Rusiya 'YouTube' kanalını bağlayacağı ilə hədələyir

Rusiya “YouTube” kanalını bağlayacağı ilə hədələyir. Səbəb “Russia Today” şəbəkəsinə məxsus almandilli kanalların “YouTube” sistemindən çıxarılmasıdır.
 
“Russia Today” şəbəkəsini Rusiya dövləti maliyyələşdirir. Bu şəbəkəyə müxtəlif dillərdə, o cümlədən almanca yayımlanan telekanallar daxildir.
 
Rusiyanın almandilli kanalları “YouTube” sistemindən sentyabrın 28-də çıxarılıb. “YouTube” rəhbərliyi bunu həmin telekanallarda koronavirusla bağlı yalan informasiyaların yer alması ilə əlaqələndirib. “YouTube” rəsmiləri deyiblər ki, Rusiyanın almandilli telekanalları “YouTube”da COVİD-19 infeksiyası ilə bağlı dezinformasiya yaymağın yolverilməzliyi prinsipini pozub.
 
Elə həmin gün – sentyabrın 28-i Rusiya Xarici İşlər Nazirliyi bunu “görünməmiş informasiya təcavüzü” adlandırıb.
 
Sentyabrın 29-da isə Rusiyada rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalara nəzarəti həyata keçirən federal xidmət – “Roskomnadzor” “Google” şirkətinə (“YouTube” kanalı bu şirkətə tabedir) yazılı müraciət edərək “Russia Today”in almandilli telekanallarına “YouTube”da qoyulan məhdudiyyətin götürülməsini tələb edib.
 
“Roskomnadzor” bəri başdan “Google” şirkətinə belə bir xəbərdarlıq da edib ki, məhdudiyyət aradan qaldırılmasa, Rusiya ərazisində “YouTube”a giriş qismən və ya tam qapadılacaq.
 
“Roskomnadzor” “YouTube”a qarşı cavab tədbirlərinin hazırlanıb həyata keçirilməsi üçün Rusiya hakimiyyətinə təkliflərlə müraciət olunduğunu da açıqlayıb.
 
Rusiya tərəfi hesab edir ki, “Russia Today” şəbəkəsinə məxsus almandilli kanalların “YouTube” sistemindən çıxarılmasında Almaniya hökumətinin də əli var. Ona görə “Roskomnadzor” Rusiya hökumətinə “YouTube”la bərabər Almaniyanın kütləvi informasiya vasitələrinə də qarşı tədbirlər görülməsini təklif edib.