Bu gün Tokio paralimpiadasının açılış mərasimi keçiriləcək

Bu gün Yaponiyanın paytaxtı Tokioda Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.
 
Maide.Az "Report"a istinadla xəbər verir ki,  tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Koronavirus pandemiyası səbəbindən ötən il təxirə salınmış Oyunlar sayca XVI olacaq.
 
Tokio paralimpiadası mövcud vəziyyətlə əlaqədar ilk dəfə azarkeşsiz keçiriləcək.
 
Yarışda 22 idman növü üzrə ümumilikdə 4 bin 400 idmançı mübarizə aparacaq. Paralimpiada bu gün keçiriləcək qolbol, üzgüçülük, stolüstü tennis, qılıncoynatma, basketbol, velosiped və reqbi yarışları start götürəcək.
 
Azərbaycan paralimpiyaçıları Tokio-2020-ə 36 lisenziya qazansalar da, paracüdoçu Ramil Qasımov koronavirusa yoluxduğu üçün yarışdan kənarlaşdırılıb. Bu səbəbdən komandanın bayraqdarı da dəyişdirilib. Qasımovla yaxın təmasda olduğu üçün karantinə alınan digər paracüdoçu İlham Zəkiyevi para-atlet Oloxan Musayev əvəzləyib. Beləliklə, ölkəni Oyunlarda 35 idmançı təmsil edəcək. Onlardan 12-si paraatletika, 10-u paracüdo, 4-ü parataekvondo, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündədir.
 
Qeyd edək ki, Tokio paralimpiadasına sentyabrın 5-də yekun vurulacaq.