'Quranda islami təfəkkür tezisi' kitabı - 19-cu məclis

Maide.Az saytı ilk dəfə olaraq Ramazan ayının əvvəlindən  Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin "Quranda islami təfəkkür tezisi" kitabını səsli və mətn formatda oxuculara təqdim edir: 

 

ON DOQQUZUNCU MƏCLİS

 

MÜXALİF QRUPLAR

 

 

Bazar ertəsi – 1974-10-07

Ramazan ayının 20-si.

 

 

بسم الله الرحمن الرحيم

وَكَذَلِكَ جَعَلْنَا لِكُلِّ نِبِيٍّ عَدُوًّا شَيَاطِينَ الإِنسِ وَالْجِنِّ يُوحِي بَعْضُهُمْ إِلَى بَعْضٍ زُخْرُفَ الْقَوْلِ غُرُورًا وَلَوْ شَاء رَبُّكَ مَا فَعَلُوهُ فَذَرْهُمْ وَمَا يَفْتَرُونَ. وَلِتَصْغَى إِلَيْهِ أَفْئِدَةُ الَّذِينَ لاَ يُؤْمِنُونَ بِالآخِرَةِ وَلِيَرْضَوْهُ وَلِيَقْتَرِفُواْ مَا هُم مُّقْتَرِفُونَ

Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər qərar verdik. Onlar (biri digərini) aldatmaq məqsədilə bir-birinə təmtəraqlı (zahirən gözəl, daxilən çirkin) sözlər ilham (və təlqin) edirlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları yalanlarla birlikdə boşla getsinlər! Nəticədə, axirətə inanmayanların qəlbləri onlara meyil etsin, onlar ondan (həmin sözlərdən) xoşlansın və gördükləri çirkin işləri bir daha görsünlər.

“Ənam” surəsi, ayə 112-113.

 

 

Qeyd etdik ki, peyğəmbərlik ictimai bir inqilabdır və sosial təbəqələrin inkarı bu inqilabın əsaslarından biridir; belə ki, ilahi peyğəmbərin yaratdığı mühitdə həm zəif, kölə, möhtac və yoxsul təbəqəni, həm də zalım, güclü və varlı təbəqəni görə bilməzsən. İslam və hətta digər dinlərdə, İslam hökumətində və ilahi sistemdə zəif və gücsüz olan, öz qanuni haqqını tələb edə bilməyən bir şəxs belə təsəvvür edə bilməzsən. Elə buna görə də bir hədisdə belə buyurulur:

لا تُقدَّسُ أمَّةٌ لا يأخذُ الضَّعيفُ حقَّه من القويِّ غيرَ مُتَعتَعٍ

“Qorxmadan (və dili topuq vurmadan) zəifin haqqını güclüdən ala bilməyən cəmiyyət pak və müqəddəs (xoşbəxt) deyildir.”[1]

Yəni, əgər bir cəmiyyətdə böyük və mühüm ictimai bir vəzifədə çalışmayan zəif bir insan dili topuq vurmadan öz haqqını tələb edə bilmirsə, bilin ki, belə bir cəmiyyətdə doğruluqdan, xoşbəxtlikdən, müvəffəqiyyətdən və qurtuluşdan söz gedə bilməz. Əgər həmin zəif şəxs dili topuq vura-vura, üzü-gözü qızara-qızara öz haqqını ala bilirsə belə, yenə faydasızdır. Əgər bir evdə bir ailənin üzvü, övladı öz haqqı olan yeməyi almaq üçün mətbəxə gedərək yeməyini götürüb yeyərsə, heç xəcalət çəkərmi, utanarmı, həqarət hissi keçirərmi? Şübhəsiz ki, xeyr! İslamın bizə öyrətdiyi və öyrəndiyimizə əməl etməyimizi tələb etdiyi kimi, cəmiyyətə də belə bir vəziyyət hakim olmalıdır; cəmiyyətin bütün üzvləri və övladları heç bir fərq qoymadan və ayrı-seçkilik etmədən bir bədəni xatırladır. Yəni, İslam cəmiyyətində Əmirəlmöminin Əli (ə) kimi bir İslam hakiminin haqqı-hüququ nə qədərdirsə, onun rəiyyətinin haqqı-hüququ da elə o qədərdir.

İslam cəmiyyətində böyük vəzifə sahibləri sravi bir insana zor tətbiq edə bilməzlər. Hətta bizim nəzərimizcə, İslam cəmiyyətinin yolu dəyişdirildiyi, ilahi xilafət və Əmirəlmöminin Əlinin (ə) imamətindən uzaq salındığı zaman belə, hansısa bir vali və güc sahibinin özü yox, hətta oğlu hansısa bir ərəbə zor tətbiq edərdisə, həmin ərəb ciddiyyətlə o uzaq məsafəni qət edib paytaxt Mədinəyə gələrək məhkəmədə öz haqqını və ədalətin icrasını tələb edirdi. Xəlifə də valiyə məktub yazaraq həm onun özünün, həm də oğlunun paytaxta gəlməsini əmr edirdi. Cavab vermək üçün təkcə oğlunu deyil, valinin özünü də çağırırdı. Hər ikisi getməli olurdu. Xəlifə ondan: “Nə üçün bu ərəbi incitdin və döydün?” – deyə soruşduqda, valinin oğlu da cavabında deyirdi: “Ey möminlərin əmiri, ey xəlifə, de ki, şahid gətirsin.” O da buyururdu ki, onun nə zəhmətlə Misirdən durub Mədinəyə gəlməsi bu məsələyə şahid kimi kifayətdir. Sən onu səhralıqda döyübsən. Səhralıqda şahid nə gəzir? Sən onu səhralıqda döydüyünə görə dörd nəfər şahid gətirməlidirmi? Sən onu gözlərdən uzaq səhralıqda döyübsən, bəs o, nə etməlidir? Əgər sən onu döyməsəydin, o, şikayət üçün heç vaxt bu qədər yolu Misirdən Mədinəyə piyada qət edib gəlməzdi. Xəlifə onu cəzalandırır. Valinin oğlu məsciddə yerə uzadılır və ona qırmanc vurulur. Oğul ayağa qalxdıqdan sonra, xəlifə buyurur ki, indi atanı uzadın. (Ata – Misirin valisi Əmr As idi.) Əmr Asın səsi ucalır: “Axı mən niyə? O ərəbi mən yox, oğlum döyüb. Axı mənə niyə qırmanc vurmaq istəyirsiniz?” Xəlifə deyir: “Çünki oğlun sənin güc və qüdrətinə güvənib. Əgər sən onun atası olmasaydın, hakimiyyətdə olmasaydın, onun hamisi olmasaydın, bu ərəbi heç vaxt səhrada döyə bilməzdi. Odur ki, sən də cəzalanmalısan.” Bu haçana aiddir? Hələ bu, o zamana aiddir ki, İslam cəmiyyəti ilahi yoldan çıxmışdı, hakimiyyətdə olanlar Əmirəlmöminin Əli (ə) deyil, xilafətə layiq bilmədiyimiz şəxslər idi. 

Bir sözlə, İslam cəmiyyəti budur. Bunu deməkdə məqsədim odur ki, bugünkü bəhsimizdən nəticəni mən yox, siz özünüz çıxara biləsiniz, bəhsimizin nəticəsini qeyd etməzdən öncə, onu siz özünüz əldə edəsiniz. İslamın istədiyi cəmiyyət budur. Digər ilahi dinlər də İslam kimidir; yəni, elə bir cəmiyyət istənilir ki, onda zülm və quldurluq olmasın, cəmiyyətdə məhrum və yoxsul təbəqə ola-ola, bir dəstə sərvət yığmaqla məşğul olmasın. Bu dinin və məktəbin rəhbəri Əmirəlmöminin Əli (ə) belə buyurur:

ما رَأَیْتُ نِعْمَةً مَوفورَةً إلّا و بِجانِبِها حقٌ مُضَیَّعٌ

“Elə böyük bir nemət görmədim ki, onun kənarında bir haqq zay edilməsin.”[2]

Əgər insanlar arasında sərvəti bölüşdürmək istəyirsinizsə, Rokfellerə[3] bu qədər sərvət çatmamalıdır. Onun bu qədər sərvətə sahib olduğunu görürsünüzsə, səbəbi on-iyirmi milyon insanın payını mənimsəməsidir.

İlahi dinlərin məntiqində İslam və ideal cəmiyyət budur: bu cəmiyyətdə zorakılıq və zülmkarlıq yoxdur; İslam cəmiyyətində başqasına zülm etmək, sosial təbəqələşmə yaratmaq istəyənə imkan verilməz. Nə üçün? Çünki Peyğəmbər (s) tərəfindən təsis edilmiş bir sistem idi. Mahir dərzilər görübsünüzmü? Onlar qatı açılmamış parçaları kəsib-doğrayır, dəlik-deşik edirlər. İslam cəmiyyətinə çoxlu zərbələr endirsələr də, onu kəsib-doğrasalar da onun təməlini sarsıda bilmədilər. Çünki onun dərzi və memarı Peyğəmbər (s) idi. Allahın iradəsi və o Həzrətin güclü əlləri ilə qurulmuş bir sistem idi. İslam belə bir sistemdir; onda zorakılıq və quldurluqdan, istismar və müstəmləkədən, bir fərdin və yaxud cəmiyyətin digər insanlara hakimiyyətindən söz gedə bilməz. Allahın istəyi ilə təşkil olunmuş belə bir cəmiyyətdə nadanlıq, məlumatsızlıq və xurafatçılıq yoxdur; belə bir cəmiyyətdə hamı fikirləşməyə və öz haqq yolunu tapmağa məcburdur və onu tapdıqdan sonra da mütləq onu ötüb-keçməlidir.

Belə bir cəmiyyətdə zəiflər, məhrumlar və məzlumların haqqını müdafiə etmək hamının borcudur; heç kimin öz mənafeyini güdməyə: “Mənim mənafeim təmin olursa bəsimdir, öz problemlərim və işlərim mənə kifayətdir, başqalarının işləri və problemlərini həll etməyə vaxtım yoxdur, nəyimə lazımdır!” – kimi sözlər danışmağa haqqı yoxdur. Çünki hamı birdir və bir bədənin üzvləridir. Belə bir cəmiyyətdə tənbəllik, ixtilaf, təfriqə və ikitirəlik, Zeyd, Əmr və Bəkr kimilərin ardınca kor-koranə hərəkət etməkdən söz gedə bilməz. Peyğəmbər (s) belə bir cəmiyyət qurmaq istəyirdi. Diqqət yetirin! Unutmayın ki, Peyğəmbərin (s) öz güclü əli, ilahi vəhy və ilhamla qurmaq istədiyi bu cəmiyyətin ən böyük və əsaslı xüsusiyyəti elm, agahlıq, ədalət və bərabərliklə yanaşı sosial təbəqələrin, istismarın, sərvət yığmağın, müstəmləkənin, mütləq hakimiyyətin və batili müdafiə etməyin inkarı, habelə, haqq və həqiqəti himayə etməyin zəruriliyindən ibarətdir. İslam cəmiyyətinin xüsusiyyəti bunlardır.

Bugünkü bəhsimizlə əlaqədar əsas sözüm odur ki, bir peyğəmbər cahil cəmiyyətdə öz sözü və hədəfini deyib, necə bir cəmiyyət və sistem quracağını dilə gətirərkən onunla mübarizəyə qalxan kimlər olacaq?

Peyğəmbərin necə bir cəmiyyət qurmaq istədiyinə toxunduq. Burada peyğəmbərlə hansı şəxslərin mübarizə aparacağı aydındır. Onunla mübarizə aparacaq ilkin şəxslər sosial təbəqələşmədən bəhrələnib canlanan, müəyyən bir zümrənin qanını soran, günahsız insanların qüvvələrindən haqsız istifadə edənlərdir. Əgər onlar da bu insanlarla eyni səviyyədə, eyni təbəqədə və bərabər hüquqa sahib olacaqlarsa, bəs, kimlərdən istifadə edəcəklər? Bundan sonra kimlərin qanını soracaqlar? Odur ki, müxalifətə qalxırlar. Peyğəmbərin dəvəti və təşkil etdiyi cəmiyyətlə müxalifət və mübarizəyə qalxan digər qruplar onun-bunun kisəsindən oğurluq edən, hansısa qoca bir qadının bağlı dəsmalına göz dikən, hansısa dükan sahibinin cibinə girən və sərvətlərini daha da artıran varlı təbəqədir. Hansı ki, onlar təsis etdikləri korrupsiya müəssisələrində pul al-veri ilə məşğul olur, bütün ticari əlaqələr və iqtisadi faliyyətləri öz xeyirlərinə tamamlayırlar. Məgər belə deyilmi? Sizin peşəniz nədir? Əgər bazarda ticarətlə məşğul olursunuzsa, qazandığınızın yarısı sizin, yarısı isə hansısa müəssisə və qurumlarındır. İndi bax, gör, nə qədər qazanc verir və səhərdən axşama qədər kimlərə görə çalışırsan.

Korrupsiya üzərində qurulduğu, hamının sələmlə məşğul olduğu, birinin sələm verdiyi, digərinin isə sələm aldığı bir cəmiyyətdə bütün ticarətlər korrupsiya müəssisələrinin xeyrinə tamamlanır. Belə bir cəmiyyətdə sərvət yığmaqla məşğul olan və sərvəti ilə ağalıq edənlərin sərvət toplamağı qadağan edən islahatçı peyğəmbərlə müxalifətçilik etməsi təbii bir məsələdir. Demək, peyğəmbərlə mübarizə aparan qruplardan biri də sərvət sahibləridir.

Peyğəmbərin dəvəti və ilahi risalətlə mübarizə aparan növbəti qrup zalım hakimlərdir. Çünki “Lə ilahə illəllah” (Allahdan başqa, heç bir məbud yoxdur) – kəlməsi həqiqi mənada hansısa bir cəmiyyətə daxil olardısa, bu, Fironun həmin cəmiyyətdən silinməsi, aradan qalxması, yaxud da sıravi bir insana çevrilməsi deməkdir. “Lə ilahə illəllah” (Allahdan başqa, heç bir məbud yoxdur) – kəlməsinin mənası budur! Əgər “Lə ilahə illəllah” (Allahdan başqa, heç bir məbud yoxdur) – kəlməsi həqiqi mənada cəmiyyətdə quruculuğa səbəb olarsa və bu cəmiyyətin təməli “Lə ilahə illəllah” (Allahdan başqa, heç bir məbud yoxdur) – kəlməsi əsasında qurularsa, onun başında Firon, Haman, Nəmrud, Şəddad, Müaviyə yox, Allah duracaqdır. Aydındır ki, Firon, Nəmrud və tarixin digər zalımları peyğəmbərlərin dəvəti və təşkil etdiyi cəmiyyətlə mübarizəyə qalxacaqlar. Bəli, peyğımbərlərlə mübarizə aparan digər qrup hegemon qüvvələrdir.

Növbəti qrup isə insanların beyinləri və təlim-tərbiyəsi ilə məşğul olub öz ictimai mövqelərini möhkəmlədən yəhudi alimləri və xaçpərəst rahiblərdir. Tarixən onlar daim insanların nadan qalmasına çalışmışlar. Həzrət İsa Məsih (ə) kimlərlə mübarizə aparırdı? O dövrün yəhudi cəmiyyətində Həzrət İsa Məsihin (ə) dəvətinə qarşı çıxanlar kimlər idi? Elə yəhudi alimləri idilər, halbuki, onlar Həzrət İsa Məsihi (ə) yaxşı tanıyırdılar.

İslam zühur etdikdən sonra, Peyğəmbəri-Əkrəmin (s) inqilabı və hərəkatı ilə razılaşmayanlar, İslam inqilabının ayaq tutması və kök atmasına maneçilik törədənlər kimlər idi? Məlum məsələdir ki, Peyğəmbəri-Əkrəm (s) və onun təşnəliyi aradan qaldıran, zehnlərə işıq saçan, gözləri açan, cəhalət və nadanlıqlara son qoyan ləzzət və həyat bəxş edən təlimləri olan yerdə onlar ağalıq edə bilməz, İslam olan yerdə Kəbül-Əhbar[4] və Abdullah ibn Salamın[5] uydurmaları, sözsüz, öz rəngi və rövnəqini itirəcəkdir. Aydındır ki, beyinlərə və düşüncələrə həqiqət günəşi işıq saçırsa, artıq xurafatlar və qaranlıqlar da öz-özünə aradan qalxacaqdır. Odur ki, Peyğəmbər (s) zühur edib, elmə, agahlığa, azad düşüncəyə, ziyalılığa, ilahi dəyərlərə əsaslanan bir cəmiyyət təşkil etdikdə, təhlükə hiss edən ilk zümrələrdən biri də yəhudi və xristian alimləri – insanların ayıqlığının həm onların özləri, həm də əlbir olduqları qüdrət sahiblərinin zərərinə olan kəslər – idi. Siyasi güclər də zərər görür, təhlükə hiss edirdilər.

Eynilə, dördüncü İmam (ə) Məhəmməd ibn Şahab Zöhriyə yazıdğı məktubda onu elə təsvir edir ki, biz bu gün iyirminci əsrdə tarixə nəzər saldıqda, xalqları əzən, onların tərəqqi etməsi və istedadlarının çiçəklənməsinə maneçilik törədən və hüquqlarını əlindən alan dini və siyasi güclərin koalisiyasını mülahizə etdikdə, İmam Səccadın (ə) həmin məktubda o günə hakim vəziyyəti necə də gözəl şəkildə təsvir etdiyini dərk edirik:

وَاعلَم أنَّ أدنى ما كَتَمتَ وأخَفَّ مَا احتَمَلتَ أن آنَستَ وَحشَةَ الظّالِمِ وسَهَّلتَ لَهُ طَريقَ الغَيِّ بِدُنُوِّكَ مِنهُ حينَ دَنَوتَ وإجابَتِكَ لَهُ حينَ دُعيتَ

Bil ki, gizlədə biləcəyin ən kiçik həqiqət və ya boynuna yükləyəcəyin ən yüngül yük o zamandır ki, zülmkar şəxs səni özünə çəkdikdə, dəvətini qəbul edərək ona qoşulasan, ona munis olaraq azğınlığı üçün yolu hamar edəsən.[6]

Beləliklə, peyğəmbərin gəlişindən qorxuya düşən zümrələrdən biri də qeyri-həqiqi və batil dinlərin rəhbərləri idi. Onlar da peyğəmbərlərin azadlıq bəxş edən dəvətləri ilə kəskin mübarizə aparırdılar. Dini mətnlərimizdə də buna dair nümunələr vardır. İbrahim peyğəmbərin macərasında nəql olunur ki, bütxananın xidmətçiləri bütlərin sındığını gördükdə, “Onları kim sındırıb?” – deyə hay-küy salmağa başladılar və Nəmrudu məcbur etdilər ki, Həzrət İbrahimi (ə) oda atsın. Bütxana barəsində məlumat sahibi olanlar adi camaat deyil, bütxananın kahin və xidmətçiləri idi. Fironun vaxtında Musa ibn İmrana (ə) görə Firona təsəlli verənlər, öz sehr-caduları ilə onun sehrlərini batil edəcəkləri ilə təskinlik verənlər də elə onlar idilər. İsa peyğəmbərin dəvəti zamanı o Həzrətlə müxalifət və mübarizəyə qalxan ən böyük düşmənlər də elə onlar idilər. Camaatın əlində olan İncil kitabına bir baxın, bu kitab nə qədər təhriflərə məruz qalsa da tarixin bu hissəsini və həqiqətini bizim üçün aydınlaşdırır. Yenə görürük ki, İslamın dəvəti ilə bağlı eşitdiyiniz çoxlu sayda hekayələrdə göstərilir ki, insanları ardıcıl olaraq Peyğəmbərə (s) sual vermək, onu sınaqdan keçirmək üçün o Həzrətin canına salırdılar. Nəcran xristianları ilə bağlı “Mübahilə” (qarğış) cərəyanını və bu kimi digər hadisələrin ortalığa atılması buna bir misaldır. Onlar insanları öz çürük və köhnə inanclarında qalmağa məcbur edirdilər.

Bir cəmiyyətə yeni təfəkkür tərzi aşılandıqda və insanların təfəkkür yolunu daha çox idrak, şüur və agahlığa doğru çəkib apardıqda, onları – istər yaşlı olsun, istərsə də gənc – bu ideoloji cərəyana doğru yönəltdikdə, istər-istəməz ona tərəf üz tutacaq. İnsanlar daim yeni söz istəyir, həzm edə bildiyi sözü daha tez qəbul edirlər. Həm də yalan sözün işığı olmaz. Xurafat, dini təhrif və dəyişikliklər yalandır. Əgər bu xurafatın batilliyi aydın bəyan və dəlillə sübut olunarsa, insanlar onu asanlıqla qəbul edərlər.

Tarix boyu yəhudi və xristian alimləri peyğəmbərlərin aydın söz sahibi olmalarına rəğmən, insanların peyğəmbərlərə qoşulmasına maneçilik törətmişlər. Peyğəmbərlərin sözü aşkar, dəlil-sübutları tutarlı, özləri isə nur olub. Hər zaman insanları maarifləndirmiş, insanları çaşdıracaq bir söz danışmamış, filosoflar kimi anlaşılmaz fəlsəfi terminlərdən istifadə etməmiş, insanlara qarşı düz olmuş, aydın danışmışlar. Məhz bu səbəbdən də insanlar onlara tez bir zamanda iman gətirməli, sözləri dəqiq və tutarlı olduğu üçün dərk etməli idilər. Lakin insanların bu qədər inadkarlıq və təəssübkeşlik edib peyğəmbərlərin dəvətini qəbul etməmələrinə nə səbəb oldu? Qurani-Kərimdə “əhbar” və “rahib” adlandırılan yəhudi və xaçpərəst alimləri maneçilik törədir, insanları ata-babalarından qalmış yanlış ənənələrə və xurafat dolu əqidələrdən əl çəkməməyə təşviq edirdilər. Onlar da peyğəmbərlərin gəlişindən qorxuya düşürdülər. Çünki yaxşı bilirdilər ki, peyğəmbərin gəlişi ilə cəmiyyətə agahlıq, aydınlıq, ideoloji tərəqqi bəxş ediləcək, cəmiyyət ya öyrənəcək, ya da öyrədəcək; artıq belə bir meydanda savadsızların, özündənrazı insanların, səbəbsiz hörmətə layiq görülənlərin, cəmiyyətin savadsız və xurafat içərisində qalmasını istəyənlərin yeri yoxdur. Elə buna görə də, peyğəmbərlər, ilahi dəvətlər və tarixi inqilablarla var gücləri ilə mübarizə aparırdılar. Bu da dördüncü təbəqə! Qurani-Kərimə müraciət etsəniz, bu məsələyə də rast gələcəksiniz.

Bura qədərki söhbətimizdə Qurani-Kərimə istinad etmədən, yalnız peyğəmbərlərin dünyanı və cəmiyyəti islah etmək üçün gəldiklərinə aid məsələləri şərh etdik. Sonra isə peyğəmbərlərin dəvətindən qorxuya düşən təbəqələrdən danışdıq. Aydındır ki, sərvət toplamağın qadağan olunduğu yerdə sərvət toplayanlar, sosial təbəqələşmənin günah olduğu cəmiyyətdə elit təbəqə və eyş-işrət içində yaşamağa adət edənlər qorxacaqlar. Əgər bir cəmiyyətdə yoxsul təbəqə varlı təbəqə ilə bərabər hüquqa sahib olacaqsa, onların arasında heç bir fərq qoyulmayacaqsa, kölə ilə ağa bərabər tutulacaqsa, hamı ağa olub, özünün isə ağa olmadığını görəcəksə, əlbəttə ki, müxalifətçilik etməyə başlayacaq. Ağalar özlərini o zaman ağa hesab edirlər ki, özlərindən başqa, heç kim ağa olmasın, başqaları kölə olsun, ağaların sayı az olsun. Bir cəmiyətdə kölələr də ağalıq edəcəksə, ağaların sayı artacaqsa, ağalıq qiymətdən düşəcəksə, ağaların məqamı enəcəksə, kölələri ilə fərqlənməyəcəksə, kölələrin məqamı böyüyüb ona tay olacaqsa və ağalar əzizlik məqamını itirəcəksə, təbii ki, ağalar müxalifətə qalxacaqlar.

Belələri mütləq hakimiyyət və qüdrət istəyir; mərhum Mirzə Naininin[7] “Tənbihul-ummət” kitabında qeyd etdiyi kimi, daim istədiklərini yerinə yetirən və icra edənlər, Qurani-Kərimin ifadəsi ilə desək, yerinə yetirdiyi işə görə sorğu-suala tutulmaq istəməyənlər[8], hər zaman istədiklərini icra edənlər, istədiklərini danışanlar, istədikləri yerə gedənlər (və heç kimin ondan: “Hara getmişdin?” – deyə soruşmadığı kəslər) peyğəmbərlərin dəvəti və hökumətini heç vaxt xoş qarşılamaz. Çünki peyğəmbərin gəlişi ilə ilk zərbəni alacaq şəxsin özü olduğunu yaxşı bilir. Bəli, peyğəmbərlərlə mübarizə aparan təbəqələrdən biri də yəhudi və xaçpərəst alimləri olublar.

Bizim qeyd etdiyimiz bu dörd təbəqənin adı Qurani-Kərimdə də qeyd edilir. Lakin vəzifə sahibləri, rəislər, hakimlər, məmurlar təbəqəsi, qüdrət sahibləri və rejimlər Qurani-Kərimdə “mələ`” (başçı) ifadəsi ilə yad edilir:

قَالَ الْمَلأُ الَّذِينَ كَفَرُواْ مِن قَوْمِهِ

(Hud) tayfasının kafir başçıları ona belə dedilər...[9]

Dəbdəbəli həyat tərzi sürən, təmtəraqlı həyata sahib olan və hamıya həqarət gözü ilə baxanlara “mələ`” deyilir. Peyğəmbərlərlə mübarizə aparan təbəqələrdən biri də onlar idi. Bu təbəqəyə kimi misal çəkmək olar? Fironun cahilanə rejimində özündən deyən Haman bu təbəqənin bir nümunəsidir.

وَقَالَ فِرْعَوْنُ يَا هَامَانُ ابْنِ لِي صَرْحًا

Firon dedi: “Ey Haman! Mənim üçün bir uca qəsr tik…””[10]

Haman Fironun işlərini görür və ona dəllallıq edirdi. Ona nökərçilik və dəllallıq etdiyi üçün hamıya ağalıq (və hökmranlıq) edirdi. Sədi demişkən:

مگسـی را که تو پرواز دهی شـاهین اسـت

“Sənin uçurtduğun milçək şahindir (yırtıcı quşdur).”

Haman Fironun uçurtduğu və yetişdirdiyi milçək idi və “şahin” adlı yırtıcı quşun işini görürdü. O, zəif və bədbəxt idi, lakin Firona güvəndiyi üçün bütün işlərin sahibi olmuşdu. Odur ki, yoldan təmtəraqla ötüb-keçirdi, ona görə yolları boşaldır, insanları yolun kənarından uzaqlaşdırırdılar. Soruşanda nə olub? Kim gəlir? Bu qədər hay-küy nə üçündür? Deyirdilər ki, Haman gəlir.

Müaviyənin cahilanə rejimində çalışan Müğeyrə ibn Şöbə və Ziyad ibn Əbih də belə idi. Onlar ayədə qeyd olunan “mələ`”lər (başçılar) idilər. Müaviyənin taxtından elə möhkəm yapışırdılar ki, Müaviyə ətrafına baxanda, yalnız dost və tərəfdar görürdü. Qurani-Kərimdə belələri – bədbəxtliklər, cinayətlər və haqsızlıqların mənşəyi olan əyan-əşraf, mütrüf və elitar təbəqə – “mələ`” ifadəsi ilə qeyd edilir. Burada bununla bağlı ayəni qeyd etmişəm və sizin üçün tilavət edəcəyəm. Həmin ayədə deyilir ki, Biz hər ümmətə peyğəmbər göndərdikdə, onlarla mübarizəyə qalxan və müxalifət səsini ucaldan ilk şəxslər həmin ümmətin mütrüfləri, əyan-əşrafı olurdu.

Qurani-Kərimdə bu zümrədən olan ideoloji rəhbərlər “əhbar” (yəhudi alimləri) və “rahib” (xaçpərəst rahibləri) adı ilə qeyd edilir:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِنَّ كَثِيرًا مِّنَ الأَحْبَارِ وَالرُّهْبَانِ...

Ey iman gətirənlər! (Yəhudi) alimlərindən və (xaçpərəst) rahiblərindən...[11]

Sonda bu ayənin oxuyacaq və tərcüməsini də qeyd edəcəyik. Bu təbəqə də “tağut” adlanır. Ötən məclisdə qeyd etdiyimiz kimi, tağut geniş məna daşıyır və Allahın müqabilində dayanan qüdrət sahiblərinə deyilir. Bəzən tağut elə insanın öz nəfsidir.

أَعْدَي عَدُوِّكَ نَفْسَكَ الَّتِي بَيْنَ جَنْبَيْكَ

“Sənin ən böyük düşmənin sinənin ortasındakı nəfsindir.”[12]

Ola bilər ki, sənin öz canın, nəfsin, nəfsinin istəkləri, övladın, həyat yoldaşın və sevimli dostun sənin tağutun olsun. Böyük qüdrətlər də tağut ola bilər. Bəli, tağutun geniş mənası var. Lakin Qurani-Kərimin hər yerində tağutun Allahın müqabilində dayanan mühüm vəzifə və qüdrət sahibləri hesab edilməsindən anlayırıq ki, tağut cahilanə rejimin ən böyük məqamına deyilir. Bir yerdə belə buyurulur:

الَّذِينَ آمَنُواْ يُقَاتِلُونَ فِي سَبِيلِ اللّهِ وَالَّذِينَ كَفَرُواْ يُقَاتِلُونَ فِي سَبِيلِ الطَّاغُوتِ

İman gətirənlər Allah yolunda, kafir olanlar isə tağut yolunda vuruşurlar.[13]

اللّهُ وَلِيُّ الَّذِينَ آمَنُواْ يُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَى النُّوُرِ وَالَّذِينَ كَفَرُواْ أَوْلِيَآؤُهُمُ الطَّاغُوتُ يُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَى الظُّلُمَاتِ

Allah (Ona) iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə tağutdur, onları (kafirləri) nurdan ayırıb zülmətə salar.[14]

Quranın əvvəlindən sonuna qədər, təqribən, səkkiz ayədə “tağut” ifadəsi işlədilir ki, həmin ayələrə nəzər yetirdikdə, “tağut” ifadəsindəki məqsədin “zalım rəhbərlər” olduğu anlaşılır.

Bəli, bu dörd zümrə yalnız Həzrət Musanın, Həzrət İbrahimin və Həzrət Peyğmbəri-Əkrəmin (s) zamanında deyil, tarixin bütün zamanlarında peyğəmbərlərə qarşı müxalif mövqedən çıxış edib. Haçan haqq söz deyilirdisə, ilahi peyğəmbərlərə və səmavi kitablara itaət səsi ucalırdısa, bu dörd zümrə, ya birlikdə, ya da biri digərindən sonra sıraya düzülürdü. Bu, Quran ayələrinin bizə öyrətdiyi bir mətləbdir. İndi isə, icazənizlə ayələri tilavət edək.

Birinci ayənin ilk hissəsində belə buyurulur:

وَكَذَلِكَ جَعَلْنَا لِكُلِّ نِبِيٍّ عَدُوًّا شَيَاطِينَ الإِنسِ وَالْجِنِّ

Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər qərar verdik.[15]

وَكَذَلِكَ – “Beləcə” sözündə məqsəd nədir? Yəni, sənin kimi! Ey Peyğəmbər, sənin başına gələnlər keçmiş peyğəmbərlərin də başlarına gəlmişdir.

“Şeytan”ın mənasını izah etmişdik və bu ayə bizim izahımızı bir daha təsdiqləyir. İnsanın varlığının xaricindəki şər yaradan qüvvəyə “şeytan” deyilir. Bəşərin atası Həzrət Adəmə səcdə etməyən İblis onun bir növüdür və o, şeytanların ən pisidir. Digər şeytanların şər işləri onun ayağına da yazılır. Dünyada mövcud olan hər bir şeytan, istər insan, istərsə də cin şeytanlarından olsun, fəsad və çirkin bir işə əl atdıqda, insanların dediyi lənətlər ona qayıdır və onu bütün şər işlərin səbəbkarı bilirlər. Halbuki, bu şeytanlardan bəziləri o şeytanların müəllimi hesab edilirlər.

يُوحِي بَعْضُهُمْ إِلَى بَعْضٍ

Onlar (biri digərini) aldatmaq məqsədilə bir-birinə ilham (və təlqin) edirlər.

Peyğəmbərin düşmənləri olan bu şeytanlar bir-birinə təlqin edir və öyrədirlər. Bəzən, yəhudi alimləri və xaçpərəst rahibləri “mələ`” (elit) təbəqəsinə dərs keçir, bəzən də bu zümrə o biri zümrəyə dərs keçirdi. Bəzən də mütrüflər hər iki təbəqəyə dərs keçirdi və adətən, hər üç təbəqə tağutdan ilhamlanırdı. يُوحِي بَعْضُهُمْ إِلَى بَعْضٍ Onlar (biri digərini) aldatmaq məqsədilə bir-birinə təlqin edirlər.

زُخْرُفَ الْقَوْلِ غُرُورًا

“Təmtəraqlı (zahirən gözəl, daxilən çirkin) sözlər təlqin edirlər.

Mən nübuvvətlə bağlı gələcək söhbətlərimizdə zahiri xoş olan sözlərə bir fəsil ayıracağam. Zahiri xoş olan sözlər aldadıcıdır. Firon deyirdi:

وَقَالَ فِرْعَوْنُ ذَرُونِي أَقْتُلْ مُوسَى

“Buraxın məni Musanı öldürüm.”[16] Axı niyə öldürmək istəyirsən?

إِنِّي أَخَافُ أَن يُبَدِّلَ دِينَكُمْ

Cavab verir ki: Mən onun sizin dininizi dəyişdirəcəyindən qorxuram.”

Bu, Fironun sözü idi. Firon qorxur ki, Həzrət Musa (ə) camaatın dinini korlasın. Sözügedən ayədə belə zahiri xoş sözlər زُخْرُفَ الْقَوْلِ “ zuxrufəl-qəvl”, nadanlıqdan insanları və bir-birini məğrur etmək isə غُرُورًا “ ğurur” adlanır.

وَلَوْ شَاء رَبُّكَ مَا فَعَلُوهُ

Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər”, imkan tapa bilməzdilər. Əgər Allah istəsəydi, bu müxalif qrupların hamısını bir anda külə çevirib göyə sovurardı, lakin bu, ilahi qanuna uyğun deyil. İlahi qaununauyğunluğa əsasən, onlar düşmənçilik etməlidirlər ki, mömin qeyri-mömindən seçilsin və tanınsın. İnsan kələ-kötür yollarda möhməklənməlidir ki, yeriyə və qaça bilsin. Asfalt yolda bir neçə addımlıq yolu hamı ötüb-keçə bilər.وَلَوْ شَاء رَبُّكَ مَا فَعَلُوهُ  – Əgər Rəbbin istəsəydi, onlar bu düşmənçiliyi edə bilməzdilər. Lakin Allah-Taala Özü təyin etdiyi qanuna zidd iradə etməz.

فَذَرْهُمْ وَمَا يَفْتَرُونَ

Onları uydurduqları yalanlarla birlikdə boşla getsinlər!

“Boşla getsinlər” nə deməkdir? Yəni, onların yalanlarına görə qəmgin olma, üzülmə, süst olma, öz yoluna davam et.

وَلِتَصْغَى إِلَيْهِ أَفْئِدَةُ الَّذِينَ لاَ يُؤْمِنُونَ بِالآخِرَةِ

“Nəticədə, axirətə inanmayanların qəlbləri onlara meyil etsin.[17]

Onların aldadıcı və zahiri gözəl sözlərinin nəticəsi budur ki, qəlbləri axirətə inanmır, haqq söz, həqiqi tövhid sədası və peyğəmbərlərin dəvətinin əleyhinə olan yalan və zahiri xoş təbliğatlara uyurlar. Bu yalan və aldadıcı təbliğatlar onların qəlblərini ovlamış, özünə cəlb etmişdir. Kimlərin qəlblərini? Axirətə inanmayanların qəlblərini. Elə buna görə də onlar axirətə inanmır və dərhal yalan təbliğatların əsarətinə düşüb aldanırlar.

وَلِيَرْضَوْهُ وَلِيَقْتَرِفُواْ مَا هُم مُّقْتَرِفُونَ

“Onlar ondan (həmin sözlərdən) xoşlansın və gördükləri çirkin işləri bir daha görsünlər.

Baxın, bu ayədə icmali şəkildə işarə olunur ki, bütün peyğəmbərlərin aşkar və gizli, cin və insanlardan olan düşmənləri vardır və onlar bir-birinə ilham edir, dərs keçir və öyrədirlər.

Vaxt az olduğundan vərəqdə qeyd etdiyim ayələri oxuyub diqqətinizə çatdırıram:

وَلَقَدْ أَرْسَلْنَا مُوسَى بِآيَاتِنَا وَسُلْطَانٍ مُّبِينٍ

Həqiqətən, Biz Musanı ayələrimizlə, açıq-aşkar dəlil və qüdrətlə göndərdik.[18]

Açıq-aşkar dəlil və yaxud qüdrət nə idi? Həzrət Musanın (ə) güclü məntiqi, haqq sözü, əlindəki əsası, nurlu əli! Bu qədər nişanə və dəlildən sonra adi və qeyri-adi insanlardan hər kəs onun sözlərini qəbul etməli idi. Odur ki, Musanı (ə) göndərdik. Kimlərə göndərdik? Kimlərlə döyüşmək üçün göndərdik? Cəmiyyətdə Həzrət Musanın (ə) qarşı tərəfində duranlar kimlər idi? O, kimlərlə mübarizə aparmalı idi? Kimlərə tərəf göndərilirdi? Ayədə açıq-aşkar buyurulur:

إِلَى فِرْعَوْنَ

“Firona tərəf.”

Ondan sonra kimə tərəf?

وَهَامَانَ

Fironun vəziri, onun məmləkətinin rəislərindən, əyan-əşrafından və elit təbəqəsindən olan “Hamana tərəf.”

Ondan sonra kimə tərəf?

وَقَارُونَ

“Qaruna tərəf.”

Qarun kimdir? Qarun rəis və hakim deyildi, pullu və var-dövlətli bir şəxs idi. Əslində, Qarun Firon və Hamandan sonrakı təbəqənin üzvü idi. Bununla belə, Allah-Taala buyurur ki, Həzrət Musanı (ə) ona tərəf və onunla da mübarizəyə göndərdik. Yəni, Həzrət Musa (ə) üçün Harun, Haman və Qarun eyni adamlardır, Firon və Hamanla döyüşdüyü kimi, onunla da döyüşürdü.

Qarunun günahı xaqın malını mənimsəmək, sərvətinin miqdarını artırmaq idi. Fərz edin, bir süfrədə əlli nəfərlik yemək qoyulubsa, əlli nəfər insan əyləşib süfrədəki yeməklərdən yeyərək doyur və hətta yeməkdən artıq da qalır. Qarun isə diz çökərək qırx doqquz nəfərin yeməyini qarşısına qoyurdu. Aydındır ki, qırx doqquz insanın yeməyini bir nəfər yeyə bilməz, ancaq başqalarına da ondan yeməyə icazə vermirdi. Qırx doqquz nəfər bir nəfərin yeməyini yediyi halda, bu bir nəfər qırx doqquz nəfərin yeməyini mənimsəyir və heç kimə vermirdi. Qarun belə bir şəxs idi. O, ümumi sərvətləri mənimsədiyindən, Həzrət Musa (ə) onunla vuruşmağı qərara aldı.

Maraqlıdır ki, hökumət başçısı olan Firon bir təbəqə, onun yanında işləyən Haman başqa bir təbəqədən hesab edilirdi. Qarunun isə onlarla heç bir əlaqəsi yox idi, sərvət sahibi idi və tamamilə başqa bir təbəqədən sayılırdı. Üç fərqli təbəqənin məntiqi isə bir idi: Hər üçü Həzrət Musanın (ə) müqabilində mövqe tutur və eyni sözü təkrarlayırdı. Nə deyirdilər?:

فَقَالُوا سَاحِرٌ كَذَّابٌ

“Bu sehrbazdır, yalançıdır!”

فَلَمَّا جَاءهُم بِالْحَقِّ مِنْ عِندِنَا

Həzrət Musa (ə) Allah tərəfindən onlara haqq ilə gəldikdə, onlar nə dedilər? Sakit qaldılarmı? Həzrət Musa (ə) onların varlıq fidanlarını kökündən qırmaq və çürük həyat ağaclarını kəsmək istədikdə, susub qaldılarmı? Əsla! Həzrət Musanın (ə) təklif etdiyi sistem onların həyatına zərbə olduğundan, onlar da Həzrət Musa (ə) ilə mübarizə aparıb belə deyirdilər:

قَالُوا اقْتُلُوا أَبْنَاء الَّذِينَ آمَنُوا مَعَهُ

“Onunla birlikdə iman gətirənlərin (yəhudilərin) oğlanlarını öldürün.”

Bu peyğəmbərin yeni və ilahi düşüncəsi ilə mübarizə meydanına yenicə qədəm qoymuş şəxslərin oğullarını öldürün ki, sabah bir daha bizi təhdid edə bilməsinlər. Öldürün ki, onların varlığı qığılcım verməsin! Öldürün onların gənclərini!

وَاسْتَحْيُوا نِسَاءهُمْ

“Qadınlarını isə diri saxlayın!”

Qadınları nə üçün diri saxlamaq lazımdır? Səbəbsiz deyildi. Çünki nəsillər bir-birinə qarışacaq, cəmiyyətdə fəsad, pozğunluq, əxlaqsızlıq və cinsi azğınlıqlar artacaqdı.

Ayənin davamında isə belə buyurulur:

وَمَا كَيْدُ الْكَافِرِينَ إِلَّا فِي ضَلَالٍ

“Kafirlərin hiyləsi ancaq boşa çıxar.”

Kafilər nə qədər planlar cızsalar və hiylələr işlətsələr də hamısı puç oldu, nəticə vermədi; eynilə küləyin düşmənə və hədəfə atılan oxu yayındırdığı kimi, “ilahi qanunauyğunluq” adlı külək də onların oxlarını hədəfdən uzaqlaşdırdı. Qoy, onlar Həzrət Musanın (ə) əleyhinə nə qədər planlar cızırlarsa cızsınlar, hiylələr işlədirlərsə işlətsinlər, hamısı boşa çıxacaq!

Mülahizə etdiyiniz kimi, bu ayədə üç təbəqədən söz açılır: Firon təbəqəsi, Haman təbəqəsi və Qarun təbəqəsi.

Başqa bir ayədə isə yenə mütrüflərdən, xüsusən, Qarun təbəqəsindən söz açılır və buyurulur:

وَمَا أَرْسَلْنَا فِي قَرْيَةٍ مِّن نَّذِيرٍ إِلَّا قَالَ مُتْرَفُوهَا إِنَّا بِمَا أُرْسِلْتُم بِهِ كَافِرُونَ

Biz hər hansı bir məmləkətə elə bir qorxudan (peyğəmbər) göndərmədik ki, oranın mütrüfləri, əyan-əşrafı və sərvətliləri deməsinlər: Həqiqətən, Biz sizə göndərilənləri inkar edirik (və qəbul etmirik).””[19]

Görəsən, nə üçün qəbul etmirdilər? Səbəb nə idi?

وَقَالُوا نَحْنُ أَكْثَرُ أَمْوَالًا وَأَوْلَادًا

“Onlar (Peyğəmbərə) dedilər: “Bizim var-dövlətimiz və övladımız (sizinkindən) daha çoxdur.”

وَمَا نَحْنُ بِمُعَذَّبِينَ

“Bizə əzab da verilməyəcəkdir.”

“Tövbə” surəsindən olan son ayə yəhudi alimləri və xaçpərəst rahiblərinə aiddir:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِنَّ كَثِيرًا مِّنَ الأَحْبَارِ وَالرُّهْبَانِ لَيَأْكُلُونَ أَمْوَالَ النَّاسِ بِالْبَاطِلِ وَيَصُدُّونَ عَن سَبِيلِ اللّهِ

Ey iman gətirənlər! Yəhudi alimlərindən və xaçpərəst rahiblərindən çoxu insanların mallarını haqsızlıqla yeyir və (onları) Allah yolundan döndərirlər.[20]

Ayənin davamı yenə mütrüflər, sərvət yığanlar və rifah içində yaşayanlar təbəqəsindən söz açılır:

وَالَّذِينَ يَكْنِزُونَ الذَّهَبَ وَالْفِضَّةَ وَلاَ يُنفِقُونَهَا فِي سَبِيلِ اللّهِ فَبَشِّرْهُم بِعَذَابٍ أَلِيمٍ

Qızıl-gümüş yığan və onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ!

Bir sözlə, qeyd etdiyimiz bir neçə ayə və digər ayələrdə bu dörd təbəqə və onların düşmənçilikləri ilə tanış olduq.

 

Xülasə

MÜXALİF QRUPLAR

Bazar ertəsi – Ramazan ayının 20-ci günü

Öyrəndik ki, “besət” sosial dönüş – cəmiyyətdə əsaslı və köklü dəyişiklikdən ibarətdir. Bu isə məzlum və məhrum təbəqənin xeyrinə, elit təbəqənin və yersiz hörmətə layiq görülənlərin zərərinədir.

Aydındır ki, sosial təbəqələşmə ilə müxalifət səsi tarixdə və dünyanın heç bir nöqtəsində cavabsız qalmamış, (adətən, məhrum təbəqələrdən) hamilər və tərəfdarlar qazandığı kimi, hücuma məruz qalmış təbəqələrdən düşmənlər və müxaliflər də yaradır. Bu isə iki cəbhə arasında qarşıdurmaya səbəb olur və elə bu nöqtədən nübuvvətlə bağlı onlarla mühüm məsələlər ortaya çıxır. (Onlardan bəzilərinə işarə edəcəyik.)

İndi isə bu qruplarla geniş tanışlıq əldə etmək üçün Qurani-Kərimə müraciət edirik. Qurani-Kərimin bir yerində ümumi intonasiya ilə peyğəmbərlərin dəvəti ilə müxalifətə qalxanlardan söz açılırsa, başqa bir yerində üç təbəqə (Firon, Haman və Qarun – başçı, məmur və əşraf-əyan təbəqələrin simvolu olaraq) yanaşı qeyd edilir. Digər bir yerində isə növbəti təbəqədən – dini şəxsiyyətlər və alimlərdən söz açılır və ümumilikdə, peyğəmbərlərlə müxalifət və mübarizəyə qalxan dörd təbəqə diqqəti özünə cəlb edir.

Aşağıdakı ayələrdə qeyd edilən “tağut, “mələ`”, “mütrüf”, “alim və rahib”ləri buna misal göstərmək olar:

وَكَذَلِكَ جَعَلْنَا لِكُلِّ نِبِيٍّ عَدُوًّا شَيَاطِينَ الإِنسِ وَالْجِنِّBeləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər qərar verdik.

 يُوحِي بَعْضُهُمْ إِلَى بَعْضٍ زُخْرُفَ الْقَوْلِ غُرُورًاOnlar (biri digərini) aldatmaq məqsədilə bir-birinə təmtəraqlı (zahirən gözəl, daxilən çirkin) sözlər ilham (və təlqin) edirlər.

وَلَوْ شَاء رَبُّكَ مَا فَعَلُوهُ  – Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər.

فَذَرْهُمْ وَمَا يَفْتَرُونَ.  – Onları uydurduqları yalanlarla birlikdə boşla getsinlər (onlara etina etmə və onların hiylələrindən qorxma)!

وَلِتَصْغَى إِلَيْهِ أَفْئِدَةُ الَّذِينَ لاَ يُؤْمِنُونَ بِالآخِرَةِ  – Nəticədə , axirətə inanmayanların qəlbləri onlara  (onların sözlərinə) meyil etsin.

وَلِيَرْضَوْهُ وَلِيَقْتَرِفُواْ مَا هُم مُّقْتَرِفُونَOnlar ondan (həmin sözlərdən) xoşlansın və gördükləri çirkin işləri bir daha görsünlər (onların aqibətinə düçar olsunlar.)

“Ənam” surəsi, ayə 112-113.

وَلَقَدْ أَرْسَلْنَا مُوسَى بِآيَاتِنَا وَسُلْطَانٍ مُّبِينٍHəqiqətən, Biz Musanı ayələrimizlə, açıq-aşkar dəlil və qüdrətlə göndərdik.

إِلَى فِرْعَوْنَ وَهَامَانَ وَقَارُونَ Firona, Hamana və Qaruna tərəf.

فَقَالُوا سَاحِرٌ كَذَّابٌOnlar isə dedilər: Bu sehrbazdır, yalançıdır!

فَلَمَّا جَاءهُم بِالْحَقِّ مِنْ عِندِنَا قَالُواOnlara Allah tərəfindən haqq ilə gəldikdə dedilər:

اقْتُلُوا أَبْنَاء الَّذِينَ آمَنُوا مَعَهُOnunla birlikdə iman gətirənlərin (yəhudilərin) oğlanlarını öldürün.

وَاسْتَحْيُوا نِسَاءهُمْQadınlarını isə diri saxlayın!

وَمَا كَيْدُ الْكَافِرِينَ إِلَّا فِي ضَلَالٍKafirlərin hiyləsi (və planı) ancaq boşa çıxar (və təsirsiz olar).

“Mumin” surəsi, ayə 23-25.

وَمَا أَرْسَلْنَا فِي قَرْيَةٍ مِّن نَّذِيرٍ إِلَّا قَالَ مُتْرَفُوهَا إِنَّا بِمَا أُرْسِلْتُم بِهِ كَافِرُونَBiz hər hansı bir məmləkətə elə bir qorxudan (peyğəmbər) göndərmədik ki, oranın mütrüfləri (əyan-əşrafı və sərvətliləri) deməsinlər: Həqiqətən, Biz sizə göndərilənləri inkar edirik (və qəbul etmirik).

وَقَالُوا نَحْنُ أَكْثَرُ أَمْوَالًا وَأَوْلَادًاOnlar (peyğəmbərə) dedilər: “Bizim var-dövlətimiz və övladımız (sizinkindən) daha çoxdur.

وَمَا نَحْنُ بِمُعَذَّبِينَBizə əzab da verilməyəcəkdir.

“Səbə” surəsi, ayə 34-35.

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِنَّ كَثِيرًا مِّنَ الأَحْبَارِ وَالرُّهْبَانِ لَيَأْكُلُونَ أَمْوَالَ النَّاسِ بِالْبَاطِلِEy iman gətirənlər! Yəhudi alimlərindən və xaçpərəst rahiblərindən çoxu insanların mallarını haqsızlıqla yeyir

 وَيَصُدُّونَ عَن سَبِيلِ اللّهِvə (onları) Allah yolundan döndərirlər.

وَالَّذِينَ يَكْنِزُونَ الذَّهَبَ وَالْفِضَّةَ وَلاَ يُنفِقُونَهَا فِي سَبِيلِ اللّهِ فَبَشِّرْهُم بِعَذَابٍ أَلِيمٍQızıl-gümüş yığan və onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ!

“Tövbə” surəsi, ayə 34.

 

 

 



[1]. “Biharul-ənvar”, Əmirəlmöminin Əlidən (ə) nəql olunan hədislər / o Həzrətin Malik Əştərə məktubu.

[2]. “İmam Əli (ə) – insan ədalətinin səsi”.

[3]. Con Rokfeller ABŞ-ın ən böyük kapitalist və milyarderlərindən biridir. Onun öz adına təsis etdiyi müəssisə sonralar sionist cərəyanlarının təsiri ilə dünyada baş verən siyasi hadisələrdə təsirli bir rol oynadı. Məsələn, Məhəmməd Rza şahın bu müəssisə ilə yaxın əlaqəsinə işarə edə bilərik.

[4]. Əbu İshaq Kəb ibn Mate Himyəri – yəmənli yəhudi alimlərindəndir və İslam Peyğəmbərindən (s) sonra ikinci xəlifənin xilafətinin əvvəllərində İslam dinini qəbul etdi və Mədinədə məskunlaşdı. Qurani-Kərimi səhabələrdən öyrəndi. Yəhudi alimlərinin kitabları ilə tanış olduğu üçün “Kəbül-Əhbar” ləqəbi ilə məşhurlaşdı. O, Tövrata istinadən bir çox hədislər qondardı ki, onun saxta hədisləri “İsrailiyyat” adlanır.

[5]. Abdullah ibn Salam ibn Haris İsraili – Bəni-Qinqa yəhudilərinin başçıları və alimlərindən idi. Deyilənlərə görə, hicrətin birinci ilində İslamı qəbul etdi. O, Kəbül-Əhbarla birlikdə ikinci xəlifənin xilafəti dövründə onun müşaviri və yaxınlarından idi və bu, İslam cəmiyyətində bir çox azğınlıqların yaranması ilə nəticələndi. O, Müaviyənin dövründə onun yaxınlarından oldu və Əmirəlmöminin Əliyə (ə) beyətdən boyun qaçırdı.

[6]. “Tuhəful-uqul”, səh.274.

[7]. Mirzə Məhəmmədhüseyn Naini (1858-1936) Nain şəhərində dünyaya göz açmışdır. O, İsfahan alimlərindən bəhrələndikdən sonra Nəcəfi-Əşrəfə yola düşür və Mirzə Şirazinin dərslərində iştirak edir. İranda baş vermiş “Məşrutə” inqilabının tərəfdarı olduğunu elan edir və “Tənbihul-ummət və tənzihul-millət” kitabını qələmə alır. O, bu kitabda məsum imamın qeybə çəkildiyi dönəmdə fəqih alimin mütləq vilayəti (hakimiyyəti) məsələsini isbat edir. Mərhum Naini İranın “Məşrutə” inqilabındakı böyük rolu ilə bərabər, ingilislərin İraq üzərindəki müstəmləkəçiliyi qarşısında da nüfuz sahibi olmuşdur.

[8]. “Ənbiya” surəsi, ayə 23.

[9]. “Əraf” surəsi, ayə 66.

[10]. “Mumin” surəsi, ayə 36.

[11]. “Tövbə” surəsi, ayə 34.

[12]. “Biharul-ənvar”, “İman və küfr” başlığı, “Məkarimul-əxlaq” bölməsi, “Məratibun-nəfs” bölməsi, hədis 1.

[13]. “Nisa” surəsi, ayə 76.

[14]. “Bəqərə” surəsi, ayə 257.

[15]. “Ənam” surəsi, ayə 112.

[16]. “Mumin” surəsi, ayə 26.

[17]. “Ənam” surəsi, ayə 113.

[18]. “Mumin” surəsi, ayə 23-25.

[19]. “Səbə” surəsi, ayə 34-35.

[20]. “Tövbə” surəsi, ayə 34.