Polis zorakalığının qarşısını almaq üçün medianın üzərinə böyük güc düşür - Ekspert

27 apreldə Sumqayıtda məhəllədə mübahisə düşüb. Zöhrə xanım deyir ki, oğlu dalaşanları ayırmaq istəyəndə polis onu tutub bölməyə aparıb. Sumqayıt şəhər 4-cü polis bölməsinə gətirilən Rəşad Mehdiyev oradan xərəkdə çıxıb. 37 yaşlı Rəşadı bölmədən Travmatologiya İnstitutunun reanimasiya şöbəsinə aparıblar və orada vəfat edib.
 
Artıq bir neçə ay ərzində bu kimi halların baş verməsinə şahidlik edirik. Polis bölmələrində zorakılıqların ifrat həddə çatması saytların xəbər bəzəyinə çevrilib. Ötən 3 ay ərzində ikinci hadisədir ki, Sumqayıtda polis bölməsində saxlanılan şəxsə fizki zor tətbiq edilir. Statistikaya nəzər salsaq, son 5 il ərzində Azərbaycanda polis bölməsində dünyasını müəmmalı şəkildə dəyişənlərin sayı 13-ə çatıb.
 
Bu cür halların baş vermə səbəbi və bu səbəblərin nə kimi qarşısının alınmasını araşdırmaq üçün hüquqşunas Eyyub Kərimova müraciət etdik. O da Maide.Az-a açıqlamasında bildirdi ki, ümumiyyətlə məsələyə bir tərəfli baxmaq düzgün deyil:
 
"Baş vermiş bu cür  hadisələr narahatlıq doğurur. Polis insanı qorumalıdır, nəinki zora əl atmalı. Bu cür neqativ halların qarşısını almaq üçün birinci növbədə yük medianın üzərinə düşür. Bu kimi xoşagəlməz hadisələr baş verdikdə, dərhal məsələ araşdırılmalı və ictimaiyyətə çatdırılmalıdır. Lakin məsələyə birtərəfli baxmaq düzgün deyil. Əgər, ölüm işi varsa, bu çox ciddi məsələdir. Çox zaman biz məsələni araşdırmamış polisi günahlandırırıq. Ancaq bu, çox yanlış bir yanaşmadır. Ola bilər ki, kiminsə, kimdənsə zəhləsi gedir, bu üzdən, baş vermiş hadisəni şişirdib, yazını sifariş ilə çapa verdirir. Necə ki, bütün polislərin ətəyində namaz qılmaq düzgün olmaz, eləcə də jurnalistlərin. Bu cür hadisələr baş verdikdə jurnalistin bilavasitə borcu məsələni dərindən araşdırmaq, sonra hadisəni işıqlanddırmaqdır.
Burada, polisində öz rolu olmalıdır. Əgər, hansısa bir media orqanı bu cür xəbəri verirsə, polis buna aydınlıq gətirməlidir. Düzdü, polisin bilavasitə borcu deyil bütün yayılan xəbərlərə açıqlama versin. Lakin bu cür hadisələrdə brifinq keçirməli və səbəblər açıqlanmalıdır."
 
Mayın 4-də Zöhrə Mehdiyevanı Daxili İşlər Nazirliyində qəbul ediblər. Nazirlikdən valideynə bildiriblər ki, onlar ölüm faktını araşdırırlar. Nəticələri ilə bağlı ailə üzvlərinə məlumat verəcəklər. Mərhumun yaxınlarından, Sumqayıt Polis İdarəsinin bir neçə əməkdaşından izahatlar alınıb.
 
Hadisənin səbəblərini öyrənmək üçün Daxili İşlər Nazirliyin Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidovala əlaqə saxladıq. E.Zahidov hadisədən xəbərsiz olduğunu, onunla yarım saata əlaqə saxlamağımızı desə də, daha sonra, məsələni Sumqayıt Polis İdarəsi ilə araşdırmamızı dedi. 
Sumqayıt Polis İdarəsində isə rəis muavini Əli müəllim isə bizə onunla yox, elə Ehsan müəllimlə müzakirə eləməyimizi tövsiyə etdi. 
 
Qeyd edək ki, Sumqayıt şəhər Prokurorluğunda hadisə ilə bağlı cinayət işi açılıb. Məhkəmə tibbi ekspertizasının nəticələri mayın 22-də açıqlanacaq. Valideynin isə bir istəyi var, oğlunun vəfatında günahkar olanlar cəzalandırılsın. “Onlar yaxşı adam olsaydılar, mənim qapıma gəlib üzr istəyərdilər. İstəyirəm cəzaların çəksinlər. Oğlumu nə günə qoyublar görənlər bilir. Qoy cəzaların çəksinlər, heç nə istəmirəm”. Mediada gedən məlumatlara əsasən son 5 ildə Azərbaycanda 13 nəfər polis bölmələrində müəmmalı şəkildə dünyasını dəyişib.