Qeybətin müalicəsi barədə nə bilirik?

Qeybətin iki növ müalicəsi var: qısa yolla və əhatəli. Qeybətin qısa yolla müalicəsi üçün insan bəsirət gözünü açıb qeybət mövzusundakı ayə və hədislərin təhlilinə vaxt ayırmalıdır. Allahın qəzəbini və Qiyamət gününün əzabını yada salmaq, qeybətin dünyəvi zərərlərini xatırlamaq lazımdır. Qeybət qarşı tərəfin qulağına çata bilər və arada düşmənçilik yaranar. Qarşı tərəf də eyni cür cavab verib qeybətə əl atsa, buna razı olmazsan. Özünə qıymadığını başqasına qıymamaq insanlıq vəzifəsidir. Bundan sonra insan dilini gözləyər və danışmazdan öncə yaxşıca fikirləşər. Bu yolla qeybəti tədricən tərk etmək olar. 
Qeybətin əhatəli müalicəsində öncə qeybətin səbəblərini müəyyənləşdirmək lazım gəlir. Qeybətin bir sıra səbəbləri var: 
1. İnciklikdən yaranmış qəzəb insanı qeybətə aparır. İnsan bu yolla qəzəbini soyutmaq istəyir. 
2. Biri ilə düşmənçilik səbəbindən onun eyibləri zikr olunur. 
3. Cəmiyyətin bir şəxsə hörmətini görəndə həsəd yaranır və insan qeybət etməklə qarşı tərəfi alçaltmaq istəyir. 
4. İnsan bekarçılıqda insanların qeybətini etməklə vaxt keçirir. Əslində, onun kimisə alçaltmaq fikri olmur. 
5. Qarşı tərəfə istehza qeybətə aparır. 
6. İnsan başqalarını alçaltmaq vasitəsi ilə özünü böyütmək istəyir. O qarşı tərəfi təhqir etməklə öz üstünlüyünü önə çəkir. Əgər bu səbəblər aradan qaldırılarsa, qeybət xəstəliyinə əlac olunar. 
7. Bir pis işdə günahkar olmadığını sübuta yetirmək üçün insan qarşı tərəfi alçaltmaq istəyir. 
8. Öz günahını yüngülləşdirmək üçün başqalarının da bu günaha yol verdiyini önə çəkən insan qeybətə aludə olur. Məsələn, haram mal yeyən biri başqalarının da haram yediyini izhar edir. Belə bir üzr günahdan da pisdir. Bu sayaq qeybətdə nəinki insan günahdan yaxa qurtarmır, hətta başqa bir günaha batır. 
9. Qeybət üçün səbəblərdəndir: Dostlar bir şəxsin qeybətini edərkən onlarla həmrəylik göstərmək.  Belə bir vəziyyətdə qeybət edən şəxs insanların razılığını Allahın razılığından üstün tutur. 
10. Kiminsə sənin haqqında pis söz danışacağını güman edib onu qabaqlamaq istəyirsən və eyiblərini sadalayırsan. Bu yolla qarşı tərəfin deyəcəyi sözləri təsirsizləşdirmək istəyirsən. Əslində, bu işinlə Allah yanında etibardan düşürsən. Çünki zənn-gümana əsaslanıb kiminsə haqqında pis sözlər danışmaq qeybətdən başqa bir şey deyil.
11. Bəzən insan bir şəxsə hansısa eybinə görə can yandırıb, öz təəssüfünü bildirir və beləcə günaha batır.
12. Bəzən birinin eybindən xəbər tutun insan Allahın razılığına xatir öz qəzəbini bildirir. Bir çoxları bu iki qisim qeybəti lazımınca qiymətləndirmir. Onların nəzərincə mərhəmət və qəzəb səbəbindən Allahın razılığı yolunda başqalarının eybini dilə gətirmək olar. Allahın razılığı üçün mərhəmət və qəzəb yaxşıdır. Buna baxmayaraq, qeybət haramdır və bəyənilmir. Mərhəmət və ya qəzəb səbəbindən bir başqasını alçaltmaq olmaz. Əgər dilimizin ixtiyarını əlimizə alsaq, Allah-tәalanın inayəti ilə özümüzü hifz edə bilərik. Əks təqdirdə, qeybət bizi cəhənnəmə aparacaq. 
 
Ayətullah Müctəhid Tehrani, “4 risalə”