Tokio-2020: Azərbaycan paracüdoçuları 2 qızıl, 1 bürünc medal qazanıb - YENİLƏNİB-1

Tokio-2020 Yay Paralimpiya Oyunlarında paracüdo yarışlarına start verilib.
 
Apasport.az saytının məlumatına görə, ilk gündə Azərbaycan millisinin 4 paralimpiyaçısı mübarizəyə qoşulub.
 
“Neftçi İdman Klubu”nun yetirmələri olan təmsilçilərimiz günü 3 medalla başa vurub. Şəhanə Hacıyeva Paralimpiya yığmamıza ilk qızıl medalı qazandırıb.
 
Ardınca Vüqar Şirinli də finaldakı qələbə ilə çempionluq sevinci yaşayıb. Namiq Abaslı isə bürünclə kifayətlənib.
 
Bununla da Tokio-2020-də Paralimpiya Oyunlarında Azərbaycanın qazandığı medal sayı 5-ə çatıb. Paracüdoçulardan öncə üzgüçü Roman Saleh (100 m, arxası üstə üzmə) 1-ci, pauerliftinqçi Pərvin Məmmədov (49 kq) 3-cü yeri tutub.
 
Kişilər
60 kq
Vüqar Şirinli 1/4 finalda türkiyəli Recep Ciftçi ilə üz-üzə gəlib. Debütdə qələbə qazanan təmsilçimiz yarımfinal görüşünü də aktivinə yazıb. O, rumıniyalı Aleks Boloqa qalib gəlib.
 
Şirinli finalda qazaxıstanlı Anuar Sarıyevlə güləşib və qələbə sayəsində çempion tituluna yiyələnib.
 
66 kq
Namiq Abaslı Paralimpiadaya ispaniyalı Serxio İbaneslə görüşlə start verib. Məğlubiyyətə üzülən paracüdoçumuz təsəlliverici qarşılaşmalara qatılıb. O, öncə Luis Peresi (Puerto-Rika), ardınca Viktor Rudenkonu (Rusiya) yarışdan kənarlaşdırıb.
 
Abaslı bürünc medal uğrunda ukraynalı David Xorovanı sınağa çəkib və tatamidən qalib ayrılıb.
 
Qadınlar
48 kq
Şəhanə Hacıyeva çıxışı uğurlu alınıb. Yaponiyalı Şizuku Hanqai, daha sonra Viktoriya Potapovaya (Rusiya) qalib gələn həmyerlimiz finala yüksəlib. O, çempionluq döyüşündə fransalı Sandrin Martinlə qarşılaşıb və qələbə qazanıb. Bununla da Azərbaycan millisinin paralimpiadada ilk qızıl medalı rəsmiləşib.
 
52 kq
Bəsti Səfərova çıxışını medalsız bitirib. O, ilk qarşılaşmasında yaponiyalı Yui Fujivaraya, təsəlliverici görüşdə isə ukraynalı Nataliya Nikolayçuka uduzub.
 
***
 
Saat. 12:21
 
Azərbaycanın daha bir təmsilçisi Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.
 
"Report"un məlumatına görə, Raman Saleh 100 metr məsafəyə arxası üstə üzmə yarışında bütün rəqiblərini geridə qoyub.
 
Qeyd edək ki, daha əvvəl paracüdoçu Şəhanə Hacıyeva (48 kq) paralimpiya çempionu olub.