Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçirilir

Bu gün rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçirilir.

 
"Report" Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, Bakı şəhərində 785, Naxçıvan şəhərində isə 29 namizədin imtahan verəcəyi gözlənilir.
 
İmtahan Bakı şəhərində 4, Naxçıvan şəhərində 1 binada təşkil olunur və saat 11:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək. İmtahanın II mərhələsində iştirak etmək üçün 814 namizəd qeydiyyatdan keçib. Onlardan 553 nəfəri qız, 261 nəfəri oğlandır. 709 namizəd Azərbaycan bölməsinin, 105 namizəd rus bölməsinin, 375 namizəd cari ilin, 479 namizəd isə əvvəlki illərin məzunudur, 4 nəfər xarici ölkə vətəndaşıdır. İmtahanda namizədlərin ixtisas fənləri üzrə bilikləri yoxlanılır.
 
İmtahanların idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 9 imtahan rəhbəri, 75 zal nəzarətçisi, 10 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.
 
Bu mərhələdə iştirak edəcək 814 nəfərdən 305 nəfəri ötən ilki imtahan nəticəsinə görə, 509 nəfər isə bu ilki imtahanlarda məqbul qiymət aldığı üçün ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılıb.