ORUC TUTMAĞIN NƏTİCƏLƏRİ VƏ FƏLSƏFƏSİ

Ən böyük şəraitlərdən biri tutduğumuz bu orucdur. Bu, ən böyük ilahi uğurlardan biridir. Uğur nədir? Uğur Allahın bir şeyi insan üçün uyğun görməsidir. Allah orucu vacib etməklə bizim üçün münasib şərait yaratmışdır ki, bu ayda biz özümüzə vaxt ayıraq. Oruc böyük nemətdir. Qarın boşdur. Gün ərzində nəfslə mübarizə müəyyən mənada müxtəlif cəhətlərdən mövcuddur. İstədiyiniz şeyi yemirsiniz. İstədiyiniz şeyi içmirsiniz. Özünüzü əksər nəfs istəklərindən bir neçə saatlığına çəkindirirsiniz. Bu, nəfslə bir mübarizədir. Nəfsani meyllərlə mübarizədir. Nəfsani meyllərlə mübarizə bütün yaxşı işlərin, özünütərbiyənin başındadır. 
 
Oruc, insanlarda heyvani ruhu ram etmək, cilovlamaq üçündür. Namaz, insanı ram etmək üçündür. İslamda nə varsa, bütün hərəkətlər, sükunətlər, təşəbbüslər hamısı bizim nəfsimizə hökmranlıq etməyimiz üçündür. Hamısı buna görədir ki, biz daxilimizdəki, vücudumuzdakı filin başına nəsihət, moizə, zikr, ilahi vəzifələr çəkici vuraq və ram edək.
 
Peyğəmbərdən (s) nəql olunan səhih və mötəbər bir hədisdə deyilir: "Oruc, alovun sipəridir." Əhli-sünnə yolu ilə də həmin məzmunlu hədis müxtəlif ifadələrlə nəql olunmuşdur. Misal üçün, bu ibarələrə bir hədis qeyd olunmuşdur: "Oruc qiyamət günü mömin bəndənin sipəridir. Necə ki, sizdən biriniz dünyada özünü silahı ilə qoruyur". Yəni dünyada silahla, müdafiə vasitələri ilə özünüzü müdafiə etdiyiniz, qoruduğunuz kimi, axirətdə də oruc vasitəsi ilə özünüzü cəhənnəm alovundan qoruyacaqsınız. 
 
Orucun nə xüsusiyyəti var ki, o, "alov qarşısında sipərdir" ifadəsi ilə yad edilmişdir? Orucun xüsusiyyəti nəfsi saxlamaqdan ibarətdir. Oruc nəfsi saxlamaq simvoludur. “Amma kim (qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini (şəhvəti) qadağan etmişsə” ("Naziat", 40). Oruc günahlara qarşı səbir, ehtiraslara qarşı dözüm simvoludur. Buna görə də rəvayətlər də “Səbir etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin! Bu, ağır iş olsa da, (Allaha) itaət edənlər üçün ağır deyildir”( "Bəqərə", 45) ayəsini izah edərkən səbirdə məqsədin oruc olduğunu bildirmişdir. Oruc istəklərdən əl çəkmək simvoludur. Oruc zamanı məhdud olsa da, gündə neçə saat, ildə neçə gün – insan üçün bir simvol olaraq əsaslı bir hərəkətdir. Nə üçün? Çünki nəfs istəkləri, ehtiraslar, həvəslər, nəfsin meylləri insanı günaha aparan yoldur. Nəfsani istəklər, ehtiraslar günahın zəruri şərti və ya ondan ayrılmaz deyil. Bəzi nəfsani istəklər halaldır. Amma insanın nəfsin cilovunun götürməsi, öz nəfsini cilovsuz buraxması, onun ehtiraslarının əsiri olması İmam Əlinin (ə) "Nəhc əl-bəlağə"də buyurduğu şeydir. Sanki onu çox xam bir atın üzərinə atmışlar və onun cilovu şəxsin öz əlində deyil. Xam at onu uçuruma aparır. Nəfsani istəklər insanı günaha, yanlışlara doğru çəkir. 
Günahlar ilahi əzabın dünyəvi formasıdır. İlahi əzabın dünyəvi forması həmin günahlardır. Buna görə də Quran ayəsində buyurulur: “Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (qiyamətdə) alovlu cəhənnəmə girəcəklər” ("Nisa", 10). Yəni, siz bir şəxsin yetim malı yediyini gördükdə zahirən bir loğmanı udduğunu, haram yediyini görürsünüz. Amma məsələnin batini bundan ibarətdir ki, o öz daxilində alov udur. Bu, həmin cəhənnəm alovudur. Kimsə burada haram bir ləzzəti təcrübədən keçirirsə, bu ləzzət məsələnin zahiri tərəfidir. Batini tərəfi isə o gerçək həyatda aşkara çıxacaq. Xəyal pərdələri insanın gözü önündən çəkiləcəyi gün, həqiqətlərin onun qarşısında aşkar olunacağı gün. “Orada hər kəs əvvəlcə gördüyü iş barəsində xəbər (hesabat) verəcək və həqiqi ixtiyar sahibi olan Allahın hüzuruna qaytarılacaqdır. (Müşriklərin) uydurub düzəltdikləri bütlər isə onlardan (uzaqlaşıb) qeyb olacaqlar” ("Yunus", 30). O gün həmin dünya ləzzəti bir əzabdan, cəhənnəm işgəncəsindən ibarət olacaq. O gün elə bir gündür ki, gerçəklər, həqiqətlər özünü aşkara çıxaracaq. “Orada hər kəs əvvəlcə gördüyü iş barəsində xəbər (hesabat) verəcək”. İnsanın etdiyi əməllər, bizim vücudumuzun həqiqəti də orada özünü göstərəcək. Mövləvi deyir:
 
Yusiflərin köynəyin yırtan insan,
Ölüm yuxusundan qurd tək durarsan.
 
Burada yusifləri parçalayan pəncənin, məzlumları ayağı altında əzən insanların batini qurddur, insan deyil. Bu batin orada özünü göstərəcək, aşkara çıxaracaq.