Qusarda polis əməkdaşlarına silahlı basqın edən qruplaşmanın axtarışda olan üzvü saxlanılıb

Quba rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində ötən ilin oktyabrın 16-da polis əməkdaşlarına qarşı silahlı basqında iştirak edən qruplaşmanın üzvü Ağamuradov Radik Rükməddin oğlu saxlanılıb.
 
DİN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov APA-nın şimal bürosuna bildirib ki, hadisədən sonra qaçıb gizləndiyi üçün Qusar şəhər sakini 1988-ci il təvəllüdlü Ağamuradov Radik Rükməddin oğlu Cinayət Məcəlləsinin 120.2.1, 29.120.2 və 181.2.5-ci maddələri ilə axtarışda olub.
 
Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Radif Ağamuradov, eləcə də onunla birlikdə olan Şamil Manafov və Tərlan Salmanov rayonun Küsnət-qazma kəndi ərazisində tutulublar.
 
Onlardan "Makarov" və "Naqan" tipli 2 tapança, tapança üçün səsboğucu, 35 ədəd patron, 1 ədəd qumbara, 1 ədəd ov bıçağı və çöl şəraitində istifadə edilən xeyli məişət əşyaları aşkar edilərək götürülüb.  
 
Qeyd edək ki, 2013-cü il oktyabrın 16-da Qusar şəhərinin ərazisində bir qrup silahlı şəxs valyutadəyişmə məntəqəsinin işçisinə küt alətlə xəsarət yetirib oradan külli miqdarda pul aparmışdı. Polislər  tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı onlar odlu silahlardan atəş açaraq bir polis əməkdaşını qətlə yetirib, üçünü isə yaralamışdılar. Buna baxmayaraq, elə o vaxt onlardan bir neçəsi tutulub, bir neçəsi isə polislə atışmada öldürülmüşdü.