Quranda İslami təfəkkür tezisi kitabı - 15-ci məclis (AUDİO)

NÜBUVVƏTDƏ BESƏT

 

Cümə axşamı – 1974-10-03

Ramazan ayının 16-sı.

بسم الله الرحمن الرحيم

اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ. اقْرَأْ وَرَبُّكَ الْأَكْرَمُ. خَلَقَ الْإِنسَانَ مِنْ عَلَقٍ.الَّذِي عَلَّمَ بِالْقَلَمِ.عَلَّمَ الْإِنسَانَ مَا لَمْ يَعْلَمْ. إِنَّ الْإِنسَانَ لَيَطْغَى.أَن رَّآهُ اسْتَغْنَى. إِنَّ إِلَى رَبِّكَ الرُّجْعَى

”Yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələm vasitəsilə öyrətdi. İnsana bilmədiklərini öyrətdi. Sözsüz, insan azğınlıq edir. Özünü ehtiyacsız gördüyü üçün! Həqiqətən, sənin axır dönüşün Rəbbinədir!

“Ələq” surəsi, ayə 1-8.

 

Bizim bugünkü söhbətimiz peyğəmbərin peyğəmbərlik məqamında ikən Allah tərəfindən vəhyi və ilahi mesajı aldığı zaman özü və ətraf dünyasında yaranan vəziyyət və keyfiyyətlə əlaqədardır. Əlbəttə, peyğəmbərin özünün daxili vəziyyəti və keyfiyyəti ilə elə də işimiz yoxdur. Lakin onu bəyan etməkdə məqsədimiz Qurani-Kərimin və dindar kütlənin işlətdiyi adi bir sözdən istifadə olunan dəqiq və incə bir mətləbdir. Bu da nübuvvət məsləsinin bir yönünü bizim üçün aydınlaşdırır.

Bildiyiniz kimi, Quranda, adətən, peyğəmbərlərin gəlişi “besət” sözü ilə ifadə olunur:

وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَّسُولاً

“Həqiqətən, Biz hər ümmətə peyğəmbər göndərdik.”[1]

Biz Musanı (ə), İbrahimi (ə) və digər peyğəmbərləri “məbus” etdik. “Besət” nə deməkdir və onun nübuvvətlə rabitəsi nədən ibarətdir? Bizim bugünkü söhbətimizin mövzusu siz qardaş və bacıların əlindəki vərəqdə qeyd olunduğu kimi “nübuvvətdə besət”dir. Hər nübuvvətdə bir “besət” vardır. “Besət” nə deməkdir? Əgər peyğəmbərlikdə bir “besət” vardırsa, bu “besət” kimə aiddir və faydası nədir və sairə?

“Besət” – qalxmaq mənasını daşıyır. “Qalxmaq” sözündə süstlük və durğunluqdan sonra bri növ hərəkət vardır. Uzun illər qəbiristanlıqda yatmış və bədəni torpağa qarışmış bir ölünün Qiyamət günü Allah-Taalanın qüdrəti ilə qəbirdən qalxmasına “bə`s” deyilir. Qurani-Kərimdə də belə buyurulur:

فَهَذَا يَوْمُ الْبَعْثِ

Bu, (hamının qəbirdən qalxdığı) bə`s (Qiyamət) günüdür.[2]

Evində yatan və yaxud quru ağac, cansız bitki (kahı yarpağı) tək adi həyat tərzində heç bir iş və fəaliyyəti olmayan, cəmiyyətin adi hərəkət seyrində istənilən səmtə yönləndirilən bir şəxsin ayılıb özünə gəlməsinə, laqeydlik vəziyyətindən çıxmasına, cəmiyyətə hakim təbii cərəyanın onu əsla qane etməyən biri durumda olduğunu bildikdən və digər tərəfdən, onu xoşbəxtlik mənzilinə çatdıran bir cərəyanla tanış olduqdan sonra, ayılması, fəaliyyətə başlaması və hərəkətə keçməsinə “bə`s” (besət) deyilir. Buna ən sadə misal insanın yuxudan ayılmasıdır; süstlük, tənbəllik, halsızlıq və durğunluq vəziyyətindən çıxıb işə başlaması “bə`s” (besət) adlanır.

Bildiyiniz kimi, Qiyamət gününün adlarından biri də “bə`s” (qəbirdən qalxmaq) günüdür; insan həmin gün süstlük və halsızlıq vəziyyətindən qurtulur, hərəkət etməyə başlayır, son taleyinin ayırd edilməsi üçün qəbirdən qalxır. Buna “bə`s” günü deyilir. Bu vəziyyət nübuvvətdə də vardır.

Sizin nübuvvətlə (peyğəmbərliklə) bağlı düşüncənizi yeniləmək istəyirəm. Bəziləri nübuvvəti belə təsəvvür edir: Misal üçün, şəhərə bir xətib daxil olub həmin şəhərin əhalisinə dini və yaxud qeyri-dini mətləblər söyləyir və yaxud fərz edək ki, camaat arasından bir xətib ayağa qalxıb onlara bir neçə cüzi məsələ haqqında məlumat verir, yaxud kimsə bir mitinqdə səsini ucaldıb hay-küy salır. Adətən, peyğəmbəri belə təsəvvür edirlər; insanlar arasında başıaşağı olan ruhani alim. Onun qədrini bilən (və sözünə qulaq asan) yaxşı insanlara “mömin”, qədrini bilməyənlərə isə “kafir” və “müşrik” deyilir. Peyğəmbəri belə bir insan kimi təsəvvür edirik.

Peyğəmbərlikdə xüsusi bir inqilab və dəyişiklik olur. Deməliyəm ki, iki inqilab baş verir: Biri peyğəmbərin öz varlığı və daxili aləminə aiddir. Buna “besət” deyilir. Bu inqilab onu tamamilə dəyişir, onu halsızlıq və süstlük vəziyyətindən tamamilə çıxarır. Onun ruhu və batinində inqilab baş verdikdən, vücudu ilahi çeşmə suyu ilə dolub-daşdıqdan, ondan indiyə qədər daxilində gizli qalmış yeni saysız-hesabsız çeşmələr ayrıldıqdan, bir sözlə, peyğəmbərin özü müsəlman olduqdan və ilahi vəhydən təsirləndikdən sonra, bu inqilab və dəyişiklik cəmiyyətə köçürülür, peyğəmbərin ruhu və batinindən qaynayan çeşmə cəmiyyətin üzərinə süzülməyə başlayır və beləcə, cəmiyyətdə inqilab baş verir. Peyğəmbərin öz daxilində böyük inqilab yarandıqdan sonra, daha böyük bir inqilab cəmiyyətdə həyata keçir. Onun qəlbində dəyişiklik yarandıqdan sonra, onun sayəsində cəmiyyətdə dəyişiklik yaranır və besət həqiqi mənada gerçəkləşir. Göründüyü kimi, nübuvvətdə yalnız hərəkət, inqilab, dəyişiklik və coşğu vardır.

Peyğəmbər peyğəmbəliyə çatmamışdan öncə hansı vəziyyətdə olur? Hər bir peyğəmbərin nübuvvətdən əvvəlki həyatı ilə bağlı iki məqam bir-biri ilə ziddiyyət təşkil edir. Əlbəttə, ziddiyyət dedikdə, onun həqiqi mənasını nəzərdə tutmuram, ilk baxışda ziddiyyət kimi göründüyü üçün bu ifadəni işlətdim. Biri budur ki, peyğəmbər hələ peyğəmbərliyə çatmamışdan öncə, digər insanlarla müqayisədə yüksək insani keyfiyyətlərə sahib olur; onun düşüncə tərzi, istedadı və fəliyyəti digər insanlardan seçilir. Onun Allaha bəndəçilik istedadı və Allaha bəndə olmaq hazırlığı digər insanlarla müqayisədə təsəvvür olunmaz həddə olur. İnsanı bütün rəzilliklərdən çıxarıb “İnna liləlhi və inna iləyhi raciun” (Həqiqətən, biz Allahdanıq və Ona tərəf də qaylıdacağıq) məqamına, yəni həqiqi bəndəçilik məqamına yüksəldən və ilahi əxlaqa çatdıran bütün səbəblər digər insanlara nisbətən peyğəmbərdə daha çoxdur.

Nə üçün digər insanlarla müqayisədə peyğəmbərdə çoxdur? Burada Allah tərəfindən zülm və ayrı-seçkilik baş verməyibmi? Bu başqa bir mövzu olsa da, qısa olaraq belə cavab verə bilərik ki, nübuvvət missiyasını öhdəsinə götürmək üçün ağır çəkib və güclü ruha sahib olmaq lazımdır. Peyğəmbərlik yükü dəyərsiz və əhəmiyyətsiz bir iş deyil, Allahın sözünü cəmiyyətə çatdırmaq və cəmiyyəti nadanlıqdan çıxarıb tövhid cəmiyyətinə çevirmək olduqca əzəmətli və ağır bir vəzifədir və bu vəzifəni bəziləri mütləq öz çiyninə almalıdır. Kim alsın? Sıradan bir şəxsmi? Burada ətraf mühit, ailə və tayfa kriteriyaları, şəxsi istedad və qabiliyyətlər nəzərə alınır. Allaha-Taala həmin şəxsdə peyğəmbərlik istedadını gördükdə, ona yardımçı olur, ona lütf və mərhəmətini artırır, tərəqqi vasitələrini ixtiyarında qoyur və beləcə, onu peyğəmbərlik məqamına hazırlayır. Bir sözlə, əgər Allah Rəsulu (s) bu missiyanı öz öhdəsinə götürməsəydi, bu ağır vəzifə yerdə qalacaq, nə mən və sən, nə Qandi və Lumumba, nə də Sokrat, Platon və Aristotel onun öhdəsindən gələ biləcəkdi. Əksinə, daha ağır çəkiyə sahib insana ehtiyac var ki, “nübuvvət” və “risalət” adlı bu ağır məsuliyyəti öz çiynində saxlaya bilsin. Peyğəmbər belə bir şəxs olmalıdır. Bu, xülasə şəkildə diqqətinizə çatdırdığım bir mətləb idi; belə ki, peyğəmbərdə mövcud olan potensial sravi insanlarla müqayisədə daha çox, daha dərindir.

İkinci nöqtə isə bundan ibarətdir ki, peyğəmbər peyğəmbərliyə göndərilməzdən öncə adi həyatında insanlarla dostluq edir, onların dərdinə şərik olur, bir xətt üzrə hərəkət edir, öncədən cəmiyyəti necə dəyişəcəyi haqda düşünmür, amma hakim durumdan da narazıdır. Ağıllı insan öz zamanına hakim ayrı-seçkilik və sosial təbəqələşmə sistemindən, yoxsulluqdan, zülmkarlıqdan, islami ifadə ilə desək, öz dövrünün cahilliyindən, əlbəttə ki, narazı olmalıdır. Lakin bu narazılıq elə narazılıq həddində də qalır; onun narazılığı inqilab, çevriliş və hakim sosial həyat tərzinə zidd bir cərəyanın formalaşması həddinə gəlib çatmır.

Siz Həzrət Musa ibn İmranın (ə) həyatına bir baxın. O, Fironun evində yaşayır, ağsaqqallardan birinin dediyi kimi, Fironun cığırtma plovundan yeyir, ağalıq da edir. Hələ bazarda Bəni-İsraildən olan bir şəxsə qarşı haqsızlıq edən birini də vurub öldürür. Bir müddət sonra Mədyəndən, Şüeyb peyğəmbərin (ə) yanından qayıdarkən peyğəmbərlik məqamına seçilir və həmin qətl səhnəsini xatırlayıb deyir:

وَأَنَا مِنَ الضَّالِّينَ

“Mən azğınlardan oldum.”[3]Bu nə deməkdir? O deməkdir ki, o zaman hələ Fironun hakim olduğu cəmiyyətin tutduğu yola zidd olan yolu tapmamışam, yoxsa, Fironun tərəfdarlarından birini öldürməyin günah olduğu mənasındadır? Əksinə, Həzrət Musa (ə) demək istəyir ki, mən o adamı ödürdüyüm zaman müəyyən ideya ilə düzgün inqilabi hərəkatı təqib edən bir şəxs deyildim, mən də digər insanlar və yolçulardan biri kimi (heç nəyə qarışmadan) öz işimdə-gücümdə idim. Bu gün isə yolum dəyişilib və keçmiş ümumi hərəkəti və cəmiyyətin kütləvi durumunu məhkum edirəm. Başqa sözlə, bu gün, artıq mən cəmiyyətdə dönüş yaradan bir şəxsə çevrilmişəm. Haçan? Peyğəmbərliyə seçildikdən sonra.

Eləcə də, Peyğəmbəri-Əkrəm (s) barədə,“Vəz-zuha” surəsi məsələni çox gözəl şəkildə işıqlandırır. Əlinizdəki vərəqdə xülasə şəkildə qeyd etmişəm. İndi isə onu tərcümə və şərh edəcəyəm. Surənin təfsiri ilə bağlı hədislər də nəql olunmuşdur. Hədislərə diqqət yetirdikdə, hədislərin təfsir deyil, təvil (yozum) olduğunu anladım. “Vəz-zuha” surəsinin təfsirində nəql olunan rəvayət digər Quran ayələrinin təfsiri ilə bağlı yüzlərlə təqdim edilən hədislərdən biri kimi sözün zahiri təfsiri deyil, sözün zahiri elə öz mənasını çatdırır. İndi isə həmin ayəni tərcümə edirəm (vərəqdə də qeyd etmişəm); o da təvildir, yəni bir mətləbi ayə ilə bağlı digər mətləblərə əlavə etməkdir, yoxsa ki, ayənin özü aydındır. İmam (ə) ayənin zahirini onun (zahirinin) əksinə təvil etmək istəmir. Əslində, ayənin zahiri qorunub saxlanıldığı kimi, əlavə bir mətləbi də aşılamaq istəyir, o da bundan ibarətdir ki, mən və sən ayəyə ötəri baxdıqda, onu anlaya bilmirik. İmam (ə) onu da bizə öyrədir və onun adı təvildir. Yeri gəlmişkən, bu, “Vəz-zuha” surəsi ilə bağlı bizim bugünkü bəhsimiz və tilavətimizin bir hissəsini təşkil edir.

وَالضُّحَى

And olsun səhərə![4]

“Zuha” günortadan qabağa deyilir. Baxın, bu andın, vaxta and içməyin özünün də mənası və işarəsi var. Aydındır ki, Peyğəmbəri-Əkrəmin (s) besət və risalətinə aiddir və “zuha” sözü o Həzrətin peyğəmbərliyə seçilməsi nəticəsində bütün dünyanı işıqlandıran nura işarədir.

وَاللَّيْلِ إِذَا سَجَى

And olsun qaranlığı hər yeri bürüyən gecəyə!

مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَى

Rəbbin səni nə tərk etdi, nə də sənə qəzəbləndi.

Vəhyin başlanğıcından bir müddət sonra vəhy kəsildi. Peyğəmbəri-Əkrəm (s) peyğəmbərliyə seçildikdən, o Həzrətdə şövq və həyəcan yarandıqdan və vəhy mələyi Cəbrail ilə ünsiyyətdən sonra, gözlənilmədən, vəhy kəsilir. Peyğəmbəri-Əkrəm (s) çox narahat olur. Vəhy ilə rabitənin kəsildiyi müddət nə qədər çəkir? Buna “fətrət” dövranı deyilir. Qırx gündən iki aya qədər vaxt keçdiyini deyirlər. Bu müddətdən sonra “Vəz-zuha” surəsi – Peyğəmbəri-Əkrəmə (s) xitab edən ilk müjdələyici surədir.

مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَى

Rəbbin səni nə tərk etdi, nə də sənə qəzəbləndi.

وَلَلْآخِرَةُ خَيْرٌ لَّكَ مِنَ الْأُولَى

Şübhəsiz ki, gələcək (axirət) sənin üçün əvvəldən (keçmişdən və dünyadan) daha xeyirlidir!İşin sonu başlanğıcdan daha yaxşıdır.

وَلَسَوْفَ يُعْطِيكَ رَبُّكَ فَتَرْضَى

Həqiqətən, Rəbbin sənə bəxş edəcək və sən razı qalacaqsan!

Rəvayətdə var ki, bu ayə şəfaət haqqındadır. Düzdür, şəfaət Peyğəmbərə (s) bəxş edilmiş məqamlardan biridir, bu məqam o Həzrətə razı qaldığı qədər bəxş ediləcək. O Həzrətə elə bu dünyada da razı olduğu qədər bəxş edildi; insanların hidayəti, ilahi dövlətin quruluşu, İslamın qəddar və inadkar düşmənlərinə qələbə, şəhərlərin fəthi, İslam cəmiyyətinin günü gündən inkişafı – bunların hamısı bütünlüklə Allah-Taalanın İslam Peyğəmbərinə (s) bəxş etdiyi nemətlər idi.

أَلَمْ يَجِدْكَ يَتِيمًا فَآوَى

Məgər O, səni yetim ikən tapıb sığınacaq vermədimi?!

Allah-Taala səni yetim və kimsəsiz olarkən sığınacaq verdi, atasız idin, dünyaya göz açmamış atan dünyadan getdi, anan az fasilədən sonra vəfat etdi. Baban da bir neçə il sonra dünyadan köçdü. Sən tək-tənha qaldın və əmin Əbutalib səni himayəsinə götürdü. Sən yetim idin, elə ilk gündən yetim idin, ey Peyğəmbər, hər an sənə sığınacaq verdik, səni sevgi dolu qucağımızda saxladıq. Allah-Taala burada Peyğəmbərə (s) ümid verir və demək istəyir ki, həmişə, elə uşaqlıq çağlarından Allahın pənahında olubsan. İndi isə bu ağır risalət məqamını öz öhdənə götürdüyün üçün əsla qorxma, təmkinli ol, əsla düşünmə ki, Allah səni tək buraxacaq. Allah səni o gündən tək buraxmadığı kimi, indi də səni tək buraxmaz.

وَوَجَدَكَ ضَالًّا فَهَدَى

Səni yolunu itirmiş vəziyyətdə tapıb yol göstərmədimi?!

Bu ayənin təfsiri ilə bağlı bəzi rəvayətlər nəql olunmuşdur ki, onların bir neçəsinin sənədi zəifdir. Bir neçə təfsir aliminin ehtimalları da həmin təfsirlərə qarışmışdır. Bu ayədə “yolunu itirmiş” (yolunu azmış) sözü ideoloji və psixoloji azğınlıq mənasında deyildir; belə ki, Peyğəmbəri-Əkrəm (s) uşaq vaxtı Məkkə dağlarının birində itmişdi. Allah-Taala onun babasına yolu göstərdi və onu tapıb gətirdilər. O Həzrət başqa bir vaxtda da itmiş və bir qadının vasitəsilə tapılmışdı. Yaxud da, ayənin başqa bir mənası budur ki, sən Məkkə əhalisi arasında itib batmışdın, tanınmırdın. Allah Məkkə əhalisini sənin vasitənlə hidayət etdi. Bu da ayə ilə bağlı ehtimal edilmiş başqa bir mənadır. Biz bu mənaları danmırıq, yaxşı dinləyin. Hər iki məna düzgün ola bilər. Hər iki rəvayət, doğrudan da səhihdirsə, gözümüz üstə yeri var. Bu mənanın hər birinə aid səhih rəvayət təqdim edilərsə, əlbəttə ki, qəbul olunmalıdır. Buna rəğmən, ayənin zahiri mənası fərqlidir və qeyd etdiyimiz mənanı aşılayan rəvayət ayənin zahiri mənasını qəbul edən rəvayətlə ziddiyyət təşkil edir.

Ayənin zahiri mənası başqadır; ayənin zahiri mənası budur ki, sən azğınlıqda idin, səni hidayət etdik və doğru yola yönəltdik. “Azğın idin” nə deməkdir? Yəni, bütpərəst idinmi? Yolunu azmış bir şəxs idinmi? Günahkar idinmi? Xeyr! Bəs, məqsəd nədir? Məqsəd odur ki, peyğəmbərlikdən sonra sənə göstərilən doğru yol bundan öncə sənə göstərilməmişdi. Bəlkə, belə deyildimi? Peyğəmbər (s) vəhy vasitəsilə aldığı və müqəddəs qəlbini işıqlandıran o ilahi maarif və qanunlar, əqidə və düşüncələrə peyğəmbərliyindən öncə sahib idimi? Sözsüz ki, xeyr! Bu, ayənin zahiri mənasıdır. Əlbəttə, bəzi hədislərdə də nəql olunduğu kimi, bizim bu ayənin zahiri mənasını o Həzrətin Məkkə əhalisi arasında tanınmaz qaldığı və yaxud Məkkənin ətraf dağlarında qoyun otardığı zaman itdiyi mənalara təvil etməyimizin də heç bir eybi-iradı yoxdur. Diqqət yetirdinizmi?

وَوَجَدَكَ عَائِلًا فَأَغْنَى

Səni yoxsul ikən tapıb ehtiyacsız etmədimi?!

Bu ayədə və onu bəyan etməkdə məqsəd nədir? Ayənin mənasından da göründüyü kimi, Peyğəmbəri-Əkrəm (s) adi insanlar arasında yaşayır, gəzib dolanırdı, lakin cəmiyyətə hakim mühitdən narahat idi. O Həzrət zəngin Qüreyş övladlarının filan yoxsul kənizi alıb zor tətbiq etməsindən əziyyət çəkdiyi üçün (zülmə məruz qalanları müdafiə etmək məqsədilə) “Hilful-fuzul”[5] (mərd insanların andı) adlı bir cəmiyyət yaratmışdı. Allaha bir an belə şərik qoşmadı, bütlərə sitayiş etmədi, onların müqabilində baş əymədi, quldur və zülmkarlarla barışmadı, həmin cəmiyyətdə mərd yaşadı, amma bütün bunlara rəğmən, həmin cəmiyyətin içində idi, o cəmiyyətin üzvləri ilə birgə adi həyatını yaşayırdı.

Gözlənilmədən, ilahi vəhy nazil olur. Peyğəmbərin varlığı və daxilində dərin dönüş yaranır. Bu dönüş o qədər qəribə və şiddətli baş verir ki, hətta Peyğəmbərin (s) cisminə belə təsir göstərir. O Həzrət “Nur” dağında ilk vəhy nuruna qərq olduqda, varlığına hərarət çökür. Allahın mesajını gətirən mələyin “İqrə`” (oxu) – deyə müraciətini eşitdikdə, “Nə oxuyum? Axı oxuya bilmirəm!”[6] – deyə cavab verir.

اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ. خَلَقَ الْإِنسَانَ مِنْ عَلَقٍ. اقْرَأْ وَرَبُّكَ الْأَكْرَمُ. الَّذِي عَلَّمَ بِالْقَلَمِ. عَلَّمَ الْإِنسَانَ مَا لَمْ يَعْلَمْ

“Yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələm vasitəsilə öyrətdi. İnsana bilmədiklərini öyrətdi.[7]

Bu zaman Peyğəmbərin (s) canına hərarət gəlir, qəflətən, bu mütəfəkkir, düzgün və hazır insanın varlığında inqilab və dönüş yaranır; sanki bu insan həmin insan deyildi, Muhəmməd (s) bir saat öncəki həmin Muhəmməd deyildi. O, artıq başqa bir şəxs olmuşdur. Besət – peyğəmbərlik məqamı onun varlığı və batinini tamamilə dəyişir. Onun bu dönüşü bütün dünyada dönüş yaradır. Əgər onun özündə dönüş yaranmasaydı, dünyanı dəyişdirə bilməzdi. Bu da Peyğəmbər (s) ardıcılları üçün bir örnəkdir; belə ki, əgər onlar özlərini dəyişməsələr, dünyanı (və ətraf mühiti) dəyişə bilməzlər.

ذات نایافته از هستی بخش

کِی تواند که شود هستی بخش

“Varlıqdan bir payı olmayan necə varlıq bəxş edə bilər?”[8]

Sən öz varlığından heç bir pay aparmayıbsansa, bu ilahi lütf, mərhəmət və nemətdən istifadə etməyibsənsə, başqalarına necə bəxş edə bilərsən? Öncə yanmalı, əriməli və alovlanmalısan ki, kömürlərialovlandırıb soyuqları qızdıra və qaranlıqları işıqlandıra biləsən.

Peyğəmbər (s) öncə özünü alovlandırdı, öz qəlbi və batinində dönüş yaratdı ki, dünyanı da inqilab və dönüşə doğru çəkə bildi, elə insanlar yetişdirdi ki, öz canlarını fəda etsələr də əqidələrindən dönmədilər. Məgər bu zarafatdırmı? Məgər qaradərili Bilal Həbəşi o ağır işgəncələr və qırmanc zərbələrinə məruz qalmasına rəğmən, əqidəsindən əl çəkmir, az sonra, yenə “əhəd, əhəd...” (yəni, Allah birdir, birdir) – deyə fəryad etmirdimi?!. Bu ifadəni öz dilimizə çevirmək istəsək, bu mənanı ifadə edəcək: “Ölüm olsun sizə, ölüm olsun sizə!” Bilal Həbəşinin “əhəd, əhəd...” – ifadəsinin mənası, bax budur![9] Peyğəmbər (s) İslamın başlanğıc dönəmində, besətin ilkin çağlarında boş-boşuna Əbuzərlər[10], Bilallar, Miqdadlar[11] və Abdullah ibn Məsudlar yetişdirə bilməzdi; yəni, öncə özündə dönüş yaranmışdı.

İndi isə, görək, Peyğəmbərə (s) nazil olan ilk vəhy nədən ibarətdir?

Bizim bugünkü tilavətimizin bir hissəsini “Ələq” surəsinin bir qismi təşkil edir.

بسم الله الرحمن الرحيم. اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ.

“Rəhman və Rəim Allahın adı ilə! Yaradan Rəbbinin adı ilə oxu

Baxın, Allah-Taala nizamlı şəkildə sözə başlayır. Bizim peyğəmbərimiz kimi Allaha pərəstiş edən, peyğəmbərliyə seçilməzdən öncə Ona şərik qoşmayan bir insanın diqqətini və qəlbini Allah-Taalaya cəlb edən ilk məsələ yaradılışdır. “Yaradan Rəbbinin adı ilə oxu!Yaradılış Ona məxsusdur, bu əzəmətli kainat bütünlüklə Onundur.

Bu mətləb insanın zehnində yer tutduqdan sonra, bir mərtəbə yuxarı qalxır və yaradılışdan üstün olan bir məsələni isbat edir:

خَلَقَ الْإِنسَانَ مِنْ عَلَقٍ.

O, insanı laxtalanmış qandan yaratdı.

İnsanla digər varlıqlar arasında fərq nədir? İnsan ilk baxışda bu fərqə varmır. Siz xiyabanda ikən, yanınızdan avtomobil və digər insanlar ötüb keçir. Avtomobilinizdə oturduğunuz zaman kənarınızdan onlarla insan və avtomobil keçib gedir. Lakin insan onlara diqqət yetirmir. İnsanla qeyri-insan arasında da fərq böyükdür, lakin buna diqqətsizdir. İnsan olduqca izzətli, şərəfli və üstün bir varlıqdır. Bu aləmin bərbəzəklərinə məftun olmuş insanlar ömürlərinin sonuna qədər insanla qeyri-insanın fərqini anlamırlar. Çünki onun nəzərində minlərlə insan minlərlə qarışqa tək qiymətsizdir. İnsan minlərlə qarışqanı azacıq neftlə məhv edir. Onlar minlərlə insanı bir əmrlə, bir bomba ilə məhv edib öldürürlər.

İnsan ilk baxışda özü ilə (insanla) digər varlıqlar arasındakı qəribə fərqi anlamır. Lakin diqqət yetirdikdə, necə? Bu zaman hər şey qəribə görünür. İnsanla digər varlıqlar arasındakı vadi olduqca dərindir. İnsanı digər varlıqlardan fərqləndirən imtiyaz nədir? Əql və şüur qüvvəsi! Onun hər şeyi bir-birindən ayırd etməsi, nəticə çıxarması və yeniliklər əldə etməsi. Bunu nə ağac, nə daş, nə də heyvan bacarır. Əgər insan yeniliklər əldə edə bilməsəydi, digər varlıqlar kimi, həmişə eyni vəziyyətdə qalardı. Ötən məclisdə buna bal arısını misal çəkdik. İnsan iradə və ixtiyar qüvvəsinə sahibdir, istədiyi an istədiyi qərarı qəbul edə bilir. Digər varlıqlar isə, instinktiv hisslərinə tabe olmaq məcburiyyətindədir, onun instinkti nə deyərsə, elə də rəftar etməlidir, onlar istədiklərini edə bilmirlər. İnsan isə öz instinktiv hisslərinin əleyhinə rəftar edə bilir. İnsanın instinkti yemək vaxtı yemək, cinsi istək zamanı cinsi rabitə tələb edir. Bunlar insanın instinktləridir. Lakin elə insan var ki, ömrünün sonuna qədər cinsi istəyini bir dəfə olsun belə təmin etmir, öz instinktiv hissinin əksini yerinə yetirir, meylinə hakim olur. Elə insan var ki, uzun illər boyu gününü yalnız bir badamla keçirir. Bunu yalnız insan bacara bilər. Öz meyli və istəyinə qarşı çıxa bilən varlıq yalnız insandır.

Bir sözlə, insanın əql, iradə, ixtiyar və yenilənmə qüvvəsi onu digər varlıqlardan fərqləndirir. Materialist alimlər də bu son zamanlar az-çox bu qənaətə gəliblər ki, insan həqiqətən də qəribə bir varlıqdır. Əlbəttə, onlar bu qəribəliyi qəbul etsələr də fərqi qəbul etmirlər. İnsanda mövcud olan bu imtiyazlar ondakı ilahi ruhdan qaynaqlanır, onda ilahi ruh təcəlli edir:

وَنَفَخْتُ فِيهِ مِن رُّوحِي

Ona Öz ruhumdan üfürdüm.[12]

Bəli, gözlənilmədən, Peyğəmbərə (s) üstün bir yaradılış – insanın, ağıl, şüur və idrak qüvvəsinin yaradılışı haqqında məlumat verilir; özü də laxta qandan yaranmış bir varlıq haqqında! Görün, hardan haraya qədər?!ما لِلتُّرابِ وَ رَبِّ الأرْبابِ“Torpaq hara, rəblərin Rəbbi hara?!”[13] Axı cansız, hərəkətsiz, şüursuz bir şey kimisə Eynşteynə, Sokrata, böyük və mütəfəkkir bir insana, filosofa, peyğəmbərə necə çevirə bilər? Bu, aləmlərin Rəbbinin qüdrəti ilə mümkündür. خَلَقَ الْإِنسَانَ مِنْ عَلَقٍO, insanı laxtalanmış qandan yaratdı.Vəhyin başlanğıcında bizim Peyğəmbərin (s) diqqəti bu mühüm məqama yönləndirilir. Çünki onun varlığında dönüş yaranmalı, ayağına dəmir ayaqqabı geyindirilməli, əlinə də polad əsa verilməlidir ki, onun üçün yorğunluq mənasını itirsin. Buna görə də, hər şeydən öncə bu sözlər təlqin edilir.

خَلَقَ الْإِنسَانَ مِنْ عَلَقٍ

O, insanı ələqdən – laxtalanmış qandan yaratdı.

اقْرَأْ

Oxu!

Allah-Taala daha üstündür.

وَرَبُّكَ الْأَكْرَمُ.

Sənin Rəbbin ən böyük kərəm (bəxşiş) sahibidir!

الَّذِي عَلَّمَ بِالْقَلَمِ.

O Rəbbin ki, qələm vasitəsilə öyrətdi.

Burada Peyğəmbərə (s) insanın öyrənmə məsələsi bəyan edilir.

Bunu bilin ki, əgər qələm və yazı olmasaydı, bəşər tərəqqi edə bilməzdi. Bir nəslin başqa bir nəslin inkişafı istiqamətində onun pilləkən tək tərəqqiyə doğru addımlaması, ayağını keçmiş nəslin təcrübəsinin üstünə qoyub yeni bir təcrübə kəsb etməsi üçün ən mühüm yadigarı qələmdir. Əgər öncəki nəslə aid elmi kəşflər və tədqiqatlar növbəti nəslə ötürülməsəydi, həmin nəsildə inkişafdan söz gedə bilməzdi. Əgər İbn Sina[14] Aristotelin kitabını əldə edə bilməsəydi, İbn Sina İbn Sina ola bilməz, Aristoteli geridə qoya bilməzdi. Əgər Şeyx Tusinin[15] “Fiqh” kitabı və keçmiş alimlərin tədqiqat əsərləri özlərindən min il əvvəl yaşamış alimləri ötüb keçən Əllamə Hilli[16], Şeyx Ənsari[17] və Mirzə Şirazinin[18] ixtiyarında olmasaydı, şübhəsiz, o böyük elmi məqama sahib ola bilməzdilər. Bu, aydın bir məsələdir. Birinci şəxs beş manat pulu ikinci şəxsə verir, o da bu beş manatın üstünə beş manat qoyub üçüncü şəxsə, üçüncü şəxs də dördüncü şəxsə on beş manat verir və beləcə, üçüncü şəxs birinci şəxslə müqayisədə daha sərvətlidir; çünki on beş manatı var. Amma bu on beş haradandır? Əgər birinci şəxs olmasaydı, o, bu on beş manata sahib ola biləcəkdimi? Əgər ikinci şəxs olmasaydı necə? Əsla! Bəlkə də, ilk beş manata güclə sahib olacaqdı. Sonrakı nəsillərə çatan şey insanın keçmiş təcrübə və kəşflərinin məhsuludur. Hansı vasitə ilə? Qələmin və yazının vasitəsi ilə!

O, insana qələm vasitəsilə öyrətdi. Demək, Allah-Taala yaratmaqdan da üstün bir məqama sahibdir.

اقْرَأْ وَرَبُّكَ الْأَكْرَمُ.

Oxu! Sənin Rəbbin ən böyük kərəm (bəxşiş) sahibidir!

الَّذِي عَلَّمَ بِالْقَلَمِ.

O Rəbbin ki, qələm vasitəsilə öyrətdi.

عَلَّمَ الْإِنسَانَ مَا لَمْ يَعْلَمْ

O, insana bilmədiklərini öyrətdi.

Bütün bunlar Allahın insana bəxş etdiyi nemətlərdir. Odur ki insan bu nemətlərin şükrünü yerinə yetirməlidir. Allah-Taala insana öyrədibsə, ona yolu göstəribsə, qələm veribsə, ağıl və şüur bəxş edibsə, o da mütləq zirvəyə doğru addımlamalı, bir an belə geriyə dönməməli, bədbəxtliyə üz tutmamalıdır. Amma görəsən, bu belədirmi? Növbəti ayədə cavab verilir; sanki, o, güman edir ki, əgər Allah-Taala bəşəriyyəti bu imtiyazla yaradıb tərbiyə edirsə, qələm vasitəsilə öyrədirsə və onu Öz lütfü və kərəminə layiq görürsə, demək, bəşər də bəxbəxtlik və azğınlıqdan, fəsad və zəlalətdən uzaqdır. Amma, görəsən, bu belədirmi? Xeyr, sən güman etdiyin kimi deyil! Bəs, bəşəriyyət hansı durumdadır?

كَلَّا إِنَّ الْإِنسَانَ لَيَطْغَى. أَن رَّآهُ اسْتَغْنَى

Xeyr, insan azğınlıq edər; özünü ehtiyacsız gördüyü üçün!

Aciz insanların azğınlıq və dikbaşlıqları, zalımların Allah bəndələrinə qarşı hegemonluqları bəşəriyyəti bədbəxtliyə sürüklədi. Bu azğınlıqlar bəşəriyyəti doğru yola yönəlməyə, ilahi dəyərlərdən bəhrələnməyə, Allahın istədiyi kimi tərbiyə və islah olunmağa qoymadı. Bunu azğınlar və zalımlar qoymadı. Onlar özlərini ehtiyacsız (zəngin) gördükdə, dikbaşlıq etdilər, Allahın yolundan çıxdılar. Yenə burada da peyğəmbərə dərs keçilir, onun diqqəti Allahın mərhəmətinə, böyüklüyünə, təlimlərinə, yaradıcılığına, müəllimliyinə, kəramətinə və insanın mümkün məqama çata bilməməsinə yönəldilir. Ayədə Kəlla!” (Xeyr!) – sözü işlədilməklə, onun səbəbkarının azğınlar və zalımlar olduğu aşılanır.

Onların azğınlıqlarının səbəbi ehtiyacsızlıq, dövlət və sərvətin çoxluğudur. Başlar dikəldikdə, qüddrətlər qeyri-ilahi simaya düşdükdə, bəşəriyyətin mənzil başına yetməsi qeyri-mümkün olur.

Baxın, bütün bunlar besətin – Peyğəmbəri-Əkrəmin (s) peyğəmbərliynin başlanğıcında o Həzrətə ilham olan və Allahın peyğəmbərinin daxilinə nüfuz edərək onu məşələ çevirən şölələrdir.

Kəlla!” (Xeyr!) – Siz düşündüyünüz kimi deyil. Elə təsəvvür edirsiniz ki, bəşəriyyətə nizam-intizam hakimdirmi? Xeyr!

إِنَّ الْإِنسَانَ لَيَطْغَى

Sözsüz, insan azğınlıq edir.

أَن رَّآهُ اسْتَغْنَى

“Özünü ehtiyacsız gördüyü üçün!

إِنَّ إِلَى رَبِّكَ الرُّجْعَى

Həqiqətən, sənin axır dönüşün Rəbbinədir![19]

Görəsən, bu azğınlar və zalımlar sonda uğur qazanacaqlarmı? Xeyr! Yenə dönüş Sənin Rəbinədir. İşlərin sonu Allahın və Onun cəbhəsinin xeyrinədir. Bəşəriyyət aləmlərin Rəbbinin müəyyən etdiyi yolla məqsədə çatacaq. Bunda şəkk-şübhə yoxdur. Hamı Ona tərəf dönəcəkdir.

Bu şərif surədə digər mətləblər də vardır ki, Peyğəmbərimizin (s) varlığında yaratdığı inqilab və dönüşlə bağlı bir sıra həqiqətləri ehtiva edir və cəmiyyəti öz şüası ilə işıqlandıran şey həmin dönüşdür.

Əlinizdəki vərəqdə bir hissəsini qeyd etdiyimiz “Nəcm” surəsində də Peyğəmbəri-Əkrəmin (s) həmin daxili dönüşünə işarə edilir. Əlbəttə, digər ayələr də vardır ki, onların hamısının burada qeyd edilməsini zəruri hesab etmirəm. Bu mövzu dəqiq, incə və şirin olduğundan, onun bir qədər əlavə şərh olunmasını məqsədəuyğun görürəm. Onu əməl etmək üçün öyrənmək də faydalıdır.

بسم الله الرحمن الرحيم

وَالنَّجْمِ إِذَا هَوَى مَا ضَلَّ صَاحِبُكُمْ وَمَا غَوَى

Rəhman və rəhmli Allahın adı ilə! Batmaqda olan ulduza and olsun ki, sizin yoldaşınız (dostunuz Muhəmməd (s)) nə haqq yoldan sapmış, nə də azmışdır!

Bu surədə Peyğəmbərin (s) daxili dönüşünə və vəhyi alarkən baş verən daxili halına işarə olunsa da, bir çox təfsir kitablarında onun Merac hadisəsi ilə bağlı nazil olduğu vurğulanır. Belə ki, Peyğəmbər (s) bir gecədə baş verən Merac səfərini bəyan edərkən, o Həzrətə qulaq asan olmadıqda, bu surə nazil olur və belə buyurulur:

وَمَا يَنطِقُ عَنِ الْهَوَى

O, nəfs istəyindən danışmır.

إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَى

Bu, (Allah dərgahından) göndərilən vəhydən başqa, bir şey deyildir.

عَلَّمَهُ شَدِيدُ الْقُوَى

Onu çox qüvvətli olan öyrətdi.

ذُو مِرَّةٍ فَاسْتَوَى

O ağıllı qüvvət sahibi (Peyğəmbərin (s) qarşısında) ayaq üstə dayandı.

“Mirrə” sözü “ağıl” və “hikmət” mənasını ifadə edir və əksər təfsir alimlərinin qeydlərinə əsasən, vəhy mələyi Cəbrailə işarədir. Yəni, Allah-Taala Peyğəmbəri (s) Cəbrail vasitəsilə öyrətdi.

وَهُوَ بِالْأُفُقِ الْأَعْلَى

O (Peyğəmbər) ən uca üfüqdə idi. Peyğəmbər (s) bu uca məqamına görə peyğəmbərlik məqamına yüksəldi; halbuki (qeyd etdiyimiz kimi,) o Həzrət peyğəmbərliyindən öncə adi insanlarla birgə yaşayırdı.

ثُمَّ دَنَا فَتَدَلَّى

Sonra (Peyğəmbər) yaxınlaşdı və daha yaxın oldu.

Əgər bu ayədə məqsəd Peyğəmbər (s) olarsa, onun ibadətləri, təfəkkürü, nəfsi ilə mübarizəsi və Allahın ona xüsusi lütfü-nəzəri sayəsində ruhu Allaha yaxınlaşdı və daha da yaxın oldu və beləcə, vəhyi almağa hazır oldu. Bəzi alimlərin qeydlərinə görə, “dəna” sözündə Cəbrailin Peyğəmbərə (s) yaxınlaşması nəzərdə tutulur. Buna əsasən, ayənin mənası belə olur: Sonra Cəbrail Peyğəmbərə yaxınlaşdı və (vəhyi çatdırmaq üçün) özünü ona yetirdi.

Hər iki təfsir qeyd olunmuşdur, amma bizim nəzərimizcə, birinci məna daha aşkar, daha yaxındır. (Xülasə şəkildə qeyd etdiyimiz vərəqdə mötərizədə ikinci mənanı belə qeyd etmişəm: Yaxud yaxınlaşdı və özünü yetirdi.) Amma mən özüm birinci mənanı daha çox bəyənirəm.

فَكَانَ قَابَ قَوْسَيْنِ أَوْ أَدْنَى

Beləliklə, (onların arasındakı məsafə) iki yay uzunluğunda, bəlkə, ondan da az oldu.

İki yay (kaman) uzunluğu nə qədərdir? Siz hər yayı bir metr hesab edin, yəni iki yayın uzunluğu iki metrdən ibarətdir. Bu ifadələr istiarə və kinayə xarakterlidir. Peyğəmbərin (s) Allaha yaxın və daha da yaxın olmasında məkan yaxınlığı deyil, ruhunun Allaha daha yaxın olması nəzərdə tutulur. O Həzrətin müqəddəs ruhu Allaha o qədər yaxın oldu ki, insan üçün ondan yaxın bir məsafə təsəvvür oluna bilməz; yəni, yaxından da yaxın.

فَأَوْحَى إِلَى عَبْدِهِ مَا أَوْحَى

Sonra (Allah Öz) bəndəsinə vəhy göndərdiyini vəhy etdi.

مَا كَذَبَ الْفُؤَادُ مَا رَأَى

Qəlb (Peyğəmbərin qəlbi) gördüyünü yalan saymadı.

Peyğəmbər (s) qəlbi müşahidələrində yanılmadı, gördükləri həqiqət idi, yanlış görmədi.

أَفَتُمَارُونَهُ عَلَى مَا يَرَى

Siz onunla gördüyü barəsində mübahisəmi edirsiniz?

Sonda da bir cümlə qeyd etmişəm ki, bu haqda sabah söz açacağıq. Bir sözlə, Peyğəmbərin (s) daxilində yaranan çevrilişdən sonra onun həyat yolu dəyişilir, fəaliyyətinə yeni rəng qatılır və ciddiyyətlə yoluna davam edir. Onun fəaliyyəti və çalışqanlığında məqsəd nədir? Məqsəd özündə dönüş yarandığı kimi, cəmiyyətdə də inqilab və dönüş yaratmaqdır. Peyğəmbərin (s) missiyası və məsuliyyəti də elə bundan ibarətdir.

 

Xülasə

Cümə axşamı –Ramazan ayının 16-cı günü

NÜBUVVƏTDƏ BESƏT

Nübuvvət “besət”dən ibarətdir və “besət” sakitlik və aramlıqdan sonra bri növ “dönüş” və “hərəkət” mənasını daşıyır. Bu dönüş öncə peyğəmbərin batini və düşüncəsində, sonra isə cəmiyyətdə və ətraf mühitdə baş verir. Peyğəmbər (s) üstün bir qüvvə ilə bu ağır və əzəmətli məsuliyyəti qəbul etmək qabiliyyətinə sahib olur. Lakin “besət”dən (peyğəmbərlikdən) öncə bu qüvvə özünü göstərmir və o da cəmiyyətin adi bir üzvü kimi, öz işi və fəaliyyəti ilə məşğuldur. İlahi vəhy gəldikdən sonra isə onun daxilində dönüş və çevriliş yaranır, o, peyğəmbərlik məqamına yiyələnir. Kiçik “Zuha” surəsinin ümidverici ayələri sevimli İslam Peyğəmbərinin (s) daxilində baş verən dönüş və çevrilişə işarə edir:

وَالضُّحَىAnd olsun səhərə!

وَاللَّيْلِ إِذَا سَجَىAnd olsun qaranlığı hər yeri bürüyən gecəyə!

مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَىRəbbin səni nə tərk etdi, nə də sənə qəzəbləndi.

وَلَلْآخِرَةُ خَيْرٌ لَّكَ مِنَ الْأُولَىŞübhəsiz ki, gələcək (axirət) sənin üçün əvvəldən (keçmişdən və dünyadan) daha xeyirlidir!

وَلَسَوْفَ يُعْطِيكَ رَبُّكَ فَتَرْضَىHəqiqətən, Rəbbin sənə bəxş edəcək və sən razı qalacaqsan!

أَلَمْ يَجِدْكَ يَتِيمًا فَآوَىMəgər O, səni yetim ikən tapıb sığınacaq vermədimi?!

وَوَجَدَكَ ضَالًّا فَهَدَىSəni yolunu itirmiş vəziyyətdə görüb yol göstərmədimi?!

وَوَجَدَكَ عَائِلًا فَأَغْنَىSəni yoxsul ikən ehtiyacsız etmədimi?!

(“Zuha” surəsi, ayə 1-8.)

اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ.Yaradan Rəbbinin adı ilə oxu!

خَلَقَ الْإِنسَانَ مِنْ عَلَقٍ.O, insanı laxtalanmış qandan yaratdı.

 اقْرَأْ وَرَبُّكَ الْأَكْرَمُ. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir!

الَّذِي عَلَّمَ بِالْقَلَمِ.O Rəbbin ki, qələm vasitəsilə öyrətdi.

 عَلَّمَ الْإِنسَانَ مَا لَمْ يَعْلَمْ İnsana bilmədiklərini öyrətdi.

إِنَّ الْإِنسَانَ لَيَطْغَىSözsüz, insan azğınlıq edir.

أَن رَّآهُ اسْتَغْنَىÖzünü ehtiyacsız gördüyü üçün!

إِنَّ إِلَى رَبِّكَ الرُّجْعَىHəqiqətən, sənin axır dönüşün Rəbbinədir!

(“Ələq” surəsi, ayə 1-8.)

“Nəcm” surəsində də Peyğəmbərin (s) daxili dönüşünə işarə edilərək buyurulur:

وَالنَّجْمِ إِذَا هَوَى مَا ضَلَّ صَاحِبُكُمْ وَمَا غَوَىBatmaqda olan ulduza and olsun ki, sizin yoldaşınız (dostunuz Muhəmməd (s)) nə haqq yoldan sapmış, nə də azmışdır!

وَمَا يَنطِقُ عَنِ الْهَوَىO, nəfs istəyindən danışmır.

إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَىBu, (Allah dərgahından) göndərilən vəhydən başqa bir şey deyildir.

عَلَّمَهُ شَدِيدُ الْقُوَىOnu çox qüvvətli olan öyrətdi.

ذُو مِرَّةٍ فَاسْتَوَىO ağıllı qüvvət sahibi (Peyğəmbərin (s) qarşısında) ayaq üstə dayandı.

وَهُوَ بِالْأُفُقِ الْأَعْلَىO (Peyğəmbər,) ən uca üfüqdə idi.

ثُمَّ دَنَا فَتَدَلَّىSonra (Peyğəmbər) yaxınlaşdı və daha yaxın oldu (yaxud (Cəbrail Peyğəmbərə) yaxınlaşdı və özünü ona yetirdi).

(“Nəcm” surəsi, ayə 1-12.)

Bir sözlə, Peyğəmbərin (s) daxilində yaranan dönüşdən sonra onun həyat yolu dəyişilir, fəaliyyətinə yeni rəng qatılır və ciddiyyətlə yoluna davam edir ki, özündə dönüş yarandığı kimi, cəmiyyətdə də inqilab və dönüş yaratsın.

Budur Peyğəmbərin (s) missiyası və məsuliyyəti!

 

 



[1]. “Nəhl” surəsi, ayə 36.

[2]. “Rum” surəsi, ayə 56.

[3]. “Şüəra” surəsi, ayə 20.

[4]. “Vəz-zuha” surəsi, ayə 1-8.

[5]. “Hilful-fuzul” (mərd insanların andı): Peyğəmbəri-Əkrəm (s) 20 yaşında ikən Məkkə gənclərindən ibarət bir dəstə ilə əhd-peyman bağlamışdı ki, şəhərə daxil olan qərib insanlar zülmə məruz qaldıqda, onları himayə etsinlər.

[6]. “Əl-Burhanu fi təfsiril-Quran”, “Ələq” surəsinin təfsirində.

[7]. “Ələq” surəsi, ayə 1-5.

[8]. Əbdürrəhman Cami.

[9]. “Nəhcül-bəlağənin şərhi”, İbn Əbil-Hədid, 9-cu məktub, “Bədr” döyüşü.

[10]. Qifar qəbiləsindən olan Əbuzərin adı Cündəb ibn Cünadədir. O, İslamı qəbul edən 4-cü, yaxu 5-ci şəxsdir. Yeni peyğəmbərin gəlişindən xəbər tutduqda, Məkkəyə doğru yola düşdü və İslamı qəbul etdi. Sonra öz qövmünün yanına qayıtdı. “Xəndək” döyüşündən sonra Mədinəyə köçdü. Peyğəmbəri-Əkrəmin (s) vəfatından sonra Əmirəlmöminin Əlidən (ə) tərəfdarlıq etdi və Əbu Bəkrlə beyət etmədi. Osmanın hakimiyyəti dönəmində hökumət tərərfindən Əməvi sülaləsinə verilən bəxşiş və hədiyyələrə görə hökuməti tənqid etdi. Elə buna görə Rəbəzəyə sürgün edildi və 31 və yaxud 32-ci hicri-qəməri ilində elə orada da vəfat etdi.

[11]. O, İslamı qəbul edən ilk şəxslərdən biridir. İslam tarixçiləri onu yeddinci müsəlman hesab etmişlər. Böyük səhabələrdən sayılan Miqdad Məkkə müşriklərinin zülmündən Həbəşistana hicrət etdi, sonra yenə Məkkəyə döndü, oradan da Mədinəyə doğru yollandı. İslam Peyğəmbərinin (s) bütün döyüşlərində iştirak etdi və məşhur oxatan idi. Peyğəmbərin (s) vəfatından sonra Əmirəlmöminin Əlinin (ə) seçilən səhabələrindən biri də Miqdad idi. Camaat Osmanla beyət edəndə, o, müxalifətini bildirdi və nəhayət, 33-cü hicri-qəməri ilində Mədinənin bir fərsəxliyində dünyadan köçdü və Mədinənin Bəqi qəbiristanlğında torpağa tapşırıldı.

[12]. “Hicr” surəsi, ayə 29; “Sad” surəsi, ayə 72.

[13]. İnsanla Allah-Taalanın arasındakı fasilənin uzaqlığına işarədir.

[14]. İbn Sina (980–1037) Buxara şəhərinə yaxın bir kənddə dünyaya göz açmışdır. Müxtəlif elmi sahələrdə, xüsusən, əqli-fəlsəfi və tibbi elmlərdə qeyri-adi istedada sahib olmuşdur. Müxtəlif elmi əsərləri vardır, o cümlədən: İslam tibbində “Qanun“ kitabı, Fəlsəfədə “Şifa”, “İlahiyyat”, “Təbiiyyat” və “Məntiq”.

[15]. Şeyx Əbu Cəfər Məhəmməd ibn Həsən ibn Əli Tusi (995-1067) “Şeyxut-Taifə” ləqəbi ilə məhurdur. Xorasan vilayətinin Tus şəhərində dünyaya göz açmışdır. Təhsilini təkmillışdirmək üçün İraqa getmiş, Şeyx Müfd və Seyid Mürtəza Ələmul-Huda kimi alimlərin hüzurundan bəhrələnmişdir. Onun çoxlu dəyərli əsərləri vardır və “Təhzibul-əhkam“ və “Əl-istibsar“ adlı iki dəyərli kitabı şiənin birinci dərəcəli mənbə kitabıdır.

[16]. Həsən ibn Yusif Hilli (1250-1325) ziyalı ailəsində dünyaya göz açmış, Mühəqqiq Hilli və Xacə Nəsrəddin Tusi kimi görkəmli ustadlardan elm öyrənmişdir. Fiqh və hədis, kəlam və fəlsəfə, riyaziyyat və həndəsə kimi elmlərə dərindən yiyiələnmiş və “Əllamə” ləqəbi ilə məşhurlaşmışdır. O, Mühəqqiq Hilli vəfat etdikdən sonra, iyirmi səkkiz yaşında ikən şiə aləminin mərcəi-təqlidi olmuşdur. Onun əhli-sünnə ilə münazirlərindən sonra, İranın monqol hakimi Olcaytu şiəliyi qəbul etmiş və adını dəyişdirib Məhəmməd Xudabəndə qoymuşdur.

[17]. Şeyx Mürtəza (995-1067) Cabir ibn Abdullah Ənsartinin nəvəsidir və Dezful şəhərində dünyaya gəlmişdir. Anası onu dünyaya gətirməmişdən öncə yuxuda İmam Sadiqi (ə) ona qızıl su ilə bəzənmiş Quran hədiyyə etdiyini görür. O, bir müddət Dezfulda təhsil aldıqdan sonra, Kərbəlaya yollanır və Şeyx Musa Kaşiful-Ğita, Seyid Məhəmməd Mücahid və Hacı Molla Əhməd Nəraqi kimi alimlərin hüzurundan bəhrələnir. “Cəvahir“ kitabının müəllifi Əllamə Məhəmməd Həsən Nəcəfi vəfat etdikdən sonra, şiə aləminin mərcəi-təqlidi məqamına sahib olur. Onun “Məkasib“ kimi dəyərli kitabı hələ də Elmi Hövzələrdə tədris olunur.

[18]. Mirzə Məhəmmədtəqi (1840-1920) Şiraz şəhərində dünyaya göz açmışdır. O, dini elmlərə yiyələnmək üçün Kərbəla Elmi Hövzəsinə daxil olmuş, tənbəki çəkməyi haram edən Ayətullah Məhəmmədhəsən Şirazinin dərslərindən bəhrələnmişdir. O, Ayətullah Seyid Məhəmmədkazım Yəzdi vəfat etdikdən sonra şiə aləminin mərcəi-təqlidi olur. Yaşlı olmasına rəğmən, ingilislərin əleyhinə mübarizədə ön cəbhədə olur və öz tarixi fətvası ilə İran xalqını ingilislərlə cihada dəvət edir. Onun bu fətvasından sonra İran İngiltərənin müstəmləkəsindən azad olur. Ayətullah Əbdülkərim Hairi onun şagirdlərindəndir.

[19]. “Ələq” surəsi, ayə 1-8.