QƏDR GECƏSİ HƏDİSLƏRDƏ

İslami rəvayətlərdə Qədr gecəsinin fəziləti haqqında çoxlu hədislər nəql olunmuşdur. Onlardan bir neçəsini oxucuların nəzərinə çatdırmağı faydalı hesab edirik.
 
Burada qeyd etmək lazımdır ki, İslam peyğəmbərindən əvvəlki peyğəmbərlərin dövründə onlar üçün Qədr gecəsi təyin olunmamışdır.
 
İslam peyğəmbərinin dövründə Allah-Təala onun ümməti üçün bu mübarək gecəni təyin etdi.
 
Bir gün Həzrət Peyğəmbər (s) öz səhabələrinə İsrail tayfasının uzunömürlü olmasından və onların 80 illik və daha artıq ibadətlərindən söhbət açdıqda onlar qibtə edərək dedilər: "İlahi! Nə olaydı, bizə də uzun ömr əta edəydin və biz də bütün ömrümüzü Sənə ibadət etməyə sərf edəydik!". Belə düşünərək səhabələr Bəni-İsrail tayfasına qibtə edirdilər. Allah-Təala Həzrət Peyğəmbərə (s) bu ayəni nazil etdi: "Qədr gecəsi min aydan daha xeyirlidir (bərəkətlidir, fəzilətlidir)". ("Qədr" surəsi, ayə 3).
 
Yəni, böyük Allah Öz peyğəmbərinə demək istəyir ki, ey Mənim Peyğəmbərim, Mən sənin ümməti-nə uzun ömr verməmişəm. Lakin əvəzində onlar üçün gecələr arasında bir gecə təyin edirəm və adını da Qədr gecəsi qoyuram. Kim o gecəni ibadətlə məşğul olarsa, ona 1000 ayın ibadətinin savabından artıq savab verərəm.
 
Başqa bir hədisdə nəql olunur ki, İslam peyğəmbəri (s) Allaha münacat edərkən belə dedi: "İlahi! Sən məndən əvvəlki peyğəmbərlərin ümmətinə uzun ömür vermişdin, onlar da sənə bütün ömrü boyu ibadət edib çoxlu savab qazanıblar. Lakin mənim ümmətimə az ömür vermisən, onlar da Sənə təbii ki, o biri üm-mətlərdən az ibadət edib az savab qazanırlar." Beləcə, Peyğəmbər (s) bu kimi ifadələrlə çox münacat etdi. Allah-Təala Həzrət Peyğəmbərə (s) buyurdu: "Düzdür, sənin ümmətinə az ömür vermişəm, lakin sənə və sənin ümmətinə çox dəyərli bir gecə təyin etmişəm. Bu gecənin ibadəti 1000 ayın ibadətindən daha fəzilətli və daha üstündür".
 
Bu ayənin ardınca Allah-Təala buyurur: "O gecə (Qədr gecəsi) mələklər və Ruh Rəbbin izni ilə yerə enərlər" (Qədr, 4). O gecə mələklər yer üzünə enib Allahın bu aləmdə insanlara və cinlərə təyin etdiyi imamı, canişini ziyarət edərlər. Ümumiyyətlə, bunu da qeyd etmək lazımdır ki, hər bir zamanın bir imamı vardır. Allah-təala hər bir zamanda peyğəmbərlər göndərmişdir. İslam peyğəmbərindən sonra da o həzrətin yolunu davam etdirən imamlar göndərmişdir. İmam Əli (ə), İmam Həsən (ə), İmam Hüseyn (ə), İmam Səccad (ə), İmam Baqir (ə), İmam Sadiq (ə), İmam Museyi-Kazim (ə), İmam Rza (ə), İmam Muhəm-məd Təqi (ə), İmam Əli ən-Nəqi (ə), İmam Həsən Əskəri (ə) bir-birinin ardınca imamlıq edəndən sonra Al-lah-Təala İmam Zamanı (əc) qeyb pərdəsi altında saxladı. Hal-hazırda o həzrət yaşayır, lakin insanların gözündən qeybdədir. Allah-Təala istədiyi zaman o, zühur edəcək. Bu, Allah-Təalanın iradəsidir. Odur ki, hər zaman yer üzündə imam vardır.
 
Bir nəfər imam Baqirdən (ə) soruşdu: "Ey Allahın höccəti, Qədr gecəsinin Ramazan ayının hansı gecəsi olduğunu bilirsənmi?". İmam Baqir (ə) buyurdu: "Əlbəttə, bilirəm. O gecə bütün mələklər yerə enərək bizi ziyarət edirlər". 
 
Deməli, məlum olur ki, Yer üzü heç vaxt höccətsiz qalmayıb və qiyamət gününə qədər də höccətsiz olmayacaq. Və hər il Qədr gecəsi mələklər yer üzünə enib Allahın insanlar üçün təyin etdiyi imamı ziyarət edib onu salamlayırlar.
 
Hədislərdə nəql olunmuşdur ki, o gecə şeytan möminlərə yaxın düşə bilmir. Şeytan fasiq, azğın, pozğun adamlarla məşğuldur, lakin möminlər o gecəni çətinliklərə qatlaşıb ibadət edirlər. O gecə mələklər bir-birini salamlayırlar və imamı ziyarət edəndən sonra möminləri də salamlayırlar.