`Tv-nin yayımı maddi problemlərə görə dayandı`

`Bu işin reallaşmağında maraqlı olan insanların dəstəkləri zəruridir`

Müsahibimiz "Maarif TV"-nin təsisçisi Əli Quliyevdir
 
- İlk olaraq açılması planlaşdırılan tv-nin adından başlayaq. Niyə "Maarif"?
- Çünki kanalımız siyasət və əyləncədən uzaq yalnız milli və mənəvi dəyərlərlə cəmiyyətin maariflənməsinə xidmət edəcəyi üçün adını "Maarif Tv" olaraq qəbul etdik.
 
- Bir müddət öncə "Maarif TV" yayıma başlayacağı barədə xəbərlər dərc olunmuşdu, anonslar yayılmışdı. Lakin 3 ildən artıqdır layihəyə start verilsə də, tv-nin yayımı başlamayıb. Səbəb?
- Tv ilə bağlı fikirlərimiz 2011 ci ilin son aylarında yəqinlik tapdı və 2011 -ci ilin dekabr ayında adı çəkilən "Maarif Tv"-ni ərsəyə gətirmək üçün ianə toplamağa başladıq. 
Yayıma 2013-ci ilin əvvəlində başlamağı düşünürdük, amma Tv sahəsi elə bir sahədir ki, tələbatları və ehtiyyacları tükənmir.
Hər an çəkilişlə bağlı yeni bir şey tələb oluna və ya hər hansı bir dizaynı yaratmaq üçün kifayət qədər pul tələb oluna bilər deyənə, stabil bir vəsait ilə Tv işlətmək qeyri mümkündür. Həmçinin bizim yaratmaq istədiyimiz "Maarif Tv" Azərbaycanda sırf maarifçiliyi təbliğ edəcək, milli və mənəvi dəyərlər üzərində qurulmalı olan bir internet kanalı olmalı idi.
Daim ən başlıca istəyimiz xarici təsirlərdən uzaq qalmaq şərtilə telekanalımızı ərsəyə gətirmək və bir Azərbaycanlı olaraq xaricdən dəstək almamaq şərtilə öz ayaqlarımızın üstündə durmaq idi və çox şükür Allaha ki, buna nail ola bildik.
Bu 3 il ərzində kifayət qədər şəraitə sahib olsaqda daimi maliyyə problemlərinin olduğundan bir kanal olaraq canlı yayıma çıxmağımız heç bir şəraitdə baş tutmadı. Daimi maliyyə problemləri, stabil yardımın olmaması son nəticədə maliyyə dəstəyinin lazımi səviyyədə olmamasına gətirib çıxardı ki, bu da kanalın fəaliyyətini müvəqqəti dayandırmamıza səbəb oldu.
 
- Yayıma çıxmağı nə vaxt planlaşdırırsınız?
- Kanalın gələcəyi 1 faizi məndən aslıdırsa 99 faizi cəmiyyətimizin dindarlarından aslıdır. Çünki mənim də şəxsi imkanlarım bir çərçivə əsasındadır. Biz istədiyimiz kanalı müəyyən şərtlərlə saxlamaq üçün aylıq minimal 3-5 min manat tələb olunur ki, bu da mənim tək bacaracağım bir iş deyil. Bu cür internet kanallarında uzun müddət reklamdan gəlir əldə etmək mümkün deyil. Yəni kanal yalnız xərclər üzərində qurulduğundan, gəlir olmadığından kanalın bir nəfər tərəfindən saxlanılması mümkünsüzdür. Burada bu işin reallaşmağında maraqlı olan insanların dəstəkləri zəruridir. Doğrudur, bu günə qədər onlarla dəstək verən insanlar olmuşlar ki, bu günə qədər onların dəstəyi ilə gəlmişik və hər birinə sizin vasitənizlə öz təşəkkürlərimi bildirirəm, Allah-Mütəal qarşılıqların verər inşəallah.
 
- Başqa fəaliyyətiniz varmı?
- Bildiyiniz kimi "Maarif Tv"-dən başqa "Muselman.az" saytı da bizim nəzarətimiz altındadır. Bundan əlavə saytımız ilk dəfə olaraq Qurani-Kərimin ən gözəl tərcümə və şərhinin kompyuter ve android versiyalarını hazırlamışdır ki, hal-hazırda bu proqramlar 100 minlərlə insanın istifadəsindədir. Bizim üçün böyük bir uğur və sevindirici bir haldır ki, "Quran Azerbaijan" adlı android proqramı telefonların mərkəzi bazası olan "Play Market"-də yükləmə 100 000 sayını keçmişdir. Bu Azərbaycan üçün yüksək nəticə sayılır və biz bununla kifayətlənməyib, Quran proqramının zamanla yenilənməsini, səs və transkripsiyanın artırılmasını düşünürük. Bundan əlavə İOS-tipli "Apple" və "Blackberry" telefonları və "Windows" tipli Nokia telefonları üçün də Quran proqramının hazırlanmasını düşünürük, lakin hələ ki, maliyyə imkanlarımız məhduddur. Dövrümüzdə Qurani-Kərimlə bağlı lazımi tələblərə cavab verən bir internet saytı yoxdur ki, onun da alternativini yaxın zamanlarda istifadəçilərimizə təqdim edəcəyik. Saytın nə zaman fəaliyyətə başlayacağını bilmək üçün istifadəçilərinizə "Muselman.az" və "İslamazeri.az" saytlarını izləməklərini tövsiyyə edirik./İslamAzeri