Quranda İslami təfəkkür tezisi - 10-cu məclis (AUDİO)

İBADƏT VƏ İTAƏT YALNIZ ALLAHA MƏXSUSDUR

 

Şənbə – 1974-09-28

Ramazan ayının 11-i.

بسم الله الرحمن الرحيم

هُنَالِكَ تَبْلُو كُلُّ نَفْسٍ مَّا أَسْلَفَتْ وَرُدُّواْ إِلَى اللّهِ مَوْلاَهُمُ الْحَقِّ وَضَلَّ عَنْهُم مَّا كَانُواْ يَفْتَرُونَ. قُلْ مَن يَرْزُقُكُم مِّنَ السَّمَاء وَالأَرْضِ أَمَّن يَمْلِكُ السَّمْعَ والأَبْصَارَ وَمَن يُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَيُخْرِجُ الْمَيَّتَ مِنَ الْحَيِّ وَمَن يُدَبِّرُ الأَمْرَ فَسَيَقُولُونَ اللّهُ فَقُلْ أَفَلاَ تَتَّقُونَ

“Orada hər kəs əvvəlcə gördüyü işi yoxlayacaq.Hamı həqiqi rəhbər olan Allaha doğru qaytarılacaq.Onların uydurub düzəltdikləri isə onlardan (uzaqlaşıb) gözdən itəcəklər.De: “Sizə göydən və yerdən kim ruzi verir?Eşitmə və görmələrə sahib olan kimdir?Ölüdən diri, diridən də ölü çıxardan kimdir? İşləri idarə edən kimdir?” Onlar: “Allahdır!” – deyəcəklər. De: “Bəs nə üçün qorxmursunuz?””

“Yunis” surəsi, ayə 30-31.

Qeyd etdiyimiz kimi, Quranda tövhid bəhsi olduqca geniş bir bəhsdir. Demək olar, Quranda ən geniş şəkildə müzakirə olunan bəhs məhz tövhid bəhsidir. Hətta nübuvvət bəhsinin o qədər təfərrüatı, peyğəmbərlərin ibrətamiz əhvalatlarına baxmayaraq, müxtəlif şəkillərdə sözü gedən tövhid, Allahın varlığı, xüsusən, şirkin inkarı məsələsi həm söz tonu, həm də ayələrin sayı baxımından misilsizdir. Əlbəttə, bəhsin genişliyini nəzərə alaraq, tövhidlə bağlı məsələlər də artacaqdır. Biz isə burada tövhidlə bağlı bütün məsələləri deyil, yalnız bir neçə məsələni ayələrə istinadən qeyd edəcək və araşdıracağıq.

Nəzərimizcə, tövhid bir etiqad olmaqla yanaşı, həm də həqiqətlə əlaqədar bir dünyagörüşü, qurucu bir maarifi özündə əks etdirir. Bu ifadələrlə ötən günlərdə müəyyən qədər tanışlıq yarandı. Əgər tövhidin öhdəlik və məsuliyyətlə yanaşı bir əqidə olduğunu qəbul ediriksə, onda, İslam mənbələrinə – Quran və hədislərə istinadən onun daxilindəki öhdəlik və məsuliyyətləri arayıb-axtarmalı, hər birini ayrı-ayrılıqda, maddə-maddə, cümlə-cümlə və fəsil-fəsil incələməliyik. Xahiş edirəm, uyğun mövzu ilə bağlı öncədən tanışlığı olan qardaş və bacılar (hamının və yaxud əksəriyyətin mövzu ilə bağlı tanış olduğunu düşünsəm də,) mənim işlətdiyim bəzi dəqiq kəlmə və ifadələrə diqqət yetirsinlər. Çalışın yadınızda saxlayın, mənalara fikir verin və onların üzərində düşünün.

Söz budur ki, əgər tövhid öhdəlik və məsuliyyətə səbəb olan və ona inanan bir şəxsə töhfə verən bir inancdırsa, onda, bu öhdəlik və məsuliyyətin nə olduğunu bilməli və dərk etməliyik. Amma görəsən, biz onu yalnız dil, qəlb və düşüncə ilə yekunlaşan bir öhdəlik və məsuliyyət kimi qəbul etməliyikmi? Yəni, bu etiqadın özü bir məsuliyyətdir, yoxsa, bu məsuliyyətin əhatəsi qəlb və düşüncə dairəsindən kənardır? Fərdi əməllərə gəldikdə isə, görəsən, tövhid insanın və cəmiyyətin öhdəsinə qoyduğu bir sıra fərdi vəzifələrlə, misal üçün, namaz qılmaq, hər bir işi Allahın adı ilə başlamaq və heyvanı yalnız Allahın adı ilə kəsməklə yekunlaşır, yoxsa, fərdi vəzifələr və öhdəliklərdən qat-qat üstündür? Tövhidin müvəhhid (tövhid əhli olan) cəmiyyətə bəxş etdiyi töhfə daha mühüm, daha böyükdür. İdarəçilik sistemi, iqtisadiyyat, beynəlxalq münasibətlər, insanların bir-birilə rabitələrini buna misal çəkə bilərik və bunlar cəmiyyətin idarəsi və həyatı ilə əlaqədar ən mühüm hüquqdur. Bizim nəzərimizcə, tövhidin öhdəlikləri və tövhid əhlinin üzərinə düşən məsuliyyətlər cəmiyyətin əsas vəzifələri və hüquqları çərçivəsinə aiddir.

Bir mətləbi də qeyd etməliyəm, sonra isə incə və dəqiq məsələlərə toxunacağıq. Bir sözlə, tövhid ideologiyasının hakim olduğu cəmiyyətin zahiri quruluşu başqa cəmiyyətlərlə fərqlənir. Müvəhhid cəmiyyətdə icra olunan bir qanun kimi onlarla qanun digər bir cəmiyyətdə icra olunsa da bu, həmin cəmiyyətin müvəhhid və tövhid ideologiyasının hakim olduğu cəmiyyət olması demək deyil. Müvəhhid, təkallahlı və tövhid ideologiyasının hakim olduğu cəmiyyətin quruluşu digər cəmiyyətlərin qurluşu ilə tamamilə fərqənir. Bir sözlə, müasir dövrdə buna ictimai quruluş deyilir.

Tövhid ideologiyasının hakim olduğu ictimai quruluş və sistem qeyri-tövhid ideologiyasının hakim olduğu cəmiyyətdən tamamilə fərqlidir və hətta bir-birinə ziddir. Bu cümlədə mətləb bundan ibarətdir. Siz bu cümləni araşdırın. İctimai quruluş və sistemlə bağlı mətləblər çoxdur və onu dünyanın yeni sivilizasiyaları, daha çox Quran və hədis mənbələrinə müraciət etmək sayəsində anlayıb dərk etmək olar. Bu, mövzumuzun külliyyatıdır.

Amma biz burada tövhid haqqında cüzi, xüsusi və maddələrdən ibarət bir qətnamə formasında söz açacaq və həmin qətnamənin maddələrini bir-bir qeyd edəcəyik. Tövhid qətnaməsinin maddələri nədir? İki nəfər, iki zümrə və cəbhə arasında müxtəlif müzakirələr aparıldıqdan sonra, qətnamə şəklində icrası laızm olan bir sıra müqavilələr bağlanıldığı kimi, tövhid əhli də tək olan Allah tərəfindən bu qətnaməni icra və onun maddələrinə əməl etməlidir. Bu qətnamənin ilk maddəsi bugünkü tilavətimizdə aydınlaşmalıdır. Tövhid prinsipinə əsasən, insanların Allahdan başqa, heç kimə və heç nəyə ibadət və itaət etmək haqqı yoxdur. Bu, tövhid qətnaməsinin ilkin maddəsidir. Əlbəttə, qeyd etdiyim “heç kim” və “heç nə” ifadəsinin əhatəsi olduqca genişdir. Baxın görün, ibadət və itaət nələrə aid edilir.

أَلَمْ أَعْهَدْ إِلَيْكُمْ يَا بَنِي آدَمَ أَن لَّا تَعْبُدُوا الشَّيْطَانَ

Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, şeytana ibadət etməyin...[1]

Bəzən, müxtəlif bəhslərdə şeytana ibadət haqqında söz açmışam. Şeytan yalnız İblis və yaxud gözəgörünməz, əllə toxunulması mümkün olmayan və insan həyatının hər bir sahəsinə hücum çəkən bir varlıq deyil, əksinə ümumi və geniş bir məfhumdur. Şeytan – insanın vücudu və varlıq dairəsindən xaricdə şər işlər törədən qüvvələrə deyilir. Şeytana yaxın olan nəfs isə onun köləsi və alətidir. Nəfsi isə belə tərif edə bilərik: “İnsanın daxilində şər işlər törədən qüvvə.” “Nəfsi-əmmarə” (pisliklərə sürükləyən nəfs) və Şeytan. “Nəfsi-əmmarə” daxili, Şeytan isə xarici qüvvədir. Hər iki qüvvə şər törədən və fəsad yaradandır. Şeytan, yəni sənin varlığından qıraqda yolunu kəsib şər törədir, yoluna od vurur, maneələr törədir, oğurluq və quldurluq edir. Şeytan budur. Nübuvvət və peyğəmbərlik bəhsində (Quranda islami təfəkkür tezisi ilə bağlı silsilə söhbətlərimizdə), inşallah, bu ayəni də sizə tərcümə (və şərh) edəcəyəm:

وَكَذَلِكَ جَعَلْنَا لِكُلِّ نِبِيٍّ عَدُوًّا شَيَاطِينَ الإِنسِ وَالْجِنِّ

Biz hər peyğəmbər üçün insan və cinlərdən olan şeytanlardan düşmənlər yaratdıq.[2]

Əlbəttə, biz sonradan bu düşmənlərin kimlər, hansı dəstələrdən, hansı təbəqələrdən və necə olduqlarını, nə üçün düşmənçilik edəcəklərini araşdıracağıq. Şeytan geniş bir anlamdır.

Şeytana ibadət etməyin(أَن لَّا تَعْبُدُوا الشَّيْطَانَ) – nə deməkdir? Yəni, şər törədən qüvvələrə boyun əyməyin, itaət etməyin. Tövhid budur. Tövhid dedikdə, onunla bağlı bütün məsələləri deyil, bunu nəzərdə tuturuq. Tövhidlə bağlı bütün incəliklər və növbəti söhbətlərimizdə işarə edə biləcəyim digər hissələr də öz yerində, şər qüvvələrə ibadət və itaət etməmək mövzusu da tövhid prinsipinin bir hissəsini təşkil edir;.

Bu hədisi, bəlkə də, bəzi münasibətlərdə qeyd etmişəm, indi də onun məqamıdır. Bu hədis bizim mötəbər hədis kitablarında o cümlədən “Üsuli-kafi” kitabında “Qüdsi hədis” ünvanında İmam Sadiqdən (ə) nəql olunmuşdur. Onun mənim yadımda qalan bir neçə cümləsi belədir (Allah-Taala buyurur):

لَأُعَذِّبَنَّ كُلَّ رَعِيَّةٍ فِي الْإِسْلَامِ دَانَتْ بِوَلَايَةِ كُلِّ إِمَامٍ جَائِرٍ لَيْسَ مِنَ اللَّهِ وَ إِنْ كَانَتِ الرَّعِيَّةُ فِي أَعْمَالِهَا بَرَّةً تَقِيَّةً وَ لَأَعْفُوَنَّ عَنْ كُلِّ رَعِيَّةٍ فِي الْإِسْلَامِ دَانَتْ بِوَلَايَةِ كُلِّ إِمَامٍ عَادِلٍ مِنَ اللَّهِ وَ إِنْ كَانَتِ الرَّعِيَّةُ فِي أَنْفُسِهَا ظَالِمَةً مُسِيئَةً.

“Həqiqətən, Allah tərəfindən olmayan hər bir zülmkar rəhbərin hökmranlığına boyun əyən hər bir rəiyyətə o rəiyyət əməl baxımından xeyirxah və təqvalı olsa da belə, əzab verəcəyəm; Həqiqətən, Allah tərəfindən olan hər bir ədalətli rəhbərin hökmranlığına boyun əyən hər bir rəiyyəti o rəiyyət özünə qarşı zülmkar və pis olsa belə, əfv edəcəyəm.”[3]

Allah tərəfindən təsdiq edilməyən və ondan ilhamlanmayan qüdrət və nümayəndəyə itaət etmək ya şirk həddindədir, ya da şirkin özüdür. Çünki bu işə boyun qoyan, bu bəla və acıya, bu ağır ictimai pozğunluğa düçar olan xalq öz fərdi işlərində səliqəli və niazm-intizamlı, xeyirxah və təqvalı olsa da, Allah-Taala Öz lütf və mərhəmətini o xalqın üzərindən götürəcək, onları cəzalandıracaq, işgəncələrə məruz qoyacaq və bəlaya mübtəla edəcək.

Nə üçün? Çünki Allahdan qeyrisinə ibadət və itaət insanın yaradılış fəlsəfəsi, insani təkamül və keyfiyyətlə, azadlıq və paklıqla əsla uzlaşmır. İnsanı zirvəyə aparan azadlıq və paklıq olmadığı təqdirdə, onun yeri əsarətlə doldurulacaq və nəticədə, insan lazımi zirvəyə nail ola, Allahın onun üçün təyin etdiyi yüksəkliyə qalxa bilməyəcək, tərəqqi və təkamüldən geri qalacaq. Eynilə, üstü örtülən, gövdəsi məftillə möhkəm bağlanan, ətrafını çiçəklənməsinə mane olan onlarla vasitənin dövrəyə aldığı bitki tək inkişaf etməyəcək. İnkişaf etmədikdə, meyvə verməyəcək. Meyvə vermədikdə isə varlığı səmərəsiz və faydasız olacaq. Nə üçün əkilmişdi? Meyvə verməkdən ötrü! Allahdan qeyrisinə itaət və bəndəçilik etmək də insanı belə bir bəla ilə üzləşdirir və Qurani-Kərimdə bu haqda çoxlu ayələr vardır.

Mən dərin araşdırma aparmadan, ötəri bir baxışla yadımda olan ayələri burada qeyd etməyi zəruri hesab edirəm. İcazənizlə, əsl mətləbə keçək və ayələri tərcümə edək. Əsas məqsədimiz də elə budur! Quranda tövhid nəğməsi ilə tanış olmaq lazımdır. Biz İslam maarifi sahəsində Qurandan çox uzaq qalmışdıq, başımızı bir sıra puç və əsassız gümanlara, batil düşüncələrə və xurafatlara qatmışdıq. Amma bu aldadıcı və içiboş təcəssüm materializm dalğaları müqabilində tab gətirmədi və onun necə sıradan çıxdığının şahidi olduq. Tövhidlə bağlı əsassız gümanlara, quru və gülünc arqumentlərə başımızı qatmışdıq. Necə də quru və faydasız bəhslər idi?!

Baxın, sxolastlar tövhid barəsində nə qədər araşdırmalar aparmışlar? Onların araşdırmaları tövhid ideologiyasına əsaslanan bir cəmiyyətin formalaşmasında təsirsiz oldu. Məgər həyatla bağlı hansısa bir məsələdə yüz il araşdırma aparıldıqdan sonra onun həyata təsirsiz ötüşməsi mümkündürmü? Yüz illərlə quru, zahiri baxımdan aldadıcı və batini baxımdan faydasız, həqiqi aləmlə rabitəsi olmayan araşdırmalar aparmışlar. İndi isə biz yeni həyata qədəm qoymaq üçün tövhiddən yardım diləyir və həmin araşdırmalara nəzər yetirdikdə, heç bir rabitənin olmadığının şahidi oluruq. Necə deyərlər, o qədər bəhslər və araşdırmalar sanki insan yanında bir daş kimidir. İndi də tövvhiddən xarici dünyamız üçün bəhrələnmək istəyitik. Nəyimiz vardır? Halbuki, tövhidlə bağlı Qurana müraciət etdikdə, “tövhid” adlı bina və tikilinin müxtəlif hissələrini yüzlərlə ayədə ən gözəl bəyan və ən sadə metodla izah edildiyini görürük. Bu zaman tövhid həyatı necəliyi və müvəhhid insanın kimliyi aydın olur.

Bir sözlə, qeyd edəcəyimiz ayələr tövhid ayələrinin bir qismini təşkil edir və onların üzərində dərindən düşünmək zəruridir. Burada bu neçə ayənin yalnız tərcüməsini diqqətinizə çatdırıram. Bu ayədə Qiyamətdən söz açılır:

وَيَوْمَ نَحْشُرُهُمْ جَمِيعًا

O gün onların hamısını bir yerə yığacağıq.[4]

ثُمَّ نَقُولُ لِلَّذِينَ أَشْرَكُواْ

“Sonra müşriklərə – Allaha şərik qoşanlara deyəcəyik:

مَكَانَكُمْ أَنتُمْ وَشُرَكَآؤُكُمْ

Siz də, Allaha qoşduğunuz şərikləriniz (bütləriniz) də yerinizdə durun!””

فَزَيَّلْنَا بَيْنَهُمْ

“Onların arasında (onlarla Allah üçün fərz etdikləri xəyali şərikləri arasında) ayrılıq salacağıq.

Burada səthi və ötəri bir baxışla anlamaq olur ki, bu bütlər – Allaha qoşulan şəriklər Qiyamətdə cansız Hübəl bütündən başqa bir şey olmadığından Məhşər səhrasına gətirilməyəcəklər. O, insanlar arasında olmayacaq ki, Məhşər səhrasında onu tutub desinlər: Sən öz yerində dur.” Mənat və Lat bütləri də belə olacaq. Mənat xüsusi bir bütün adıdır; bir qız və yaxud bir mələk simasında olan bir büt. Lat, Hübəl və Üzza bütləri də belədir.

Bizim söhbətimiz Rum və yaxud Yunan bütxanasında hansı büt heykəlinin qoyulması, həmçinin, Hind torpağında buzova pərəstiş haqqında deyil; əksinə Allaha şərik və rəqib seçilən insanlar haqqındadır. Qiyamətdə onlara deyiləcək ki, öz yerinizdə durun, tərpənməyin!

Qiyamətdə Allahdan savayı, digər yalançı məbudların qüdrətinin inkarı ilə bağlı ilk acıqlı söz budur: Öz yerinizdə durun. Görün, bunun Qiyamətdə təsiri necə olacaq? Mənə və sizə belə deyiləcək: Allah üçün təsəvvür etdiyiniz rəqiblər – istər müşrik ərəb olsun, istrəsə də qeyri-ərəb; istər iranlı olsun, istərsə də rumlu; istər həbəşistanlı olsun, istər hindistanlı, istərsə də misirli. Allah üçün təsəvvür edilən rəqiblər, qoşulan şəriklərin Qiyamətdə vəziyyəti belə olacaq; o və ardıcılları Allah-Talanın acıqlı və qəzəbli şəkildə “dur” deməsi ilə bir kənarda qısılıb qalacaqlar.

وَيَوْمَ نَحْشُرُهُمْ جَمِيعًا

O gün onların hamısını bir yerə yığacağıq.[5]

ثُمَّ نَقُولُ لِلَّذِينَ أَشْرَكُواْ

“Sonra müşriklərə – Allaha şərik qoşanlara deyəcəyik:

مَكَانَكُمْ أَنتُمْ وَشُرَكَآؤُكُمْ

Siz də, Allaha qoşduğunuz şərikləriniz (bütləriniz) də yerinizdə durun!””

فَزَيَّلْنَا بَيْنَهُمْ

“Onların arasında (onlarla Allah üçün fərz etdikləri xəyali şərikləri arasında) ayrılıq salacağıq.

وَقَالَ شُرَكَآؤُهُم مَّا كُنتُمْ إِيَّانَا تَعْبُدُونَ

“Onların (qoşduqları) şərikləri dilə gəlib (tam nankorluqla öz ardıcıllarına) deyəcəklər: “Siz bizə (dünyada) ibadət etmirdiniz.”

Eynilə, bir müttəhim kimi, günahı öz boynundan atmaq üçün çarəsizlikdən hər bir vasitəyə əl atacaq. Nəzərimcə, ötən söhbətimizdə bununla bağlı dialoq şəklində olan ayələri oxuduq. Quranın digər dialoqunda belə buyurulur:

وَقَالَ الَّذِينَ اسْتُضْعِفُوا لِلَّذِينَ اسْتَكْبَرُوا بَلْ مَكْرُ اللَّيْلِ وَالنَّهَارِ

“Zəif olan kəslər özlərini yuxarı tutanlara (təkəbbürçülük edənlərə) deyərlər: “Xeyr, bəs gecə-gündüz qurduğunuz hiylələr?...”[6]

Azğınlıqları qarşılıqlı olanlar Qiyamətdə bir-birinin canına düşəcək, bir-birinin əleyhinə qalxacaqlar. Sanki Allaha şərik qoşanlar bir-birinin yaxasından tutub digərini yerə vurmaq istəyəcək və deyəcək: “Mən Allahın yerinə səni qəbul etmişdim, indi isə bu bəlaya düçar olmuşam.” Dünyada pərəstiş olunan kəs də günahı öz boynundan atmaq üçün son dərəcə nankorluqla dünyadakı ardıcılları və sevənlərindən üz çevirəcək, onlara nifrət edəcək:

مَّا كُنتُمْ إِيَّانَا تَعْبُدُونَ

“Siz bizə (dünyada) ibadət etmirdiniz.”

فَكَفَى بِاللّهِ شَهِيدًا بَيْنَنَا وَبَيْنَكُمْ

“Sizinlə bizə aramızda təkcə Allahın şahid olması yetər.”

Bu, şəriklərin sözüdür.

إِن كُنَّا عَنْ عِبَادَتِكُمْ لَغَافِلِينَ

“Biz sizin bizə ibadət etməyinizdən xəbərsiz idik!” Heç sizin bizim müqabilimizdə ibadət və bəndəçilik etdiyinizi anlamadıq! Budur həmin şəriklərin sözü!

هُنَالِكَ تَبْلُو كُلُّ نَفْسٍ مَّا أَسْلَفَتْ

Orada hər kəs əvvəlcə gördüyü işi yoxlayacaq.O zaman hər bir kəs keçmişdə baş verənlər və dünyada yerinə yetirdiyi işləri çək-çevir edəcək.

وَرُدُّواْ إِلَى اللّهِ مَوْلاَهُمُ الْحَقِّ

“Hamı həqiqi rəhbər olan Allahın hüzuruna qaytarılacaqdır.

وَضَلَّ عَنْهُم مَّا كَانُواْ يَفْتَرُونَ

Onların uydurub düzəltdikləri isə onlardan (uzaqlaşıb) gözdən itəcəklər.

İnsanın Allahdan başqa, məqsədli şəkildə ibadətə layiq gördüyü hər bir şey, Allahdan qeyrisinə ibadət etmək üçün qəlbindəki bütün bəhanələr və Qiyamətdə onun əlindən tutacağını düşündüyü bütün vasitələr unudulacaq. Bəzən, insan öz şirki üçün bəhanə axtarır, xəyallar qurur və dini don geyinir. İnsan Qiyamət gününün məhkəməsində sıra ilə düzdüyü birinci, ikinci, üçüncü, dördüncü, beşinci bəhanələrin heç birinin olmadığını, hamısının puç və batil olduğunu anlayacaq:

وَضَلَّ عَنْهُم مَّا كَانُواْ يَفْتَرُونَ

Onların uydurub düzəltdikləri isə onlardan (uzaqlaşıb) gözdən itəcəklər.

Bu ayə ilə bağlı ehtimal edilən başqa bir məna budur: İnsan dünyada özü üçün dayaq və sığınacaqlar güman edir – ibadət və itaət etdikləri ilə özünə təskinlik verir. Lakin Qiyamət günü bütün bu dayaqlar, sığınacaqlar və hamilər onun çiynindəki yükü götürə bilməyəcək və çarəsiz olduğunu görəcək!

Diqqət yetirin, Quran arqumentləri belədir. Hadisənin bir ucundan yapışıb məsələni isbat edir. Bəzən də üzbəüz sübut etmir, insanın özünü onun haqqında düşünməyə vadar edir. Allah-Taala bu ayələrdə sübut etmək istəyir ki, yalnız Ona ibadət və itaət edilməlidir; odur ki, həmin arqumentdən istifadə edir.

قُلْ مَن يَرْزُقُكُم مِّنَ السَّمَاء وَالأَرْضِ

De: “Sizə göydən və yerdən kim ruzi verir?

Göydən həyat bəxş edən yağışı kim yağdırır? Yerdən həyat mənbələrini kim cücərdir?

أَمَّن يَمْلِكُ السَّمْعَ والأَبْصَارَ

Eşitmə və görmələrə sahib olan kimdir?

Ayədə qeyd olunan “səm`” sözünü “qulaq” sözü ilə səhv salmayın. Xüsusi bədən üzvü olan qulağa ərəbcə “uzun” deyilir. “Səm`” isə eşitmə haləti və gücünə deyilir. Buna əsasən də ona qulaq deyilir. Məsələn, qulağı kəsilən insana deməzlər ki, onun “səm`”ini (eşitmə halətini) kəsdilər, deyərlər ki, “uzun”unu (qulağını) kəsdilər. Bir sözlə, qulağa “səm`” yox, “uzun” deyilir. “Bəsər” də bu qəbildəndir. Bizim “göz” adlandırdığımız müəyyən bədən üzvünə ərəbcə “bəsər” deyilmir. “Bəsər” görmə mənasını ifadə edir. Göz cisimdirsə, görmə ruhdur. Əgər gözə “bəsər” deyilsə də, səbəbi görmə qabiliyyətinə sahib olması ilə əlaqədardır. Misal üçün, kor gözə “bəsər” deyilmir.

أَمَّن يَمْلِكُ السَّمْعَ والأَبْصَارَ

Eşitmə və görmə qüvvələrinə sahib olan kimdir?

Bu dərketmə və düşünmə qüvvəsini sizə bəxş edən kimdir? Onu sizdən ala bilən kimdir? Həqiqətdə, bu ayə bəsirətli, ağıllı və şüurlu olmağa işarədir; belə ki, ey insan, düşünmək və bu suala cavab vermək istəyirsənsə, bil ki, eşitmə və görmə qabiliyyətinə sahibsən.

وَمَن يُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ

Ölüdən diri çıxardan kimdir?

Misal üçün, hamilə bir qadın ölür və bətnindəki diri qalmış uşağı onun bətnindən çıxarırlar. Bu, bir ehtimal!

Digər bir ehtimala görə isə, ölü və cansız nütfə və cisimdən diri varlıq çıxarırıq. Ölü torpaq minlərlə həyat verən maddəyə sahib bir xəzinə olsa da, özü ölüdür, amma onun daxilindən sizi diri çıxartdıq. İnsanların ilk mayası nədir? Torpaqdan çıxan qida və həyat maddəsi deyilmi? Elə isə ölüdən diri çıxardan Allahdır. Bu ayə ilə bağlı digər məqbul ehtimallar da vardır.

وَيُخْرِجُ الْمَيَّتَ مِنَ الْحَيِّ

Diridən ölü çıxardan kimdir?Yəni, ölmüş uşağı diri ananın bətnindən çıxaran kimdir? Ölmüş insanı ruhu diri olan insandan çıxaran kimdir? İnsanın zehninə gələn digər ehtimallar da ola bilər. Bir sözlə, bu, Rəbbin qüdrət nişanəsidir; ölüdən diri, diridən də ölü çıxarır. Bu, Allah-Taalanın yenilməz qüdrətinin nişanəsidir.

وَمَن يُدَبِّرُ الأَمْرَ

“Dünyanın işlərini idarə edən kimdir?”

İnsanın yer kürəsində yaşaya bilməsi üçün onda cazibə qüvvəsini qoyan kimdir? Yerdə, dənizdə və dağda həyat mənbələri yerləşdirən kimdir? Onları əldə etmək üçün insana güc verən kimdir? Bu günəşi, ayı, ulduzları, uzaq və əlçatmaz planetləri qəribə nəzmlə icad edən kimdir? Ayı yerdən müəyyən uzaqlıqda yerləşdirən kimdir? Halbuki, əgər aradakı məsafə az olsaydı, insanın yer üzündə yaşaması qeyri-mümkün olardı; çünki dəniz suları yer üzünü bütünlüklə basardı. Əgər məsafə çox olsaydı, yenə yaşayış qeyri-mümkün olardı; çünki su yer üzündə qalmaz və yerin dibinə çəkilərdi. Günəşi yaradan kimdir? Onu müəyyən məsafədə saxlayan kimdir? Əgər yerə bir az yaxın olsaydı, istidən, uzaq olsaydı, soyuqdan yaşamaq olmazdı. Belə misallar çoxdur.

Allahın hünəri və qüdrəti haqda nə deyə bilərik? Bizim əsrimizdə – iyirminci əsrdə alimlərin bu mövzuda qələmə aldığı kitablar və mətləblər o qədər çoxdur ki, mənim kimilər bu mövzuda danışmaq istəsə, gərək bir neçə gün danışsın. Mən də bunun tərəfdarı deyiləm.

وَمَن يُدَبِّرُ الأَمْرَ

“Dünyanın işlərini idarən edən kimdir?”

Bu sual vəhy nazil olduğu zaman müşriklərdən soruşulmasına rəğmən, iyirminci əsrdə yaşayan mən və səndən də soruşulur. وَمَن يُدَبِّرُ الأَمْرَ “Bütün dünyanı idarə edən kimdir?” Zərrəciklərdən tutmuş dünyanın əlçatmaz dərinliklərinə qədər hər bir şeyi Öz qüdrət əli ilə idarə edən Odur. “Dünyanı idarən edən kimdir?” – sualının həqiqi cavabını tapmaq üçün təəssübsüz, qərəzsiz və diqqətlə düşünün. O zaman:

فَسَيَقُولُونَ اللّهُ

“Onlar: “Allahdır!” – deyəcəklər.”

Bəziləri heç düşünmədən “Allahdır!” – deyə cavab verirlər. Çüki əqidələri budur və hər zaman bu əqidənin sahibi olmuşlar. Mən isə bir az düşündükdən, götür-qoy etdikdən sonra cavab verirəm ki, “Allahdır”, bu varlıq aləminə hakim nizam-intizam yalnız Onun tərəfindəndir, bu fələyi dolandıran Onun qüdrət əlidir. Təbii və qeyri-təbii gözlə baxıb gördüklərim, indi yox, onlarla il sonra elmi tərəqqi sayəsində görə biləcəklərim yalnız Allahın qüdrət nişanəsidir. Odur ki, cavab “Allahdır!”

İndi ki, cavab “Allah”dır, onda ey Peyğəmbərimiz, ey dəvətimizə doğru müjdələyici, ey insan, ey təkamülə yetirməkdə məsul olan, onların yaxasından yapış:

فَقُلْ أَفَلاَ تَتَّقُونَ

“De: “Bəs onda qorxmursunuz?”“

Bu nə deməkdir? Yəni, bu böyük Allahdan, ibadət və itaətdə şərik qoşduğunuz bu əzəmətli Allahdan qorxmursunuz? Baxın, əgər təkvini[7] aləmin tədbiri Onun əlindədirsə, nə üçün təşrii[8] aləmin tədbiri Onun əlində olmasın? Yadınızdadırsa, mən bir zaman o biri məsciddə[9]“Təbarəkə” (“Mülk”) surəsini şərh edirdim.

تَبَارَكَ الَّذِي بِيَدِهِ الْمُلْكُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ. الَّذِي خَلَقَ الْمَوْتَ وَالْحَيَاةَ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا

“Mülk əlində olan Allah nə qədər ucadır. O, hər şeyə qadirdir! Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur.[10]

Bu ayənin təfsirindən sonra varlıq aləminin, göylərin və yerlərin keyfiyyətindən söz açdıq. Ayənin əvvəlində nədən söz açılır? تَبَارَكَ الَّذِي بِيَدِهِ الْمُلْكُ “Mülk əlində olan Allah nə qədər ucadır.Mülk, yəni hakimiyyət və qüdrətin Allahın ixtiyarında olması. Hansı qüdrət? Həm “təkvini” (varlıq) qüdrət, həm də “təşrii” qüdrət (qanunvericilik və idarəçilik qüdrəti) Ona məxsusdur. Varlıq aləmini bəzəyən varlıq (Allah) nə üçün qanunvericilik aləmini başqasına həvalə etsin? Halbuki, o “başqa” da Onun yaratdığıdır. Dünya və insan üçün təbii qanunlar icad edən nə üçün vətəndaş qanunlarını, cəza tədbirlərini və sairəni bəşər kimi zəiflərə, qüsurlu əqllərə, məhdud elmlərə və zəif iradələrə təhvil versin? Nə üçün? Axı nə üçün cəmiyyəti Özü idarə etməsin? Nə üçün Özü qanun tənzimləməsin? Nə üçün qanuna nəzarəti və onun himayəsini Öz öhdəsinə götürməsin? Nə üçün Özü rəhbərlik və hökmranlıq etməsin? Nə üçün rəhbəri, imamı Özü təyin etməsin? Nə üçün onu ağlı naqis insanların öhdəsinə qoysun?

)فَذَلِكُمُ اللّهُ رَبُّكُمُ الْحَقُّ فَمَاذَا بَعْدَ الْحَقِّ إِلاَّ الضَّلاَلُ فَأَنَّى تُصْرَفُونَ(

(“O, sizin həqiqi Rəbbiniz olan Allahdır. Artıq haqdan sonra zəlalətdən başqa nə qalır?! Belə isə (haqdan) necə döndərilirsiniz?[11])

(Bu ayə ilə yanaşı, bizim burada toxunmadığımız əlavə iki-üç ayə də var ki, bəhsimizə aid deyil. Bu ayədən sonra dördüncü ayəyə çatırıq. Əlbəttə, bu gün möhtərəm qarimizin tilavət edəcəyi və sizin də qulaq asacağınız bəzi ayələri tərcümə etməyəcəyəm, tərcümə olunmuş Quranlara müraciət edə bilərsiniz.)

قُلْ هَلْ مِن شُرَكَآئِكُم مَّن يَهْدِي إِلَى الْحَقِّ

“De: “Şərikləriniz içərisində (insanları) haqq yola yönəldə bilən bir kimsə varmı?”

Ey Peyğəmbərimiz! Onları doğru yola yönəlt, başa sal, öyrət, maarifləndir. Onlara de ki, sizin Allaha qoşduğunuz bu şəriklər içərisində insanları haqqa doğru hidayət edən bir kəs varmı? Belə bir şəxs tanıyırsınızmı? Şübhəsiz, burada şəriklər dedikdə, daşdan və ağacdan düzəldilmiş bütlər nəzərdə tutulmur. Heç kim onların insanları doğru yola yönəltməsini belə ehtimal etmirdi. Görünür ki, məqsəd canlı bütlərdir – iqtidar və hakimiyyətdə olan Firon, Şüreyh Qazı və sair kimi dini və dünyəvi rəhbərlərdir. (Növbəti vərəqdə bunu qeyd etmişəm.)

قُلْ هَلْ مِن شُرَكَآئِكُم مَّن يَهْدِي إِلَى الْحَقِّ

“De: “Şərikləriniz içərisində (insanları) haqq yola yönəldə bilən bir kimsə varmı?”

Görəsən, müşriklərin bu suala cavabı nədir? Ola bilsin ki, onlar belə cavab veriblər: “Bəli, bizim seçdiyimiz şəriklər haqdır, haqqın özüdür, nəinki insanları hidayət edir, hələ ondan da üstün işlər görə bilirlər.” Elə buna görə də ayədə onlara verilən cavab qeyd olunmur; yəni onlar Allaha qoşduqları şəriklərin hidayət etməsində yanılırlar, səhvə yol verirlər. Ey Peyğəmbər! Sən özün onlara belə cavab ver:

قُلِ اللّهُ يَهْدِي لِلْحَقِّ

“De: “İnsanları haqq yola yönəldən, doğru yolu göstərən Allahdır.Nə üçün? Çünki haqqı yaradan, haqqın incəliklərini bilən, insanları haqqa dəvət edən Allahdır. Sözsüz, Allaha qarşı çıxan şəxs haqqa qarşıdır və insanları da haqsızlığa dəvət edir. Haqqa dəvət edən isə Allahdır.

Allahın insana bəxş etdiyi ağıl və şüur vasitəsilə Allahın haqqa dəvət etdiyi, doğru yola yönəltdiyi, şərik və rəqiblərin isə ona qarşı çıxdığı bəlli olduqdan sonra, belə buyurulur:

أَفَمَن يَهْدِي إِلَى الْحَقِّ أَحَقُّ أَن يُتَّبَعَ أَمَّن لاَّ يَهِدِّيَ إِلاَّ أَن يُهْدَى

“Belə olduqda, doğru yola yönəldən kəs tabe olunmağa daha çox layiqdir, yoxsa doğru yol göstərilmədikcə özü onu tapa bilməyən kəs?”

Sonda onların hansına itaət etmək, kimin arxasınca getmək lazımdır? Haqqı yaradıb ona tərəf yönəldən və haqq yolu göstərən Allaha, yoxsa, haqqa çatmaq üçün əlindən tutulmasına ehtiyacı olan şəxsə? O, bizi hidayət edəcəkmi? Axı özü hidayət olunmağa məcburdur, kimsə onu hidayət etməlidir. İndi burada kimdən söhbət gedir? İnsanları hidayət etmək istəyən şəriklərdən, yoxsa, hidayət olunması üçün əlindən tutulmasına ehtiyac duyan şəxsdən? Bu şərik necə insan, necə varlıq olmalıdır? Məqsəd hinduların buzovu və buzovpərəstlərdirmi, yoxsa Qüreyş və qeyri-Qüreyş müşriklərinin ibadət etdiyi heykəllər, məzdəkilərin[12] və zərdüştlərin müqəddəs atəşləri, yaxud yəhudilərin sinaqoqlarındakı heykəllər, yaxud da Rum və Yunan bütxanalarındakı heykəllər? Şübhəsiz ki, bunların heç biri deyil. Deyə bilərik ki, hidayət edən, yol göstərən və yaxud yolu tapmaq üçün əlindən tutulan şəxs cəmiyyətə rəhbərlik etmək və xoşbəxtliyə çatdırmaq iddiasında olan bir insandır. Quran buyurur ki, insanı xoşbəxtliyə çatdıran, onu həqiqət mənbəyinə yetirən və haqqa qovuşduran Allahdır. Özündən heç bir şeyi olmayanlar bunu bacarmaz.

فَمَا لَكُمْ

Ey dərk etməyən və düşünməyən insanlar! “Sizə nə olub”?

كَيْفَ تَحْكُمُونَ

“Necə mühakimə yürüdürsünüz?” Allahdan qeyrisinə nə üçün pərəstiş edirsiniz? Bu da tövhidlə bağlı bir bəhsdir.

(Əlbəttə, sabahkı söhbətimiz, inşallah, yenə tilavətlə yanaşı bu haqda olacaqdır. Vərəqin sonunda bir hissə qalıb, icazənizlə, bu ifadəni də oxuyum, vaxtımız az olduğundan şərh edə bilməyəcəyəm.)

Özlərini Allaha bənzədənlər və Allah yerinə qoyanlara – tarix boyu bəşərin canlı bütləri olanlara, istər dini qüdrət simaları (yəhudi alimləri və məsihi rahibləri) olsun, istərsə də dünyəvi qüdrət simalarına (zalım hakimlər, kətxudalar və mütriflərə) – ibadət etmək qadağan edilir.)

İslam bir zaman kitab əhlinə bir təkliflə çıxış etmişdi. Bu təklif Quran ayəsində də qeyd edilmişdir. Həmin ayədə qeyri-ilahi qüdrətlərə itaətin qadağan olunması belə vurğulanır:

قُلْ يَا أَهْلَ الْكِتَابِ تَعَالَوْاْ إِلَى كَلَمَةٍ سَوَاء بَيْنَنَا وَبَيْنَكُمْ أَلاَّ نَعْبُدَ إِلاَّ اللّهَ وَلاَ نُشْرِكَ بِهِ شَيْئًا وَلاَ يَتَّخِذَ بَعْضُنَا بَعْضاً أَرْبَابًا مِّن دُونِ اللّهِ فَإِن تَوَلَّوْاْ فَقُولُواْ اشْهَدُواْ بِأَنَّا مُسْلِمُونَ

“De: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf üz tutun! ( O kəlmə budur: ) “Allahdan başqasına ibadət etməyək.Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb (və rəhbər) qəbul etməyək!” Əgər onlar üz döndərərlərsə, o zaman (onlara) deyin: “Şahid olun ki, biz, həqiqətən, (Allaha) təslim olanlarıq!”

 

Xülasə

Şənbə – Ramazan ayının 11-ci günü

İBADƏT VƏ İTAƏT YALNIZ ALLAHA MƏXSUSDUR!

Qısa izahla aydın oldu ki, tövhid fəlsəfi bir anlayış olmasına rəğmən, həm də həyatda quruculuq rolunu ifa edir və məsuliyyət gətirir, başqa sözlə, insanların fərdi və ictimai həyatının təməli mütləq onun üzərində qurulmalıdır.

İndi isə Quranda “tövhid qətnaməsi”nin ümumi maddələrindən bir neçəsinə işarə edirik:

Tövhid prinsipinə əsasən, insanların Allahdan başqa, heç kimə və heç nəyə ibadət və itaət etmək haqqı yoxdur. Tarixdə qüdrət sahibləri tərəfindən bəşəriyyətin öhdəsinə qoyulan məsuliyyət və vəzifələr yanlış və haqqa qarşı olub. Bu ümumi bəyan bütləri, tanrıları, məbudları, bir sözlə, azğın nəfsi istəkləri əhatə edir. Bəşər və qeyri-bəşər cinsindən olaraq Allaha qoşulan bütlərdən söz açan (“Yunis” surəsinin) aşağıdakı ayələrində tövhid prinsipinin ümumi tezisinə işarə edilir:

وَيَوْمَ نَحْشُرُهُمْ جَمِيعًا O gün onların hamısını (Qiyamətdə) bir yerə yığacağıq.

ثُمَّ نَقُولُ لِلَّذِينَ أَشْرَكُواْ Sonra Allaha şərik qoşanlara deyəcəyik:

مَكَانَكُمْ أَنتُمْ وَشُرَكَآؤُكُمْ  – Siz də, Allaha qoşduğunuz şərikləriniz (bütləriniz) də yerinizdə durun!

فَزَيَّلْنَا بَيْنَهُمْ Onların arasında ayrılıq salacağıq.

وَقَالَ شُرَكَآؤُهُم مَّا كُنتُمْ إِيَّانَا تَعْبُدُونَ Onların (qoşduqları) şərikləri dilə gəlib deyəcəklər: “Siz bizə ibadət etmirdiniz.

فَكَفَى بِاللّهِ شَهِيدًا بَيْنَنَا وَبَيْنَكُمْ إِن كُنَّا عَنْ عِبَادَتِكُمْ لَغَافِلِينَ Sizinlə bizə aramızda təkcə Allahın şahid olması yetər. Biz sizin bizə ibadət etməyinizdən xəbərsiz idik!

هُنَالِكَ تَبْلُو كُلُّ نَفْسٍ مَّا أَسْلَفَتْ Orada hər kəs əvvəlcə gördüyü işi yoxlayacaq.

وَرُدُّواْ إِلَى اللّهِ مَوْلاَهُمُ الْحَقِّ Hamı həqiqi rəhbər olan Allaha doğru qaytarılacaqdır.

وَضَلَّ عَنْهُم مَّا كَانُواْ يَفْتَرُونَ Onların uydurub düzəltdikləri isə onlardan (uzaqlaşıb) gözdən itəcəklər.

قُلْ مَن يَرْزُقُكُم مِّنَ السَّمَاء وَالأَرْضِ De: “Sizə göydən və yerdən kim ruzi verir?

أَمَّن يَمْلِكُ السَّمْعَ والأَبْصَارَ Eşitmə və görmələrə sahib olan kimdir?

وَمَن يُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَيُخْرِجُ الْمَيَّتَ مِنَ الْحَيِّ Ölüdən diri, diridən də ölü çıxardan kimdir?

وَمَن يُدَبِّرُ الأَمْرَ Dünyanın işlərini idarə edən kimdir?

فَسَيَقُولُونَ اللّهُ Onlar: “Allahdır!” – deyəcəklər.

فَقُلْ أَفَلاَ تَتَّقُونَ De: “Bəs nə üçün çəkinmirsiniz? (Dünyanın idarəedicisi və qanunvericisi olması məsələsində Allahdan qeyrisinimi seçirsiniz?)

Bir neçə ayədən sonra söhbət canlı bütlər dairəsinə yaxınlaşdırılır və belə davam edilir:

قُلْ هَلْ مِن شُرَكَآئِكُم مَّن يَهْدِي إِلَى الْحَقِّ De: “Şərikləriniz içərisində (insanları) haqq doğru yönəldə bilən bir kimsə varmı?”

قُلِ اللّهُ يَهْدِي لِلْحَقِّ De: “İnsanları haqqa doğru yönəldən Allahdır.

أَفَمَن يَهْدِي إِلَى الْحَقِّ أَحَقُّ أَن يُتَّبَعَ أَمَّن لاَّ يَهِدِّيَ إِلاَّ أَن يُهْدَى Belə olduqda, doğru yola yönəldən kəs tabe olunmağa daha çox layiqdir, yoxsa doğru yol göstərilmədikcə özü onu tapa bilməyən kəs?

(“Yunis” surəsi, ayə 28-35.)

Aydındır ki, doğru yola yönəltmək (hidayət etmək) və doğru yola yönəlmək (hidayət olmaq) “insan” adlı canlı varlığa aid bir məsələdir. Bu ayədə isə allahlıq və idarəçilik iddiası edən, ibadət və itaət olunmasını istəyən, özlərini Allaha şərik bilən və Onun yerinə qoyan insanlardan söz açılır,

Özlərini Allaha bənzədənlərə – istər dini qüdrət simasında olanlar (yəhudi alimləri və məsihi rahibləri) olsun, istərsə də dünyəvi qüdrət simasında olanlar (zalım hakimlər, kətxudalar və mütriflər) – ibadət etmək qadağan edilir.

İslamın kitab əhlinə təklif etdiyi ayədə də belə buyurulur:

قُلْ يَا أَهْلَ الْكِتَابِ تَعَالَوْاْ إِلَى كَلَمَةٍ سَوَاء بَيْنَنَا وَبَيْنَكُمْ De: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf üz tutun!

أَلاَّ نَعْبُدَ إِلاَّ اللّهَ ( O kəlmə budur:) “Allahdan başqasına ibadət etməyək.

وَلاَ نُشْرِكَ بِهِ شَيْئًا Ona şərik qoşmayaq.

وَلاَ يَتَّخِذَ بَعْضُنَا بَعْضاً أَرْبَابًا مِّن دُونِ اللّهِ Və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb (və rəhbər) qəbul etməyək!

فَإِن تَوَلَّوْاْ فَقُولُواْ اشْهَدُواْ بِأَنَّا مُسْلِمُونَ Əgər onlar üz döndərərlərsə, o zaman (onlara) deyin: “Şahid olun ki, biz, həqiqətən, (Allaha) təslim olanlarıq!

(“Ali-İmran” surəsi, ayə 64.)

 

 

 



[1]. “Yasin” surəsi, ayə 60.

[2]. “Ənam” surəsi, ayə 112.

[3]. “Kafi”, c. 1, səh. 376, “Höccət” bölməsi, hədis 4.

[4]. “Yunis” surəsi, ayə 28-32.

[5]. “Yunus” surəsi, ayə 28-32.

[6]. “Səbə” surəsi, ayə 33.

[7]. Yaradılış.

[8]. Qanunvericilik.

[9]. Müqəddəs Məşhəd şəhərinin Kəramət məscidi.

[10]. “Mülk” surəsi, ayə 1-2.

[11]. “Yunis” surəsi, ayə 1-2.

[12]. Qədim İranda, hindu qövmləri və arilər arasında geniş yayılmış dini ayinlərin adı. Sonralar bu ayin İranda Zərdüşt vasitəsilə ləğv edildi. Atəş bu aiyinin ən pak simvoludur.