Qurani-Kərim və peyğəmbərlərin hədəfləri

Qurani-Kərimə görə, peyğəmbərlərin göndərilməsində əsasən aşağıdakı hədəflər izlənilmişdir:

1. İnsanların təlim və təzkiyə olunması (çirkinliklərdən paklanması, saflaşması):

هُوَ الَّذِي بَعَثَ فِي الْأُمِّيِّينَ رَسُولًا مِّنْهُمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَإِن كَانُوا مِن قَبْلُ لَفِي ضَلَالٍ مُّبِينٍ

“Ayələrini onlara tilavət etmək, onları (əqidəvi, əxlaqi və əməli çirkinliklərdən) pak etmək, onlara (səmavi) kitab və hikmət (dini və əqli mərifətlər) öyrətmək üçün Odur ümmilərin (çoxusu savadsız olan Məkkə camaatının) arasından özlərindən olan bir peyğəmbər seçən! Doğrudan da, onlar bundan öncə açıq-aşkar azğınlıq içində idilər.” (“Cümə” surəsi, ayə 2.)

2. İnsanlar arasında haqq-ədalətin bərpası:

لَقَدْ أَرْسَلْنَا رُسُلَنَا بِالْبَيِّنَاتِ وَأَنزَلْنَا مَعَهُمُ الْكِتَابَ وَالْمِيزَانَ لِيَقُومَ النَّاسُ بِالْقِسْطِ...

“Şübhəsiz, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (məntiq və möcüzələrlə) göndərdik və o onlara birlikdə (səmavi) kitab və ədalət tərəzisi nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər...” (“Hədid” surəsi, ayə 25.)

3. İnsanların əsarət zəncirlərindən qurtulması, yaxşı işlərə dəvət olunması, pis işlərdən çəkindirilməsi, onlara halal-haramın öyrədilməsi:

الَّذِينَ يَتَّبِعُونَ الرَّسُولَ النَّبِيَّ الأُمِّيَّ الَّذِي يَجِدُونَهُ مَكْتُوبًا عِندَهُمْ فِي التَّوْرَاةِ وَالإِنْجِيلِ يَأْمُرُهُم بِالْمَعْرُوفِ وَيَنْهَاهُمْ عَنِ الْمُنكَرِ وَيُحِلُّ لَهُمُ الطَّيِّبَاتِ وَيُحَرِّمُ عَلَيْهِمُ الْخَبَآئِثَ وَيَضَعُ عَنْهُمْ إِصْرَهُمْ وَالأَغْلاَلَ الَّتِي كَانَتْ عَلَيْهِمْ فَالَّذِينَ آمَنُواْ بِهِ وَعَزَّرُوهُ وَنَصَرُوهُ وَاتَّبَعُواْ النُّورَ الَّذِيَ أُنزِلَ مَعَهُ أُوْلَـئِكَ هُمُ الْمُفْلِحُونَ

“O kəslər ki, əllərindəki Tövrat və İncildə (adını, vəsfini və əlamətlərini) yazılmış gördükləri rəsula – ümmi (heç kəsin yanında oxuyub elm öyrənməmiş) peyğəmbərə tabe olurlar. (O peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar. Ona iman gətirən, yardım göstərən və onunla (Quranın) ardınca gedənlər məhz onlar nicat tapanlardır!” (“Əraf” surəsi, ayə 157.)

4. İnsanlar arasındakı ixtilafın aradan qaldırılması:

كَانَ النَّاسُ أُمَّةً وَاحِدَةً فَبَعَثَ اللّهُ النَّبِيِّينَ مُبَشِّرِينَ وَمُنذِرِينَ وَأَنزَلَ مَعَهُمُ الْكِتَابَ بِالْحَقِّ لِيَحْكُمَ بَيْنَ النَّاسِ فِيمَا اخْتَلَفُواْ فِيهِ وَمَا اخْتَلَفَ فِيهِ إِلاَّ الَّذِينَ أُوتُوهُ مِن بَعْدِ مَا جَاءتْهُمُ الْبَيِّنَاتُ بَغْيًا بَيْنَهُمْ فَهَدَى اللّهُ الَّذِينَ آمَنُواْ لِمَا اخْتَلَفُواْ فِيهِ مِنَ الْحَقِّ بِإِذْنِهِ وَاللّهُ يَهْدِي مَن يَشَاء إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ

“İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və xəbərdarlıq edən (əzabla qorxudan) peyğəmbərlər göndərdi, insanlar arasındakı ixtilafları ayırd etmək üçün O, peyğəmbərlərlə birlikdə haqq olan kitab nazil etdi. Halbuki özlərinə aşkar dəlillər gəldikdən sonra aralarındakı kin üzündən ixtilafda bulunanlar kitab əhlindən başqası deyildir. Onların ixtilafda olduqları həqiqətə Onun izni ilə iman gətirənləri isə Allah doğru yola yönəltdi. Allah istədiyini düz yola istiqamətləndirər.” “Bəqərə” surəsi, ayə 213.)

5. İnsanların ilahi mükafatla müjdələnməsi və ilahi əzabla qorxudulması:

وَمَا نُرْسِلُ الْمُرْسَلِينَ إِلاَّ مُبَشِّرِينَ وَمُنذِرِينَ فَمَنْ آمَنَ وَأَصْلَحَ فَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ

“Biz peyğəmbərləri ancaq müjdə verənlər və (əzabla) qorxudanlar sifətilə göndərdik. İman gətirib yaxşı işlər görənlərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!” (“Ənam” surəsi, ayə 48.)

Maide.Az