İslam rəhmət və şəfqət dinidir-1

İslam əsaslarının təməli olan müqəddəs Qurani-Kərim onun rəhmət, şəfqət və məhəbbət dini olduğunu açı-aşkar elan edir. Belə ki, Qurani-Kərimin 114 surəsindən 113-ü İslamın rəhmət və məhəbbət dini olduğunu göstərən “Bismillahir-rəhmanir-rəhim!” (Bağışlayan və mehriban Allahın adı ilə!) ifadəsi ilə başlayır.

“Ər-rəhman” surəsinin 60-cı ayəsində belə buyurulur:

هَلْ جَزَاء الْإِحْسَانِ إِلَّا الْإِحْسَانُ

“Məgər yaxşılığın əvəzi yaxşılıq deyilmi?”

Rəhmət, məhəbbət, dostluq və yaxşılıqdan danışan bu şərif ayə müsəlmanların ən mühüm şüarıdır. Quranda, hətta müsəlmanlara pislikləri yaxşı rəftar və ədəblə qarşılamaları tövsiyə olunur! “Muminun” surəsinin 96-cı ayəsinndə bu barədə belə buyurulur:

ادْفَعْ بِالَّتِي هِيَ أَحْسَنُ السَّيِّئَةَ

Onların pislik və hörmətsizliklərini ən gözəl üsulla dəf et.”

“Ali-İmran” surəsinin 159-cu ayəsində İslam Peyğəmbərinin (s) mehriban olması haqqında belə buyurulur:

فَبِمَا رَحْمَةٍ مِّنَ اللّهِ لِنتَ لَهُمْ وَلَوْ كُنتَ فَظًّا غَلِيظَ الْقَلْبِ لاَنفَضُّواْ مِنْ حَوْلِكَ...

Allah tərəfindən olan rəhmətin sayəsində onlarla (camaatla) mülayim oldun və əgər qaba və daşürəkli olsaydın, hökmən sənin ətrafından dağılışardılar...”

İslamın rəhmət, şəfqət və məhəbbət dini olduğu ilə əlaqədar hədislərimiz də az deyildir. İmam Sadiq (ə) buyurmuşdur: “Məgər din məhəbbətdən başqa bir şeydirmi?!” (“Mizanul-hikmət”, c.2, fəsil 666, hədis 3257.)

İmam Baqir (ə) buyurmuşdur: “Din məhəbbətdir, məhəbbət də din!” (“Nurus-səqəleyn”, c.5, səh.285, hədis 49.)

Bu və bu kimi hədislərə görə, insanın dini-mənəvi həyatını kor-koranə itaət yox, eşq-məhəbbət təşkil edir. Mömin şəxsi də Allaha itaət və bu yolda çətinliklərə razı edən yalnız budur! Təbiidir ki, hər hansı işdə eşq-məhəbbət onu asanlaşdırır. Bəs, ardıcıllarının əməl və rəftarında eşq-məhəbbət yaradan dini qəddar adlandırmaq olarmı?

Mübarək Ramazan ayında oxunan, qoxusu dünyanın bütün məscidləri və ibadət mərkəzlərini bürüyən dualar da İslamın rəhmət və şəfqətinin bir nümunəsi sayılır. Bu mübarək ayda müsəlmanlar (yalnız müsəlmanların deyil, həm də) bütün insanların çətinliklərinin həlli üçün əllərini böyük Allahın dərgahına qaldıraraq belə dua edirlər:

اَللّـهُمَّ اَدْخِلْ عَلى اَهْلِ الْقُبُورِ السُّرُورَ

İlahi, qəbiristan əhlinə şadlıq bəxş et!

اَللّـهُمَّ اَغْنِ كُلَّ فَقير

İlahi, bütün yoxsulları ehtiyacsız et!

اَللّـهُمَّ اَشْبِعْ كُلَّ جائِع

İlahi, bütün acları doyuzdur!

اَللّـهُمَّ اكْسُ كُلَّ عُرْيان

İlahi, libası olmayan bütün çılpaqları geyindir!

اَللّـهُمَّ اقْضِ دَيْنَ كُلِّ مَدين

İlahi, bütün borcluların borclarını ödə!

اَللّـهُمَّ فَرِّجْ عَنْ كُلِّ مَكْرُوب

İlahi, bütün çətinlikdə yaşayanları qəm-qüssədən xilas et!

اَللّـهُمَّ رُدَّ كُلَّ غَريب

İlahi, bütün qəribləri (öz vətənlərinə) qaytar!

اَللّـهُمَّ فُكَّ كُلَّ اَسير

İlahi, bütün əsirləri əsirlikdən qurtar!

اَللّـهُمَّ اَصْلِحْ كُلَّ فاسِد مِنْ اُمُورِ الْمُسْلِمينَ

İlahi, müsəlmanların işlərindən bütün fəsadı qaldır!

اَللّـهُمَّ اشْفِ كُلَّ مَريض

İlahi, bütün xəstələrə şəfa ver!

Doğrudan da, insan İslamın bu kimi rəhmət və şəfqətindən ləzzət alır və müsəlmanların hisslərinə afərin deyir. Onlar əksər dualarının bütün ehtiyaclı insanlara aid olduğundan, zövq alırlar. Görəsən, belə təəssüratlar İslamın rəhmət və şəfqət nümunəsi deyilmi? Hansı qərəzsiz və insaflı şəxsin onu qəddarlıqda ittiham etməyə cürəti çatar?! (“İlahi bəndələrin səciyyələri”, Ayətullah Məkarim Şirazi, səh.13-20.)

Maide.az