İNSAN ÖZ HƏKİMİDİR

Kim ona paxıl deyilməsinə dözə bilər?

Ramazan ayı  şərait çox münasibdir. Allah bu fürsəti bizə verib ki, bu ayda özümüzü saflaşdırmaq üçün belə bir imkan əldə edək. Bu ayın hər saatı çox bərəkətli olmasından əlavə – yəni Allah bu anları, bu saatları təbii baxımdan belə etmişdir – həm də çox qənimət sayılası saatlardır. Bu ayda bir rəkət namaz qılsanız, kiçik bir sileyi-rəhim etsəniz, həmin işlərin qarşılığında başqa aylardan daha çox imtiyaz alacaqsınız. Bu, çox yaxşı fürsətdir. İnsanın bu ayda özü ilə məşğul olması üçün çox yaxşı şəraitdir. Eyni ilə xəstə bir şəxslə rastlaşmış həkim kimi. Hansı ki, o xəstə müxtəlif xəstəliklərə mübtəladır. Şəkər xəstəliyi var, qan təzyiqi var, qanda yağlılıq var, sümük ağrısı var, rematizmi var, mədə yarası var, xülasə, onda növbənöv xəstəliklər var. Onun xəstəliklərini və müalicə yolunu bilən mahir həkim onunla necə davranır? Öncə onun xəstəliklərini kağız üzərinə gətirməyə və hansı xəstəliklərə yoluxduğunu bilməyə çalışır. Əgər həkim onun bəzi xəstəliklərini düzgün müəyyənləşdirə bilmirsə, digər xəstəliklərə uyğun dərman verirsə, xəstəni müalicə əvəzinə onu digər xəstəliklərə mübtəla edəcək. Misal üçün, xəstədə mədə yarası var, amma həkim ona rematizmin müalicəsi üçün aspirin verir. Aspirin rematizmin müalicəsi üçündür. Amma mədə yarası üçün ziyanlıdır. Əgər təbib bu xəstəliyi tanımasa, xəstənin belə bir probleminin də olduğunu bilməsə, ola bilər ki, onu müalicə etmək əvəzinə mədə qanamasına yoluxdursun. Demək, öncə diqqətlə baxmalıdır. Can yandıraraq xəstəlikləri tapmalıdır, qeyd etməlidir. Sonra hansının daha mühüm olduğunu müəyyənləşdirməlidir. Müəyyən etməlidir ki, hansı ötəridir, hansı köklüdür. Fərz edin ki, birinin mədəsi xəstədir. Ona nə dərman versələr də yaxşı həzm edə bilmir. Yaxud bağırsağı xəstədirsə, hansı güclü qidadan yeyirsə, faydalana bilmir. Bunun yolu budur ki, öncə mənfi təsiri digər xəstəliklərdən daha çox olan xəstəliyi tapsınlar. 
Siz, öz həkiminiz olun. Heç kim insanın özü qədər xəstəliklərini tanıya bilməz. İnsanda bəzi xəstəliklər var. Misal üçün, desəniz ki, səndə filan xəstəlik var, əsəbiləşəcək, acığı gələcək. Desələr ki, siz paxılsınız, deyəcək ki, paxıl özünüzsünüz. Kim ona paxıl deyilməsinə dözə bilər? Başqasından eşitdikdə qəbul etməyə hazır deyilik. Amma özümüzə müraciət etdikdə görürük ki, bəli, təəssüflər olsun ki, belə bir xəstəliyimiz var. İnsan hamını aldada bilər, hamıdan gizlədə bilər. Amma özünə edə bilməz bunu. Demək, xəstəliyi təyin edə biləcək ən yaxşı şəxs biz özümüzük. Onları kağız üzərinə gətirin. Yazın paxılıq, yazın xəsisik, yazın başqalarının pis gününü istəmək – birisi yaxşı bir uğur qazandıqda narahat olmaq – yazın işdə tənbəllik, yazın əməlisalehlərə qarşı bədbinlik əhval-ruhiyyəsi, yazın vəzifələrə etinasızlıq, yazın özünə vurğunluq, yəni özünə hədsiz dərəcədə məftun olmaq. Əgər xəstəliklərimiz bunlardırsa, onları kağız üzərinə gətirin. Ramazan ayı bunları bir-bir, mümkün olduğu qədər aradan qaldırmaq üçün əlverişli fürsətdir.