydalarla ifadə edilə bilən arxitekturaya bənzəyir. Bu düşüncədən yola çıxan mütəxəssislər insanın anatomik quruluşunda bəzi dəyişməz qaydalar olduğunu ortaya qoymuşlar:
Bu günə qədər fərqli araşdırmalara görə baş, üz, əl, ayaq, bel, əlin orta barmağı uzunluqları və əl genişliyi kimi dəyişik strukturlar ölçü vahidləri olaraq qəbul edilir.
Ən çox istifadə edilən ölçü vahidi başın ölçüsüdür. Doğulan vaxta baş ölçüsü yetkin vaxtda olan böyüklüyünün yarısı qədərdir və bədənin 1/4 - ini təşkil edir. Yetkin insanda bədənin 7,5-8 baş uzunluğunda olduğu ifadə edilmişdir. Bu ölçü  çənə ucu - sinə ucu, sinə ucu - göbək, göbək - qasıq bölgəsi, qasıq bölgəsi - omba (bud) ortası, bud sümüyü - diz, diz - qıç ortası, qıç ortası - ayaq dabanı arası məsafə həmişə bir baş uzunluğundadır.
Mütəxəssislər fərqli ölçü vahidlərindən də istifadə etmişlər. Bir mütəxəssisə görə, bütün bədən uzunluğu 61/3 ayaq uzunluğuna bərabərdir. Digər bir mütəxəssisə görə isə, bədən uzunluğu əlin orta barmağının 18 qatıdır. Üzün (dərinin saç bitən yeri ilə çənə ucu arası məsafə) uzunluğu bədən uzunluğunun 1/10-i qədərdir.
Üzdə iştirak edən digər orqanlar arasında da yenə bir uyğunluq mövcuddur.
 
Göz bəbəkləri, göz çuxuru altı dəlikləri və alt çənə sümüyü dəliklərindən keçən xətlər bir-birinə paralel olduğu kimi; dik olaraq göz bəbəkləri və alt çənə sümüyü dəliklərindən keçən xətlər də bir-birinə paraleldir.
 
Başın ən üst nöqtəsi ilə dərinin saç bitən yeri; dərinin saç bitən yeri ilə qaşları birləşdirən xətt arası; qaşları birləşdirən xətt ilə burun alt hissəsinin arası; burun alt hissəsi ilə çənənin alt hissəsi arası məsafələr bir-birinə bərabərdir.
 
Alın sümüyü ilə burun sümüyü arasındakı oynaq yeri, başın üst və alt hissəsinin hündürlükləri bərabərdir.
 İki göz arasındakı məsafə bir göz ölçüsü qədərdir. Burun genişliyi bir göz eni qədərdir. Ağız genişliyi göz genişliyinin 1.5 qatına bərabərdir.
Burun uzunluğu ilə qulaq uzunluğu bir-birinə bərabər və əyilmələri də bir-birinə paraleldir. Hər kəsin işarə barmağının boyu burnunun boyuna bərabər və yenə hər kəsin əlinin genişliyi və boyu üzünün genişliyinə və boyuna bərabərdir. Ağız uzunluğu qulaq uzunluğuna bərabərdir. Qulaq ilə burun arası uzaqlıq şəxsin orta barmağı uzunluğuna bərabərdir.
 
Ferdinant Graf Von Speenin təsbit etdiyi gözyaşı sümüyü kənarının arxasında olan nöqtəni mərkəz qəbul etsək, alt çənə köpək dişlərindən başlayaraq böyük azı dişlərinin yanaq tərəfindəki çıxıntılardan davam edən yay formalı çevrə üzərinə dişlər düzülmüşdür. Buna Spee əyrisi deyilir. Bu çevrənin radiusu 6.5-7 sm-dir. 
Diş şəkilləri ümumi olaraq diş qövsü və üzün şəkli ilə yaxından əlaqədardır. Üst orta kəsici dişlərə tərs çevrilib baxıldığında şəxsin üz şəklini əks etdirir.
Üzün sol tərəfi sağ tərəfə nisbətən yüngülcə basıqdır. Bu bütün insanlara xas xarakterik bir quruluşdur, bütün irqlərə də məxsusdur.
İnsan anatomiyasının kiçik bir hissəsini təşkil edən kəllə və üzün kobudca görünən zahiri plandakı bəzi ölçülərini riyazi ifadələrlə ərz etməyə çalışdıq. Bu ölçünün bir nizam və dolayısı ilə elmin əsəri olması mübahisəsiz bir gerçəkdir.
İnsan bədəninə aid bütün riyazi qaydalar, onun yaradılışındakı qələmin heç bir səhv etmədən çalışdığını və ən gözəl surətdə yaradılan insana aid bu ölçüləri qoyan və tənzimləyən bir sənətkarın varlığını bizlərə xəbər vermirmi? (tebyan) /