Türkiyədəki villa bir şəxsə məxsusdur

Türkiyənin daşınmaz əmlak bazarında nüfuzlu təşkilatlarından olan Ərəb ölkələri və türkdilli respublikalar daşınmaz əmlak yatırımcıları Birliyinin nümayəndəsi Azərbaycan mətbuatında ajiotaja səbəb olmuş mülkiyyət sənədinin bir şəxsə aid olduğunu təsdiqləyib.
 
Daha öncə SOCAR-ın əsaslı kapital qoyuluşları idarəsinin rəis müavini Qiymət Mehdiyev mətbuatda həyat yoldaşı tərəfindən “Bodrum turizm bölgəsində 20 milyon dollara 16 villa alındığına dair” verdiyi açıqlamada demişdi ki, ev qeyd edilən ərazidəki çoxsaylı evlərdən “yalnız birinin yarısı qədərdir”.
 
Ötən şənbə günü Azərbaycanda yayınlanan www.haqqin.az internet saytı bir Azərbaycan vətəndaşının Türkiyənin Bodrum bölgəsində 20 milyon dollara 16 villa aldığına dair məqalə yayımlayıb.
 
Məqalədə iddia olunur ki, SOCAR-ın əsaslı kapital qoyuluşları idarəsinin rəis müavini Qiymət Mehdiyevin həyat yoldaşı Könül Mehdiyeva 2014-cü il iyulun 4-də turizm bölgəsi olan Bodrumun Gökçebel qəsəbəsində 16 dubleks villa və 12 min 621.71 kvadratmetr torpaq sahəsi alıb.
 
Məqalədə təqdim olunan mülkiyyət sənədinə əsasən, alqı-satqı əməliyyatı Alik Dunkan Morrison və Karen Meri Morrisonla Könül Mehdiyeva arasında aparılıb.
 
Dövlət Neft Şirkəti bu məsələdə tərəf olmadığını və araşdırılma aparıldığını deyir. “Hələ ki, risklərin idarə olunması komissiyası tərəfindən araşdırma davam edir”, şirkətin sözçüsü Nizaməddin Quliyev BBC Azərbaycancaya bildirib. O, araşdırmanın nəticələrinə uyğun olaraq qərar veriləcəyini də deyib.
 
“16 villa deyil, bir yarı villa”
 
Məqalədə adı hallanan SOCAR-ın nümayəndəsi Qiymət Mehdiyev isə həyat yoldaşının Türkiyənin Bodrum şəhərində 20 mln. dollara 16 villa alması haqqında məlumatları təkzib edib. ANSPRESS-ə təqdim etdiyi bəyanatda Mehdiyev məqalədə göstərilən faktları “əsassız və tamamilə həqiqətə uyğun olmayan” məlumatlar adlandırıb.
 
O, məqalədə bankda ödəniş edərkən videokamera görüntüsü əsasında fotosu verilmiş qadının onun həyat yoldaşı olmadığını da əlavə edib.
 
“Mənim həyat yoldaşımın aldığı ev qeyd edilən ərazidəki çoxsaylı evlərdən yalnız birinin yarısı qədərdir. Bu həqiqət elə məqalədə göstərilmiş mülkiyyət sənədində də açıq formada qeyd edilib. Ev 1/2 pay olmaqla dəyəri 200 min Türkiyə lirəsi dəyərindədir”, bəyanatda bildirilir.
 
Pansion villa
 
Türkiyənin daşınmaz əmlak bazarında nüfuzlu təşkilatlarından olan ərəb ölkələri və türkdilli respublikalar daşınmaz əmlak yatırımcıları birliyinin rəhbəri Abdullah Çiftçi BBC Azərbaycancaya bildirib ki, mülkiyyət sənədinə əsasən, “Könül Mehdiyeva Fərhad qızı adlı alıcı tərəfindən Bodrumda 16 ədəd villanın olduğu, 12,6 sot ərazidə əvvəllər pansion kimi istifadə edilmiş bir ədəd dubleks satın alınıb”.
 
Alqı-satqı əməliyyatı 200 min türk lirəsi (dönəmin valyuta kurslarına əsasən 94 min 340 dollar) mülkün ortaq sahibləri olan Alik Duncan Morrison oğlu və Karen Mary Morrison qızına ödənməklə aparılıb”.
 
Abdullah Çiftçi təqdim olunmuş mülkiyyət sənədinin mediada yayılmış surətinə istinadən deyib ki, adı şəkilən şəxslər mülkə 12 payla sahib olubar.
 
“Satışdan sonra isə “Könül Mehdiyeva adlı alıcı kat mülkiyyəti hüququ (müstəqil mülkiyyət haqqını təmin edir) ilə mülkün tamamına sahib olub”, ekspert bildirib.