Rəcəb ayı İmam Xomeyninin (r.ə) kəlamında

İran İslam İnqilabının banisi  Ayətullah əl-üzma Ruhullah Musəvi Xomeyni Rəcəb ayının fəziləti və bu ayın duaları haqqında belə buyurur:

“Aylar və günlərə, məxsusən, Rəcəb, Şaban və mübarək Ramazan aylarına məxsus dualar insana ruhi güc və qüvvət bəxş edir, əgər insan onun əhlidirsə, onun üçün yolu hamarlaşdırır, zülmət və qaranlıqlardan qurtulmaq üçün yolunu işıqlandırır, insanı möcüzələr yaradan nur dəryasına qərq edir.

Bu üç ay – Rəcəb, Şaban və mübarək Ramazan ayları insana bir çox bərəkətlər nəsib edir, insan həmin bərəkətlərdən bərhələnmək üçün çalışmalıdır Bu üç ayın şərafəti dillər və bəyanlarda, ağıllar və düşüncələrdə sığmaz. Həmin ayların bərəkətlərindən biri də məxsus dualardır. Məxsusən, mübarək Rəcəb ayının bərəkətlərindən biri də fəsahətli, bəlağətli, dərinmənalı dualar, ələlxüsus Allah-Taalanın cəlal və camal vəsfləri ilə bağlı ibarələrdir; elə dualar və ibarələr ki, qəlbi rəzilliklərdən təmizləyir, fəzilətlər və nur ilə bəzəyir. Mübarək Rəcəb və Şaban aylarında oxunan dualar mübarək Ramazan ayında ilahi ziyafət süfrəində əyləşmək və ilahi qonaqlığa daxil olmaq istəyən insanın öz qəlbini bəzəməsi üçün bir müqədimədir...” (“Səhifeyi-İmam”, 13-cü cild, səh.33.)

İnsanın dünya və axirət səadətini təmin edən qəlb aramlığı, qəlb xatircəmliyinə çatma yollarından ən mühümü Allahı zikr və yad etməkdir: “İnsanı titrəyişlərdən çıxaran əsas amil Allahı zikr etməkdir. Allahın yadı ilə titrəyişlər və büdrəyişlərə son qoyulur, aramlıq əldə olunur. İnsan Allahı yad etməklə aramlığa çatdığı zaman Allahınیا أیَّتُها النَّفْسُ المُطْمَئِنَّةُ  (Ey arxayın nəfs) – kəlamına şamil olunur... İnsan bu xitaba aid olduqda, ona deyilir: فَادْخُلِي فِي عِبَادِي (Daxil ol Mənim bəndələrimin sırasına). Allah-Taala bu xas inayəti Özününkü hesab edir, “Mənim bəndələrim” ifadəsi ilə buyurur, bəşəri Özününkü bilir.” (“Səhifeyi-İmam”, 13-cü cild, səh.33.)

Allahı həqiqi zikr etməklə bəndə ilə Haqq arasındakı hicab və pərdələr yırtılır, hüzur maneələri aradan qaldırılır, qəlb qəsavəti və qəflətinə son qoyulur, Haqqın lütf və rəhmət qapıları bu yolun yolçusunun üzünə açılır. (“Şərhe hədise cunude əql və cəhl”, səh.124.)

Allahı zikr və yad etməyin ən gözəl yollarından biri də Allahın xas bəndələrinin, yəni məsum rəhbərlərin (ə) bizə öyrətdiyi dualar və münacatlardır. Əgər İslam ariflərinin kəlamlarının təsirli və ürəyəyatımlı olmasını görüb hiss ediriksə, səbəbi onların İslamda tövsiyə olunan həmin dualarla daim ünsiyyətdə olmalarıdır. Bu dualar “Qurani-Said”dir – insanı yüksəkliklərə ucaldan Qurandır. Quran özü nazil olub, yuxarıdan aşağı gəlib. Dua isə insanı aşağıdan yuxarı aparır. Dua insanın əlindən yapışıb zirvələrə ucaldan bir Qurandır. (“Səhifeyi-İmam”, 13-cü cild, səh.32.)

Maide.az – Maarif bölümü