Siyasi məhbusların yeni siyahısı hazırlanıb

Leyla Yunus: `Dindarlar digər hüquq müdafiəçilərinin siyahısında yoxdur`

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus siyasi məhbusların yeni siyahısını təqdim edib. Onun "Azadlıq" radiosuna müsahibəsini diqqətinizə yetiririk.

– Leyla xanım, bəlkə bir də xatırladasınız, kimlər siyasi məhbus sayılır?
– Mən 30 ildən çoxdur, hələ sovet vaxtından siyasi məhbusların siyahısını hazırlayıram. O vaxtdan Amnesty İnternational beynəlxalq təşkilatının siyasi məhbuslarla bağlı meyarları var. O meyarlardan «siyasi məhbus kimdir, vicdan məhbusu kimdir» suallarına cavab tapmaq mümkündür. Bu meyarlar çox aydın anlaşılır. Qanunu pozan vətəndaş həbs edilirsə, ancaq buna görə ona siyasi motivlərlə daha çox iş verirlərsə, bu adam siyasi məhbus sayılır. Vicdan məhbusu o adamdır ki, qanunları heç vaxt pozmur, amma qanunsuz həbs edilir.

– Əvvəlki siyahınızda 124 nəfərin adı vardı. İndi onların sayı 109-a enib...
– Bizim siyahıda olan, vaxtı bitən məhbuslar bu yaxında azadlığa buraxıldılar. İyunda hicabla əlaqədar tutulanların vaxtı bitdi. Siyahıda azalan onlardır.

– Əvvəlki siyahıda olanların bəziləri bu yaxınlarda hüquq müdafiəçilərinə müraciət edərək adlarının siyasi məhbus siyahısından silinməsini istəmişdilər. Yeni siyahıda niyə onların da adı var?
– Sülh və Demokratiya İnstitutu siyahı hazırlayarkən, nə dustaqların, nə də onların ailə üzvlərinin hər hansı təklifinə baxmır. Bura Azərbaycandır. Hamı bilir ki, onlar hansı şərtlər altında o müraciəti ediblər. Onlara necə işgəncələr verildiyini mən bilirəm. Siyahı hazırlayarkən, həmin adamın statusuna, ona qarşı törədilən qanun pozuntusuna, onun günahsızlığına və məhkəmənin qanunsuz qərarına əsaslanırıq. Əgər kriteriya uyğun gəlirsə, məhbusun fikrindən asılı olmayaraq, onu bu siyahıya salırıq.

– Bakıda AŞPA-nın illik sessiyası keçirilərkən, Azərbaycandan olan bəzi hüquq müdafiəçiləri ortaq siyahı təqdim etdilər. Həmin siyahıda 84 nəfərin adı vardı. Onunla sizin siyahı arasında nə fərq var?
– O siyahıda olanların hamısı bizim siyahıda da var. Bizim siyahıda adı olanların 20 nəfəri orada yoxdur. Mən o siyahı ilə razılaşıb, heç vaxt qol çəkə bilmərəm. Çünki orada dustaqlar 2 yerə bölünüb. Təklif olunur ki, siyasi məhbusların bir hissəsi  indi buraxılsın, bir hissəsinin də məhkəməsi yenidən keçirilsin. Bu cür təklif xeyirsizdir, insanlara yenidən işgəncə verməkdir. Axı bizdə müstəqil məhkəmə yoxdur. Bir də, siyahılarda hansı adların olmasından çox siyahıların mövcudluğu əsasdır. Mənim mübarizəm siyasi məhbusların unudulmamasını hədəfləyir.

– Həmin siyahıya kimlər salınmayıb?
– Dindarlar var, bloqqerlər var...

– Siyasi məhbuslar üzrə məruzəçi təyin edilən Pedo Agramuntla əməkdaşlığınız hansı səviyyədədir?
– Bu məsələyə təkcə Agramunt baxmayacaq. ATƏT də, BMT də bunu tələb edir. Azərbaycanda hər gün həbslər haqqında eşidirik. Əsas məsələ odur ki, siyasi məhbus var. Agramunt istəsə də deyə bilməyəcək ki, siyasi məhbus yoxdur.