Vətəndaş müflis olarsa...

Səsləndiriləcək versiya kimlərəsə absurd görsənə bilər, lakin əvvəl-axır hökumət özü bu qərara gəlib çıxacaq

Bank müflis olanda, vətəndaşların yatırdığı depozitin yalnız bir hissəsi, sığortalanmış (maksimum 30000 AZN) hissəsi qaytarılır. Vətəndaşların qalan pulu isə batır. Yəni bankın sahibləri muflis olduqlarını elan edir və qapıya kilid vurub çıxıb gedirlər. Bəs vətəndaş ödəmə qabiliyyətini itirdikdə nə baş verir? Bank onun boğazından yapışıb, manatın salamat vaxtında götürdüyü krediti istənilən yolla qaytarmağı tələb edir. Əgər bu baş vermirsə, bank məhkəməyə müraciət edir və əgər kredit götürənin adına hər hansı bir mülk varsa, onda onun "evi yandı". Hələ mən dollarla kredit götürün bədbəxt insanları demirəm. Bir dollar 78 qəpik olarkən 10 min dollar kredit götürən insan, 7800 manat əvəzində 15500 manat qaytarmalıdır, hələ 30%-ə çatan faizləri nəzərə almasaq.
 
Bu gün, bü mövzu çox aktuallaşıb və bir çox ekspertlər deyir ki, indiki halda, Mərkəzi Bank ya dollarla verilən kreditlər üzrə yaranan xərcin bir hissəsini kompensasiya etməlidir, ya da Rusiyada olduğu kimi güzəşt müddəti tətbiq etməlidir ki, vətəndaşlar dollarla götürdükləri kreditləri ödəyə bilsinlər: "Xərclərin kompensasiyası zamanı Mərkəzi Bank xərclərin bir hissəsini öz üzərinə götürməlidir ki, vətəndaş üçün ağırlıq yaratmasın. Digər məqam güzəşt müddətinin müəyyənləşdirilməsi və bu müddət ərzində vətəndaşlara öz öhdəliklərinin yerinə yetirilməsi imkanının tanınmasıdır".
 
Lakin bu da, çıxış yolu deyil. Çunki bahalaşan yalnız qaytarılmalı olan kredit borcu deyil. Vətəndaş krediti götürərkən aylıq gəlirini və xərcini hesablayıb, hər ay odəyə biləcəyi məbləğə uyğun kredit götürüb. Bu gün isə bütün məhsulların bahalaşması fonunda vətəndaşın yaşayış minimumu da artıb. Başqa sözlə, vətəndaşların aylıq gəliri olduğu kimi qalıb, xərcləri isə artıb. Bu isə onların banka ödəyə biləcəyi aylıq məbləği ya azaldıb, ya da sıfıra endirib. Bu isə o deməkdir ki, banklar dollarla verilən kreditlərin manatın əvvəlki məzənnəsinə uyğun qaytarılmasına razı olsa və ya Mərkəzi Bank yaranmış fərqi ödəsə belə, kreditlərin qaytarılmasında çox ciddi problem yaranacaq.
 
Nəticədə Azərbaycanda fəaliyyət göstərən 40-dan yuxarı bankın ən azından yarısında ciddi problemlər yaşanacaq. İyirmidən artıq bankın ya bağlanması, ya birləşməsi gündəmə gələcək. Bu isə vətəndaşların banklarda olan depozitlərinin sığortalanmayan hissəsinin batması deməkdir. Düzdür, banklar məhkəmə yolu ilə mülkləri olan vətəndaşların borclarını, bu mülklər müqabilində odəməsinə nail ola bilər. Bu isə 2008-ci ildə ABŞ-da yaşanan "ipoteka böhranı"nın başlanğıcı deməkdir.
 
Əmlak bazarında yaranmış durğunluq şəraitində birdən-birə bazara on minlərlə əmlakın məcburi satışa çıxarılması, nəinki bankın pulunu geri almasını sual altına qoyacaq, hətta əmlak bazarını tam çokdürəcək. Bu isə öz növbəsində tikinti sektorundakı çətin durumu böhrana qədər aparacaq. Bir sözlə bu zəncirvari prosesdir. Və yaranmış vəziyyətdən çıxış yolu heç də iqtisadçıların dediyi kimi: borcun manatın əvvəlki məzənnəsi ilə qaytarılması - deyil.
 
Bəlkə səsləndiriləcək versiya kimlərəsə absurd görsənə bilər, lakin əvvəl-axır hökumət özü bu qərara gəlib çıxacaq: ölkədə kredit amnistiyası elan olunmalıdır. Sözsüz ki, söhbət milyonlarla manat krediti olan sahibkarların borcunun silinməsindən getmir. Söhbət sadə vətəndaşların götürdükləri 5-10 min manata qədər olan istehlak kreditlərindən gedir ki, bu borcun silinməsi ilə (sözsüz ki, bunu bank etməməlidir. Bu borcun ödənilməsini Dövlət öz üzərinə götürüb ya pul vasitəsilə ya da ki, banklara edilən müəyyən güzəştlərlə əvəzləməlidir) manatın dəyərsizləşəsi nətiəsində çətin vəziyyətə düşən vətəndaşlara dəstək olacaq, həm də ki, ölkədəki ictimai-sosial durumu stabilləşdirəcək.
 
Ə.Əsgərov