Sosial şəbəkələr həyatımızın bir hissəsidir

Artıq sosial şəbəkələr həyatımızın bir hissəsinə çevrilib. Təkcə "Facebook" sosial şəbəkə istifadəçilərinin sayı təxminən 1,7 milyard nəfərdir. Gündəlik həyatdan görüntülər, doğum günü, toy günü fotoları və onlardan alınan "like"lar az qala müasir insanın məqsədinə, həyatına çevrilib.

Psixoloq Könül Mikayılzadənin bildirdiyinə görə, bu gün real həyatımıza sosial şəbəkələrdəki həyatın təsir etdiyini inkar etmək düzgün olmazdı: "Əksəriyyət günün müəyyən hissəsini sosial şəbəkələrə, həyatının sosiallaşmasına həsr edir. Amma normal, psixoloji problemi olmayan insan üçün bu, yeganə və məmnun olacağı həyat modeli olmamalıdır. Bütün günü sosial şəbəkələrdə şəkil paylaşmaq, şərh yazmaq, kimlərləsə yazışmaq, vaxtını yeni "smaylik"lərin axtarışına sərf etmək insanın gerçək həyatının olmamasına, ya da onun virtual aləmə köçürülməsinə işarə edir".

K.Mikayılzadənin fikrincə, sosial şəbəkələrdə ən çox işi-gücü olmayanlar əyləşir. "Səhərdən axşama kimi sosial şəbəkədə işi-gücü, şəxsi həyatı olmayan, vizuallıqdan qaçan, dostları az olan və yaxud varsa da, onların yanında özünü tənha kimi hiss edənlər olur. Belə adamlar sosial şəbəkəyə artıq həyatı kimi baxırlar. Bütün tanışlıqları, dostları ordan seçməyə başlayırlar".

Həmsöhbətimizin dediyinə görə, sosial şəbəkələrdən demək olar ki, əksər cavanlar istifadə edir: "Bura orta və yaşlı nəsli də əlavə etmək olar. Onlar da sosial şəbəkə tanışlıqları yaradır. Təbii ki, hər şey həddində gözəldir. Ardı-arası kəsilməyən mənasız tanışlıqlar işsiz-gücsüz və boş-bekar insanlara xas bir şeydir".

Evli insanların sosial şəbəkələrdə tanışlığına gəlincə, psixoloq bildirir ki, bu, ailədə olan boşluqlardan irəli gəlir. Onun sözlərinə görə, bir qadının və ya kişinin ailəsində harmoniya varsa, onu məşğul edən, başını qatan işi varsa, sosial şəbəkələrdə tanışlıq üçün vaxt tapmayacaq. Kişi və qadın arasında münasibət normaldırsa, kişi və ya qadın heç vaxt ailəsinə sərf edəcək qızıl saatlarını, dəqiqələrini, saniyələrini internetdə boş-boşuna keçirməz. "Təbii ki, bu da boşluqlardan doğan problemlərdir".

Müsahibimiz vurğulayıb ki, sosial şəbəkələrdə tanışlıq Azərbaycanın mental dəyərlərinə uyğun deyil: "Avropada sosial şəbəkələrdə tanışlıq normal bir şeydir. Təbii ki, hər iki tərəf normal insan çıxarsa, bu tanışlıqdan reallaşan xoşbəxt münasibət formalaşa bilər. Onu da qeyd edim ki, qərb ölkələrində valideynlər öz övladlarına sosial şəbəkələrdə tanışlıqlara, real görüşlərə qadağa qoyublar. Hətta orada buna hüquq mühafizə orqanları da qarışır. Çünki cinayətlərin bir çoxu sosial şəbəkələrdəki tanışlıqlardan yaranır. Arxa tərəfdə əyləşənin kim olduğunu biz bilmirik. O, sadəcə istədiyi kimi sözləri yazmaq, şirin cümlələr qurmaqla bizə müraciət edir".

O, internet vasitəsilə xarici ölkə vətəndaşları ilə tanış olan xeyli qızlarımızın olduğunu da deyir: "İnsanlar tanıyıram ki, xarici ölkə ilə birbaşa əlaqə saxlayır, xarici kişilərlə "skayp" vasitəsilə birbaşa əlaqə qururlar. Buradan xarici ölkələrə gəlin köçən qızlarımız da az deyil. Onlar arasında xeyli tanıdıqlarım da olub. İnanmıram ki, Azərbaycan oğlanları xarici ölkələrdən bunun vasitəsilə qız alsın. Yenə gəlib mental dəyərlərə söykənirik. Bu, bizim oğlanların düşüncə tərzinə, dünyagörüşünə uyğun deyil".

Könül Mikayılzadə bildirib ki, sosial şəbəkədə eşq yaşamaq normaldır: "Lakin nəzərə almaq lazımdır ki, düzgün insan səhərdən axşama kimi sosial şəbəkələrdə oturmaz. Çünki normal insanın normal ailəsi, işi olacaq. İnsanda psixoloji gərginlik var ki, normal real həyatını sosial həyata bağlayır". (ekspress) /