Orucluğun ictimai faydası

On bir ayın soltanı olan mübarək Ramazan ayı özündə əvəzolunmaz mənəvi dəyərləri cəmləşdirib. Səbir, iradə möhkəmliyi, yoxsullarla həmrəylik, bir tikə çörəyə möhtac insanlara əl tutmaq və başqa bu kimi gözəl xüsusiyyətlər, doğrudan da, Ramazan ayının bəşər övladına əta etdiyi xeyirxah əməllərdəndir.

Orucluq insanın səbrini və iradəsini sınağa çəkir; Allah bəndəsi halal işlərdən müəyyən müddət ərzində imtina etməklə özündə səbir və iradə yaradır. Heç şübhə yoxdur ki, halal işlərdən könüllü imtina edən insan haram əməllərdən çəkinmək üçün möhkəm iradəyə və fəaliyyətində güclü səbrə sahib olur. Həzrət Rəsulullah (s) buyurub: الصَّوْمُ نِصْفُ الصَّبْرِOrucluq səbrin yarısıdır. Bu bir ayda Yaradan bəndələrini ac saxlamaqla aclıq çəkənlərdən imkanlıları, toxları xəbərdar edir. Onlara ac qalmağın necə də çətin olduğunu bildirir, imkansızların vəziyyətini tanıtdırır.

Baxmayaraq ki, insanlar elmdə böyük nailiyyətlərə sahib olublar, ölkələr inkişaf etməkdədirlər, amma bəşər övladı yenə də bir çox problemlər burulğanındadır. Həmin problemlərdən biri də dünyanın müxtəlif yerlərində minlərlə insanın aclıqdan əziyyət çəkməsidir. Dünyada gecələri qarnıac yatan imkansız insan az deyildir. Bu baxımdan, orucluq aclıq və susuzluqdan heç vaxt əziyyət çəkməyən zəngin, var-dövlət sahiblərinə yoxsulların hansı hisslər keçirdiyini yaşadır. Orucluğun ən böyük ictimai faydası onun varlılarla yoxsullar arasında həmrəylik yaratmasıdır. İmam Sadiq (ə) buyurur:

اِنَّما فَرَضَ اللَّهُ الصِّیامَ لِیَسْتَوِىَ بِهِ الْغَنِىُّ وَالْفَقیرُ

“Allah-Taala orucu vacib etmişdir ki, sərvətli ilə yoxsul bərabərləşsin.” (“Mən la yəhzuruhul-fəqih”, c.2, səh.43, hədis 1.(

Qeyd etdiyimiz kimi, oruc tutmağın əsas qayələrindən biri onun mənəvi faydasıdır. İlk baxışdan belə görünür ki, insan yalnız ac, susuz qalmaq üçün oruc tutur. Amma bu heç də belə deyil. Həqiqətdə, insanın nəfsi oruc tutur. Yaradan ona fürsət verir ki, bu günlərdə haramdan uzaq olmaqla öz mənəviyyatına yetişsin. Rəbbimiz bu ayı bizə vacib etməklə, elə bil ki, mənəviyyat aləminə daxil olaraq nəfsimizi paklaşdırmaq üçün imkan yaradır. Nəfsin paklığı isə mənəviyyatın yarısıdır. Bir ay ərzində insan bacardıqca öz nəfsini cilovlasa, bu növbəti aylarda da adət halına çevriləcək. Peyğəmbəri-Əkrəm (s) buyurur:  أفضَلُ العَمَلِ أدوَمُهُ – “Ən gözəl əməl davamiyyəti olan əməldir. (“Tənbihul-xəvatir”, c.1, səh.63.)

Yəni o əməl gözəldir ki, nəticəsi daim göz qabağında olur. Əgər insan bu ayda oruc tutub mənəviyyatını zənginləşdirə bilibsə, növbəti aylarda da bu haləti özündə saxlamalıdır. Digər tərəfdən, unutmamalıyıq ki, dini mətnlərimizdə bu dünya rahatlıq və istirahət dünyası deyil, zəhmət, əziyyət məkanı kimi tanıtdırılır. Allah-Taala digər səmavi kitablar kimi, Qurani-Kərimdə də bizə işarə edir ki, bu dünya imtahan və çətinlik dünyasıdır. Rəvayətlərdə də buyurulur ki, bu dünya axirətin tarlasıdır. İnsan burda nə becərirsə, axirətdə onu da biçəcək. Bundan əlavə, gündə 17 rükət namaz qılmaq, Ramazan ayında oruc tutmaq, uzaq Həcc ziyarətinə getmək və sair dini ayinləri həyata keçirməyin müəyyən qədər çətinliyi olsa da, fəziləti hesabagəlməzdir. İbadi əməllər məhz çətinliyinə görə ibadət əhli üçün şirinləşir. Doğrudan da, həqiqi ibadət əhli ətrafda baş verən haqsızlığa, ədavətə, ayrı-seçkiliyə, ədalətsizliyə qarşı mübarizə əzmində olur. Bütövlükdə, İslam dini, onun insanlara vacib buyurduğu ən kiçik əməl belə, özündə bütün bəşəriyyətin ehtiyac duyduğu haqq, ədalət, mənəviyyat, əxlaq, sevgi, xoşbəxtlik, firavanlıq və digər saysız-hesabsız xoş məramları ərməğan gətirir.

Maide.Az