Regionlarda geriləmə `inkişafı`

"Novoye Vremya" qəzetində isə "Lənkəran nümunəsində regionların inkişafı" sərlövhəli məqalə diqqət çəkir.
 
Müəllif ölkənin regionlarında baş verən proseslərə aydınlıq gətirməyə çalışır.
 
Yazıda qeyd edilir ki, inkişafdan danışa bilməkdən ötrü göstəricilərin müqayisəsi olmalıdır. Müəllif 2016-cı və 2012-ci illərə aid göstəricilər arasında paralel aparır: "Bu həmin vaxtdır ki, regionların inkişafına dair ikinci dövlət proqramı başa çatıb, üçüncü proqrama start verilib. Biz bir təhlil ilə dövlət proqramının səmərəli olub-olmadığını da aydınlaşdıra bilərik".
 
Müəllif bildirir ki, Lənkəranda əkin sahələri genişləndiyinə görə ötən il 2015-ci ilə nisbətdə 3 dəfə çox çay yarpağı yığılıb. Amma bunun əvəzində əkin sahəsi azaldığına görə buğda istehsalı 6 faiz, bostan məhsulları 5 faiz, tərəvəz 16 faiz azalıb.
 
Yazıda vurğulanır ki, «Palmali» şirkətinin süd və süd məhsulları son 8 ildə regionun əsas sənaye istehsalı olub. 2012-ci ilin göstəricilərinə görə, şirkət regionda zərərlə işləyib. Amma 38.8 ton kərə yağı, 632 ton xama və pendir, 3 min 416 ton digər süd məhsulları istehsal edib.
 
2016-cı ildə isə regionda 6.6 ton kərə yağı, 285 ton pendir və xama, 2 min 416 ton da digər məhsullar istehsal olunub: "Başqa sözlə, 4 il ərzində süd məhsulları bir xeyli azalıb. Kərə yağı istehsalı 3, digər süd məhsulları istehsalı 2 dəfə düşüb".
 
Müəllif yazır ki, regionların inkişafı ilə bağlı üçüncü dövlət proqramı qəbul olmasına baxmayaraq, istehsal ildən-ilə azalır. /