Qəlbləri Allahın zikrinə qarşı sərt olanların vay halına!

Ramazan ayının – bu qızıla bərabər fürsətin yarısını artıq geridə qoymuşuq, irəlidə yarısından da azı qalıb. Əziz qardaş və bacılar, bu fürsəti qənimət bilməliyik; tövbə etmək, Allaha üz tutmaq, qəlbi nurlandırmaq, təravətləndirmək, dua və yalvarış üçün gözəl bir fürsətdir; gəlin Allah-Taalanın qarşısında dua edib yalvaraq. Sizdən hər birinizin, böyük ehtimalla, çalışdığı sferada çətinlikləri, çatışmazlıqları var, müəyyən amillərə, elementlərə ehtiyac duyursunuz; bunları Allahdan istəməliyik. Çəkdiyiniz zəhmətlə, göstərdiyiniz səylərlə yanaşı, heç şübhəsiz, dua və yalvarış etməyiniz də lazımdır; bunu yaddan çıxarmamalıyıq.

Bəzi dualarda belə oxuyuruq :

وَ لا يُنْجِي مِنْ سَخَطِكَ إِلا التَّضَرُّعُ ‌

(İlahi!) Qəzəbindən yalnız dərgahına ah-nalə etməklə nicat tapmaq olar. (“Mən-lə yəhzuruhul-fəqih”, c.1, səh.490,)

Qurtuluş yolumuz Allah dərgahına dua etmək, yalvarıb-yaxarmaqdır. Bəs görəsən, necə olur ki, bu dua və yalvarış bizim nicatımız, qurtuluşumuz üçün vasitə ola bilir? Zəif insanlar da, bəzən, başqalarının qarşısında yalvarıb-yaxarır; bu ikisinin fərqi nədir? Allah qarşısında yalvarıb-yaxarmaqla Onun bəndələri qarşısında yalvarıb-yaxarmağın fərqi nədir? Bu məqama diqqət yetirməyimiz çox önəmlidir. Allahın bəndələri qarşısında yalvarmaq bunun üçündür ki, həmin adamın ürəyi yumşalsın, Allah qarşısında yalvarıb-yaxarmaq isə bunun üçündür ki, bizim öz ürəyimiz yumşalsın; öz ürəyimizi daşlaşmaqdan xilas edək; nicatımız, qurtuluşumuz da bundan qaynaqlanır. Ürək sərtlik vəziyyətindən çıxıb yumşalanda nurlanır. İnsanın qarşısında yolları açan, ona ümid, çalışmaq əzmi bəxş edən, onu doğru yollara istiqamətləndirən də, məhz, qəlbinin bu nurudur. İnsan təqvalı olanda Allah-Taala da ona öz hidayətini lütf edir. Təqva isə, həmin o ürəyiyumşaqlıqdan, qəlbin incəliyindən, nurluluğundan irəli gəlir; işin əsli bu cürdür. Mübarək “Zümər” surəsində buyurulur:

فَوَیلٌ لِلقٰسِیَةِ قُلوبُهُم مِن ذِکرِ اللهِ اُولٰئِکَ فی‌ ضَلٰلٍ مُبین‌

Qəlbləri Allahın zikrinə qarşı sərt olanların vay halına! Onlar (haqq yoldan) açıq-aydın azmışlar. (“Zümər”/22.)

Daşlaşmış, möhkəm qəlb bu cürdür. Ayədə belələrinin açıq-aşkar azğınlıq içərisində olduğu deyilir. Mübarək “Maidə” surəsində isə Bəni-İsrail haqqında belə buyurulur:

فَبِما نَقضِهِم میثاقَهُم لَعَنّـٰهُم وَ جَعَلنا قُلُوبَهُم قاسِیَة

Əhdlərini pozduqları üçün onları lənətlədik və ürəklərini sərtləşdirdik.(“Maidə”/13.)

Allahın lənəti onların qəlblərinin sərtləşməsində özünü göstərir; hansı ki bu da elə onların öz əməllərinin nəticəsidir; çünki Allah-Taala ilə bağladıqları əhdi pozublar, unudublar. Biz öz imanlı cəmiyyətimizdə bu şeylərə diqqət yetirməliyik; özəlliklə də bizlər – hər biri müəyyən bir sferanın yükünü çiyinlərində daşıyan rəsmilər. Mübarək “Bəqərə” surəsində yenə də Bəni-İsrail haqqında belə buyurulur:

ثُمَّ قَسَت قُلوبُکُم مِن بَعدِ ذٰلِکَ فَهِیَ کَالحِجارَةِ اَو اَشَدَّ قَسوَةً وَ اِنَّ مِنَ الحِجارَةِ لَما یَتَفَجَّرُ مِنهُ الاَنهار

“Bundan (bu əhvalatdan) sonra qəlbləriniz yenə sərtləşərək daş kimi və yaxud daha da qatı oldu. Həqiqətən, bəzi daşların içərisindən nəhrlər axar...” (“Bəqərə”/74.)

Peyğəmbəri-Əkrəm (s) Mədinə yəhudiləri ilə mübarizə apararkən onlara qarşı dəlil gətirmək üçün Allahın dilindən bu sözləri (“Qəlbləriniz daşdan da sərt oldu”) deyir, Bəni-İsrailin keçmişini onların yadına salır. Bütün bunlar bizim üçün ibrət dərsidir, öyüd-nəsihət götürməyimiz, gözümüzün açılmağı üçün bir vasitədir; çalışıb səy göstərməliyik. Şərafətli “Kafi” kitabındakı rəvayətlərdən birində oxuyuruq:

وَ القاسِی القَلبِ مِنّی بَعید

Qəlbi qəsavət bağlayan (daşlaşan) insan Məndən uzaqdır. (“Kafi”, c.2, səh.329.)

İnsan üçün ən pis, ən qorxunc bəlalardan biri Allahdan uzaqlaşmaqdır; daşürəkliliyin, qəlbin sərtləşməsinin isə belə bir xüsusiyyəti var ki, insanı Allahdan uzaqlaşdırır. Başqa bir rəvayətdə isə belə buyurulur:

ما ضُرِبَ‌ عَبدٌ بِعُقوبَةٍ اَعظَمَ مِن قَسوَةِ القَلب‌

“Bəndə üçün daşürəkli olmaqdan ağır cəza yoxdur. (“Tuhəful-uqul”, səh. 296.)

Bir sözlə, bu günlərdən istifadə etməliyik; mübarək Ramazan ayı gözəl bir fürsətdir; istər bu ayın duaları olsun – səhərlər, gündüzlər və ya gecələr oxunması tövsiyə olunmuş dualar; elə dualar var ki, onların məzmunu qəlbimizi yumşaldır, – istərsə də oruc olmağın, şəri vəzifənə diqqət yetirməyin özü; bizim buna ehtiyacımız var. Bizim İslam qayda-qanunu ilə, İslam prinsipləri ilə yaşayan cəmiyyətimiz Allahı yada salıb zikr etməyə, Uca Yaradan qarşısında təslimkarlığa, dua və yalvarış etməyə diqqət və önəm verməzsə, heç şübhəsiz, möhkəm zərbə alacaq, arzu və amallarına əsla yetişə bilməyəcək. Biz o uca hədəflərimizə, təqdirəlayiq arzu və amallarımıza yalnız o zaman yetişə bilərik ki, tutduğumuz yolda əsl mömin kimi, sədaqətlə çalışaq. Bu isə, yalnız diqqətini Allah-Taalaya yönəltməklə, qəlbin nurunu, Uca Yaradanla rabitəsini artırmaqla mümkün ola bilər. Mənim əsas sözüm budur: diqqətli olmaq lazımdır. Əlbəttə ki, mən bu sözləri ilk növbədə özümə ünvanlayıram; mənim öhdəmə sizdən daha böyük məsuliyyət, daha ağır yük düşür, mənim özümün bu tövsiyələrə sizdən daha çox ehtiyacım var. Mən də, siz də diqqətli olmalı, bu aydan, bu fürsətdən istifadə etməliyik; qarşıdan gələn Qədr gecələri də öz yerində. (Ali Rəhbərin mübarək Ramazan ayının 17-ci günü hökumət nümayəndələri ilə görüşü zamanı etdiyi çıxış – 12/Jun/2017.)

Maide.az – Maarif bölümü