'Quranda islami təfəkkür tezisi' kitabı - 23-cü məclis

Maide.Az saytı ilk dəfə olaraq Ramazan ayının əvvəlindən  Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin "Quranda islami təfəkkür tezisi" kitabını səsli və mətn formatda oxuculara təqdim edir: 
 

DÖRDÜNCÜ BÖLÜM: VİLAYƏT

 

İYİRMİ ÜÇÜNCÜ MƏCLİS

 

 

VİLAYƏT

 

 

Cümə günü – 1974-10-11

Ramazan ayının 24-ü.

 

 

بسم الله الرحمن الرحيم

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّخِذُوا عَدُوِّي وَعَدُوَّكُمْ أَوْلِيَاء تُلْقُونَ إِلَيْهِم بِالْمَوَدَّةِ وَقَدْ كَفَرُوا بِمَا جَاءكُم مِّنَ الْحَقِّ يُخْرِجُونَ الرَّسُولَ وَإِيَّاكُمْ أَن تُؤْمِنُوا بِاللَّهِ رَبِّكُمْ إِن كُنتُمْ خَرَجْتُمْ جِهَادًا فِي سَبِيلِي وَابْتِغَاء مَرْضَاتِي تُسِرُّونَ إِلَيْهِم بِالْمَوَدَّةِ وَأَنَا أَعْلَمُ بِمَا أَخْفَيْتُمْ وَمَا أَعْلَنتُمْ وَمَن يَفْعَلْهُ مِنكُمْ فَقَدْ ضَلَّ سَوَاء السَّبِيلِ

“Ey iman gətirənlər! Mənim düşmənimi və öz düşməninizi özünüzə vəli (qəyyum) tutmayın! Onlar (kafirlər) (Allah tərəfindən) sizə gələn haqqı inkar etdikləri halda, siz onlara dostluq mesajı ötürməyin. Siz Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi (Məkkədən) çıxardırdılar. Əgər siz Mənim yolumda və Mənim razılığımı qazanmaq uğrunda cihada çıxmısınızsa (onları özünüzə dost və köməkçi tutmayın). Siz onlarla gizlində dostluq edirsiniz. Mən sizin gizli saxladığınız və aşkar etdiyiniz hər şeyi bilirəm. Sizdən kim bunu etsə, o, şübhəsiz ki, haqq yoldan azmışdır!

“Mümtəhinə” surəsi, ayə 1.

 

 

Biz bu gün “vilayət” haqqında söz açacağıq. “Vilayət” məsələsinə biz qeyd etdiyimiz və Qurani-Kərimdən əldə etdiyimiz kimi, demək olar ki, çox az toxunulub. Əlbəttə, “vilayət” adı və sözü şiənin qulağına tanışdır. Bizim dualarımızda, Allahla raz-niyazlarımızda, rəvayətlərimizdə, ümumxalqın düşüncəsində “vilayət” adı həqiqi mənada müqəddəs və ehtirama layiqdir, arzu və istəklərin təminində ondan vasitə olaraq istifadə olunur. Biz şiə olaraq özümüzü həmişə vilayət sahibi bilmişik. Şiə olan hər kəs həmişə Allahdan onu vilayətlə yaşadıb vilayətlə öldürməsini və vilayəti anlamasını istəyir. Demək, şiə “vilayət” sözü ilə tanışdır. Mən öncə “vilayət” sözü və onun anlamı, sonra da Əli ibn Əbitalibin (ə) vilayəti haqqında fundamental şəkildə danışmaq istəyirəm. İlkin mərhələdə Qurani-Kərim ayələrinə müraciət və istinad etməliyik. Qurani-Kərim ayələrinə əsasən, vilayətin necə modern, mütərəqqi və maraqlı bir prinsip olduğunu, vilayətdən uzaq bir əqidə və düşüncəyə sahib olan hansısa bir millət və cəmiyyətin çaşğınlıqda olduğunu görəcək və dərk edəcəyik.

Bu bəhsin sayəsində “Nə üçün vilayətə sahib olmayanın namazı namaz, orucu oruc və ibadəti ibadət deyil?” – sualının cavabı aydınlaşacaq və başa düşüləcək ki, nə üçün vilayəti olmayan ümmət və cəmiyyət ömrü boyu namaz qılıb oruc tutsa da, bütün malını sədəqə versə də yenə Allahın lütf və məğfirətinə şamil olmayacaq. Bir sözlə, bu bəhsdə vilayət hədislərinin mənası anlaşılacaq. Həmin hədislərdən biri də budur və mən həmin hədisin bir qismini diqqətinizə çatdırıram:

لَوْ أَنَّ رَجُلًا قَامَ لَيْلَهُ وَصَامَ نَهَارَهُ وَتَصَدَّقَ بِجَمِيعِ مَالِهِ وَحَجَّ جَمِيعَ دَهْرِهِ وَلَمْ يَعْرِفْ وَلَايَةَ وَلِيِّ اللَّهِ فَيُوَالِيَهُ وَيَكُونَ جَمِيعُ أَعْمَالِهِ بِدَلَالَتِهِ إِلَيْهِ مَا كَانَ لَهُ عَلَى اللَّهِ حَقٌّ فِي ثَوَابِهِ

“Əgər insan gecələri (sübhə qədər) ibadətlə məşğul olarsa, (yalnız Ramazan ayı deyil,) bütün günləri oruc tutarsa, bütün malını (Allah yolunda) sədəqə verərsə, ömrü boyu həccə gedərsə, lakin Allahın vəlisinin (yer üzündəki höccətinin) vilayətini tanımazsa, ona itaət etməzsə, bütün əməllərini onun göstərişi ilə yerinə yetirməzsə, onların savabı ilə bağlı Allahın üzərində heç bir haqq yoxdur (onlara savab verilməz, həmin işlərin faydası və səmərəsi olmaz).”[1]

Vilayət məsələsi nübuvvət məsələsindən sonra gəlir və nübuvvət bəhsindən fərqli bir bəhs deyil. Vilayət məsələsi, həqiqətdə, nübuvvət bəhsinin tamamlayıcısıdır. Burada görəcəyik ki, əgər vilayət olmasa, nübuvvət də naqis qalacaq. Odur ki, nübuvvətlə bağlı ötən bəhslərin küliyyatına azacıq işarə etmək məcburiyyətindəyik. Bunu da qeyd etməliyik ki, bu məsələnin bəyanı olduqca çətin və ağırdır. Çünki vilayət bəhsi ilə bağlı insanların zehnləri elə zəif, süst və qeyri-məntiqi sözlərlə doldurulub ki, düz söz dedikdə, Quran və hədisə istinad etdikdə belə, iki iraddan biri ilə üzləşirsən: Ya zehnindəki mətləblə bağlı yanıldığını düşünürsən, ya da “vilayət” adı ilə qeyd olunan sözlərə qarşı özündə ögeylik hiss edirsən. Bu cəhətdən sözügedən bəhs çox çətindir. Amma Allah-Taalanın fəzlindən bu bəhsi iki-üç məclisdə yekunlaşdırmaq istəyirəm, inşallah! Siz də diqqətinizi artırın və bəhsin eyniliyindən bezməyin ki, mən də bəhsi kamil şəkildə sona yetirə bilim.

İlahi peyğəmbərlərin gəlişində məqsəd nədir? Qeyd etdiyimiz kimi, peyğəmbərlər insanı təkamülə yetirmək, ilahi əxlaqı aşılamaq və əxlaqi gözəllikləri tamamlamaq üçün gəlmişlər. Qeyd etdiklərimiz (Peyğəmbəri-Əkrəmin (s) buyurduğu) bu hədisin məzmununu təşkil edir:

إِنَّمَا بُعِثْتُ لِأُتَمِّمَ مَكَارِمَ الْأَخْلَاقِ

“Həqiqətən, mən əxlaqi gözəllikləri tamamlamaq üçün göndərilmişəm.”[2]

Peyğəmbər (s) insan adlı varlığa gözəllik bəxş etmək, onu tərbiyə və islah etmək üçün gəlmişdir.

Peyğəmbər (s) insanın islahında hansı yol və vasitələrdən istifadə edirdi? Hansı insanları islah edirdi? Məktəb təsis etdimi? Fəlsəfi bir məktəb açdımı? Qeyd etdik ki, xeyr! Peyğəmbər (s) insanı islah etmək üçün insan yetişdirən fabrik təsis etdi. O, on il, iyirmi il gec uğur və müvəffəqiyyət qazanmağa üstünlük versə də onun yetişdirdiyi insanın sayı 10-15 nəfər deyil, kütləvi oldu. Onun təsis etdiyi insan yetişdirən fabrik peyğəmbər bəyənən tərzdə öz-özünə kamil insan təhvil verdi. Demək, peyğəmbər insanları islah etmək və insan mayasına davamlılıq bağışlamaq üçün insan yetişdirən fabrikdən istifadə etmişdir.

İnsan yetişdirən fabrik nə deməkdir? İnsan yetişdirən fabrik dedikdə, İslam cəmiyyəti və sistemini nəzərdə tuturuq. Bu da bizim sözümüzün ən əsas məqamını təşkil edir. Hamı Peyğəmbərin (s) insan yetişdirdiyi və təlim-tərbiyə vermək üçün gəldiyini deyir və hamı da bunu başa düşür. Lakin başa düşüləsi və diqqət yetiriləsi məsələ odur ki, Peyğəmbər (s) insanları bir-bir xəlvətə çəkərək islah etmir, onun qulağına ilahi sevgini zümzümə etmir. Peyğəmbər (s) elmi-fəlsəfi məktəb təsis etmir ki, bir dəstə şagird yetişdirib insanlara təbliğat aparmaq və onları hidayət etmək üçün başqa məntəqələrə ezam etsin. Peyğəmbərin işi və missiyası daha da möhkəm, daha da köklü, daha da əsaslıdır. O, nə edir? O, bir fabrik təsis edir və orada yalnız insan yetişdirilir. Həmin fabrik “İslam cəmiyyəti” adlanır.

İslam cəmiyyəti nədir? Onun mahiyyəti və strukturu necədir? Bunlar başqa məsələlərdir. Amma bunun da bir qədər aydınlaşması üçün müəyyən mətləblərə toxunmalıyam. Onu da qeyd edim ki, bəhsimizin gedişatında qeyri-mütənasib mətləb yoxdur. Allahın hakim olduğu, Onun qanunları və hökmlərinin icra olunduğu, vəzifədən azad etmə və vəzifəyə təyin etmələrin Allah tərəfindən baş verdiyi cəmiyyətə “İslam cəmiyyət”i deyilir. Sosial konusun (bəzi sosioloqların qeyd etdiyi kimi, onu konus olaraq fərz etdikdə,) başında Allah, Ondan aşağıda isə insanlıq və bütün insanlar dayanır. Təşkilatı Allahın dini formalaşdırır, sülh və müharibə meyarlarını ilahi qanunlar tənzimləyir, ictimai və iqtisadi əlaqələri, hökumət və hüquq parametrlərini bütünlüklə ilahi din təyin və bütün qanunları Allahın dini icra edir. İslam cəmiyyəti budur!

Buna misal çəkə bilərikmi? Bəli! Mədinə bunun bir nümunəsidir. Peyğəmbəri-Əkrəm (s) Mədinəyə hicrət etdikdən sonra İslam cəmiyyəti təşkil etdi. O Həzrət və müsəlmanlar Məkkədə ikən ayrı-ayrı şəhərlərə köç edib Allaha ibadətlə məşğul ola bilərdilər, lakin bu kifayət etmirdi. Mədinəyə gəlib cəmiyyət qurdular və onun başında ilahi hökumət dayandı. Allah tərəfindən hökmranlıq edən kim idi? Peyğəmbər! Qanunları kim tənzimləyir və çıxarırdı? Peyğəmbər! Qanunları kim icra edirdi? İnsanları həmin qanunlara riayət etməyə kim dəvət edirdi? Peyğəmbər!

Hər bir şeyin Allah tərəfindən olduğu bu cəmiyyətdə camaat namazı və camaat namazından sonra söylənilən xütbə ilə döyüş marşı eyni idi. Peyğəmbərin (s) məsciddə camaat namazı qıldığı, minbərə çıxıb xütbə söylədiyi, tədris etdiyi, təlim-tərbiyə ilə məşğul olduğu yerdə cihad bayrağını qaldırıb Zeyd ibn Üsaməyə[3] verərək deyirdi: انْطَلِقُوا عَلَى اسْمِ اللَّهِ – “Allahın adı ilə hərəkət edin. Düşmənlə filan məntəqədə rastlaşmalı və filan-filan işləri yerinə yetirməlisiniz.” Peyğəmbər (s) cəza tədbirlərini elə həmin məsciddə icra edir, elə həmin məsciddə məhkəmə qurur, hökm oxuyur, işləri idarə edir və iqtisadi problemləri aradan qaldırırdı. Elə həmin məsciddə zəkat yığıb paylayır, həm tədris edir, həm namaz qılıb raz-niyaz edir, həm də döyüş əmri verirdi. Bir sözlə, dünya və axirətlə bağlı hər bir məsələ Peyğəmbərin (s) rəhbərliyi ilə Allah evində öz həllini tapırdı. İslam cəmiyyəti budur!

Peyğəmbərlər belə cəmiyyətin təşkili üçün gəlmişlər. Bu cəmiyyətə qədəm qoyan hər bir şəxs insan olur (insanlıq məqamına yüksəlir), hamı kamil insan olmasa da insanların rəftarlarına uyğun hərəkət etmək məcbiriyyətində qalır. Yaxşı insan olmaq istəyən şəxs peyğəmbərin təşkil etdiyi cəmiyyətdə yaxşı ola bilər. Qeyri-ilahi cəmiyyətlər isə belə deyildir.

Qeyri-islami və qeyri-ilahi cəmiyyətlərdə insanlar yaxşı olmaq istəsələr də ola bilmirlər. Siz dindar olmaq istəyirsiniz, lakin ola bilmirsiniz, sələm vermək və sələm yemək istəmirsiniz, amma görürsünüz ki, mümkün deyil. Qadın islami iffətdən çıxmaq istəmir, lakin ətraf mühit onu təzyiq altında saxlayır. Bütün amillər və stimullar insanı Allahı yad etməkdən uzaqlaşdırır. Filmlər, şəkillər, əlaqələr, gediş-gəlişlər, alış-verişlər, danışıqlar – bütünlüklə hər bir şey insanı Allahdan uzaqlaşdırır, Allah zikrini insanın qəlbində yadlaşdırır. İslam sistemində isə tamamilə bunun əksi baş verir. İslam sisteminin bazarı, məscidi, hakim dairələri, dostu, qohumu, valideyni, qocası və gənci – hamılıqla insana Allahı xatırladır, onu Allaha doğru çəkir, Allahla barışdırır, Allaha bəndə edir, Allahdan qeyrisinə bəndəçilikdən uzaqlaşdırır və onun Allahla rabitəsini möhkəmlədir. Əgər Peyğəmbərin (s) təsis etdiyi İslam cəmiyyəti elə o Həzrətin öz rəhbərliyi əlli il davam etsəydi və yaxud ondan sonra Əli ibn Əbitalib (ə) Peyğəmbərin (s) müəyyən etdiyi rəhbərliklə o Həzrətin yerində əyləşsəydi, əmin olun ki, əlli ildən sonra münafiqlərin hamısı həqiqi mömin olacaqdılar. Nəbəvi və Ələvi hökumətinin bir-birinin ardınca gəlişinə imkan versəydilər, o insan yetişdirən sistem, şübhəsiz, bütün qüsurlu insanları qüsursuz hala gətirəcəkdi, münafiqlərin qəlblərini dəyişdirib iman nuru ilə dolduracaqdı, ruhu imanla tanış olmayanları Allahla tanış edəcək və “mömin” adına layiq görəcəkdi. Bu isə İslam quruluşunun səciyyəvi xüsusiyyətidir.

Peyğəmbərlər belə bir sistemin təşkili üçün gəlmişlər. Belə bir sistem təşkil olduqda, insan yetişdirən fabrik tək insanlar İslamı bir-bir, on-on, yüz-yüz yox, kütləvi şəkildə, dəstə-dəstə qəbul etməli olurlar; həm zahirən müsəlmançılığı qəbul edir və zahirdə islami qanunlar icra olunur, həm də həqiqi mənada qəlbən müsəlman və mömin olurlar. Demək, peyğəmbərin gəlişində məqsəd budur.

Qeyd etdiyimiz kimi, vilayəti əsaslı-köklü şəkildə araşdırmaq istəyirik. İslami təfəkkürü gətirən və İslama dəvət edən Peyğəmbər (s) təklikdə cəmiyyəti idarə edə bilərmi? Bu təşkilatı idarə edən zümrələrə ehtiyac yoxdurmu? Bu cəmiyyəti müdafiə edən və onun düşmənlərini öz yerində oturdan əsgərlərə ehtiyac yoxdurmu? Peyğəmbərə (s) yardım və onun dəvətini təbliğ edənlərə ehtiyac yoxdurmu? Aydındır ki, ehtiyac vardır və bütün işlər adi qaydada yerinə yetirilməlidir. Peyğəmbərlər fəaliyyətlərinin böyük bir qismində adi səbəblərdən istifadə etmişlər. Peyğəmbər zühur edib nəzərdə tutduğu cəmiyyətin – insan yetişdirən fabrikin təsisi üçün vahid, mütəşəkkil, möhkəm iman sahibi, onun məktəbinə dərindən etiqad bəsləyən, qəlbən inanan, möhkəm, yorulmaz və iradəli addımlarla irəliləyən bir topluma etiyac duyur. İşin başlanğıcında Peyğəmbərin belə bir topluma ehtiyacı zəruridir. Elə buna görə də, Peyğəmbər Quran ayələri və gözəl moizə ilə belə bir toplumu formalaşdırmağa başlayır:

ادْعُ إِلِى سَبِيلِ رَبِّكَ بِالْحِكْمَةِ وَالْمَوْعِظَةِ الْحَسَنَةِ

(Ey Peyğəmbər!) İnsanları hikmətlə və gözəl moizə ilə Rəbbinin yoluna dəvət et!...[4]

İşin başlanğıcında Quran ayələri, gözəl öyüd-nəsihət, tutarlı peyğəmbər kəlamı ilə müsəlman qəlbləri öz ətrafında birləşdirir və mütəşəkkil bir cəmiyyət təşkil edir. Demək, Peyğəmbər missiyasının icrasına başladığı ilk günlərdə küfr cəbhəsi müqabilində bir cəbhə yaradır. Bu cəbhənin üzvləri kimlərdir? Etiqadı möhkəm olan və qəlbən inanan müsəlmanlar – o kəslər ki:  لَا تَأْخُذُهُمْ فِي اللَّه لَوْمَةُ لَائِمٍHeç bir qınayanın qınağı onları Allah yolundan döndərə bilmir.[5] Onlar birinci dəstənin müsəlmanları idilər.

Bu dəstə hansı cəmiyyətdə yaşayırdı? Cahil cəmiyyətdə. Misal üçün, İslamın ilkin müsəlmanları cahil Məkkə cəmiyyəti arasında yaşayırdılar. “İslam” və “müsəlmanlar” adı ilə baş qaldıran bu kiçik cərəyan və cəbhə o cahil, inadkar və qəddar cəmiyyət içərisində yaşamaq, eyni zamanda məhv olmamaq və aradan getməmək istəyirsə, mütləq qızmar şəkildə döyəclənən və şəkilləndirilən polad tək bir-birindən elə yapışmalıdır ki, heç bir amil onları bir-birindən ayıra bilməsin; mütləq mütəşəkkil qanun ətrafında birləşməli, bir-birindən möhkəm yapışdıqca, digər müxalif cəbhə və cərəyanlardan uzaqlaşmalıdır. Çünki azlıq təşkil edirlər. Azlıqda olan cəmiyyətin düşüncəsi, əməl və rəftarları, heysiyyət və şəxsiyyətləri çoxluq təşkil edən müxalif cəmiyyətin düşüncəsindən, əməl və rəftarlarından, heysiyyət və şəxsiyyətlərindən təsirlənib aradan qalxa bilər. Təsirlənməmək, sıradan çıxmamaq və gələcəkdə öz möhkəm əlləri ilə İslam quruluşu və islami idarəçilik sistemi qurmaq üçün cəmiyyət tək yaşayıb formalaşmalıdır. Bu cəmiyyətə Peyğəmbərin (s) səhabələri və dostları deyilir ki, birgə yaşayıb-yarada bilsinlər, bir-birilə əlaqələrini daha da möhkəmlətsinlər, bir-birinin ətrafında daha da birləşsinlər, digər cəbhələrdən daha da uzaqlaşsınlar. Buna kimləri misal çəkmək olar? Çətin yolları ötüb keçən alpinistləri buna misal çəkmək olar. On nəfər alpinist əllərində əsa, qarlı dağları, təhlükəli və dolanbac cığırları qət edib dağın qülləsinə çatmalıdır. Onlara tövsiyə olunur ki, kəmərlərini kəndir vasitəsilə bir-birinə bağlasın, ayrı-ayrı, bir-bir hərəkət etməsinlər. Bu yolda tək-tənha hərəkət etmək süqut ehtimalını artırır. Elə buna görə də, zirvəyə qalxarkən bir-birinə möhkəm bağlanır, eyni zamanda özləri ilə ağır yük götürməmələri, o tərəf-bu tərəfə baxmamaları və diqqətlə yollarına davam etmələri tövsiyə olunur. Onlar bir-birinə ona görə bağlanırlar ki, əgər onlardan biri və yaxud ikisi sürüşdükdə, qalanları onları saxlaya bilsinlər. Alpinistlər bir-birinə möhkəm bağlandıqları kimi, ilkin müsəlmanlar da bir-birinə möhkəm bağlanmışdırlar. Bu bağlılığın adı varmı? Quran ayələri və hədislərdə dinin başlanğıcında yaranmış müsəlman cəbhəsinin bir-birilə bağlılığı, digər cəbhələrlə əlaqələrinin qırılması və öz aralarında sıx əlaqədə olmasının adı göstərilirmi? Bəli, onun adı “vilayət”dir.

Əlin ibn Əbitalibin vilayətinin və وَلَایَةُ عَلِیِّ بْنِ أَبِی طَالِبٍ حِصْنِی“Əli ibn Əbitalibin vilayəti Mənim qalamdır”[6] – ifadəsinin araşdırlmasına hələ çox qalır. Diqqətlə qulaq asın.

Qurani-Kərimin ilk terminində vilayətin mənası nədir? Qurani-Kərimin ilk terminində “vilayət” “bir-birinə bağlılıq”, “bir cəbhədə olmaq”, “vahid təfəkkür və hədəfə sahib olan bir zümrənin möhkəm əlaqəsi”, “eyni yolda hərəkət etməsi”, “eyni məqsədi izləməsi” və “eyni əqidəyə sahib olması” mənasını ifadə edir. Bu cəbhənin üzvləri bir-birilə əlaqə və vəhdətini möhkəmlətməli, digər cəbhə və qüvvələrdən kənarlaşmalıdırlar. Nə üçün? Çünki məhv olub aradan getməsinlər. Qurani-Kərimdə buna “vilayət” deyilir.

Peyğəmbər (s) ilkin müsəlmanlar arasında bu bağlılıq və birliyi yaratdı, onları bir-birinə birləşdirdi, bir-birilə qardaş etdi, onları vahid bir bədənə çevirdi, onların vasitəsilə İslam ümməti və cəmiyyətini formalaşdırdı. İnşaallah, qeyd edəcəyimiz ayələrdə görəcəyik ki, bu birlik onların düşmənlərə, müxalif cəbhələrə qoşulmasına maneçilik törədir, onlarla yəhudi, xaçpərəst və müşrik qüvvələri arasında ayrılıq salır. Peyğəmbər (s) onların arasındakı əlaqə və birliyi daha da möhkəmlətmək üçün çalışırdı. Nə üçün? Çünki onlar bir olmasaydılar, vilayət kəndirinə bağlanmasaydılar, bir-birinə bağlılıqları möhkəm olmasaydı, aralarında ixtilaf düşsəydi, çiyinlərinə götürdükləri əmanət yükünü məqsədə və mənzil başına çatdırmaqdan aciz qalacaqdırlar.

Əlbəttə, İslam ümməti sonralar böyük ümmətə çevrilsə də yenə vilayətə ehtiyacı vardır. “İslam ümmətinin vilayətə necə və nə üçün ehtiyacı vardır?” – sualının cavabına gəldikdə, diqqətinizi şiənin etiqad bəslədiyi “vilayət” ifadəsinə yönəltmək istəyirəm. Qeyd etdik ki, kiçik bir dəstə qaranlıq və cahil dünyada yaşamaq üçün birləşməli və bir-birilə sıx əlaqədə olmalıdır. Əks-təqdirdə, onların yaşaması və həyatlarına davam etməsi qeyri-mümkündür. Buna Məkkədə cahil cəmiyyət arasında yaşayan və yaxud Mədinəyə köç edən ilkin müsəlman toplusunu misal çəkdik.

Başqa misallar da çəkmək olarmı? Bəli! İslamın başlanğıc tarixində İslam və şiəçiliyə zidd xilafət dövründə şiənin asanlıqla yaşadığını təsəvvür edirsinizmi? Elə güman edirsiniz ki, bir tərəfdən təbliğat vasitələri, bir tərəfdən boğunuq siyasi durum, bir tərəfdən də həbslər, işgəncələr və qətllər bir toplumun yaşamasına icazə verərdimi? Şiə kimi bir cərəyan necə oldu ki, öz zəmanəsinin inadkar və qəddar qüdrətlərinin əlində sağ qaldı? Onları vilayət yaşatdı. İmamlar (ə) xəlifələr zamanı şiə arasında qəribə bağlılıq yaratmışdı və bu vilayət (və bağlılıq) sayəsində şiə cərəyanını müxtəlif cərəyanlar arasında qoruyub-saxlaya bildilər.

Siz bir neçə tərəfdən su ilə qovuşan böyük bir çayı nəzərdən keçirin. Belə ki, sular sürətli axınlarla hərəkət edir. Çayın səviyyəsi qeyri-bərabərdir. Burulğan yaranır, sular üs-üstə yuvarlanır. Çayda əks cərəyanlar baş verir, sular bir-birinə hücum çəkir, bir-birini zərərsizləşdirir, bir-birinin üstünə tökülürlər. Amma irəliyə doğru hərəkətdən dayanmırlar. Bu cərəyanlar və zir-zibilli, çirkli sular arasından şirin və duru su cərəyanı da öz yoluna davam edir və bu təlatüm içərisində irəliyə doğru hərəkət edir. Bəzi dənizlər və çaylarda bu incə cərəyan baş verir. Bəlkə də bəziləriniz görmüsünüz, təbii amillər səbəbindən iki fərqli rəngdə su yanaşı hərəkət edir. Maraqlı burasıdır ki, bir-birinə qarışmır, rəngi dəyişmir, şirin və şor suların tamı dəyişilmir, şirin su öz şirinliyi, duruluğu və saflığını qoruyub-saxladığı halda, irəliyə doğru hərəkət edir.

Siz Əməvi və Abbasi xəlifələri dövründəki İslam dünyasını həmin çaya təşbeh edin. Belə ki, o zaman müxtəlif ideoloji, siyasi və əməli cərəyanlar bir-birinə əks olduqları halda irəliyə doğru hərəkət edirlər. Bu hərəkətin əvvəlindən sonuna kimi baxdıqda, şiə cərəyanını – qəribə fırtına arasında özünü qoruyub-saxlayan, heç vaxt çirklənməyən, tamını və saflığını itirməyən, digər suların rəngi, dadı və qoxusunu almayan, öz əsilliyi ilə yoluna davam edən nazik və kiçik su axınını görəcəksiniz. Görəsən, onu qoruyub-saxlayan nədir? Şiə cərəyanını hansı amil yaşadıb? Öz ardıcılları arasında vilayəti tövsiyə edən, onları bir-birinə bağlayan, onların arasında ülfət və mehribanlıq yaradan, vilayəti təbliğ edən vəli – imam. Bu, elə Peyğəmbərin (s) dövründəki vilayətin mənası ilə eynidir. Bu qədər təkidlə vurğulanan şiə vilayətinin bir yönü bundan ibarətdir, digər yönləri də vardır ki, onları da qeyd edəcəyik. Bu qeyd etdiklərimiz uyğun mövzu ilə bağlı bütün məsələləri ehtiva etmir, yalnız onun bir yönünü təşkil edir. Vilayət, yəni bağlılıq.

Qurani-Kərimdə möminlər bir-birinin vəlisi adlandırılır. Rəvayətlərdə həqiqi iman sahibləri, eyni cəbhədə və bir-birinə bağlı olanlar, “şiə” adını daşıyanlar “mömin” ifadəsi ilə göstərilir. Həm keçmiş fəqihlərin kəlamlarına, həm də rəvayətlərə baxsanız, bəzi İslam məqamları üçün bir sıra şərtlər, o cümlədən, birinci “İslam”, sonra isə “iman” ifadəsi qeyd olunur. İman nə deməkdir? İman dedikdə, şiəyə xas təfəkkür tərzinə sahib olmaq nəzərdə tutulur; başqa sözlə, iman İslama şiə gözü ilə baxmaq və onu şiə məntiqi ilə isbat etməkdir. İmamların (ə) zamanına nəzər yetirdikdə, belə şiələrin mənsub olduqları şiə cərəyanını tarixdə qoruyub-saxlamaq üçün bir-birilə daha sıx əlaqədə olduqları, bir-birinə daha möhkəm bağlandıqları və bir-birilə yaxın dost və qardaş olduqlarını görürük. Yoxsa, şiə digər bəzi firqələr tək min dəfə aradan getmiş, min dəfə əqidə və xüsusiyyəti dəyişilmiş, məhvə məhkum olmuşdu.

Bir sözlə, bu, vilayətin bir yönünü təşkil edir ki, inşallah, növbəti məclisdə onun daha önəmli olan digər bir yönünə toxunacağıq; o da Allah vəlisinin vilayətidir. “Şiələrin vilayəti” dedikdə, məqsədin nə olduğu aydınlaşdı. Allahın vəlisinin vilayətinin mənası nədir? İmam Əli ibn Əbitalibin (ə), İmam Sadiqin (ə) bizim bu gün qəbul etdiyimiz imamların vilayəti nə deməkdir? Bəziləri elə güman edirlər ki, imamların vilayəti dedikdə, yalnız onlara sevgi göstərmək nəzərdə tutulur. Halbuki, böyük səhvə yol verirlər. Vilayət yalnız imamları sevmək demək deyil, yoxsa, İslam dünyasında məsum imamları – Peyğəmbərin (s) Əhli-beytini sevməyən varmı? Elə isə hamı vilayət məqamına sahibdir. Onlara düşmən olan kimsə varmı? Məgər İslamın başlanğıcında onlarla döyüşənlərin hamısı onların düşmənləri idimi? Çoxları onları sevirdilər, lakin dünyalarına görə onlarla döyüşməyə razılıq verdilər. Çoxları onların hansı məqam və dərəcəyə sahib olduqlarını yaxşı bilirdilər. İmam Sadiqin (ə) vəfat xəbəri Mənsura[7] verildikdə, Mənsur zahirdə ağlamağa başladı. Kimin qarşısında? Kölələrinin qarşısında özünü göstərirdi. Rəbi ibn Hacibin yanındamı? O, özünü göstərmirdi, doğrudan da, ürəyi yanır və İmam Sadiqin (ə) vəfat edəcəyindən təəssüflənirdi. Amma onu qətlə yetirən kim idi? Elə özü! Özü göstəriş verdi ki, İmam Sadiqi (ə) zəhərləsinlər. Lakin hər şeyin üstü açıldıqda, Mənsurun qəlbi döyünməyə başladı. Bəs, Mənsurun da vilayəti var idimi?

Elə bu baxımdan, bəziləri yanılaraq deyirdilər ki, Məmun Abbasi[8] şiə idi. Şiə nə deməkdir? İmam Rzanın (ə) haqq olduğunu bilən şəxsə “şiə” demək olarmı? Şiəlik yalnız budurmu? Əgər budursa, onda, Məmun Abbasi, Harun ər-Rəşid, Mənsur, Müaviyə, Yezid və digərləri də şiə imişlər. Məgər Əmirəlmöminin Əlinin (ə) rəqibləri “Səqifə”də o Həzrətin haqq olduğunu bilmirdilərmi? Hamı bilirdi. Onda şiə idilərmi? Əmirəlmöminin Əli (ə) ilə müxalifətçilik edənlər onu sevmirdilərmi? Əlbəttə, sevirdilər. Onda onlar şiə sayılırlarmı? Onda vilayətə inanırdılarmı? Xeyr! Vilayətin mənası tamamilə başqadır və üstün bir məna ifadə edir. Əli ibn Əbitalibin (ə) və digər imamların vilayətini başa düşə bilsək, o zaman bu sualı özümüzdən soruşmağa haqqımız çatır: “Vilayətə sahibikmi?” Əgər sahib olmadığımızı görsək, onu Allahdan istəməli və imamların vilayətini qazanmaq üçün çalışmalıyıq.

Bir qrup özünü aldatmaqla məşğuldur; onlar imamları sadəcə sevdikləri və qəbul etdikləri üçün, həqiqətən də onların vilayət məqamına inandıqlarını güman edirlər. Elə bilirlər ki, vilayət elə budur! Halbuki, vilayət bundan ibarət deyil, yüksək bir məqamdır. Əlbəttə, növbəti məclisdə izah edəcəyik ki, məsum imamların vilayətinin mənası nədir, onları özümüzə “vəli” bilmək üçün nə etməli və onların vilayətinə necə etiqad bəsləməliyik? Bu zaman nə qədər vilayət iddiaçısı olduğumuzu anlayacağıq.

Adətən, hər il “Qədir-Xum” bayramı ərəfəsində camaat bu duanı oxuyur:

اَلْحَمْدُ للهِ الّذى جَعَلَنا مِنَ الْمُتَمَسِّكينَ بِوِلايَةِ اَميرِ الْمُؤْمِنينَ

“Həmd olsun Allaha ki, bizi Əmirəlmöminin Əlinin (ə) vilayətinə sığınanlardan qərar vermişdir.”[9]

Mən, adətən, dostlarıma bunu deməyi tövsiyə etmirəm, qorxuram ki, onların dedikləri yalan olsun. Onlara belə deməyi tövsiyə edirəm:

اللهم اجعَلنا مِنَ الْمُتَمَسِّكينَ بِوِلايَةِ اَميرِ الْمُؤْمِنينَ

“İlahi, bizi Əmirəlmöminin Əlinin (ə) vilayətinə sığınanlardan qərar ver!

İndi baxıb görək, vilayətə sığınanlardanıqmı? Bu da vilayətin başqa bir yönüdür.

Bu gün qeyd etdiklərimizin xülasəsi belədir: Müsəlman ümmətinin, Allah yolunda və Allaha görə çalışan cəbhənin vilayətinin mənası bu cəbhənin üzvləri arasında birlik və bağlılığın daha da möhkəm olmasıdır. Onların qəlbləri bir-birinə nə qədər yaxın, bir-birinə bağlılığı nə qədər möhkəm və müxalif qüvvələr, onların əleyhinə düşünən və rəftar edənlərdən nə qədər uzaq olarsa, vilayət öz həqiqi mənasını ifadə edəcəkdir.

Elə düşünürəm ki, bu mənanı aşılayan “Mümtəhinə” surəsinin adını “Vilayət” surəsi də qoymaq olar. “Mümtəhinə” surəsində bu məna daha aydın şəkildə bəyan edilir. İndi isə həmin ayələri oxuyub məna edirəm və siz də diqqətlə qulaq asın:

بسم الله الرحمن الرحيم. يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّخِذُوا عَدُوِّي وَعَدُوَّكُمْ أَوْلِيَاء

“Rəhman v Rəhim Allahın adı ilə! Ey iman gətirənlər! Mənim düşmənimi və öz düşməninizi özünüzə vəli tutmayın![10] Həm Mənim düşmənim, həm də sizin düşməniniz olan kafirləri əsla özünüzə vəli seçməyin. Bu dolğun ifadədir və bu ifadə bizim zehnimizdəki məna ilə tam uzlaşır. Bəziləri bu ayəni belə tərcümə edirlər: “...Mənim düşmənimi və öz düşməninizi özünüzə dost tutmayın!” Bu tərcümə dəqiq tərcümə deyil, çünki ayədə qeyd olunan “əvliya” sözü yalnız “dost” mənasını daşımır. Bu söz daha geniş mənanı ehtiva edir; özünüzə vəli tutmayın – öz cəbhənizdən hesab etməyin, onların sırasına qoşulmayın, qəlbinizdə nə özünüzü, nə də düşmənlərinizi bir cərgədə bilməyin, Allaha və sizə düşmən olanları öz yanınızda deyil, əksinə öz qarşınızda görün, özünüzə düşmən və müxalif bilin.

تُلْقُونَ إِلَيْهِم بِالْمَوَدَّةِ وَقَدْ كَفَرُوا بِمَا جَاءكُم مِّنَ الْحَقِّ

Onlar (kafirlər) (Allah tərəfindən) sizə gələn haqqı inkar etdikləri halda, siz onlarla eyni cəbhədə və sırada durmayın (onlara dostluq mesajı ötürməyin).

يُخْرِجُونَ الرَّسُولَ وَإِيَّاكُمْ أَن تُؤْمِنُوا بِاللَّهِ رَبِّكُمْ

Siz Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi (Məkkədən) çıxardırdılar.Elə buna görə də, Mənə və sizə düşmən olanları öz cəbhənizdən özünüzə dost və köməkçi seçməyin.

إِن كُنتُمْ خَرَجْتُمْ جِهَادًا فِي سَبِيلِي وَابْتِغَاء مَرْضَاتِي

Əgər siz Mənim yolumda və Mənim razılığımı qazanmaq uğrunda cihada çıxmısınızsa, (Mənim düşmənlərimi və öz düşmənlərinizi öz sıralarınızdan bilməyiniz, özünüzə dost və köməkçi tutmağınıza haqqınız yoxdur).

Bu surə, həqiqətən də, maraqlı və önəmli bir surədir. Bu surənin digər ayələrini oxuduqda, Allah-Taalanın hansı kafirləri nəzərdə tutduğu aydın olur; bütün kafirlərlə dostluq əlaqələrinin qırılmasını demir, əksinə, bir qrup kafirlərlə əlaqələrin kəsilməsini deyir. Yəni, kafirləri qruplara bölür. (Əgər vaxtımız çatsa, həmin ayələri elə bu məclisdə, əks-təqdirdə, növbəti məclisdə oxuyarıq.) Ayənin davamında buyurulur:

تُسِرُّونَ إِلَيْهِم بِالْمَوَدَّةِ

Siz onlarla gizlində dostluq edir, məhəbbət göstərirsiniz.

وَأَنَا أَعْلَمُ بِمَا أَخْفَيْتُمْ وَمَا أَعْلَنتُمْ

Mən sizin gizli saxladığınız və aşkar etdiyiniz hər şeyi bilirəm.

وَمَن يَفْعَلْهُ مِنكُمْ فَقَدْ ضَلَّ سَوَاء السَّبِيلِ

Sizdən kim bunu etsə (düşmənlərlə dostluq planı çəksə, özünü onların sırasında bilsə və göstərsə), o, şübhəsiz ki, haqq yoldan azmışdır!

Ondan sonra müsəlmanları ideoloji baxımdan qane edir ki, nə üçün kafirlərlə əlaqələri qırmaq lazımdır? Sonrakı ayədə bu səbəblər açıqlanır. Əlbəttə, bunu da qeyd etməyimiz pis olmazdı ki, ayələr Hatib ibn Əbi Bəltəə haqqında nazil olmuşdur. O, imanca zəif bir müsəlman idi. Peyğəmbəri-Əkrəm (s) Qüreyş kafirləri ilə döyüşə getmək istədikdə, o, Peyğəmbəri-Əkrəmin (s) bu döyüşdə məğlub olacağını, özü müsəlman əsgərləri sırasında olduğu halda, öz qohum-əqrəbasının kafirlərin cərgəsində olduğu üçün onlara zərər toxunacağını düşünüb zirəklik etmək istədi: İndi ki biz Peyğəmbərin (s) yanında və onunla birlikdə cihad edirik, Allah yolunda cihad edənlərin savabını qazanırıq, ehtiyatı əldən vermədən kafirlərə bir məktub yazıb onlara öz sevgi və vəfadarlığımızı bildirməyimizin nə eybi var? Uşaqlar demişkən, nə olar ki, həm Xudanı istəyək, həm də xurmanı?! Kədxuda ilə birinin ağası arasında dava düşmüşdü. Soruşdular ki, hansı düz deyir? Dedi: “Həm ağa düz deyir, həm də kədxuda.” Nə eybi var ki, hər ikisini əlimizdə saxlayaq!

Hatib ibn Əbi Bəltəə Qüreyş başçılarına bir məktib yazıb altını imzaladı, özünü də yaxşıca tanıtdırdı ki, onlarla dost olduğunu bilsinlər. Məktubu bir qadına verdi. O da onu paltarlarının arasında gizləyib Məkkəyə doğru yola düşdü.

Əziz Peyğəmbərimiz (s) ilahi vəhy vasitəsilə macəradan xəbərdar oldu. Əmirəlmöminin Əlini (ə) bir neçə nəfərlə birlikdə həmin qadının ardınca göndərdi və onlar yolun yarısında qadına çatıb hədə-qorxu gəldilər və nəhayət, məktubu ondan aldılar. Hatib ibn Əbi Bəltəə Peyğəmbərin (s) hüzuruna gətirildikdə, Peyğəmbər (s) ondan: “Nə üçün bu işə əl atdın? Nə üçün bizim hərbi və döyüş sirlərimizi düşmənə xəbər verirsən?” – deyə soruşduqda, belə cavab verdi: “Ey Peyğəmbər, mənim orada dostlarım və qohum-əqrəbam vardır. Onların əziyyətə düşməsindən qorxuram. Bu məktubu yazmaqla onların qəlbini yumşaltmaq, diqqət və sevgilərini özümə çəkmək istədim.” Sözügedən ayədə ona cavab olaraq belə buyurulur: “Yanılmayın, onların sizə qarşı qəlbləri yumşalmayacaq. Sizinlə eyni düşüncədə olmayan, dininiz və imanınıza qarşı çıxan, sizi məhv etmək istəyən şəxslər sizinlə heç vaxt dost və mehriban ola bilməzlər.” Növbəti ayədə belə buyurulur:

إِن يَثْقَفُوكُمْ يَكُونُوا لَكُمْ أَعْدَاء

Əgər onlar (müşriklər) sizi ələ keçirsələr, sizə düşmən olarlar.

Ey nadan Hatib ibn Əbi Bəltəə! Elə güman etmə ki, onlara kömək etdiyin üçün sabah da onlar sənə kömək edəcəklər. Əsla! Allaha and olsun ki, kömək etməyəcəklər. Əksinə, onlara kömək etdikcə, sənə daha da hakim kəsiləcəklər, sənin əleyhinə öz zülmlərini daha da artıracaqlar. يَكُونُوا لَكُمْ أَعْدَاء“Sizə düşmən olarlar.

وَيَبْسُطُوا إِلَيْكُمْ أَيْدِيَهُمْ وَأَلْسِنَتَهُم بِالسُّوءِ

“Sizə pisliklə əlləri və dillərini uzadarlar.

Sizə təzyiqlərini daha da artırar, sizi dilləri ilə incidər, təhqir edər, şərəf və ləyaqətinizi aparar, dəyərli insan kimi tanımazlar. İndi onlara kömək etmək istəyirsiniz? Elə güman etməyin ki, sizin onlara etdiyiniz yardımlar haçansa karınıza gələcək.

وَوَدُّوا لَوْ تَكْفُرُونَ

“Onlar sizin kafir olmağınızı istəyərlər.

Onlar sabah sizə hakim kəsildikdə, azacıq olan qəlbi inancınızı da əlinizdən alacaq, kafir olmağınızı istəyəcəklər. Elə güman etməyin ki, müsəlman kimi qalmağınız və islami vəzifələrinizə əməl etməyiniz üçün sizi rahat və azad buraxacaqlar.

Növbəti ayədə Hatib ibn Əbi Bəltəə və tarixdə onun kimilərin qohum-əqrəbası ilə bağlı qəti bir cümlə işlədilir: Siz övladlarınızın, qohum-əqrəbanızın və yaxınlarınızın rahatlığı naminə Allahla düşmənçilik etməyə hazırsınızmı? Allahın zəif bəndələrinin sevgisini qazanmaq, özünüz və yaxınlarınızın mənafe və maraqları uğrunda Allahın əmrinə qarşı çıxmağa və Onun düşməni ilə dostluq etməyə hazırsınızmı? Görəsən, bu qohum-əqrəba və yaxınlar insanın dərdinə nə qədər dəyəcək? Qüreyş kafirləri ilə birgə olan gəncin peşəsi, təhsili və ticarətinə görə Qüreyş kafirləri ilə həmkarlıq etməyə hazır olduğun halda, həmin gənc sənə nə qədər fayda verəcək? Ey zavallı! Səni Allahın əzabından nicat verə biləcəkmi?

Hatib ibn Əbi Bəltəə öz qohum-əqrəbası, yaxınları və övladlarının zərər görməməsi üçün kafirlərlə, Peyğəmbərin (s) düşmənləri ilə münasibət qurur. Görəsən, qohum-əqrəba insanı Allahın əzabı və qəzəb odundan uzaqlaşdırmaq üçün nə qədər faydalı ola biləcək?

لَن تَنفَعَكُمْ أَرْحَامُكُمْ وَلَا أَوْلَادُكُمْ

Sizin qohum-əqrəbanız və övladlarınız sizə heç bir fayda verməyəcəkdir.

 يَوْمَ الْقِيَامَةِ يَفْصِلُ بَيْنَكُمْ

“(Allah) Qiyamət günü sizi bir-birinizdən ayıracaqdır.

Bu cür də oxuyub məna edə bilərik:

لَن تَنفَعَكُمْ أَرْحَامُكُمْ وَلَا أَوْلَادُكُمْ يَوْمَ الْقِيَامَةِ

Qiyamət günü qohum-əqrəbanız və övladlarınız sizə heç bir fayda verməyəcəkdir.

يَفْصِلُ بَيْنَكُمْ

“(Allah) Qiyamət günü sizi bir-birinizdən ayıracaqdır.

يَوْمَ يَفِرُّ الْمَرْءُ مِنْ أَخِيهِ. وَأُمِّهِ وَأَبِيهِ. وَصَاحِبَتِهِ وَبَنِيهِ.

O gün insan öz qardaşından anasından, atasından, zövcəsindən və oğullarından qaçacaq![11]

Bil ki, Qiyamət günü qəm-qüssəsini bu qədər çəkdiyin həmin övlad səndən qaçacaq, sən də ondan qaçacaqsan, hər ikiniz bütün insanlardan qaçacaqsınız, hamı bir-birindən qaçacaq, bir-birinin halından xəbər tutmağa vaxt ayırmayacaq.

لِكُلِّ امْرِئٍ مِّنْهُمْ يَوْمَئِذٍ شَأْنٌ يُغْنِيهِ

O gün onlardan hər birinin öz işi olacaq. Hər kəs öz hayında olacaq, öz işlərinə başı qarışacaq, giriftar olacaq, bu giriftarçılıq onun özünə kifayət edəcək. Qiyamət günü insanın başı öz işlərinə o qədər qarışacaq ki, başqaları, hətta öz övladı onu maraqlandırmayacaq. Bu dünyada övladının barmağına tikan batanda, dünya və axirətini qurban vermək istəyirsən. Ey zavallı! Qiyamət günü ondan qaçacaqsan. Əgər öz övladlarının rahatlığı üçün dünya və axirət xoşbəxtliyinə arxa çevirib bədbəxtliklərə üz tutanlar (bizimlə bərabər) Quranın bu məntiqini anlasalar, bəlkə özlərinə gələrlər. İnsan onu Cəhənnəmə sürükləyən oğlu, qızı və hansısa bir yaxınına görə ağır çətinliklərə və ağrı-acılara dözməyə razı olduğu halda, Qiyamətdə nə qədər onunla bir yerdə olacaq? O, nə qədər Sənin yanında olacaq? Nə qədər sənə fayda verəcək? Qiyamət günü sənin hansı ağır yükünü daşımağa razı olacaq?

لَن تَنفَعَكُمْ أَرْحَامُكُمْ وَلَا أَوْلَادُكُمْ يَوْمَ الْقِيَامَةِ يَفْصِلُ بَيْنَكُمْ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

Sizin qohum-əqrəbanız və övladlarınız sizə heç bir bir fayda verməyəcəkdir. (Allah) Qiyamət günü sizi bir-birinizdən ayıracaqdır. Allah nə etdiklərinizi görəndir!

قَدْ كَانَتْ لَكُمْ أُسْوَةٌ حَسَنَةٌ فِي إِبْرَاهِيمَ وَالَّذِينَ مَعَهُ

“Həqiqətən, İbrahim və onunla birlikdə olanlar sizin üçün gözəl örnəkdir.

Bu ayə sizin üçün oxuduğum ayələrin zirvəsidir. Ayədə möminlərə deyilir: “Ey möminlər, İbrahim (ə) və onunla birgə olanların rəftarında sizin üçün gözəl örnək vardır.” Baxın, görün İbrahim (ə) və onun yanında olanlar nə edirdilər? Onlar nə edirdilərsə, siz də onları yerinə yetirin. Onlar çəkinmədən, açıq-aşkar öz azğın qövmünə, zəmanənin tağutuna kölə olanlara, yalançı tanrılara üz tutub dedilər: “Biz sizdən və tanrılarınızdan uzağıq, üz döndəririk, sizi inkar edirik, həmişə aramızda düşmənçilik, ədavət, qəzəb və kin-küdurət hökm sürəcək. Yalnız bir barışıq yolumuz var, o da budur ki, bir olan Allaha iman gətirin, bizim ideoloji məntiqimizi qəbul edin. Ey möminlər, siz də İbrahim kimi rəftar edin!”

قَدْ كَانَتْ لَكُمْ أُسْوَةٌ حَسَنَةٌ فِي إِبْرَاهِيمَ وَالَّذِينَ مَعَهُ

“Həqiqətən, İbrahim və onunla birlikdə olanlar sizin üçün gözəl örnəkdir.

إِذْ قَالُوا لِقَوْمِهِمْ إِنَّا بُرَاء مِنكُمْ وَمِمَّا تَعْبُدُونَ مِن دُونِ اللَّهِ كَفَرْنَا بِكُمْ وَبَدَا بَيْنَنَا وَبَيْنَكُمُ الْعَدَاوَةُ وَالْبَغْضَاء أَبَدًا حَتَّى تُؤْمِنُوا بِاللَّهِ وَحْدَهُ

O zaman onlar öz qövmünə belə demişdilər: “Şübhəsiz ki, biz sizdən və sizin Allahdan başqa, ibadət etdiklərinizdən uzağıq (üz döndərmişik). Biz sizi inkar edirik. Siz bir olan Allaha iman gətirməyincə, bizimlə sizin aranızda həmişə ədavət və kin-küdurət olacaqdır!”

Qurani-Kərimdə buyurulur:

لَقَدْ كَانَ لَكُمْ فِيهِمْ أُسْوَةٌ حَسَنَةٌ لِمَن كَانَ يَرْجُو اللَّهَ وَالْيَوْمَ الْآخِرَ

(Ey möminlər!) Həqiqətən, onlar (İbrahim və onunla birlikdə olanlar) sizin üçün, Allaha və axirət gününə ümid bəsləyənlər üçün gözəl örnəkdir.

وَمَن يَتَوَلَّ فَإِنَّ اللَّهَ هُوَ الْغَنِيُّ الْحَمِيدُ

Kim (bu göstərişdən) üz döndərsə (bilsin ki,) Allah qənidir və tərifə layiqdir![12]

Şair demişkən:

گر جمله کائنات کافر گردند

بر دامن کبریاش ننشیند گرد

“Əgər bütün kainat kafir olsa, Onun (Allahın) uca məqamına toz qona bilməz.”[13]

Əgər sən Onun düşmənləri ilə saziş bağlasan, bunun Allaha bir zərəri olmayacaq, sənin şərəf və insanlıq ləyaqətin ləkələnəcək.

Həzrət İbrahim (ə) və onun dostlarının öz zəmanəsinin kafirləri və azğınlarına buyurduqları bu cümləni yaddan çıxarmayın: إِنَّا بُرَاء مِنكُمْ “Biz sizdən uzağıq.”

İmam Səccad (ə) və dostları öz zəmanəsinin azğın zümrələri ilə belə danışırdı. “Biharul-ənvar” kitabında nəql olunan hədisdə belə deyilir: “Dördüncü İmamın (ə) həvarisi (yaxın səhabəsi) Yəhya ibn Ümmü Təvil Mədinə məscidinə gəlir və üzünü camaata tutub həmin sözü deyirdi. O camaat ki, İmam Həsən (ə) və İmam Hüseyn (ə) iyirmi il onların arasında yaşamışdı. O camaat nə Əməvilərdən, nə də Əməvilərin yaxınlarından idi. Bəs hansı dəstədən sayılırdı? Qorxaq insanlar idi. Onlar Kərbəla və Aşura faciəsi zamanı zalım Əməvi rejiminin qorxusundan Peyğəmbərin (s) övladlarını tək qoydular, eyni zamanda Allaha inanır, ibadətlə məşğul olurdular.

Yəhya ibn Ümmü Təvil həmin camaatın müqabilində dayanıb Quranın sözünü təkrarlayırdı: كَفَرْنَا بِكُمْ وَبَدَا بَيْنَنَا وَبَيْنَكُمُ الْعَدَاوَةُ وَالْبَغْضَاءBiz sizi inkar edirik. Siz bir olan Allaha iman gətirməyincə, bizimlə sizin aranızda ədavət və kin-küdurət olacaqdır!”[14] Yəni, Həzrət İbrahimin (ə) öz zəmanəsinin kafirlərinə, müşriklərinə və azğınlarına buyurduğu sözü təkrarlayırdı. Baxın, vilayətin mənası budur! – Bir-birinizlə sıx rabitə saxlamalı və düşmənlərdən üz döndərməlisiniz. Əgər İmam Səccadın (ə) şiələrindən hər kim o Həzrətin zəmanəsində qorxudan və yaxud tamahkarlıqdan düşmən tərəfə keçsəydi, İmam Səccadın (ə) vilayətindən çıxarılar və o Həzrətin cəbhəsinə aid edilməzdi. Elə bu səbəbdən də, o Həzrətin şagirdi camaata belə deyirdi: كَفَرْنَا بِكُمْ وَبَدَا بَيْنَنَا وَبَيْنَكُمُ الْعَدَاوَةُ وَالْبَغْضَاءBiz sizi inkar edirik. Siz bir olan Allaha iman gətirməyincə, bizimlə sizin aranızda ədavət və kin-küdurət olacaqdır!”

Yəhya ibn Ümmü Təvil İmam Səccadın (ə) vəfalı və seçilmiş səhabəsi idi.

Bu vəfalı səhabənin aqibəti belə oldu ki, Həccac ibn Yusif onu tutub sağ əlini, sol əlini, sağ ayağını və sol ayağını kəsdi. Amma o, haqqı deməkdən çəkinmədi. Onun dilini də kəsdi və nəhayət, əbədiyyətə qovuşdu. Bu, o vaxt idi ki, şiəni təşkilatlandırmış və İmam Səccaddan (s) sonra şiə cəmiyyətinin təməllərini möhkəmlətmişdi.

 

Xülasə

Cümə – Ramazan ayının 24-cü günü

VİLAYƏT

Allah tərəfindən, Peyğəmbərin (s) vasitəsilə bəyan olunan və həyat mesajı verən yeni təfəkkür tərzi mütəşəkkil toplumun düşüncəsi, psixologiyası və rəftarlarında gerçəkləşdiyi zaman, həyatı son məqsədə çatdıra biləcəkdir.

Möhkəm və yenilməz cəbhədən ibarət olan bu toplum vəhdət və birliyini qorumalı, müxalif ideoloji və əməli cərəyanlardan təsirlənməmək və onların vasitəsilə sıradan çıxmamaq üçün möhkəm dayanmalı və müqavimət göstərməlidir. Elə bu məqsədlə mömin cəbhənin zəifliyinə səbəb olan hər bir bağlılıqlardan çəkinməli, imkan daxilində və zərurət zamanı onlarla adi rabitələri belə azaltmalıdır. Qurani-Kərim leksikonunda bu ideoloji və əməli cəbhələnmə və sıralanmaya “vilayət” və “təvəlli” deyilir.

İslam ümməti və cəmiyyətinin əsasını və təməl daşını təşkil edən bu mütəşəkkil cəbhə qüdrətli ümmətə və İslamın bəyəndiyi cəmiyyətə çevrildiyi gün kimi, vəhdət, birlik və həmrəyliyini qorumaq, düşmənlərin nüfuzuna mane olmaq üçün “vilayət” prinsipinə əməl etmək zəruridir. Qurani-Kərimin müxtəlif ayələrində vilayətlə bağlı buyurduğu incəliklərdən bəzilərinə həm burada, həm də növbəti söhbətlərimizdə toxunacağıq:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّخِذُوا عَدُوِّي وَعَدُوَّكُمْ أَوْلِيَاءEy iman gətirənlər! Mənim düşmənimi və öz düşməninizi özünüzə vəli tutmayın!

تُلْقُونَ إِلَيْهِم بِالْمَوَدَّةِ وَقَدْ كَفَرُوا بِمَا جَاءكُم مِّنَ الْحَقِّOnlar (kafirlər) (Allah tərəfindən) sizə gələn haqqı inkar etdikləri halda, onlara dostluq mesajı ötürməyin.

يُخْرِجُونَ الرَّسُولَ وَإِيَّاكُمْ أَن تُؤْمِنُوا بِاللَّهِ رَبِّكُمْSiz Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi (Məkkədən) çıxardırdılar.

إِن كُنتُمْ خَرَجْتُمْ جِهَادًا فِي سَبِيلِي وَابْتِغَاء مَرْضَاتِيƏgər siz Mənim yolumda və Mənim razılığımı qazanmaq uğrunda cihada çıxmısınızsa (onları özünüzə dost və köməkçi tutmayın).

تُسِرُّونَ إِلَيْهِم بِالْمَوَدَّةِSiz onlarla gizlində dostluq edirsiniz.

وَأَنَا أَعْلَمُ بِمَا أَخْفَيْتُمْ وَمَا أَعْلَنتُمْMən sizin gizli saxladığınız və aşkar etdiyiniz hər şeyi bilirəm.

وَمَن يَفْعَلْهُ مِنكُمْ فَقَدْ ضَلَّ سَوَاء السَّبِيلِSizdən kim bunu etsə, o, şübhəsiz ki, haqq yoldan azmışdır!

إِن يَثْقَفُوكُمْ يَكُونُوا لَكُمْ أَعْدَاءƏgər onlar (müşriklər) sizi ələ keçirsələr, sizə düşmən olarlar.

وَيَبْسُطُوا إِلَيْكُمْ أَيْدِيَهُمْ وَأَلْسِنَتَهُم بِالسُّوءِSizə pisliklə əlləri və dillərini uzadarlar.

وَوَدُّوا لَوْ تَكْفُرُونَOnlar sizin kafir olmağınızı istəyərlər.

لَن تَنفَعَكُمْ أَرْحَامُكُمْ وَلَا أَوْلَادُكُمْSizin qohum-əqrəbanız və övladlarınız sizə heç bir bir fayda verməyəcəkdir.

 يَوْمَ الْقِيَامَةِ يَفْصِلُ بَيْنَكُمْ(Allah) Qiyamət günü sizi bir-birinizdən ayıracaqdır.

وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌAllah nə etdiklərinizi görəndir!

قَدْ كَانَتْ لَكُمْ أُسْوَةٌ حَسَنَةٌ فِي إِبْرَاهِيمَ وَالَّذِينَ مَعَهُHəqiqətən, İbrahim və onunla birlikdə olanlar sizin üçün gözəl örnəkdir.

إِذْ قَالُوا لِقَوْمِهِمْ إِنَّا بُرَاء مِنكُمْ وَمِمَّا تَعْبُدُونَ مِن دُونِ اللَّهِO zaman onlar öz qövmünə belə demişdilər: “Şübhəsiz ki, biz sizdən və sizin Allahdan başqa, ibadət etdiklərinizdən uzağıq (üz döndərmişik).

كَفَرْنَا بِكُمْ وَبَدَا بَيْنَنَا وَبَيْنَكُمُ الْعَدَاوَةُ وَالْبَغْضَاء أَبَدًا حَتَّى تُؤْمِنُوا بِاللَّهِ وَحْدَهُBiz sizi inkar edirik. Siz bir olan Allaha iman gətirməyincə, bizimlə sizin aranızda həmişə ədavət və kin-küdurət olacaqdır!

“Mumtəhinə” surəsi, ayə 1-4.



[1]. “Əl-kafi”, “İman və küfr” başlığı, “İslamın sütunları” bölməsi, hədis 5.

[2]. “Biharul-ənvar”, “İman və küfr” başlığı, “Əxlaqi gözəlliklər – gözəl əxlaq” bölməsi, hədis 1.

[3]. Zeyd ibn Harisənin oğlu Üsamə Peyğəmbərin (s) vasitəsilə azad olmuş bir qul idi. Peyğəmbər (s) “Vida” həccindən qayıtdıqdan sonra onu gənc yaşlarında rumlularla döyüşmək üçün müsəlman ordusuna sərkərdə təyin etdi. Əmirəlmöminin Əlinin (ə) zamanında o Həzrətlə beyət etsə də, o Həzrətin döyüşlərində iştirak etmədi. Ömrünün sonunda isə bu işinə görə peşman oldu. İmam Baqirdən (ə) nəql olunan bir hədisdə tövsiyə olunur ki, onun haqqında yalnız yaxşı söz danışılsın.

[4]. “Nəhl” surəsi, ayə 125.

[5]. “Nəhcül-bəlağə”, Sübhi Saleh, xütbə 192, məşhur “Qasiə” xütbəsi.

[6]. “Üyunu əxbarir-Riza (ə)”, “İmam Rzadan (ə) nadir xəbərlər” bölməsi, hədis 1.

[7]. Adı “Abdullah ibn Əhməd”, ləqəbi isə “Mənsur”dur. Hədsiz dərəcədə paxıl və simic olduğu üçün “Mənsur Dəvaniqi” adı ilə məşhurlaşmışdı. Qardaşı Səffahın ölümündən sonra, 136-cı hicri-qəməri ilində xəlifə oldu və 158-ci ilə qədər hakimiyyətdə oldu. O, İmam Sadiqi (ə) şəhadətə yetirdi, Nəfsi-Zəkiyyə və onun qardaşı İbrahimin qiyamını yatırdı, Əbu Müslim Xorasanini qətlə yetirdi və bütün İslam ərazilərində Abbasilər hakimiyyətini möhkəmləndirdi.

[8]. Ləqəbi “Məmun Abbasi”, adı isə “Abdullah ibn Harun”dur. Öz qardaşı Əmini qətlə yetirdikdən sonra, 198-ci hicri-qəməri ilində hakimiyyətə gəldi. O, Abbasi xəlifələrinin ən elmli və ağıllısı hesab edilirdi. Ələviləri kontrolda saxlamaq üçün İmam Rzanı (ə) özünə vəliəhd seçdi və o Həzrəti Mədinədən Xorasana gətirtdi. O, elmi müzakirələr təşkil etməklə insanların nəzərində İmam Rzanı (ə) gözdən salmaq istəyirdi, lakin hər dəfə İmamın (ə) haqq və elmli olduğu daha da sübuta yetir, aşkar olurdu. Məmun 218-ci ilə qədər hakimiyyətdə oldu.

[9]. “Məfatihul-cinan”, Zil-hiccə ayına məxsus əməllər, Qədir-Xum gününün əməlləri.

[10]. “Mumtəhinə” surəsi, ayə 1-4.

[11]. “Əbəsə” surəsi, ayə 34-37.

[12]. “Mumtəhinə” surəsi, ayə 6.

[13]. Babaəfzəl Kaşani.

[14]. “Biharul-ənvar”, “İmam Əli ibn Hüseynin (ə) həyatı”, “Xəlifələrin dövründə onun vəziyyəti” bölməsi, hədis 29.