Tələbə yataqxanaları - Azərbaycanda və xaricdə

Dərs ili öncəsi universitetə yaxın ərazilərdə, dayanacaqlarda tələbələr üçün kirayə ev verənlərin elanları ilə dolu olur. Elanlarda adətən evləri əsasən qız tələbələrə vermək istəyənlərin sayı üstünlük təşkil edir. Bu da təbii ki, oğlanlarla qızların sürdükləri fərqli həyat tərzindən irəli gəlir. Küçədən başqa Facebook sosial şəbəkəsində də belə elanlar tez-tez qarşımıza çıxır. Onlardan birində qız tələbələr üçün hostel-yataqxana otaqlarının aya 150 AZN-ə verildiyi qeyd edilmişdi. Bu məbləğə isə bütün kommunal xərclər, internet daxil edildiyi haqda qeydlər yer alıb.
 
Kirayə verilən evləri tapmaq elə də çətin deyil. Necə deyərlər, "puluna minnət!". Nəzərə alsaq ki, yataqxanada qalanlar adətən regionlardan paytaxta gələnlər olur və onların da bir çoxları aztəminatlı ailədən olan tələbələrdir, o zaman uyğun qiymətə kirayə ev tapmaq məsələsi bir az çətinləşir. Tələbələrin bəzilərinə valideynləri kömək edir, digərləri isə özləri işləyərək kirayə haqqını ödəməyə çalışırlar. Nəticədə kirayə pulunu ödəmək üçün günün bir hissəsini işləyən, bir hissəsini də universitetdə yorğun, yuxusuz halda keçirən tələbənin təhsili artıq sual altına düşür. 
 
Sevdiyimiz Avropa standartları və yaşadığımız reallıq
 
Azərbaycan Dillər Universitetinin tələbəsi Yasəmən (ad şərtidir) kirayə üçün ayda 110 manat verdiyini, yaşadığı evdə 3 ildir ki, qaldığını deyir: "Otaq yoldaşım da var. Qaldığımız ev iki mərtəbəli olduğundan yuxarı mərtəbədə başqa 9 nəfər qız qalır". Tələbənin sözlərinə görə, evin ikinci mərtəbəsində 3 otaq var və hər otaqda 3 nəfər qız qalır. Yasəmən deyir ki, bu ödənişə kommunal xərcləri daxildir. "Kirayə haqqını valideynlərim ödəyir, özüm isə tərcüməçi kimi və ya ingilis dilindən dərs deməklə gündəlik xərclərimi ödəyirəm. Ailəm üçün bu da bir köməkdir" - deyən tələbə artıq dördüncü kursda oxumasına baxmayaraq ADU-nun yataqxanasının olduğunu bilmədiyini dedi. Hər universitetin daxili təlimatlarına əsasən universitet nümayəndələri öz tələbələrinə yataqxananın olub-olmadığını bildirməlidirlər. Yataqxana varsa, kimə və necə müraciət etməsi haqda məlumat tələbələrə bütün təfərrüatı ilə təqdim edilməlidir. 
 
İki il İtaliyanın Siena universitetində magistr təhsili almış Ağarəhim Poladov isə elə dərsin ilk günündə bu haqda bütün tələbələrə məlumat verildiyini bildirdi: "İlk dəfə gedəndə heç bir yataqxananı tanımırdım deyə hoteldə qalmaq məcburiyyətində idim. Lakin birinci dərs günü master proqramımızın rəhbəri universitet yataqxanalarının siyahısını, adreslərini və əlaqə nömrələrini elə dərs vaxtı e-mail vasitəsi ilə bizə göndərdi".
 
A.Poladov dərslərinin həftədə 3 gün olduğuna görə digər tələbələr kimi hər gün orada qalmadığını bildirdi: "Ona görə mənə digərləri kimi həmişəlik otaq yox, "foresteria", yəni qonaq otağı deyilən bir otaq verildi. Həmin otaqlar isə iki nəfərlik idi". A.Poladov orada yer almaq üçün iki-üç gün əvvəl elektron məktub vasitəsi ilə adını, soyadını, oxuduğu fakültəni, cinsini (mövcud qaydalara əsasən otaqda ancaq ya qız-qız və ya oğlan-oğlan qala bilər) yazıb otaq sorğusu göndərdikdən sonra gün ərzində cavablandırılaraq bu qayda ilə gələn tələbələrin otaqlara yerləşdirildiyini bildirdi.
 
Qiymətlərə gəldikdə, A.Poladovun sözlərinə görə, bir gecəlik otağın qiyməti 12 avro təşkil edib. "Otağın içində hamam, tualet, istilik sistemi, internet və səhər yeməyi daxil idi. Bunların hamısı hotel yox, məhz universitet yataqxanasının foresteria xidmətində var idi" - deyən Siena tələbəsi bu cür qonaq otaqlarında əsasən xaricdən gələn tələbələr və ya italiyalı qiyabi oxuyanların qaldığını bildirdi. "Hər dəfə foresteriada fərqli təzə insanlarla tanış olurdum. İki üç günlük otaq yoldaşı olurduq" - deyə sözünə əlavə etdi.
 
Uzağa getməyək, Türkiyədə də universitetdə qiyabi və ya imtahan verənlər üçün xüsusi "yurdlar"- yəni qonaq evləri mövcuddur. Bir neçə ay öncə Azərbaycan Tibb Universitetini bitirən Təhminə Əliyeva diplomunu təsdiqlətmək üçün Ankarada olduğunu bildirdi. Onun sözlərinə görə, imtahandan bir neçə gün öncə Ankarada hoteldə deyil, yurdda qaldığını bildirdi: "Yurd çox rahatdır, hər şəraiti var. Oxu zalı, idman zalları, internet, ümumən tələbə üçün lazım olan hər bir şey var" - deyən Təhminə yurdda qalmaq üçün gündəlik 40 türk lirəsi verdiyini bildirdi. Bu qiymətə həmçinin səhər yeməyi də daxildir. 
Gündəlik burada qalanlar üçün isə tələbə şəhərciyi və ya kampuslar da var. Yeri gəlmişkən qeyd edək ki, ilk kampus 18-ci əsrdə Prinston universitetində yaranıb. SSRİ-də də bu cür kampusların olmasına baxmayaraq, Azərbaycanda təəssüf ki, bu sistem hələ ki, qurulmayıb. Bəzi universitetlərdə, misal üçün Azərbaycan Diplomatik Akademiyasında tələbələr üçün oxu zalı, yeməkxana və s. var. Lakin bunu tam şəkildə kampus adlandırmaq düzgün olmaz. Belə ki, kampuslarda infrastruktur daha inkişaf etmiş olur. Belə ki, yeməkxana, oxu zalları, idman zallarından əlavə, kampuslarda muzey, tələbələr üçün teatr, kilsə, mağazalar, gecə klubları, kafelər də fəaliyyət göstərir. Belə kampuslarda tələbələrə hətta dərs qrafiklərinə uyğun iş tapmaq imkanı da yaradılıb. 
 
BDU tələbələrinin səbirsizliklə gözlədiyi nə vaxt baş verəcək?
 
BDU-nun 100 illik yubileyinə hazırlıq məqsədilə həyata keçiriləcək tədbirlər planı çərçivəsində universitetin tələbə şəhərciyi innovativ üsulla tamamilə yenidən qurulacağı haqqında ötən il Universitetin inzibati-təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlı mətbuata açıqlama vermişdi. Onun sözlərinə görə, bu şəhərcikdə təxminən 6 minə yaxın tələbə üçün yer ayrılacaq. 
 
Nəbi Ramazanlı onu da qeyd edib ki, bu məqsədlə ərazidə 5 yeni yataqxana binasının tikilməsi nəzərdə tutulur. 200 milyon manat dəyərində ehtimal edilən layihəyə görə, şəhərcikdə binaların hündürlüyü həmin ərazinin relyefindən asılı olaraq dəyişəcək. Yerin relyefi yüksəldikcə mərtəbələrin sayı azalacaq. Məsələn, Mətbuat prospekti tərəfdən olan ərazidə 16-17, daha yuxarı qalxdıqca yerin hündürlüyündən asılı olaraq 14, 13, 12 və s. mərtəbəli binalar inşa olunacaq. Ən son hündürlükdə tikiləcək bina 6 mərtəbəli olacaq.
 
Binalarda Avropa və dünyanın ən qabaqcıl universitetlərinin tələbə şəhərcikləri (kampusları) səviyyəsində müasir standartlara cavab verən bütün şərait yaradılacaq. Hər bir binada yeməkxana, kitabxana, İnternet şəbəkəsi, mağazalar və s. təşkil olunacaq. Burada bütün infrastruktur, o cümlədən ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təchizat məsələləri yüksək səviyyədə olacaq. 
 
Yuxarıda sadalananlar təbii ki, hər bir tələbəni sevindirdiyi kimi bizi də sevindirir. Lakin bu layihənin nə vaxt başlayacağı və bitəcəyi haqqında hələ ki, heç bir məlumat yoxdur. Dərs ili öncəsi BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova modern.az saytına inşaat işlərinin vaxt alacağını gizlətməyib. Nəticə etibarı ilə ortaya çıxan sual yenə də cavabsız qalır: söküntü, təmir işləri bitənədək tələbələr yaxın bir neçə ildə harada qalacaq?...