Ötən gün saxlanılan dini fəal sərbəst buraxılıb - YENİLƏNİB

(ilk xəbər 05-02-2020 20:19-da dərc edilmişdi) 
 
Fevralın 5-də Bakıda hava limanında saxlandığı bildirilən dini fəal Elvin Muradov gecə saatlarında sərbəst buraxılıb.
 
Maide.Az bildirir ki, bu barədə AzadlıqRadiosuna təşkilatdan məlumat verilib.
 
«Gecə saat 23.00 radələrində buraxıblar. Məlum olub ki, onu hava limanından «bandotdel»ə (Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi-red.) aparıblar. Elə o idarədən də buraxılıb», - hərəkatdan bildirilib.
 
E.Muradov özü də xəbəri təsdiqləyib. «Axşamdan evdəyəm. Hər şey yaxşıdır...», - o deyib.
 
Daxili İşlər Nazirliyi isə E.Muradovun saxlanması barədə məlumatlara münasibət bildirməyib.
 
***
Dini fəal Elvin Mürvətoğlu Azərbaycana qayıdarkən Bakıdakı Heydər Əliyev adına hava limanında saxlanılıb.
 
Maide.Az  xəbər verir ki, bu barədə Turan-a Muradovun ailə üzvləri bildiriblər.
 
O, uzun müddətdir qazanc üçün Rusiyaya gedib və vaxtaşırı Bakıya gəlir. O, sonuncu dəfə yarım il əvvəl Azərbaycanda olub.
 
"Bu dəfə o, səhhəti və övladının ad günü ilə əlaqədar Bakıya gəlib. Saat 13:30-da Bakıya çatdıqdan sonra o, aeroportda polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra onun haqqında heç bir məlumat yoxdur", deyə Muradovun yaxınları bildiriblər.
 
Murad şair və mahnılar bəstələyib oxuyur.  
 
Qeyd edək ki, yaxınları Elvin Mürvətoğlunun Tale Bağırzadə və digər siyasi məhbuslar haqqında mahnılar səsləndirdiyi üçün saxlanıldığını güman edirlər.