Səudiyyənin Şeyx əl-Nəmr dilemması – ANALİZ

Ər-Riyad məhkəməsi nüfuzlu şiə ruhanisinə ölüm hökmü çıxarsa da, reallaıqlar hökuməti geri addım atmağa vadar edir, kral ilk addımı atdı, davamı olacaqmı?
 
Xəbər verildiyi kimi, oktyabrın 15-də Səudiyyə Ərəbistanı məhkəməsi yerli şiə ruhanisi Ayətullah Şeyx Baqir əl-Nəmr barəsində ölüm cəzası qərarı verib. Qərar bütün dünyada etirazla qarşılanıb. Edam qərarının ləğv olunması ilə bağlı Səudiyyə hökumətinə müraciətlər, çağırışlar edilir. Hətta bəzi müşahidəçilər edam qərarının regionda məzhəb gərginliyinin daha da artacağı ilə bağlı proqnozlar verirlər.
 
Şeyx əl-Nəmri avtomobilində gedərkən vurularaq yaralayır və həbs edilir
 
Qeyd edək ki, Şeyx Baqir əl-Nəmr Səudiyyə Əərbistanının şiələrin sıx yaşadığı Qətif bölgəsində yaşayır. 2011-ci ildə başlayan “ərəb baharı” dalğasında ölkə əhalisinin 15 faizini (rəsmi olaraq, qeyri-rəsmi daha çox olduğu ehtimal edilir ) təşkil edən şiələr Qətif bölgəsində etirazlara başladılar. Ölkənin əsas neft-qaz bölgəsi hesab olunan Qətif zəngin təbii sərvətlərin fonunda xeyli dərəcədə kasıb və hökumətin diqqətindən kənarda qalıb. Qətif ərəblərinin başlatdığı kütləvi etirazlar nəticəsində 4 polis olmaqla 20 nəfər öldürüldü, onlarla insan yaralandı. Hökumət etirazları yatırmaq üçün nüfuzlu şiə ruhanisi Şeyx Baqir əl-Nimri həbs edir. 2012-ci il iyulun 8-də Səudiyyə polisi Şeyx əl-Nimri avtomobilində gedərkən vuraraq yaralayır və həbs edir.
 
Şeyx əl-Nəmr hazırda bütün dünyanın diqqətində olan liderə çevrilib
 
Bir müddət ər-Riyadı müstəqil şiə dövləti qurmaqla təhdid edən Şeyx əl-Nəmr hazırda bütün dünyanın diqqətində olan liderə çevrilib. Ayətullah Şeyx Baqir əl-Nəmr 1959-cu ildə Ərəbistanın Avamiyə şəhərində dünyaya gəlib. Atası Ərəbistanda və Bəhreyndə tanınan din alimlərindən olub. Baqir əl-Nəmr uzun illər Suriya, İraq və İranda dini təhsil alıb. Son illərdə Avamiyə şəhərinin imam-cüməsi kimi fəaliyyət göstərən əl-Nəmr son illərdə Ərəbistanın şərqindəki, əsasən, şiələrin yaşadıqları əyalətdə nüfuzlu isimlərdən birinə çevrilib. 2004-cü ildən bu yana bir neçə dəfə çıxışlarına görə həbs olunan əl-Nəmr zorakılığa qarşı olub. “Güllədən daha təsirli olan sözlərlə etirazlarınızı davam etdirin” deyən əl-Nəmr dəfələrlə zorakı aksiyalara qarşı çıxış edib, dinc etirazların tərəfdarı olub. 
 
İstənilən variantda Şeyx Baqir əl-Nəmrin alovlandırdığı Səudiyyə şiə hərəkatı artıq ayaq tutub
 
2011-ci ilin fevralından başlayan Ərəbistan şiə etirazları zamanı minlərlə müsəlman həbs olunaraq zindanlara atıldı. Baqir əl-Nəmrin özü də aldığı 4 güllə yarası ilə 8 ay işgəncə görüb, onun ilk 4 ayını təkadamlıq kamerada saxlanılıb.
 
İndi isə nüfuzlu ruhaniyə edam hökmü çıxarılıb. Gələn son məlumatlara görə, artıq hakimiyyət bu qərarı təsdiqləyib. Ancaq edam hökmünün icrası bir müddət yubadıla bilər, euyni zamanda gözlənilir ki, beynəlxalq ictimaiyyətin təzyiqi ilə hökumət geri addım ataraq edam qərarını ləğv edər.
 
Ancaq istənilən variantda Şeyx Baqir əl-Nəmrin alovlandırdığı Səudiyyə şiə hərəkatı artıq ayaq tutub. Hər iki halda bu proses daha da genişlənəcək. Bunun qarşısını almaq və ya vəziyyətdən çıxmaq üçün ər-Riyadın qarşısında yeganə yol etirazçıların tələblərini, qismən də olsa, təmin etməkdir. Yeri gəlmişkən, əl-Nəmr və Qətif fəalları bölgənin inkişafına dəstək verilməsi, əhalinin sosial rifahının yaxşılaşdırılması üçün tədbirlər görülməsi, bundan başqa rəsmi dini təbliğatın ölkədə Əhli-Beyt məzhəbinə, şiəliyə qarşı əks-təbliğatı dayandırmaq, şiələrə qarşı diskriminasiyanın dayandırılması və sairdir.
 
Ancaq hiss olunur ki, Səudiyyə Ərəbistanı hakimiyyəti, tədricən də olsa, etirazçıların tələblərini reallaşdırmağa çalışır. Təbii ki, bu tələblərin hamısının reallaşdırılması mümkün deyil. Ancaq bu ilin yayında kral Abdulla ibn Əbdüləzizin şiə Məhəmməd Bin Feysəl Əbusaqı Nazirlər Kabinetinin Parlament məsələləri üzrə üzvi və məsləhətçi nazir təyin etməsi onu göstərir ki, ər-Riyad daxili məsələdə müəyyən açılıma getməkdə maraqlıdır. Əlbəttə, bir nazir təyinatı bütövlükdə Səudiyyə şiələrinin problemlərini həll etmir, lakin istənilən halda bu, kralın sıradan addımı deyildi, görünən odur ki, şiə nazir təyinatı kralın ölkə daxilində məzhəblər arasında gərginliyi azaltmaq və bu istiqamətdə müəyyən addımlar atmaq istəyinin məhsuludur. Kral da anlayır ki, daimi olaraq ölkə əhalisinin 20 faizini təzyiq altında saxlamaq olmaz, vəziyyəti 100 faiz dəyişmək mümkün olmasa da, hansısa yumşaldıcı addımlar atmaq mümkündür. Ancaq hər şey kral hakimiyyətinin bu istiqamətdə real planlarının olmasına və bunu necə tətbiq etməsinə bağlı olacaq.
 
Birlik İnformasiya Mərkəzinin analitik şöbəsi