Qəbul imtahanları 2 mərhələli olacaq, açıq sualların sayı çoxaldılır

Azərbaycanda 2 ildən sonra tətbiq ediləcək yeni növ qəbul imtahanlarında açıq tipli test suallarının sayı daha da çox olacaq.
 
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
 
Onun sözlərinə görə, imtahanda bu suallarla yanaşı, müxtəlif növ tapşırıqlar və yazı işləri də tətbiq ediləcək:
 
"İki ildən sonra buraxılış imtahanları verən XI sinif məzunları yeni növ imtahanlarında iştirak edəcək. Buraxılış imtahanları 3 fəndən Ana dili, Riyaziyyat və Xarici dildən (ingilis, fransız, alman dili) olacaq. Bununla bağlı dünyada olan təcrübə öyrənilir".
 
M.Abbaszadə qeyd edib ki, son 20 il ərzində kütləvi imtahanlarda yalnız qapalı test istifadə edilirdi. Son 10 ildə hər bir fənn blokunda 1-2 açıq ipli sualdan başlayaraq, bu il hər bir fəndən 5 olmaqla açıq tipli test sualları istifadə edilib: " Yeni imtahanlarda belə sualların sayı daha da çox olacaq. Bu suallarla yanaşı imtahanlarda təkcə açıq tipli suallar yox, müxtəlif yazı işləri, müxtəlif növ tapşırıqlar da tətbiq ediləcək. Amma bunu tətbiq edəndə Azərbaycanın reallığını, təhsil sistemindən bunun mümkünlüyünü və praktik olaraq imtahanın təhlükəsizliyinin necə qorumaq lazım olduğunu düşünməliyik. Yeni tip tapşırıqların tətbiqi ölkədə təhsil sistemində 9 il əvvəl kurikulum sisteminə keçid, yeni standartların tətbiqi ilə əlaqədardır. Buna əsasən imtahanlar da yeni tapşırıqlara, yeni sistemə əsasən aparılacaq”.
 
M.Abbaszadə qeyd edib ki, 2 ildən sonra ali məktəblərə qəbul imtahanları 2 hissədən ibarət olacaq. Birinci mərhələdə buraxılış imtahanında aparılan qiymətləndirmə nəticəsində şagirdlərin topladığı ballar ikinci mərhələdə olan fənlərin üzərinə əlavə ediləcək. Onun sözlərinə görə, ümumi qəbul birinci və ikinci hissənin ümumi nəticələrinə əsasən aparılacaq: “Buraxılış imtahanlarında tətbiq edilən imtahan fənləri elan edilib. Lakin qəbul imtahanlarında olacaq fənlərin sayı Təhsil Nazirliyi ilə birgə müzakirə edilib və ümumi razılığa gəlinib. Bununla bağlı tam model hazırdır. Sabah Dövlət İmtahan Mərkəzində Direktorlar Şurasının iclası keçiriləcək və bu məsələyə baxacaq. Bu iclasda yekun razılıq əldə olunandan sonra ictimaiyyətə təqdim ediləcək”.(trend) /