SİFFEYN DÖYÜŞÜ

“Siffeyn” döyüşü imam Əlinin (ə) xilafəti dönəmində baş verən ən mühüm döyüşlərdən biridir. Bu döyüş 37-ci hicri-qəməri ilinin Səfər ayının 1-də, İraqın qərbində yerləşən Siffeyn çölündə imam Əlinin (ə) ordusu ilə Əbu Süfyan oğlu Müaviyənin ordusu arasında baş verdiyindən, “Siffeyn” adı ilə məşhurdur.

Müaviyə üçüncü xəlifə Osman tərəfindən Şama vali təyin edilmişdi. İmam Əli (ə) xilafətə gəlcək, Müaviyənin işdən kənarlaşması əmrini verib, onun yerinə başqasını təyin etdi. Lakin Müaviyə o həzrətin əmrini qəbul etmədi.

Müsəlmanların xəlifəsi imam Əmirəlmöminin Əli (ə) “Cəməl” döyüşündən sonra, yenidən Cərir ibn Abdullahı Müaviyə ilə müzakirə etmək və ondan beyət almaq üçün Şama göndərdi. Müaviyə bu dəfə də təslim olmadı və hətta Osmanın qisasını almaq bəhanəsi ilə imam Əli (ə) ilə döyüş elan etdi.

İmam Əli (ə) məcburiyyət qarşısında qalıb döyüşə hazırlaşdı. Böyük bir odru ilə Kufədən hərəkət edib, Siffeyn çölündə Müaviyənin ordusu ilə üzləşdi və beləcə, iki ordu arasında ağır döyüş baş verdi. Döyüşdən bir neçə gün sonra, imam Əlinin (ə) ordusu qələbəyə bircə addım qalmış, Əmr ibn As məğlubiyyətdən qurtulmaq üçün hiyləyə əl atdı və Qurani-Kərimi nizələrin ucuna taxaraq imam Əlinin (ə) ordusu arasında ixtilaf və təfriqə saldı. İmam Əlinin (ə) ordusundan bir çoxları bu səhnəni görcək döyüşdən çəkindilər və nəhayət, “Siffeyn” döyüşü “həkəmiyyət” macərası ilə sona yetdi. (“Dairətul-məarifuş-şiə”, “Siffeyn döyüşü” bölümü, 11-ci cild.)

“HƏKƏMİYYƏT” MACƏRASI

Şeyx Abbas Qummi “Xəlifələrin tarixi” əsərində yazır: “Siffeyn” döyüşündə Müaviyənin ordusunun məğlubiyyət əlamətləri göründükdə, Müaviyə, Əmr ibn Asa dedi: “Bir çarə qıl, artıq həlak oluruq.” Hiyləgərlikdə mahir olan Əmr ibn As üzünü Müaviyənin ordusuna tutb dedi: “Hər kəsdə Quran varsa, nizəsinin ucuna taxsın.” Beş yüzə yaxın Quranı nizələrə taxıb sıralarını Quranla bəzəyərək, belə fəryad etməyə başladılar: “Ey İraq Əhli! Bizimlə sizin aranızda hakim Allahın kitabıdır. (Hər iki tərəf döyüşdən əl çəkib, Quranın hökmünə təslim olsun!)”

İmam Əlinin (ə) ordusu bu səsləri eşitdikdə və nizələrə taxılmış quranları gördükdə, çoxları aldanaraq, o həzrətə dedilər: “Müaviyə düz deyir və səni Allahın kitabına dəvət edir. Onun dəvətini qəbul et!” Əşəs ibn Qeys bu işə hamıdan artıq təkid edirdi.

İmam Əli (ə) buyurdu: “Döyüşə davam edin, müqavimət göstərin ki, qələbə yaxındır. Onların dəvətinə etina etməyin ki, hiylə və məkrdən başqa bir şey deyil! Allahın kitabına dəvət edən və o kitabın dəvətini qəbul edən ilk şəxs mənəm! Natiqi-Quran mənəm! Mən sizi heç vaxt Allahın kitabından başqasına dəvət etmərəm. Mən onlarla məhz Quranın hökmünə qarşı olduqlarına görə döyüşürəm... Mən onları (Müaviyə, Əmr ibn As və başqalrını) sizdən yaxşı tanıyıram.”

O həzrət döyüşdən qabaq dəfələrlə – səfirlər və müxtəlif məktublar vasitəsilə Müaviyə və Şam ordusunu Quranın hökmünə dəvət etmiş, onlar isə bununla razılaşmamışdılar. Məğlubiyyət ərəfəsində isə Quranı özlərinə dəstavüz etmişdilər.

Əmr ibn Asın hiylə və məkri öz işini gördü. İmam Əlinin (ə) ordusundan on minə yaxını döyüşdən əl çəkib atəşkəslə razılaşdı və şamlıların istəyinə müsbət cavab verdi. Əşəs və tərəfdarları əllərində silah o həzrətin müqabilində dayanıb dedilər: “Onların dəvətini qəbul et, əks-təqdirdə, Osmanı öldürdüyümüz kimi, səni də öldürərik.”

İmam Əli (ə) öyüd-nəsihət etsə də, onlara azacıq belə təsir göstərmədi və nəhayət, məcburiyyət qarşısında qalıb “həkəmiyyət” məsələsinə razılıq verdi. Qərar oldu ki, müharibəyə son qoyulsun və hər iki tərəfdən bir nümayəndə seçilərək məşvərət əsasında müəyyən bir zaman və məkanda, ümumi məclisdə və hər iki ordunun böyükləri qarşısında mühakimə yürüdərək İslam ümmətinə rəhbər təyin etsinlər.

Müaviyə mühakimə üçün Əmr ibn Ası təyin etdi. İmam Əliyə (ə) atəşkəs və “həkəmiyyət” məsələsini qəbul etdirən, sonradan da “xəvaric” adını daşıyan müxaliflər isə Əbu Musa Əşərini təyin etdilər. İmam Əli (ə) onun bu işə ləyaqət və səlahiyyətli olmadığını bildirib, İbn Abbası, yaxud Maliki Əştəri və yaxud da Əhnəf ibn Qeysi mühakimə üçün təyin etsə də, o həzrətlə razılaşmadılar və Əbu Musa Əşərini seçdilər.

Bir sözlə, danışıqlar zamanı Əmr ibn As hiyləgərliklə Əbu Musa Əşəriyə başa salır ki, İslam ümməti iki nəfərin – Əli və Müaviyənin üstündə bir-birilə müxalifətə qalxmışdır. Gəl, sən Əlinin nümayəndəsi kimi Əlini xilafətdən kənarlaşdır, mən də Müaviyənin nümayəndəsi kimi Müaviyəni xilafətdən kənarlaşdırım. Sonra müsəlmanlar yığışıb, özlərinə yeni bir xəlifə təyin etsinlər. Əbu Musa Əşəri, Əmr ibn Asın hiyləsinə aldanıb onunla razılaşır. Hər iki tərəf bu nəzərin elan olunacağını qərar verir.

Mühakimə üçün təyin olunmuş vaxt gəlib çatdıqda, Əmr ibn As hiyləgərliklə Əbu Musa Əşəriyə deyir: “Minbərə birinci sən çıx, çünki sən Peyğəmbərin (s) səhabəsisən. Mən səndən qabağa keçə bilmərəm.”

Məclisdə iştirak edən İbn Abbas, Əbu Musa Əşəriyə deyir: “Qoy, öncə Əmr ibn As nəzərini desin, yoxsa, o, səni aldadacaq!”

Əbu Musa Əşəri, İbn Abbasın sözünü qəbul etməyib, minbərə çıxır və camaatın hüzurunda belə deyir: “Biz məşvərət və araşdırmalardan sonra belə qənaətə gəldik ki, həm Əlini (ə), həm də Müaviyəni xilafətdən kənarlaşdırıb, xəlifə seçimini müsəlmanların öhdəsinə qoyaq. Buna əsasən, mən bu üzüyü barmağımdan çıxartdığım kimi, Əlini də xilafətdən kənarlaşdırıram.”

Ondan sonra Əmr ibn As minbərə çıxıb deyir: “O, Əlini xilafətdən kənarlaşdırdı. Mən də onu xilafətdən kənarlaşdırıb, bu üzüyü barmağıma taxdığım kimi, Müaviyəni xilafətə təyin edirəm.” Beləliklə, Əmr ibn As, Əbu Musa Əşərini aldadıb, Müaviyəni xəlifə elan edir.

İMAM ƏLİ (Ə) KƏRBƏLA TORPAĞINDA

Nəql olunur ki, imam Əli (ə) “Siffeyn” döyüşündən qayıdarkən Kərbəla çölündə dayanır və sübh namazını elə orada qılır. Namazdan sonra Kərbəla torpağından bir az götürüb iyləyir və “Xoş sənin halına, ey Kərbəla torpağı! Sənin daxilindən qalxacaq (məhşur olacaq) bir zümrə sorğu-sualsız behiştə daxil olacaq!” – deyərək gözlərindən yaş axmağa başlayır. O həzrət əli ilə bir yerə işarə edərək buyurur: “Bura onların qətlgahı və qanlarının axıdılacaq yeridir. Xoş olsun sənin halına, ey torpaq! Sənin üzərinə əziz insanların qanı axıdılacaq. Vay olsun sizin içərinizdən onları qətlə yetirən kəslərin halına!” (Biharul-ənvar”, 44-cü cild, səh. 255.)

Rza Şükürlü