ORUCUN NƏTİCƏSİ

Ramazan ayı orucu bizim könlümüzdə, ruhumuzda təqva tədarük etmişdir. Bu tədarük il boyu enişli-yoxuşlu həyat yolunda bizim köməyimizə yetməli, doğru yolu getməyimizə zəmanət verməlidir. Ramazan ayı bütün əzəməti, kəraməti, rəhmət dolu mühiti ilə ötüb keçir. Dünyanın hər tərəfində müsəlmanlar bu ayda gündüzlər orucun, təvəssülün, duanın, zikrin, tilavətin bərəkəti ilə öz könüllərini, ruhlarını nurlandırır, Allaha yaxınlaşdırırlar. 
Ramazan ayının bərəkətindən müsəlmanlar üçün bir fürsət yaranır. Bu fürsətdən mənəvi həyatı, maddi gümrahlığı gücləndirmək istiqamətində faydalanmaq lazımdır. Ramazan ayının bu ayda dua, oruc, Quran tilavəti arasında öyrənməli, faydalanmalı olduğumuz dərslərindən biri aclığı, susuzluğu dadmaqla acları, məhrumları, yoxsulları xatırlamaqdır. Ramazan ayı günlərinin dualarında oxuyuruq: "İlahi bütün yoxsulları zənginləşdir, ilahi, bütün acları doyur, ilahi bütün libassızlara libas əta et". Bu dua yalnız oxumaq üçün deyil. Bu, onun üçündür ki, hamı özünü yoxsulluqla mübarizə aparmaq, məhrumların çöhrəsindən məhrumluq tozunu silmək üçün vəzifəli hesab etsin. Bu mübarizə ümumi vəzifədir. Quran ayələrində oxuyuruq: “(Ya Peyğəmbər!) Dini (haqq-hesab gününü) yalan hesab edəni (Əbu Cəhli) gördünmü? O elə adamdır ki, yetimi itələyib qovar (haqqını verməz); Və (xalqı) yoxsulu yedirtməyə rəğbətləndirməz (nə özü fəqiri yedirdər, nə də özgəsini qoyar)” ("Maun", 1-3). Dini təkzib etməyin nişanələrindən biri insanın yoxsulların yoxsulluğu, məhrumların məhrumluğu qarşısında laqeyd qalmaması, məsuliyyət hiss etməməsidir. Ramazan ayında orucun bərəkətindən aclıq, susuzluq, nəfs istəyinə "yox" deməyi dərk edirik, dadırıq. Bu, bizi İslamın çox mühüm məsələ olan yoxsulluq və yoxsul qarşısında hər bir müsəlmandan istədiyi məsuliyyət hissinə yaxınlaşdırır.