Rəsulzadənin şəklini maskaya vuran fəal 10 sutkalıq həbs edilib

Bu gün Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə ictimai fəal Cavid Məmmədzadə 10 sutka müddətinə inzibati qaydada həbs olunub.

 
O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 211.1 (epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması) maddələrin pozulmasında təqsirli bilinib. Bu barədə Turan-a fəalın qardaşı Bəhruz Məmmədzadə məlumat verib.
 
Onun sözlərinə görə, iyunun 26-da qardaşı Sumqayıt şəhər 1 saylı polis bölməsinə gedib və orada saxlanılıb. “Cavidi sosial şəbəkələrdə Rəsulzadə çağırışına görə bir neçə dəfə çağırırdılar, getmirdi. Sadəcə, dünən bölmədən zəng vurub dəvət ediblər, deyiblər ki, izahata görə gəl. O da dünən günorta evdən çıxanda dostu ilə oraya gedib. Orada Cavidə deyiblər ki, izahatında bir də sosial şəbəkələrdə heç nə yazmayacam, belə işlərdən uzaq olacam” yaz. O isə onlara mənfi cavab verdiyinə görə fiziki təzyiqə məruz qalıb. Bu gün isə Cavidi Sumqayıt Şəhər Baş Polis İdarəsinə aparmaq adı ilə bölmədən çıxarıblar, amma idarəyə yox, məhkəməyə aparıblar”.
 
B.Məmmədzadə əlavə edib ki, fəalın həbsinin əsas səbəbi üzərində Məhəmməd Əmin Rəsulzadənin fotosu olan tibbi maskanı taxması olub. “Qardaşım bir neçə gündür belə maska taxırdı. Hətta öz Facebook profilində “Polislər məni maska taxmağa məcbur edirsə, mən də onları Rəsulzadəyə baxmağa məcbur edəcəm. Bir gün həqiqət parıldayacaq!” post paylaşmışdı. Bundan əlavə o, evdən mahnı oxuyan müğənnilərin şousuna da etiraz bildirmişdi”.
 
DİN mətbuat xidmətinin rəisi Ehsan Zahidov məsələ ilə bağlı bildirib ki, Cavid Məmmədzadənin maskanın üzərində Rəsulzadənin fotosunun olmasına görə saxlanılması yalan məlumatdır: “Tarixi şəxsiyyətin fotosunun mikroblarla dolu parçanın üzərinə vurulması Rəsulzadəyə hörmətsizlikdir. Çünki gigiyenik qaydalara uyğun olaraq, bir neçə saatdan sonra o maskanı çıxarıb zibil qabına atmalıdır. Məgər bu, Rəsulzadəyə hörmət əlamətidir?”
 
C.Məmmədzadənin saxlanma səbəbinə aydınlıq gətirən DİN rəsmisi bildirib ki, o, xüsusi karantin rejimi qaydalarını pozduğuna və bu zaman polisin qanuni tələbinə tabe olmadığına görə saxlanılıb. “O, küçədə gəzərkən polis əməkdaşları tərəfindən icazəsinin olub-olmaması yoxlanılıb. Bu zaman məlum olub ki, icazənin müddəti saat yarım əvvəl başa çatıb. Bu barədə ona irad bildirəndə həmin şəxs polisin yanından uzaqlaşıb çıxıb getmək istəyib, onu dayanmağa dəvət etsələr də bu əmrə tabe olmayıb. Buna görə də Cavid Məmmədzadə polis əməkdaşları tərəfindən saxlanılıb, barəsində toplanmış materiallarla əməlinə hüquqi qiymət verilməsi üçün müvafiq məhkəməyə göndərilib”, - E.Zahidov bildirib.