Rəhmət dini və qisas qanunu-4

Bəşəriyyətin arzuladığı müqəddəs İslamdakı məhəbbət və mərhəmətə rəğmən, düşmənlər tərəfindən daim dəstəklənən şübhələr və qaranlıq görünən məsələlərdən biri də İslamda qisas hökmü ilə əlaqədardır:

“Nə üçün hələ də İslamda qisas qanunu qorunub-saxlanılır? Qisasın qəddarlıqla nə fərqi var? Bir insan günahkar olsa, hökmən öldürülməlimi?” – kimi sualların cavabında bir neçə məsələyə diqqət yetirmək lazımdır:

Birincisi, Allah-Taala “Bəqərə” surəsinin 178-ci ayədə “qisas” qanununu belə bəyan edir:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ كُتِبَ عَلَيْكُمُ الْقِصَاصُ فِي الْقَتْلَى الْحُرُّ بِالْحُرِّ وَالْعَبْدُ بِالْعَبْدِ وَالأُنثَى بِالأُنثَى فَمَنْ عُفِيَ لَهُ مِنْ أَخِيهِ شَيْءٌ فَاتِّبَاعٌ بِالْمَعْرُوفِ وَأَدَاء إِلَيْهِ بِإِحْسَانٍ ذَلِكَ تَخْفِيفٌ مِّن رَّبِّكُمْ وَرَحْمَةٌ...

Ey iman gətirənlər, sizə (qəsdən) öldürülənlər barədə qisasa icazə verildi: azad azadın, qul qulun və qadın qadının müqabilində. Beləliklə, kim (hər hansı qatil) öz (din) qardaşı (öldürülənin qəyyumu) tərəfindən müəyyən əfvə şamil olsa (məsələn, qəyyum bütün qisas haqqından, yaxud bir hissəsindən keçsə və ya onu qanbahası ilə əvəz etsə), onda (qalan hissələr barədə, ya da diyənin alınmasında) orta mövqe seçməlidir və (qatil də) diyəni ona xoşluqla və gözəl surətdə ödəməlidir. Bu, sizin Rəbbiniz tərəfindən bir güzəşt və rəhmətdir...”

Ayəyə əsasən, qisas nə vacibdir, nə də müstəhəb. Bu, yalnız öldürülən şəxsin adamlarına verilən bir haqdır.

İkincisi, həmin surənin 179-cu ayəsində deyilir ki, “qisas”ın mahiyyəti düşmənçilik və kin-küdurəti artırmaq yox, həyatın davamı və insanların canının müdafiəsi üçündür. Belə bir hökm olmadan camaatın canı, malı və namusu deyilən şeyi anlamayan caninin qarşısı necə alınmalıdır? Cəmiyyətdə qarşısı qisasdan başqa yolla alına bilməyən qaçaq-quldur, azğın canilərlə belə rəftar qəddarlıqdırmı?! Əslində bu, cəmiyyətin təhlükəsizliyinin təmini üçün eynilə rəhmət və şəfqətdir.

Maraqlısı odur ki, bu hökm Allah-Taala tərəfindən “əql sahibləri”nə buyurulur. Yəni qisas məsələsi sadəcə bir hiss (intiqam hissi) deyil, əksinə ağıl və məntiqə söykənir. Sağlam əql sahibləri anlayırlar ki, asayiş və təhlükəsizlik üçün qisas hökmü bir zərurətdir. Bu ayənin sonunda qeyd edilən “ləəlləkum təttəqun” (ola bilsin, nahaq qanlar axıtmaqdan çəkinəsiniz) – ifadəsi ona daha da aydınlıq gətirir. Demək, “qisas” ayəsinin hər bir bəndində diqqəti cəlb edən nöqtələr, sülh, dostluq və həyat mesajları var və açıq-aşkar sərtliklə mübarizə deməkdir. Bir də Qurani-Kərimdə “qisas” sözü cəmi dörd dəfə, “rəhmət” isə yetmiş doqquz dəfə, “rəhman” sözü yüz altmış dəfə və “rəhim” sözü yüz doxsan səkkiz dəfə işlənib! Bütün bunlar “qisas”ın istisna hal olduğunu göstərir və İslamın əsasını rəhmət, şəfqət və məhəbbət təşkil edir.

Diqqəti cəlb edən odur ki, cinayətkarlar layiqli cəzalarını aldıqda, hüquq carçılarının, rəhmət və şəfqət iddiaçılarının etiraz səsləri bütün dünyanı bürüyür. Lakin dünyanın istənilən nöqtələrində, xüsusilə, İslam ölkələrində onların azğın müttəfiqlərinin törətdikləri cinayətlərə gəldikdə, etiraz səsləri kəsilir, sanki hamı kar, kor, lal olur!

Heç kim xəstənin zədələnmiş yararsız üzvünü bədənin sağlamlığını qorumaq məqsədilə kəsib atan həkimin əməlini qəddarlıq adlandırmır. Sanitarik tədbirlər sağlamlığın keşiyini çəkmək üçündür.

Qisas da bir növ dərmandır, fəsadın cəmiyyətin digər üzvlərinə keçməməsi və onların təhlükəsizliyini qorumaq üçün zəruridir.

Heç bir ağıllı insan qətl-qarətlə cəmiyyətin təhlükəsizliyini pozan rəhmsiz ünsürlərin azad dolanaraq istədiyi cinayətə əl atmasına razı olmaz! Bütün münsif insanlar qisası cəmiyyətin asayişi üçün zəruri hesab edirlər. (“İlahi bəndələrin səciyyələri”, Ayətullah Məkarim Şirazi, səh.22-24.)

Maide.az