Quranda islami təfəkkür tezisi kitabı -12-ci məclis (AUDİO)

TÖVHİD VƏ SOSİAL TƏBƏQƏLƏRİN İNKARI

Bazar ertəsi – 1974-09-30

Ramazan ayının 13-ü.

بسم الله الرحمن الرحيم

مَا اتَّخَذَ اللَّهُ مِن وَلَدٍ وَمَا كَانَ مَعَهُ مِنْ إِلَهٍ إِذًا لَّذَهَبَ كُلُّ إِلَهٍ بِمَا خَلَقَ وَلَعَلَا بَعْضُهُمْ عَلَى بَعْضٍ سُبْحَانَ اللَّهِ عَمَّا يَصِفُونَ

“Allah (Özünə) heç bir övlad götürməmişdir. Onunla yanaşı heç bir məbud yoxdur. Əgər belə olsaydı, hər bir məbud öz yaratdığı ilə gedər və onların bir qismi digərinə üstün olmağa çalışardı. Allah müşriklərin (Ona) aid etdikləri sifətlərdən tamamilə pakdır!

“Muminun” surəsi, ayə 91.

Əgər möhtərəm qardaşların yadındadırsa, qeyd etdik ki, tövhid əməl və öhdəliklərə səbəb olacaq bir əqidə olduğu üçün bizim boynumuza bir sıra vəzifə və öhdəliklər qoyur. Həmçinin, bu vəzifə və öhdəliklərin dairəsini bilməli olduğumuzu da qeyd etdik. Bu öhdəliklər yalnız insanın fərdi həyatına aid deyil, onun əksər hissəsi həm də sosial həyat, ictimai sistem və cəmiyyətin formalaşmasına aiddir. Yəni, tövhid prinsipi bir cəmiyyətə hakim olduqda, onun ilk müjdəsi cəmiyyəti həmin prinsipə uyğun formalaşdırmaqdır. Bundan sonra isə növbə müvəhhid insanın bir fərd olaraq vəzifələrinə çatır.

Hər halda, bu öhdəlikləri tanıyıb öyrənməliyik. Biz bu öhdəliklər toplusunu “tövhid qətnaməsi” ilə ifadə etdik və vurğuladıq ki, tövhid prinsipi bizə müqavilələr və vəzifələrdən ibarət bir qətnamə təqdim edir. Əgər biz, inşallah, müvəhhid kimi yaşamaq istəyiriksə, öncə bu öhdəliklərlə tanış olmalıyıq. İlk öhdəlik isə ibadət və itaətin yalnız Allaha məxsus olmasıdır. Bu, tövhid prinsipinin ilk öhdəliyidir. Biz iki-üç məclisi bu mövzuya həsr etdik. Bu gün isə tövhid prinsipinin müvəhhid insanın, cəmiyyətin və dünyanın çiyninə qoyduğu ikinci öhdəlikdən söz açmaq istəyirik və onu “tövhid və sosial təbəqələrin inkarı” başlığı ilə qeyd etdik.[1] (Əlbəttə, əlinizdəki vərəqin ilk səhifəsində “iki” ədədini qeyd edin. Çünki “İbadət və itaət yalnız Allaha məxsusdur” mövzusuna aid vərəqdə “bir” ədədi qeyd edilmişdir. Burada da iki qeyd edilməlidir ki, mətləbin ardıcıllığı aydınlaşsın. Üçüncü, dördüncü və digər öhdəlikləri isə, inşallah, sonradan diqqətinizə çatdıracağıq.)

Sosial təbəqələrin inkarı: Sonradan bu haqda təfsilatı ilə danışacağıq, indi isə qısa şəkildə qeyd etməliyəm ki, tanış olduğunuz bu terminə əsasən, tövhid prinsipinin hakim olduğu cəmiyyət təbəqəsiz bir cəmiyyətdir, elə bir cəmiyyət ki, hüquq və imtiyazlar baxımından insan zümrələri arasında fərq qoyulmur, hamı bərabər hüquq və eyni imkanlar əsasında yaşayır və inkişaf edir. Sosial təbəqələşmə baxımından tövhid prinsipinin hakim olduğu cəmiyyətlə bağlı bizdə yaranan təsəvvür budur.

Tarixə nəzər salsaq, bütün cəmiyyətlərdə sosial təbəqələşmənin ən acı hadisələrdən olduğunu görəcəyik; geridə qalmış qəbilə sistemində, vətəndaş cəmiyyətindən uzaq qalmış cəmiyyətlərdə deyil, həm də bəşər sivilzasiyasının göbəyi və beşiyi olan ölkələrdə belə sosial təbəqələşmə tarixin vərəqləri arasında ən çirkin sifətini bizə göstərmişdir. Həqiqətən də, bəşər tarixinin böyük zülmləri, utancverici ləkələrindən biri də budur – sosial təbəqələşmədir! Sosial təbəqələşmə nə deməkdir? O deməkdir ki, bir cəmiyyətdə yaşayan insanlar bərabər şəkildə yaşamırlar; bir qrup məhrumiyyətə məhkumdur, əziyyət çəkməli, başqa qrupların xidmətində dayanmalı və məhrum olduğu və əziyyət çəkdiyinə görə də gileylənmək hüququna sahib olmamalıdır. Bir qrup isə rifahda yaşamalı, həyatın hər dadı və ləzzətini çıxarmalı, bütün imtiyazlardan layiqincə bəhrələnməli, heç kim də irad bildirməməlidir. Bunun ən yaxşı nümunəsi Hindistandır. Bildiyiniz kimi, Hindistan Ari mədəniyyətinin beşiyidir. Arilər nəsli elə əvvəldən Hindistanda mütəşəkkil bir millət və cəmiyyət olaraq şəhərdə yaşayırdı. Deyilənlərə görə, bu nəsil şimal ölkələrindən, Sibirdən köçüb gəlmədir və onlar köçərkən iki yerə bölünürlər, bir qrupu Hindistana, bir qrupu da İrana üz tuturlar. Hindistana köçənlər İrana köçənlərlə müqayisədə tez bir zamanda inkişaf edirlər.

Bəşər sivilzasiyasının beşiyi və yaxud beşiklərindən biri Hindistan olsa da, orada sosial təbəqələşmə həddi aşıb. Onlar insanları dörd əsas təbəqəyə bölüblər: Bir təbəqə başqa bir təbəqədən aşağıda və yüzlərlə təbəqə həmin dörd əsas təbəqənin əhatə dairəsində yerləşir. Bu haqda əlavə məlumat almaq istəyənlər dinlərin tarixi ilə bağlı uyğun kitabları mütaliə etsinlər, Quranda tövhid mövzusu üzərində diqqətlə düşünüb bir müqayisə aparsınlar. İnsanları dörd təbəqəyə bölmüşdülər: Birinci təbəqəni brahmanlar – ruhanilər və dini şəxsiyyətlər təşkil edirdi və elitar təbəqə onlara məxsus idi.

İkinci təbəqədə ordu başçıları və şahzadələr yerləşirdilər. Əlbəttə, bu iki təbəqə arasında ixtilaf və ziddiyyətlər olduqca çox idi. Öncə birinci təbəqədə şahzadələr, ikinci təbəqədə isə ruhanilər yer tuturdularsa, sonralar qarşıya çıxan hadisələr və cərəyanlar nəticəsində brahmanlar və ruhanilər elmi və elit təbəqəni mənimsədilər, sərkərdələr, ordu başçıları, şahzadələr və xanlar ikinci təbəqəyə endilər.

Üçüncü təbəqədə fəhlələr, əkinçilər və sənətkarlar yerləşirdi. Birinci və ikinci təbəqə cəmiyyət üçün heç bir iş görmürdü. Brahmanlar nə edirdilər? Onlar əllərini tərpədib dua oxumaq və zikr etməkdən başqa, heç bir iş görmürdülər. Xanlar və şahzadələr nə iş görürdülər? Onlar da özləri üçün əmlak və sərvət toplayır, hökmranlıq dairələrini daha da genişləndirirdilər. Sənətkarlar və əkinçilər isə bu böyük ərazinin işçi qüvvələri idilər.

Dördüncü təbəqə ümumi xalq kütləsi, sravi insanlardan – ticarətlə, kiçik əl işləri ilə məşğul olanlardan ibarət idi. Bu dörd təbəqəni arilər nəsli təşkil edirdi, ondan sonrakı təbəqədə isə arilər nəslindən olmayanlar yer tuturdu, buna görə də bu təbəqəni murdar (napak) hesab edir, onlara “murdarlar təbəqəsi” deyirdilər.

Bu qeyd etdiklərim iyirminci əsrə qədər davam etmiş bir tarixə aiddir. Bütün bunlar Hindistanda bir neçə il öncəyə qədər tamamilə qüvvədə qalmışdı. Bəlkə də Hindistanla bağlı mütaliə edənlər yaxşı bilərlər ki, murdarlar və napaklar təbəqəsini Hindistanın böyük rəhbəri Qandi aradan qaldırdı və “murdar” ifadəsinə etirazını bildirdi. Hindistanın sabiq Baş Naziri Nehru[2], hal-hazırda da dövlət başçısı (Baş Nazir) olan qızı, eləcə də Nehrunun atası brahman və elit təbəqədən idi. Əlbəttə, onun özü dinə zidd olduğundan, ona brahman deyilməsindən və brahmanlara məxsus ləqəblə çağırılmasından acığı gəlirdi. Hər halda, demək istəyirəm ki, bu mətləblər çox da uzaq keçmişə aid tarix deyil. Quranın tövhid günəşinin doğuşundan 13-14 əsr keçməsinə baxmayaraq, hələ də Hindistanda – bəşər sivilzasiyasının beşiyində sosial təbəqələşmə hökm sürürdü.

Sosial təbəqələşmə haqqında danışırdıq. Onlar dörd təbəqəyə bölünmüşdülər. Qeyd etdiyimiz kimi, təbəqələr arasında digər yüzlərlə kiçik təbəqələr də yerləşdirilmişdi. Bunu “Dinlər tarixinin” müəllifi Con Neş də etiraf edir. O zaman fərqli təbəqədən olan iki nəfərin bir-birilə ailə həyatı qurmağa, danışmağa, əl-ələ verməyə, yanaşı oturmağa, birgə gəzintiyə çıxmağa və dostluq etməyə haqqı yox idi. Bir sözlə, onlar öz aralarında dəmirdən hasar çəkmişdilər. Nə üçün hasar çəkmişdilər? Məgər brahmanların əkinçilərdə və yaxud sravi tacirlərdə olmayan nəyi var idi ki? Yaxud da filan ordu sərkərdəsi hansı təbii imtiyazlara sahib idi ki, sıravi insanlar ondan məhrum idilər?

Əgər belə bir sual soruşulsaydı, bilirsiniz cavabında nə deyəcəkdilər? Deyəcəkdilər ki, başqasının işinə baş qoşma! Çünki əsl yaradılışda siz iki qrupa bölünmüsünüz, iki cür yaradılmısınız. Böyük tanrı Brahman varlıqları, xüsusən, insanı yaratmaq istədikdə, brahmanları öz başından, xanları, ordu sərkərdələrini və şahzadələri əlindən, əkinçiləri qolundan, sıravi insanları ayağından yaratdı, murdar təbəqə isə brahmanlı deyil, o pak nəslə mənsub deyil. Dördüncü təbəqə Brahmanın ayağından yarandıqda, onun başından yaranmış brahmanlarla müqayisədə özünü nə baş, nə də ayaq haqqına sahib bilə bilməz.

Ümumiyyətlə, sizin heç biriniz yaradılışda bərabər deyilsiniz, bir qrup daha şərəfli, ehtirama daha layiqdir və onların naz-nemət içində olması isə təbii və zatidirsə, aşağı təbəqələrin məhrumiyyəti də zatidir. Onların məntiqi bu idi!

Təsəvvür edin, belə bir cəmiyyətdə sosial təbəqələşmənin bir gün aradan qalxması mümkündürmü? Müxtəlif təbəqələrə bölünmüş cəmiyyətdə sosial təbəqələşməyə son qoyan bir şəxsi, bir təbəqəni təsəvvür etmək mümkündürmü? Elitar təbəqəmi? Heç elitar təbəqə deyərmi ki, mən Allaha xatir öz haqqımdan keçirəm? Bu xam xəyaldan başqa bir şey deyildir. Bir cəmiyyətdə sosial təbəqələşməni aradan qaldırmaq istəyən təbəqə yalnız məhrum təbəqə olmalıdır. Bu təbəqə öz haqqını tələb etməli, elitar təbəqənin hamıdan çox hüquq sahibi olmasına etiraz etməlidir. Mənim təsvir etdiyim cəmiyyətdə məhrum təbəqənin etiraz etməsi qeyri-mümkündür. Nə üçün? Çünki o, özünün təbii durumunun belə olduğuna etiqadlıdır, zatən belə yaradıldığı, vəziyyətini əsla dəyişə bilməyəcəyi düşüncəsindədir. Mən belə yaranmışam, buna görə də heç bir iş görə bilmərəm. İnsan təbiət və fitrətinin əzəldən və Allah tərəfindən xüsusi şəkildə yarandığına inanarsa, onun həmin vəziyyətdən fərqli bir vəziyyətdə olacağına ümid bəsləməsi, onun təbiəti və fitrətinə mütənasib olmayan hüquq və imtiyazlara sahib olacağı intizarında olması qeyri-mümkündür. O deyir ki, mənim bəxt kilimim belə toxunub, elə əzəldən qara günə bürünmüşəm və qara günlə yoğrulmuşam, artıq, heç bir iş görmək olmaz. Siz qara rəngli bir əşyanı bir çay qırağında, bir dəniz kənarında bərk-bərk sürtüb yusanız da, zatən və əzəldən qara olduğu üçün onun təbii rəngini aradan apara bilməzsiniz. Onun toz-torpağı təmizlənsə də, təbii rəngi – qaralığı daha da şəffaf olacaq, qaralığı daha çox nəzərə çarpacaq. Mülahizə etdiyiniz kimi, tarix boyu cəmiyyətlərdə belə ağır zülmlər olmuş və əlacı da tapılmamışdır.

Əlbəttə, düşüncələri dəyişən bəzi islahatçılar da olub. Qeyd edəcəyim bu məqama – dinlərəməxsus fəlsəfi nişanəyə diqqət yetirin: islahatçılar öncə düşüncələri, mədəniyyəti dəyişirdilər. Xalqa deyirdilər ki, bu fəlsəfə yanlışdır. Onu əsas tutub xalqı inandırırdılar ki, hakim durum zülmkardır.Tarixi dəyişikliklərlə bağlı düzgün anlayış budur. Bizim fəlsəfə və düşüncələrin dəyişilməsindən öncə ictimai quruluşun dəyişilməsinideməyimiz düzgün deyil. Bizim və Şərq ölkələrinin tarixində islahatçılar olub. Nəzərimizcə, belə düşünməyənlər Şərq tarixini oxumayıblar, onlar Qərbi və Avropanı görənlərdir. Hindistanda, Çində, İranda və Misirdə dini islahatçılar qiyam etmiş, fəlsəfə və düşüncələri dəyişdikdən sonra, yanlış ictimai sistem və quruluşun dəyişilməsinə zəmin hazırlamışdılar. Bəli, bu, tarix boyu belə olub.

Gördüyünüz kimi, həm Hindistanda, həm İranda, həm Misirdə, həm də Çində vəziyyət belə idi; harada sivilzasiya var idisə, vəziyyət belə idi; yəni deyilirdi ki, insanlar yarananda iki qrupa bölünür, iki və yaxud daha artıq fitrət və təbiətdə yaranırlar. Buna görə ictimai hüquqlar da bir-birindən fərqlənməli, bərabər olmamalıdır. Onun bərabər olduğunu deyən şəxsi qınayır və onun yanıldığını deyirdilər.

İslam gəlib Allahın bir olduğunu car çəkdi, tanrıları inkar etdi və onların batil olduğunu bildirdi. Allahın iki olduğunu, insanların da iki zümrəyə bölündüyünü, fərqli hüquq və imtiyazlara sahib olduğunu təsəvvür edənlər yanıldılar. Allah elə birdir, bütün dünyanı O yaratmışdır, aləmlərin idarə olunması Onun qüdrət əlindədir, O, hamını bərabər, hamını eyni fitrət və təbiətdən, bir maddə və kökdən yaratmışdır. Bununla bağlı Quran ayələri az deyildir:

يَا أَيُّهَا النَّاسُ اعْبُدُواْ رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ وَالَّذِينَ مِن قَبْلِكُمْ

Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin.[3]

(Bu gün bu yazıda qeyd etdiyimiz bəzi ayələri diqqətinizə çatdıracağıq.)

Bütün insanlar bir mənşə, bir kök və bir soydandırlar, hamı eyni şəkildə dünyaya göz açmış və hamı sonsuz təkamülə doğru yüksəlməyə layiqdir. Bütün insanlar daha da böyümək, daha da ucalmaq qüdrətinə sahibdir və bu istedad hamıya verilmişdir. Əlbəttə, diqqət yetirmək lazımdır ki, adi bəşər səviyyəsindən üstünlüyü açıq-aydın hiss olunan insanlar – peyğəmbərlər və imamlar mənim bu ümumi sözümə aid deyillər. Hər insanın sonsuz təkamülə doğru pərvaz edə bilməsinin mənası bu deyil ki, hər bir insan əməli və çalışqanlığı nəticəsində peyğəmbər və imam ola bilər. Bu, ayrıca bir mövzudur. Peyğəmbərlər və imamların nübuvvət və imamətə necə çatması sönrakı bir mətləbdir. Başqa bir məclisdə və fürsətdə, ola bilsin, qısa şəkildə bu mövzuya toxunaq. İcmali şəkildə deməliyəm ki, peyğəmbərlər və imamlar daha artıq imkanlara sahib idilər. Onlar adi bəşərin sahib ola bilmədiyi bir sıra spesifik xüsusiyyətlərə sahibdirlər. Bildiyiniz kimi, onların da sayı azdır, onlar istisnadırlar; söhbət isə ümumi olaraq bəşər cəmiyyətlərinin fərdlərinə aiddir. Əlbəttə, peyğəmbərlər və imamlar da maddi irq və soyda adi insanlardan əsla fərqlənmirlər.

أَبوهُمُ آدَمُ وَالأُمُحَوّاءُ

“İnsanların atası Adəm, anası isə Həvvadır.”[4]

Bu, islami bir təlimdir; belə ki, tövhid prinsipi sayəsində cəmiyyətdə ayrı-seçkilik və sosial təbəqələşmənin olmaması qəti və danılmazdır. İslamın formalaşdırdığı cəmiyyət siniflərə və təbəqələrə bölünmür; biri müəyyən hüquqa sahib olduğu halda, başqasının həmin hüquqdan məhrum edilməsi qeyri-mümkündür. İslam cəmiyyətində insanın iki mənbə və mənşədən, iki kök və soydan yaranmasından söz gedə bilməz; bu cəmiyyətdə birinin torpaqdan, digərinin isə, misal üçün, nurdan yaranmasından söz gedə bilməz. Maddi mənbə baxımından hamı bərabərdir. Demək, tövhid, yəni Allahın bir olması, dünyanın və yaradılışın bir olan Allah tərəfindən idarə olunmasına inanmaq sosial təbəqələrin inkarına zəmanət verir.

Əlbəttə, burada bir məsələ də var ki, ictimai təbəqələr hər zaman Hindistanla bağlı qeyd etdiklərim kimi olmayıb, hər yerdə eyni fəlsəfə irəli sürülməyib; ola bilsin ki, millət və cəmiyyətlər irəli sürülən fəlsəfə, iddia və ideyalar baxımından bir səviyyədə olmasın, lakin müasir dünyamızda olduğu kimi, əməldə sosial təbəqələşmə mövcud olsun.

Bu gün dünyaya, xüsusən, iqtisadi baxımdan inkişaf etmiş (kapitalist) ölkələrə baxsanız, sosial təbəqələşmənin bariz şəkildə hakim olduğunu müşahidə edəcəksiniz. Əlbəttə, həmin ölkələrdə fəhlələr və sahibkarların iki fərqli kök və soydan yarandığı əsla müzakirə mövzusu deyil; onlar hansısa böyük holdinq və kartel sahibi ilə mədən fəhləsinin iki fərqli kök və soydan olduğunu dilə gətirməsələr də həmin kəslərin əməl və rəftarda bu iki zümrə üçün təyin etdikləri qanunlarla iki fərqli kök və soya etiqad bəsləyənlərin qanunları arasında heç bir fərq yoxdur. Çünki bir qrup hədsiz maddi imkanlara sahib olduğu halda, çoxluq təşkil edən digər qrupun imkanları sıfırdır. Bir qrup dünyanın bütün sərvətlərini öz xeyirlərinə mənimsəyir, digər bir qrupun isə öz zəhmətkeş əli ilə qazandığını yeməyə icazəsi olmur.

Bu da sosial təbəqələşmədir və çağdaş dünyamıza hakimdir. Hətta deyə bilərəm ki, sosial təbəqələşmə keçmişlə müqayisədə daha da rəzil, daha da acınacaqlıdır. Onlar ayrı-sekçiliyi, aralarındakı fərqi açıq-aydın dillərinə gətirirdilər, bunlar isə “biz bir-birimizlə qardaşıq, bərabər hüquqa sahibik, sizin hüquqlarınızın təminatçısıyıq” deyir, əməldə isə onun əksinə rəftar edir, fərq və ayrı-seçkilik qoyurlar. Bəzən də hüquqi qanunların icrası zamanı zahirdə bərabərliyə riayət edir, filankəsi elit təbəqədən olmasına rəğmən, filan cinayətə əl atdığı üçün cəzalandırır. Amma dərindən araşdırdıqda, həqiqətin tamamilə başqa bir şey olduğunu görürük; yenə sosial təbəqələşmə və ayrı-seçkiliklər öz gücündə qalmaqdadır. Həqiqətdə, imtiyazlar xas zümrəyə məxsusdur, əksəriyyət yenə məhrumiyyətdədir, məhrum olduqları ilk şey isə düzgün qavrama, kamil şüur və düşüncədir.

İslam bunları, bütünlüklə, inkar edir. Mən sosial təbəqələşmənin inkarı ilə bağlı Quranın – bu müqəddəs kitabın bir çox ayələrindən yalnız bir neçəsini qeyd etmişəm. Bu ayələrdən əldə edilən mətləblər bunlardan ibarətdir:

Bütün işlərin idarə edəni Allahdır. O, yaradan və ibadət olunandır. Bu, İslamın sözüdür. Hər bir şeyin yaradanı bir nəfərdir, o da Allahdır. Deyə bilərsiniz ki, nə fərqi var ki, yaradan bir olsun, ya iki? Fərq çoxdur. Əgər yaradanın iki nəfər olduğunu desək, cəmiyyətin iki tanrı fəlsəfəsinə sahib olmasının ilk təsiri həmin cəmiyyətin iki sinfə ayrılmasıdır. Bir Allahı olan cəmiyyətin xalqları bütünlüklə bir sinfə, bir zümrə və təbəqəyə mənsub olacaq, bir-birilə qardaş və bir-birinin yanında olacaqlar. Xatırlatmaq istəyirəm ki, bizim yeganə Allaha, Onun iki deyil, bir olmasına etiqadlı olmağımızın mənası odur ki, Allah bəndələri fərqli təbəqədə yox, bir təbəqədə olacaqlar. Nə üçün? Çünki onların yaradanı və Allahı birdir.

Görəsən, Allah onları yaratdıqda, Onun bir zümrəyə sevgisi artıq idimi?

وَقَالَتِ الْيَهُودُ وَالنَّصَارَى نَحْنُ أَبْنَاء اللّهِ وَأَحِبَّاؤُهُ

“Yəhudilər və xaçpərəstlər dedilər: “Biz Allahın oğulları və sevimliləriyik.”[5]

Allah başqa bir ayədə onların cinayətlərindən birini üzlərinə vurur; həm cavab verir, həm də məzəmmət edir:

قُلْ فَلِمَ تَقْتُلُونَ أَنبِيَاء اللّه

“Onlara söylə: “Nə üçün Allahın peyğəmbərlərini öldürürdünüz?”[6]

Siz bu qədər Allaha yaxın, Onunla dost və qohum-əqrəbasınızsa, bəs, nə üçün Onun peyğəmbərlərini qətlə yetirirdiniz? Nə üçün Onun seçdiyi bəndələri öldürürdünüz? Nə üçün? Yəhudilər deyirdilər ki, biz Allahın oğlulları və yaxınlayırıq, imtiyaz sahibiyik. İslam buyurur ki, xeyr, bu söz yanlışdır. Başqa bir ayədə isə belə buyurulur:

قُلْ يَا أَيُّهَا الَّذِينَ هَادُوا إِن زَعَمْتُمْ أَنَّكُمْ أَوْلِيَاء لِلَّهِ مِن دُونِ النَّاسِ فَتَمَنَّوُا الْمَوْتَ إِن كُنتُمْ صَادِقِينَ

“De: “Ey yəhudilər! Əgər başqa insanların deyil, yalnız özünüzün Allahın dostları olduğunuzu güman  edirsinizsə, (və bunu) doğru deyirsinizsə, onda (Allahla görüşmək üçün özünüzə) ölüm diləyin!””[7]

Bu puç həyatdan qurtulun və öz yaxın dostunuz olan sevimli Allaha qovuşun. Axı O, sizin özünüzdəndir. Sonra isə belə buyurur:

وَلَا يَتَمَنَّوْنَهُ أَبَدًا

“Onlar heç vaxt ölümü diləməzlər![8] Yəhudi olasan, ölüm diləyəsən?! Bu, qeyri-mümkündür!

Beləliklə, bütün işlərin tədbir görəni Allahdır. O, yaradan və ibadətə layiqdir. Bu, olduqca mühüm məsələdir; əgər yaradan və ibadət olunan (məbud) birdirsə, sözsüz, insanlar da bir sinif və təbəqədə, eyni maddi kök və soydan olarlar. Bu maddi sözə diqqət yetirək və ona xüsusi olaraq istinad edək; bütün insanların maddi tərəfi, zahiri quruluşunun özəyi eyni soy və kökdəndir. Heç kim hüquqi imtiyazlara sahib olmaqda digərindən üstün deyildir, nəinki heç bir imtiyaza sahib deyillər. Buna da diqqət yetirməliyik, çünki insanlar bir sıra uyğun şərait nəticəsində xas istedada, imtiyaza malik olur. Bir insan yaradılış şəraitinə nəzərən dahi şəxsiyyətə çevrilir,istedadlı ata və anadan doğulur. Digərinin isə istedadı və gücü az, daha da zəif və arıq olur, biri gözəl, digəri isə eybəcər olur. Bu da fərqlilik və ayrı-seçkilikdir. Lakin bu fərqlilik hüquqi parametrlərə əsaslanmır. Cismani gücü çox olanın ictimai hüquqdan daha çox bəhrələnəcəyi, elitar ailədə dünyaya göz açanın daha çox imkanlara sahib olacağı anlamında deyil. Onların təsis etdikləri məktəbdə bütün uşaqlar bərabər şəkildə təhsil və təlim-tərbiyə alır. Bütün insanlar əmək və ticarət imkanlarından eyni şəkildə bəhrələnir.

İslam cəmiyyətində İslam hakimiyyəti və islami qanunların icrası sayəsində kimsənin təhsil alması, işləməsi, anlaması, pul qazanması, iş alması və işə düzəlməsi, hətta daha yüksək vəzifələrdə çalışması üçün favoritizmə, qohumbazlığa ehtiyac duyulmur. İslam cəmiyyətində meydan milyonlarla insanın üzünə açıqdır, ondan hamı istifadə edə, maddi və mənəvi hədəflərə doğru addımlaya bilər. Bunun üçün heç bir maneə yoxdur, yol hamının üzünə açıqdır. Qeyri-tövhidi və nadan sistemlərdə isə tamamilə bunun əksinədir; bəziləri üçün yol asfaltlanır, bəziləri üçünsə tikanlar, daşlar və maneələr doldurulur. Sədi demişkən:

سنگ را می بندند و سگ را می گشایند

“Daşı bağlayır, iti isə açıq saxlayırlar.”[9]

İslam cəmiyyətində hamı ən yüksək məqamlara qədər yüksələ bilir. Misal üçün, Bilal Həbəşi azançı məqamına yüksəlir. (Bu günümüzə baxmayın; İmam Həsən (ə) məscidinin azançısı bizim Məşhədi İshaq həqarət hissi keçirir, adətən, vaxtında gəlmir, deyəsən, burada deyil ki, eşitsin, bəzi günlər gəlir, bəzi günlər isə gəlmir.) Azançılıq məqamı İslamda əzəmətli və şərəfli bir məqamdır, hər kəs azançı ola bilmirdi. O dövrün cahillik meyarlarına əsasən, cəmiyyətin ən aşağı təbəqəsindən olan qaradərili Bilal Həbəşi azançı məqamına – ən yüksək vəzifələrdən birinə layiq görülür. Salman Farsi o dövrün meyarlarına görə, ən aşağı təbəqədən sayılırdı; çünki ərəblər özlərini üstün, digərlərini isə özlərindən aşağı hesab edirdilər. O, fars, isfahanlı və qərib idi, uzaq yerdən gəlmişdi. Ərəb dilini, bəlkə də, yaxşı bilmirdi, amma böyük bir məntəqəyə hakim (vali) təyin edilir. Belə nümunələr çoxdur.

Bir sözlə, yaradılışda insanlar bəzi imtiyazlara sahib olsa belə, əlavə hüquqi imtiyaza sahib ola bilməz. Allah tərəfindən təyin edilən hidayət və rəhbərlik məqamı kimi spesifik məqamlardan başqa, bütün məqamlar və imtiyazlar bərabər şəkildə hamının ixtiyarında qoyulur və onlardan istifadə isə insanın əmək və qabiliyyətindən asılıdır. Bütün dünya Allahındır, insanlar da Ona möhtacdır. Hamı Ondan istəməli, ehtiyac əlini Ona doğru açmalıdır. Burada hamı bərabərdir.

Allah dərgahında Peyğəmbərin (s), Əmirəlmöminin Əlinin (ə), Xanım Fatimeyi-Zəhranın (s.ə.) övladı və İmam Hüseynin (ə) oğlu İmam Səccad (ə) da raz-niyaz etməli və göz yaşı axıtmalıdır, bu pak ailəyə mənsub olmayan digərləri də! Qazanmaq və dolanmaq üçün İmam Baqir (ə) və İmam Sadiq (ə) də əlinə bel alıb torpaq şumlayırdı, sıravi bir insan da. Əmirəlmöminin Əli (ə) hakimiyyətdə olduğu müddətdə də işləyirdi. Peyğəmbərin (s) zamanında ən böyük ordu sərkərdələrindən biri idi, bütün döyüşlərdə iştirak etmişdi, bununla belə, torpaq şumlayır və bağbanlıq edirdi. Belə nümunələr çoxdur. Baxın, pul qazanmaq istəyirsinizsə, çalışmalı, savadlı olmaq istəyirsinizsə, oxumalı və siyasi vəzifə istəyirsinizsə, lazımi addımlar atmalısınız. İşləmək üçün yol hamının üzünə açıqdır, işləyən qazanacaq.

Bu, İslam məntiqidir və onu Quranın müxtəlif ayələrində açıq-aydın görmək olur. Mən yenə Quran mətninə müraciət etməyi sizin özünüzə həvalə edirəm. Gedin, Quranı açıb oxuyun, onun ayələri üzərində düşünün ki, bu ayə bizə aid edilməsin:

أَفَلَا يَتَدَبَّرُونَ الْقُرْآنَ أَمْ عَلَى قُلُوبٍ أَقْفَالُهَا

Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa qəlbləri kilidlənmişdir?[10]

İndi isə birinci hissənin ayələrinə – “Muminun” surəsinin 84-91-ci ayələrinə diqqət yetirin:

قُل لِّمَنِ الْأَرْضُ وَمَن فِيهَا إِن كُنتُمْ تَعْلَمُونَ

“Ey Peyğəmbər! Müşriklərə de: “Əgər bilirsinizsə, bu yer və yer üzündə olanlar kimindir?””

Öz tanrılarının nüfuz dairələrini bölüşdürən və ayırd edən o müşriklərə de ki, yer və onda olanlar kimindir?

سَيَقُولُونَ لِلَّهِ

“Onlar: “Allahındır!” – deyə cavab verəcəklər.” Məkkə müşrikləri Allaha inanır, bütləri isə Allah dərgahında şəfaətçilər hesab edirdilər.

قُلْ أَفَلَا تَذَكَّرُونَ

“Sən də de: “Elə isə niyə özünüzə gəlmirsiniz?””

قُلْ مَن رَّبُّ السَّمَاوَاتِ السَّبْعِ وَرَبُّ الْعَرْشِ الْعَظِيمِ

“De: “Yeddi göyün Rəbbi (müdəbbiri), o əzəmətli ərşin Rəbbi kimdir?”

“Ərş”in mənası nədir? “Yeddi göy” nə deməkdir? Keçmiş bəhslərimizdə bu haqda bəzi mətləblərə toxunmuşduq, bəzi mətləblərin də qeyd edilməsinin yeri deyil. Bəzi mülahizələr irəli sürülmüşdür. Münasib fürsət və vaxtda diqqətinizə çatdıracağam. Onlar elə də önəmli deyil.

سَيَقُولُونَ لِلَّهِ

“(Müşriklər) mütləq: “Allahındır!” – deyə cavab verəcəklər.”

قُلْ أَفَلَا تَتَّقُونَ

“Onda sən də de: “Elə isə niyə (Allahdan) qorxmursunuz?”” Nə üçün Onun əmri və buyruğuna əsasən əməl etmir və düşünmürsünüz?

قُلْ مَن بِيَدِهِ مَلَكُوتُ كُلِّ شَيْءٍ وَهُوَ يُجِيرُ وَلَا يُجَارُ عَلَيْهِ

“De: “Hər şeyin (mütləq) hökmranlığı əlində olan, sığınacaq verən, “Onun müqabilində isə heç bir kəsə sığınacaq verilməyən kimdir?

Qüdrət sahibləri, maksimum, müəyyən zahiri bir cismə hakim olurlar. Misal üçün, siz hansısa bir evə maliksiniz, bir kərpicin yerini dəyişəcək, bir ağırlığı bir tərəfdən götürüb o biri tərəfə qoyacaq, iki dəmir parçanı bir-birinə qaynaq edəcək və yaxud bir-birindən ayıracaq qədər güc sahibisiniz. Sizin o ağırlığa hökmranlığınız yalnız bu qədərdir. Lakin bu varlıq aləminin bütün hissələrinə hakim olan Odur, onun zərrəciklərinin hərəkəti Onun əlindədir, bitkilərin inkişafı, heyvanların və insanların bütün daxili hərəkətləri, bir sözlə, onların hər bir şeyi qüdrət sahibi olan Allahın ixtiyarındadır .

قُلْ مَن بِيَدِهِ مَلَكُوتُ كُلِّ شَيْءٍ

“De: “Hər şeyin (mütləq) hökmranlığı əlində olan kimdir?”

وَهُوَ يُجِيرُ

“O, sığınacaq verir.”

 وَلَا يُجَارُ عَلَيْهِ

Onun müqabilində isə heç bir kəsə sığınacaq verilmir.Yəni, Allahın müqabilində Ondan qaçıb başqasına sığınmaq mümkün deyil. Fərz edin ki, xristianlar Allaha üsyan edib Həzrət İsaya (ə) sığınmaları, Həzrət İsanın (ə) da onlara sığınacaq verməsi və Allahın müqabilində onları himayə etməsi mümkün bir işdirmi? Heç vaxt! وَهُوَ يُجِيرُ – O, hər bir varlığa və hər bir insana sığınacaq verir. وَلَا يُجَارُ عَلَيْهِ – Onun əleyhinə isə heç kimə sığınacaq verilmir. إِن كُنتُمْ تَعْلَمُونَ  – Əgər bilirsinizsə.

Bu xüsusiyyətlərin sahibi kimdir?

سَيَقُولُونَ لِلَّهِ

“Onlar deyəcəklər: “Allahındır!”” Hər bir şeyin hökmü Onun əlindədir. Sığınacaq verən Odur və Onun əleyhinə isə heç kimə sığınacaq verilməz.

قُلْ فَأَنَّى تُسْحَرُونَ

“Sən də de: “Elə isə necə aldadılırsınız?”

Quranın onların aldadılması və qəflətdə qalması məsələsinə istinad etməsi incə bir mətləbdir; Allah-Taala insanların qəflətdə qalması və aldadılmasını əsla istəmir, onların gözlərinin açılmasını istəyir. Quran əmindir ki, əgər insanlar gözüaçıq olarsa, onların nəzəri təmin olunacaq. Bu da bir həqiqətdir. Bizim də bugünkü sözümüz budur. Biz də deyirik ki, əgər müasir dünya gözüaçıq olarsa, bizim Quranımız dünyamiqyaslı hakimiyyətə nail olar; əlbəttə, əgər gözünü açarsa. Lakin bir tərəfdən nadanlıq və məğrurluqlar, digər tərəfdən isə xain əllər buna imkan vermir.

بَلْ أَتَيْنَاهُم بِالْحَقِّ

“Xeyr, Biz haqqı onların ixtiyarında qoyduq.”

وَإِنَّهُمْ لَكَاذِبُونَ

“Onlar isə, şübhəsiz ki, yalançıdırlar!”

Biz onlar üçün məsələni işıqlandırdıq, haqqı onların ixtiyarında qoyduq. Onlar isə əməl və ideoloji baxımdan bəhanə gətirir, yalan danışırlar.

مَا اتَّخَذَ اللَّهُ مِن وَلَدٍ

“Allah (Özünə) heç bir övlad götürməmişdir.”

وَمَا كَانَ مَعَهُ مِنْ إِلَهٍ

“Onunla yanaşı (və bərabər) heç bir məbud yoxdur.”

Diqqət yetirin ki, öncəki ayələrdə nəzərdə tutulmuş mətləb sübut olunsa da əsas istinad nöqtəsi ayənin bu hissəsidir.

إِذًا لَّذَهَبَ كُلُّ إِلَهٍ بِمَا خَلَقَ

“Əgər belə olsaydı (çoxlu məbudlar olsaydı), hər bir məbud öz yaratdığı ilə gedərdi.” Yəni, ixtilaf, ayrı-seçkilik, insanlar arasında sosial təbəqələşmə, yaradılışda və insanlar arasında vəhdət və birliyin pozulması meydana çıxardı. Nurun, zülmətin, insanın, yuxarı və aşağı təbəqənin ayrı-ayrılıqda məbudu olmasına etiqad bəsləyən bir şəxs yaradılış aləmini ayrı-ayrı qırx hissədən ibarət biləcək. Tövhid nəzəriyyəsinə əsasən isə yaradılış bir-birinə birləşmiş vahid sistem və vəhdətdən ibarətdir. İnsan, heyvan, dərə-təpə, yer, göy, planetlər və digər varlıqların bir-birilə rabitə və bağlılığı vardır və onlar hamılıqla vəhdət təşkil edirlər.

إِذًا لَّذَهَبَ كُلُّ إِلَهٍ بِمَا خَلَقَ

“Əgər məbudların sayı çox olsaydı, hər bir məbud öz yaratdığı ilə gedərdi.”

وَلَعَلَا بَعْضُهُمْ عَلَى بَعْضٍ

“Onların bir qismi digərinə üstün olmağa çalışardı.”

سُبْحَانَ اللَّهِ عَمَّا يَصِفُونَ

“Allah müşriklərin (Ona) aid etdikləri sifətlərdən tamamilə pakdır!”

Növbəti hissə “Bəqərə“surəsinin 21-22-ci ayələrini təşkil edir.

يَا أَيُّهَا النَّاسُEy insanlar!Kimə xitab edir? İnsanlardan bir qrupuna deyil, bütün insanlara xitab edir; həm yuxarı, həm də aşağı təbəqəyə, həm ağdərili, həm də qaradərili insanlara. Bizim də istinad edəcəyimiz ifadə bu ifadədir: يَا أَيُّهَا النَّاسُEy insanlar! اعْبُدُواْ رَبَّكُمُBir olan Rəbbinizə ibadət edin.الَّذِي خَلَقَكُمْO, sizi yaratdı. وَالَّذِينَ مِن قَبْلِكُمْVə sizdən əvvəlki insanları (da O yaratdı).لَعَلَّكُمْ تَتَّقُونَBəlkə, təqvalı olasınız. Yəni, bu ibadət və bəndəçilik təqvalı olmaq üçün bir səbəbdir. Təqvanı – bu xas və gözəl haləti sizin üçün şərh etmişəm. Təqva nədir? İnsanı günahdan qoruyan ruhi halətə təqva deyilir. Təqva Allaha bəndəçilikdir. Odur ki, hamılıqla Allahın bəndəsi olan və Ona bəndəçilik edən bir cəmiyyətdə təqva nümunələri olduqca çoxdur; belə cəmiyyətdə (yaşadığımız indiki dönəmdə) təqva qıtlığı yoxdur.

لَّذِي جَعَلَ لَكُمُ الأَرْضَ فِرَاشاً وَالسَّمَاء بِنَاء

O Allah ki, sizin üçün yer üzünü döşədi, göyü isə möhkəm tavan yaratdı.”

(Ayədə qeyd olunan “siz” ifadəsində bütün insanlar nəzərdə tutulur.)

وَأَنزَلَ مِنَ السَّمَاء مَاء فَأَخْرَجَ بِهِ مِنَ الثَّمَرَاتِ رِزْقاً لَّكُمْ

Göydən yağış suyu endirdi və onun vasitəsilə sizin üçün müxtəlif meyvələrdən ruzilər yetişdirdi.”

Bu ruzilər xas zümrəyə aid deyil ki, qalan zümrələr də onların sədəqəsi ilə dolansın. Xeyr! Bütün insanlara aiddir. Elə isə:

فَلاَ تَجْعَلُواْ لِلّهِ أَندَاداً وَأَنتُمْ تَعْلَمُونَ

İndi siz də Allaha bilə-bilə şəriklər (və rəqiblər) qoşmayın!”İnsanları iki yerə, ayrı-ayrı təbəqələrə bölməyin, hamı bərabər və eyni təbəqədəndir.

Növbəti ayə “Hucurat” surəsinin 13-cü ayəsidir. Bu ayə məşhurdur və dillərdə çox dolanır.

يَا أَيُّهَا النَّاسُ إِنَّا خَلَقْنَاكُم مِّن ذَكَرٍ وَأُنثَى

Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq.”

Yenə bu ayədə bütün insanlara xitab olunur.

Əmirəlmöminin Əliyə (ə) mənsub divanda bu ayənin təfsirində belə bir şeir nəql olunur:

الناسُ مِن جِهَةِ التِمثالِ اَكفاءُ

أَبوهُمُ آدَمُ وَالأُمُ حَوّاءُ

“İnsanlar yaradılışda soy və irq baxımından bərabərdirlər; ataları Adəm, anaları isə Həvvadır.

وَجَعَلْنَاكُمْ شُعُوبًا وَقَبَائِلَ لِتَعَارَفُوا

Bir-birinizi tanıyasınız deyə, sizi tayfa və qəbilələrə ayırdıq.”(Ayənin bu hissəsinin bir qədər izaha ehtiyacı var, lakin vaxtın azlığını nəzərə alıb lazımi bir vaxta həvalə edirəm.)

إِنَّ أَكْرَمَكُمْ عِندَ اللَّهِ أَتْقَاكُمْ

Allah yanında ən sevimli olanınız ən təqvalı olanınınzdır.”

Bu, sosial təbəqələrin inkarı ilə bağlı İslamın qəti hökmüdür. Yəni, insanların hansı bir təbəqə və ailəyə, hansı irqə və rəngə mənsub olması onların hörmətli və sevimli olması demək deyildir. İncə və maraqlı məqam məsələnin burasıdır: Təqvalılar digərlərindən üstün və hörmətli olsalar da yenə hüquqi imtiyazlara sahib deyillər. Elə deyil ki, təqvalı insnalar artıq pul alsın və əlavə hüquqi və sosial xidmətlərə sahib olsun. Əsla belə deyil! Əksinə: Allah yanında ən əziz insanlar təqvalılardır.” Əlbəttə, qeyd etməliyik ki, təqva müəyyən həddə ictimai təsirlərə səbəb olur, yalnız bəzi məşğələlər və vəzifələrdə çalışmağın şərti təqvalı olmaqdır.

إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ

Həqiqətən, Allah biləndir, (hər şeydən) xəbərdardır.”

Yenə “İsra” surəsinin 70-ci ayəsində mövzumuzla bağlı belə buyurulur:

وَلَقَدْ كَرَّمْنَا بَنِي آدَمَ

“Həqiqətən, Biz, Adəm övladını şərəfli və hörmətli etdik.

وَحَمَلْنَاهُمْ فِي الْبَرِّ وَالْبَحْرِ

Onları suda və quruda (nəqliyyat vasitələri ilə) daşıdıq.Ola bilsin ki, ayənin bu hissəsi insanlar arasındakı rabitələrin bərqərarına işarədir. Əgər insanlar bir nöqtədən başqa bir nöqtəyə gedə və bu imkana sahib ola bilməsəydilər, çox güman ki, onların arasında ayrılıq yaranardı.

وَرَزَقْنَاهُم مِّنَ الطَّيِّبَاتِ

“Onlara müxtəlif pak şeylərdəan ruzi verdik.

وَفَضَّلْنَاهُمْ عَلَى كَثِيرٍ مِّمَّنْ خَلَقْنَا تَفْضِيلاً

Onları yaratdığımız varlıqların çoxundan üstün etdik.

Kimləri? Kimlərdən danışılır? Kimləri üstün etdik? Kimlərə pak ruzilər verdik? Kimləri yaradılmışların çoxundan üstün və fəzilətli etdik? Xüsusi təbəqə və irqi yox, insanları!

(Söhbətimiz yekunlaşdı, deyəsən, vaxtımızdan bir qədər də keçir. Bugünkü ayələri əziz qarilərimizdən biri tilavət edəcək. Xahiş edirəm, təşrif buyursun.)

İlahi, Muhəmməd və ali-Muhəmədə xatir, Quranı dünya və axirətdə bizim üçün dəstək yeri et!

İlahi, Muhəmməd və ali-Muhəmədə xatir, Quranı öyrənməklə xeyrini bizdən əsirgəmə!

 

Xülasə

Bazar ertəsi – Ramazan ayının 13-cü günü

TÖVHİD VƏ SOSİAL TƏBƏQƏLƏRİN İNKARI

Müxtəlif sosial xidmətlər və məhrum təbəqələrlə bərabər fərqli təbəqələrin mövcudluğu bəşər tarixinin böyük zülmlərindən biridir. Bu haqsız quruluşun etiqadi prinsipinə əsasən, bəzən müxtəlif təbəqələrin idarəçiliyini ixtiyarına alan cürbəcür məbudlar hər təbəqəni fərqli imtiyaz və hüquqlar əsasında bir-birindən ayırmışlar. Bəzən vahid məbud olaraq bir qrup insanı xilqət və təbiətcə başqalarından fərqləndirmiş, onları hüquqi səciyyələrlə dəyərləndirmişdir. Bəzən də bəşər cəmiyyətləri arasında bu fərqlilik və ayrı-seçkiliyi başqa formalarda, o cümlədən, onların etiqadında yaratmışlar. Buna əsasən, yuxarı təbəqələrin özəl imtiyazları təbii bir nemət, aşağı təbəqələrin məhrumiyyətləri isə fitri və zati zərurət tək qələmə verilmişdir. Tövhidə etiqad isə hamını yeganə Allahın məxluqu və bəndəsi bilməklə bərabər, bu etiqaddan qaynaqlanan digər dini maarif və təlimlərə əsasən, sosial təbəqələşmənin kökünü insanların zehnindən, cəmiyyətin daxilindən çəkib çıxarır. Aşağıdakı ayələrdə göstərilən həmin təlimlərin bir qismi belədir:

Bütün işlərin tədbir görəni Allahdır. O, xaliq və yeganə məbuddur. Hamı eyni maddi kök və soydan yaranmışdır. Heç kim hüquqi imtiyazlara sahib olmaqda digərindən üstün deyildir.

Bütün imtiyazlar hamıya bərabər şəkildə verilir, ondan istifadə isə insanın özünün davamlı əmək və fəaliyyətindən asılıdır.

Bütün dünya Onundur və insanlar hamılıqla Ona möhtacdır...

قُل لِّمَنِ الْأَرْضُ وَمَن فِيهَا إِن كُنتُمْ تَعْلَمُونَ  – (Ey Peyğəmbər! Müşriklərə) de: “Əgər bilirsinizsə, bu yer və yer üzündə olanlar kimindir?”

سَيَقُولُونَ لِلَّهِ قُلْ أَفَلَا تَذَكَّرُونَ  – Onlar: “Allahındır!” – deyə cavab verəcəklər. Sən də de: “Elə isə niyə düşünmürsünüz?”

قُلْ مَن رَّبُّ السَّمَاوَاتِ السَّبْعِ وَرَبُّ الْعَرْشِ الْعَظِيمِ  – De: “Yeddi göyün Rəbbi, o əzəmətli ərşin Rəbbi kimdir?”

سَيَقُولُونَ لِلَّهِ قُلْ أَفَلَا تَتَّقُونَ  – (Müşriklər) mütləq: “Allahındır!” – deyə cavab verəcəklər. Onda sən də de: “Elə isə niyə (Allahdan) qorxmursunuz?”

قُلْ مَن بِيَدِهِ مَلَكُوتُ كُلِّ شَيْءٍ وَهُوَ يُجِيرُ وَلَا يُجَارُ عَلَيْهِ إِن كُنتُمْ تَعْلَمُونَ  – De: “Əgər bilirsinizsə, (deyin görək) hər şeyin hökmranlığı əlində olan, sığınacaq verən, Onun müqabilində isə heç bir kəsə sığınacaq verilməyən kimdir?”

َيَقُولُونَ لِلَّهِ قُلْ فَأَنَّى تُسْحَرُونَ  – Onlar: “Allahındır!” – deyə cavab verəcəklər. Sən də de: “Elə isə necə aldadılırsınız?”

بَلْ أَتَيْنَاهُم بِالْحَقِّ وَإِنَّهُمْ لَكَاذِبُونَ  – Xeyr, Biz haqqı onların ixtiyarında qoyduq. Onlar isə, şübhəsiz ki, yalançıdırlar!

مَا اتَّخَذَ اللَّهُ مِن وَلَدٍ وَمَا كَانَ مَعَهُ مِنْ إِلَهٍAllah (Özünə) heç bir övlad götürməmişdir. Onunla yanaşı heç bir məbud yoxdur.

 إِذًا لَّذَهَبَ كُلُّ إِلَهٍ بِمَا خَلَقَƏgər belə olsaydı, hər bir məbud öz yaratdığı ilə gedər

 وَلَعَلَا بَعْضُهُمْ عَلَى بَعْضٍvə onların bir qismi digərinə üstün olmağa çalışardı.

سُبْحَانَ اللَّهِ عَمَّا يَصِفُونَAllah müşriklərin (Ona) aid etdikləri sifətlərdən tamamilə pakdır!

(“Muminun” surəsi, ayə 84-91.)

يَا أَيُّهَا النَّاسُ اعْبُدُواْ رَبَّكُمُEy insanlar! Rəbbinizə ibadət edin.

 الَّذِي خَلَقَكُمْ وَالَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ  – Rəbbiniz sizi və sizdən əvvəlkiləri yaratmışdır ki, təqvalı olasınız.

لَّذِي جَعَلَ لَكُمُ الأَرْضَ فِرَاشاً وَالسَّمَاء بِنَاء وَأَنزَلَ مِنَ السَّمَاء مَاء فَأَخْرَجَ بِهِ مِنَ الثَّمَرَاتِ رِزْقاً لَّكُمْ فَلاَ تَجْعَلُواْ لِلّهِ أَندَاداً وَأَنتُمْ تَعْلَمُونَ

لَّذِي جَعَلَ لَكُمُ الأَرْضَ فِرَاشاً وَالسَّمَاء بِنَاء – O Allah ki, sizin üçün yer üzünü döşədi, göyü isə tavan yaratdı.

وَأَنزَلَ مِنَ السَّمَاء مَاء فَأَخْرَجَ بِهِ مِنَ الثَّمَرَاتِ رِزْقاً لَّكُمْGöydən su endirdi və onun vasitəsilə sizin üçün müxtəlif məhsullardan ruzilər yetişdirdi.

فَلاَ تَجْعَلُواْ لِلّهِ أَندَاداً وَأَنتُمْ تَعْلَمُونَİndi siz də Allaha  bilə-bilə şəriklər (və rəqiblər) qoşmayın!

(“Bəqərə” surəsi, ayə 21-22.)

وَأَنزَلَ مِنَ السَّمَاء مَاء فَأَخْرَجَ بِهِ مِنَ الثَّمَرَاتِ رِزْقاً لَّكُمْ

Göydən yağış suyu endirdi və onun vasitəsilə sizin üçün müxtəlif meyvələrdən ruzilər yetişdirdi.”

فَلاَ تَجْعَلُواْ لِلّهِ أَندَاداً وَأَنتُمْ تَعْلَمُونَİndi siz də Allaha bilə-bilə şəriklər (və rəqiblər) qoşmayın!”

يَا أَيُّهَا النَّاسُ إِنَّا خَلَقْنَاكُم مِّن ذَكَرٍ وَأُنثَىEy insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq.”

وَجَعَلْنَاكُمْ شُعُوبًا وَقَبَائِلَ لِتَعَارَفُواBir-birinizi tanıyasınız deyə, sizi tayfa və qəbilələrə ayırdıq.”

إِنَّ أَكْرَمَكُمْ عِندَ اللَّهِ أَتْقَاكُمْAllah yanında ən sevimli olanınız təqvalı olanınınzdır.”

إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌHəqiqətən, Allah biləndir, (hər şeydən) xəbərdardır.”

(“Hucurat” surəsi, ayə 13.)

وَلَقَدْ كَرَّمْنَا بَنِي آدَمَ“Həqiqətən, Biz, Adəm övladını şərəfli və hörmətli etdik.

وَحَمَلْنَاهُمْ فِي الْبَرِّ وَالْبَحْرِOnları suda və quruda (nəqliyyat vasitələri ilə) daşıdıq.

وَرَزَقْنَاهُم مِّنَ الطَّيِّبَاتِ“Onlara müxtəlif pak şeylərədən ruzi verdik.” – وَفَضَّلْنَاهُمْ عَلَى كَثِيرٍ مِّمَّنْ خَلَقْنَا تَفْضِيلاًOnları yaratdığımız varlıqların çoxundan üstün etdik.

(“İsra” surəsi, ayə 70.)



[1]. Məclisin sonunda verilən xülasəyə müraciət edin.

[2]. Cəvahirləl Nehru (1889-1964) — Hindistanlı görkəmli siyasi xadim, Hindistanın müstəqilliyi uğrunda hərəkatın və Hindistan Milli Konqresinin rəhbərlərindən biri, Hindistanın azadlığından sonra ilk Baş Nazir. Hindistanın sonrakı Baş Naziri İndira Qandi onun qızı idi.

[3]. “Bəqərə” surəsi, ayə 21.

[4]. İmam Əliyə (ə) mənsub divan.

[5]. “Maidə” surəsi, ayə 18.

[6]. “Bəqərə” surəsi, ayə 91.

[7]. “Cümə” surəsi, ayə 6.

[8]. “Cümə” surəsi, ayə 7.

[9]. “Gülüstan”, Sədi.

[10]. “Muhəmməd” surəsi, ayə 24.