Qeyri-neft sahəsində vəziyyət necədir?

"Yeni Sabah.az"da isə "Ölkəni idarə edənlər papaqlarını qarşılarına qoyub..." - Nemət Əliyev" sərlövhəli məqalə diqqəti cəlb edir.
 
Sayt ölkədə qeyri-neft sektorunun vəziyyəti barədə iqtisadçı-ekspert Nemət Əliyevin düşüncələrinə yol verib.
 
"Qeyri-neft sektorunun sağdan, soldan, yuxarıdan, aşağıdan, arxadan, öndən almadığı zərbə qalmayıb. Yarıtmaz idarəetmə bütün mənalarda sözünü deməkdədir". "Yeni Sabah" xəbər verir ki, bunu iqtisadçı Nemət Əliyev deyib.
 
Iqtisadçi bildirir ki, Dövlət Gömrük Komitəsindən əldə olunan ən son məlumatlara görə, 2019-cu ilin yanvar-aprel ayında neft sektorunun ümumi ixracda payı 92 faizə yüksəlib: "7,1 milyard dollarlıq ixracın 6,5 milyard dolları xam neft, neft məhsulları və təbii qazdan ibarət olub, ümumi ixracda qeyri-neft mallarının payı vur-tut 8 faiz təşkil edib. Halbuki, bu pay bir il əvvəl 9 faiz, iki il əvvəl 12 faiz, dörd il əvvəl isə 14 faiz olub. Bu göstərici son dörd ildə 6 faiz bəndi azalaraq 8 faizə enib, Amma qeyri-neft sektoruna dəyən zərbə bununla bitməyib".
 
N.Əliyevin sözlərinə görə, ərzaq və qeyri-ərzaq mallarına daxili təlabatın ödənilməsində də qeyri-neft istehsalının rolu zəifləməkdə davam edib.
 
Ekspert deyir ki, bu ilin ilk dörd ayında idxal 50,3 faiz artıb: "İdxalda yaşanan bu artım tempini son illərin ən yüksək göstəricisi saymaq olar. İdxalın bu səviyyədə artması özlüyündə daxili istehsalın nə dərəcədə zəif olması haqqında ilk baxışdan çox şey ifadə eləyir. Pərakəndə ticarət dövriyyəsinə dair məlumatların təhlili konkret şəkildə göstərir ki, hazırda xarici malların ümumi daxili təlabatın ödənilməsində rolu 68 faizə yüksəlib. Deməli, yerli istehsalın burada rolu vur-tut 32 faizdir".
 
Ekspertin iddiasına görə, nəticə çıxarmaq baxımından ibrətamizdir ki, yerli malların dörd aylıq ticarət dövriyyəsi son 5 ildə 2,7 dəfə azalaraq 5,7 milyard dollardan 2,1 milyard dollara düşüb.
 
N.Əliyevə görə, burada belə sual yaranır: "2004-2018-ci illərdə ölkə iqtisadiyyatına yatırılan 245 milyard dollarlıq sərmayənin izlərinə buralarda niyə rast gəlinmir? Fikrimcə, bunun xalqa ağlabatan izahatı açıqlanmalıdır. Ölkəni idarə edənlər papaqlarını qarşılarına qoyub neftdənkənar istehsal sahələrinin rolunun niyə bu dərəcədə zəifləməsinin gerçək səbəbləri və bunun hansı ağır nəticələr doğura biləcəyi haqqında yaxşı-yaxşı fikirləşməlidirlər".