Vəkil: ''Məni DİN-dən qoruyun!'' (VİDEO)

İlham Əsədov: “Adam oğurluqlarının başında dayananların kimliklərini bilirəm, onların hamısı cəzalandırılmayıb”

Bu ilin fevralında bağı yanan vəkil İlham Fərhad oğlu Əsədov ölkə rəhbərliyinə, Azərbaycan ictimaiyyətinə səslənərək, ailəsinin məhv edilməsinin qarşısının alınmasını istəyib. Redaksiyaya daxil olan müraciətində İlham Əsədov Azərbaycanda adam oğurlayan dəstənin olduğunu və həmin şəxslərin izinə illər öncə Daxili İşlər Nazirliyinin İstintaq İdarəsində müstəntiq vəzifəsində çalışarkən düşdüyünü açıqlayıb. Vəkil deyir ki, bu gün başına gələnlər həmin günlərdə geri çəkilməməsinə, dönmədən cinayətkarlığın bu ağır növünə qarşı mübarizə aparmasına söykənir.
 
“Adam oğurluqlarının başında dayananların kimliklərini bilirəm...”
 
İlham Əsədov müraciətində yazır: “Prezident İlham Əliyevdən, onun xanımından, xarici ölkələrin Azərbaycandakı səfirliklərindən, sifarişlə işləməyən hüquqşünaslardan, məni tanıyan vətəndaşlardan xahiş edirəm, məni müdafiə edin. Müdafiə edin ki, DİN rəhbərliyi mənim ailəmi məhv etməsin. Dövlət başçısı təcili bu məsələyə müdaxilə etsin. Belə olmasa, biz Azərbaycandan köçək, gedək. Bilirəm ki, DİN rəhbərliyi ailəmin axırına çıxacaq. Baş prokurorun bunlara gücü çatmır. Cinayət işi 3 dəfə geri qaytarılır, DİN isə israr edir ki, İlham Əsədovun oğlu həbsə getməlidir. Bütün bu işlərin başıma gəlməsinin kökü vaxtilə apardığım adam oğurluqları ilə bağlı işdir. Adam oğurluqlarının başında dayananların kimliklərini bilirəm, onların hamısı cəzalandırılmayıb. Yarısı çöldədir. Bir daha prezidentimizdən, Azərbaycan xalqından kömək istəyirəm ki, DİN rəhbərliyi, prokuror Yusif İldırımzadə ilə birgə bizim ailəni məhv etməsinlər”.
 
“DİN öz zabitini oğlum Fərhad Əsədovun üzünə qoyub”
 
Eks-müstəntiq, hazırda Vəkillər Kollegiyasının üzvü olan İlham Əsədov Heydər Əliyevin prezidentliyi dövründə, 1993-cü ildə Rusiya Daxili İşlər Nazirliyindən Azərbaycan Daxili İşlər Nazirliyinə köçürülmə yolu ilə gəlib: “O dövrdən Daxili İşlər Nazirliyinin İstintaq İdarəsində işləməyə başlamışam. Heydər Əliyevin vaxtında belə bir yazılmamış qayda vardı - əgər hər hansı bir rəhbər işçi bir şəxslə qarşı-qarşıya gəlirdisə, döyürdüsə, onun ailəsinə, övladlarına toxunmurdular. İndiki məqamda mənim vuruşduğum yoldaşlar, DİN rəhbərliyi, 18 il ərzində mənimlə bacara bilmədilər, indi DİN bir zabiti oğlum Fərhad Əsədovun üzünə qoyub. Həmin zabitin ailəsində problemi var, bundan istifadə edirlər. Yol-nəqliyyat hadisəsini xuliqanlığa çevirərək, oğluma qarşı iş qaldırıblar. Cinayət işi 7 aydır ki, davam edir, amma ortada bir sübut yoxdur. Buna baxmayaraq, oğlumu məni cəzalandırmaq üçün həbs etmək istəyirlər”.
 
Qəzadan cəzaya...
 
Vəkil deyir ki, 2015-ci il avqustun 1-də oğlunun keçmiş komandiri onun sürdüyü maşını vurub: “Həmin komandir 2008-ci ildə ondan boşanan həyat yoldaşını öldürmək istədiyinə görə Cinayət Məcəlləsinin 127-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmişdilər. Qadın ondan boşanıb və oğlum o qadının maşını təmirdə olduğu üçün öz maşını ilə aparırmış. Komandir də öz maşını ilə gəlib oğlumun maşınını vurub. Hadisə Xətai rayonu ərazisində olub. İlkin olaraq işə yol-nəqliyyat hadisəsi kimi İnzibati Xətalar Məcəlləsinin 151-ci maddəsi ilə iş başladılar. Xətai prokuroru Yusif İldırımzadə biləndə ki, mənim oğlumdur, işi baş-ayaq fırlatdı. Yazdılar ki, guya oğlum komandirin maşınını qəsdən vurub. 7 ay əvvəl CM-nin 221-ci maddə ilə saxta bir cinayət işi başladılar və işi DİN İstintaq İdarəsində Xələfov soyadlı müstəntiqin icraatına verdilər. Xətaidə Yusif İldırımzadənin bacısının kürəkəni Vüsal Şahbazov 2 nəfəri zorla şahidə çevirib. Həmin 2 şəxs bu gün də Respublika Prokuroluğuna ərizə veriblər ki, biz yalan ifadə vermişik, bizi dindirin. Biz yalandan üzə durmuşuq. Respublika Prokurorluğu həmin şəxslərin ərizəsini DİN-ə göndərib ki, araşdırın. O şahidləri də DİN-ə çağırıb təzyiq göstərirlər ki, ifadənizi dəyişsəz, başınıza oyun gələcək”.
 
“DİN-dən göstəriş var ki, sənin oğlun həbs olunmalıdır”
 
İlham Əsədov müraciətində yazır ki, baş verənlərlə bağlı Daxili Qoşunların komandanı Şahin Məmmədovun yanına gedib. Və gözləmədiyi halda Şahin Məmmədov onunla şərtlər irəli sürməklə danışmağa başlayıb: “Dedi ki, bizim şərtimiz var, bağ evini oğlundan şikayət edən komandir Mirzəyə verməlisən, bu halda ona deyərik, ərizəni geri götürər. Dedi ki, komandirin keçmiş həyat yoldaşı Pərvanə Ələsgərova boşanandan sonra ondan evi alıb. Sənin oğlun da Pərvanə Ələsgərovaya kömək edir, ona görə də sən oğlunla birgə cəzalanmalısan. Dedi, sənin günahın budur ki, komandirin yoldaşı 5 il əvvəl Mərdəkandakı bağ evini ondan alıb. DİN-dən göstəriş var ki, sənin oğlun həbs olunmalı, ləkələnməlidir.
 
Gördüm başqa yol qalmır, dedim ki, DİN rəhbərliyinə deyin, mən İlham Əsədov ora gəlirəm, bir silah versinlər, götürürəm boynuma. Dedi ki, uşaq ləkələnməlidir, onun gələcəyi olmamalıdır. Oğluna məhkumluq damğası vurulmalıdır ki, heç yerdə işləyə bilməsin. Mən oradan birbaşa baş prokurorun qəbuluna getdim. Zakir Qaralova baş verənləri danışıb, dedim ki, burada heç bir cinayət tərkibi yoxdur və baş verənlər mənə qarşı təxribatdır. Xahiş etdim ki, bu təxribatın qarşısı alınsın. Soruşdum ki, necə ola bilər ki, zərərçəkən DİN işçisidir və işi DİN aparır? Baş prokuror fevralın 16-də göstəriş verdi ki, iş təkmil istintaqa geri qaytarılsın. Bundan sonra Kərim Xələfov komandirə bu haqda xəbər verib ki, Respublika Prokurorluğu işi təsdiq etmədi, vəziyyət gərgindir. Keçmiş komandir Nardaranda mənim bağ evimə yaxın bir yerdə yerləşən qərargahda oturur. Fevralın 16-da gecə qonşuda olan gözətçi bağ evinə baxıb, yoxlanış aparıb. 17-də səhər saat 6-da bağ evim yandırılıb. Bağ evimdə qaz yoxdur, elektik də 2015-in sentyabrından bu yana olmayıb. Çünki küçədən elektriki söndürmüşdüm. İyun ayına qədər bağa kimsə də daxil olmur. Bağ fevralın 17-də yandırılıb, fevralın 20-də mən bunu ictimailəşdirdim. Bundan dərhal sonra Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlandı. Məni də ora dəvət etdilər, dedilər ki, sənin bağın var. İşlə çox ciddi məşğul olacağıq. Ola bilər ki, bağ qəsdən yandırılıb və bizim təxminən şübhləndiyimiz adamlar var. Məni dindirdilər. Mən də şübhələndəyim DİN-in rəhbər vəzifəli şəxlərinin adını çəkdim. Adam oğurluğu ilə bağlı apardığım işlər üzrə mənə o dövrdə mane olan vəzifəlilərin də adını çəkdim. Bugünə qədər həmin adlarını çəkdiyim şəxslərdən birini də çağırıb dindirməyiblər. Deməyiblər ki, bu adam sizdən şübhələnir, fevralın 17-də harada olmusunuz? Bu işlə məşğul olmaq istəmirlər. Digər tərəfdən də, bu, müstəntiqin səlahiyyətində olan iş deyil. Kim DİN polkovnikini çağırıb dindirə bilər? Ona görə də mən müstəntiqi başa düşürəm. Bu işi Respublika Prokurorluğu icraata götürməlidir. Mən DİN-in konkret vəzifəli şəxslərinin adlarını çəkirəm. İşdən bir xəbər yoxdur. Deməli, göstəriş elə yerdən verilib ki, buna gücləri çatmır”.
 
“Sən hələ ağıllanmadın?”
 
İlham Əsədov bildirir ki, martın 9-da evinə basqın olub, lakin araşdırlacağına ümidsiz olduğundan bu haqda hüquq-mühafizə orqanlarına şikayət etməyib: “Martın 9-da Yasamaldakı evimə maskalılar basqın etdi. Əllərində silah vardı. Dedilər: “Sən hələ ağıllanmadın? Dilini qarnına qoymasan, sənin üçün çox pis olacaq”.
Mən bununla bağlı şikayət etmədim. Bağ evimin yandırılmasını araşdırmaq istəməyənlər, bunu araşdıracaqlar? Bu adamlara Baş Prokurorluğun gücü çatmır. Mənim axırıma çıxmaq istəyirlər. Ali Məhkəmədə martın 9-da Hacı Məmmədovun işinə baxmamaqla bağlı qərar çıxarandan sonra bizi DİN-ə çağırdılar. Dedilər ki, oğlun xuliqanlıq maddəsilə məhkəməyə getməlidir. Oğlum nə edib? Keçmiş komandirinin əlindən keçmiş arvadını alıb ki, onu öldürməsin. Dedilər, iş ayın 17-nə qədər məhkəməyə getməldir”.
 
“Sığorta Mamed”ə dedim ki...
 
Vəkil 18 illik mübarizəsinin də səbəbini açıqlayıb: “90-cı illərdə Azərbaycanda baş verən adam oğurluqlarını DİN-in müstəntiqi olaraq mən araşdırırdım. “Sığorta Mamed” adlanan varlı bir şəxsin oğlunun oğurlamışdılar. O işi apararkən əməliyyat istintaq yolu ilə adam oğurluğunu DİN-də çalışan şəxslərin əli ilə həyata keçirilməsi ehtimalını yaradan məlumatlar almışdım. Cinayət işini raportla rəhbərliyə məruzə edərkən daxili işlər nazirinin keçmiş müavini Zahid Dünyamalıyev və digər rəhbər şəxslər dedilər ki, bizim təşkilatda olanlar belə bir iş edə bilməzlər. Mən “Sığorta Mamed”in özünə də oğlunun oğurlanmasının kimin tərəfindən törədilə biləcəyi haqda ehtimalı bildirdim, dedim ki, sənin oğlunu DİN-in işçiləri aparıblar, get işini onlarla həll elə. Həll etməsən, onlar sənin uşağını buraxmayacaqlar. Mənim ehtimal etdiyim adamlar “Sığorta Mamed”in oğlunun işinə görə hazırda həbsdə olanlar və çeçenlər idilər”.
 
“Qara kəmər”dən sonra 14 gün ifadə vermişəm”
 
“2005-ci ildə “Qara kəmər” əməliyyatı keçiriləndən sonra 14 gün ərzində Milli Təhlükəsizlik Nazirliyində məndən ifadə alınıb. Verdiyim ifadələr əsasında MTN-in müstəntiqləri Novruz Kərimov, Sahib Ələkbərov və digəriləri araşdırmalar aparıblar”- deyir İlham Əsədov. 
“Hacı Məmmədovun işində olmayan, başqa bir adam oğurluğu...”
 
İlham Əsədov bildirib ki, “Qara kəmər”dən illər öncə Azər Vahabzadə onu Nizami Qocayevin işi üzrə dindirib: “İlyarım istintaq altında qalmışdım. Həmin vaxt bu gün adam oğurluqlarına görə həbsdə olan şəxslərin adlarını hallandırmışdım. O dövrdə Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin rəisi Əli Quliyevi həbs etdilər. Adlarını çəkdiyim digər şəxslər isə Daxili İşlər Nazirliyində oturduqları üçün onlar haqda heç bir tədbir görülmədi. Əli Quliyev Hacı Məmmədovun işində olmayan, başqa bir adam oğurluğu epizoduna - “Qusar işi”nə görə 10 il iş aldı. Amma Əli Quliyevin və Nəsimi Rayon Polis İdarəsinin keçmiş polis rəisi Niyazi Xəlilovun da bu işlərdə əli var.
 
“Sığorta Mamed” ə oğlunun oğurlanması ilə bağlı ehtimalımı, bu işi aparan DİN olduğunu, bu işdən DİN rəhbərliyinin xəbəri var demişdim. Niyə görə bu nəticəyə gəlmişdim? Əməliyyat-istintaq yolu ilə adam oğurluqları ilə məşğul olan, bu gün bir neçəsi həbsdə olan çeçenlərə çıxa bilmişdim. Onlar məni öldürmək istəyirdilər. Onlar da demişdilər ki, bəli, adam oğurlayanlar bizik, bu işdə DİN əməliyyatçılarının əli var”.
 
“DİN əməkdaşlarının göstərişi əsasında çeçenləri azad etdirdilər”
 
İlham Əsədov deyir ki, həmin şəxsləri tutsalar da, həbsdə saxlaya bilməyiblər: “Heç 1 saat saxlaya bilmədik. Onları Nəsimi polisinin əməliyyatçıları saxlamışdlar. DİN əməkdaşlarının göstərişi əsasında çeçenləri azad etdirdilər. Aslanbek vardı, bu gün həbsdədir, 2 çeçen də artıq rəhmətə gedib. Onları Hacı Məmmədov Bakıda öldürüb, maşına qoyub dağdan aşağı buraxmışdı. Guya avtoqəzada ölüblər”.
 
“Başa düşmədim, bizim Daxili İşlər Nazirliyi adam oğurluğu ilə məşğuldur?”
 
“Sığorta Mamed”ə oğlunun kimin oğurlaya biləcəyi haqda ehtimalı deyəndən sonra, o, bu haqda DİN-in rəhbərliyinə demişdi. Bundan sonra DİN rəhbərliyi məni yanına çağırdı. Sual etdi: “Başa düşmədim, bizim Daxili İşlər Nazirliyi adam oğurluğu ilə məşğuldur?”
 
Mən də cavab verdim ki, heç harda sizin adam oğurladığınızı deməmişəm, DİN əməkdaşlarının bu işlərin arxasında dayandığını demişəm. Həmin vaxt Nizami Qocayev DİN İstintaq İdarəsinin rəisi idi. İşi məndən aldılar, dedilər ki, təhvil ver, sən bu işi apara bilməzsən. İşi təhvil verdim və mənə təzyiqlər başladı”. 
“Azərbaycan hüquq mühafizə orqanları tarixində ilk dəfə idi ki...”
 
İ.Əsədov deyir ki, R.Usubovla görüşdən sonra nazir öz əmri ilə 11 sutka heç bir qanuni əsas olmadan onu Nəsimi Rayon Polis İdarəsinin zirzəmisində, suyun içində saxlatdırıb: “Bu gün də boynumu çevirə bilmirəm. Azərbaycan hüquq-mühafizə orqanları tarixində ilk dəfə idi ki, məhkəmə qərarı olmadan DİN-in müstəntiqi qanunsuz olaraq 11 sutka təcridxanada saxlanılırdı. Özü də şəxsən nazirin göstərişi ilə. Yazmışdılar ki, guya müşavirədə daxili işlər nazirinin üzünə qayıtmışam. Faktiki isə mən müşavirədə olmamışdım. Bunu təşkil edənlər Zakir Nəsirovla Niyazi Xəlilov olmuşdular. Bunu respublikanın bütün hüquq-mühafizə orqanlarının rəhbərləri bilirdilər. Respublika Prokurorluğuna da göstəriş verilmişdi ki, müstəntiq İlham Əsədov nəyin bahasına olursa-olsun həbs olunmalı və ona ittiham elan edilməlidır. Baş Polis İdarəsinin rəisi Məhərrəm Əliyev, şəhər prokuroru Hüseyn Əlixanov, respublika prokuroru Eldar Həsənov məni şəxsən tanıyırdılar və iş təcrübəmi bildiklərinə görə buna getmədilər. Dedilər ki, bu adamı 11 gün qanunsuz həbsdə saxlamısız, bundan başqa. biz onun barəsində hər hansı bir tədbir görə bilmərik”.
 
Həbsdən girovluğa...
 
“1998-ci il dekabrın 31-də gecə məni zirzəmidən çıxartdılar, dedilər ki, dilini qarnına qoymasan, səni bundan sonra da bəlalar gözləyir. 99-cu ilin yanvar ayında bu işlə əlaqədar daxili işlər nazirinin müavini Zahid Dünyamalıyev məni yanına çağırdı. Dedi ki, sən düz yolda olmusan, adam oğrularının izinə düz düşmüsən. Səni Çeçenstana ezamiyyətə göndəririk. Məni 11 gün qanunsuz həbsdə saxlasalar da, DİN İstintaq İdarəsindəki müstəntiq vəzifəsindən uzaqlaşdırmamışdılar. Təkbaşına məni ezamiyyətə yolladılar. 1999-cu ilin yanvar ayında Bakıdan çıxıb Mahaçqalaya getdim. Həmin vaxt Çeçenstanda müharibə gedirdi. Mahaçaldan Qudermesə gedən kimi sanki çeçenlər məni gözləyirdilər. Tutub qollarıma qandal vurdular, başıma torba keçirdilər. Onlardan biri bu gün Hacı Məmmədovun işi ilə bağlı həbsdədir”- deyir, İlham Əsədov.
 
Eks-müstəntiq yazır ki, 1 aya yaxın girovluqda qaldığı günlərin dəhşətlərini daim xatırlayır, həyatının ağır və acı günlərində də nəhayət ki, həqiqətin üzə çıxacağına ümidini itirməyib: “Qudermesdə çeçenlər qollarıma qandal vurub, aparıb bir tövləyə saldılar. Orada rus əsgərlərini saxlayırdılar. Mənə dedilər ki, səni bura ölümə göndəriblər, buradan meyitin çıxacaq. Səni də rus əsgərləri kimi axır-əvvəl öldürəcəyik. Rus əsgərlərinə gözümün qabağında işgəncə verirdlər, 2 əsgərin başını kəsmişdilər. Mənə Bakıda deyildiyi kimi orada da – sənin dilin başına bəla olub – demişdilər. Məni Çeçenstana ezamiyyətə göndərəndə artıq adam oğurluğu işini məndən almışdılar. Amma adam oğurluğuna görə də məni Çeçenstana ezamiyyətə göndərmişdilər. Mənə Zahid Dünyamalıyev demişdi ki, rəhbərlik belə məsləhət görüb ki, Çeçenstana getməlisən, qayıdandan sonra işi sənə qaytaracağıq. Çeçenlər mənə açıq dedilər ki, bizə Azərbaycan DİN-dən gələcəyin haqda məlumat veriblər. Mənə “Sığorta Mamed”lə danışmağa şərait yaradırdılar. Ona dedim ki, mənim buradan qayıtma ehtimalım çox azdır, məni Zahid Dünyamalıyev bura kiminsə göstərişi ilə göndərməklə oyuna salıb”.
 
“Dilini kəsib Azərbaycana göndərəcəyik”
 
İlham Əsədov bildirir ki, ona Rusiyanın Neftoyuqansk şəhərində yaşayan qohum-qardaşları ilə telefonla danışmağa şərait yaradıblar: “Özüm də vaxtilə Kamçatkada işləmişdim. Qardaşlarım o dövrdəki Çeçenstan rəhbərliyinə çıxdılar, danışıqlar apardılar, külli miqdarda pul ödəyəndən sonra məni azad etdilər. Pul verilməsə idi, məni orada yəqin ki, öldürəcəkdilər. Mən Bakıya qayıdanda hamı təəccüb içində idi. Düşünürmüşlər ki, geri qayıtmayacağam. İşi də belə rəsmiləşdirəcəkdilər ki, Çeçenstanda müharibə gedir, müstəntiq ezamiyyətə gedib və qayıtmayıb. DİN rəhbərliyi geri qayıtmağıma təəccüblənmişdi. Əsirlikdə olduğum günlər ərzində məni ezamiyyətə göndərənlər harada olmağım, ölüb-qalmağımla belə maraqlanmamışdılar. 1 aya yaxın mən orada çox ağır durumda saxladılar. Deyirdilər ki, səni öldürəcəyik, başını və sonra da dilini kəsib Azərbaycana rəhbərliyə göndərəcəyik. Deyəcəyik ki, sifarişi yerinə yetirdik.
 
Mən Bakıya qayıdandan təxminən 2 ay sonra Nizami Qocayevi həbs etdilər. O dövrdə çox belə ağlasığmayan işlər baş verdi, Nizami Qocayev həıbs olunub qondarma ittihamlarla üz-üzə qaldı. Onun həbsindən sonra Azər Vahabzadənin rəhbərlik etdiyi istintaq qrupu ilyarım məni get-gələ saldı. Həmin vaxt DİN rəhbərliyi Eldar Həsənova deyib ki, bu adam həbs olunmalıdır, bu adam Nizami Qocayevlə əlbirdir. Eldar Həsənov həbs üçün faktlar istəyib, deyib ki, faktlar verin, həbs edək. Həmin ərəfədə DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisinin rəhbərliyi ilə Bakı Şəhər Baş Polis İdarəsinin əməliyyat idarəsinin rəisi Məmməd Mikayılovun təşkil etdikləri qrupla evimə avtomat qoyub həbs etmək istəyirdilər. Son məqamda qeyrətli yoldaşların, Məhərrəm Əliyevin sayəsində mənə məlumat çatdı ki, balkonuna əməliyyatçılar tərəfindən avtomat qoyulacaq. Gecə ilə ailəmi o evdən çıxardım. Silahı qoymuşdular, sonra bilmişdilər ki, o evdə yaşamıram, özləri də qoyduqları kimi götürmüşdülər”.
 
“Hacı Məmmədovgil məni axtarıblar”
 
İlham Əsədov qeyd edir ki, bir müddət hamıdan gizlənib: “Bir qazaxlı yoldaşın dəfnində Zahid Dünyamalıyevə yaxınlaşdım. Soruşdum ki, bunun axırı nə olacaq. Dedi ki, ortadan itməlisən, yoxsa sənin axırın çox pis olacaq, səni fəlakət gözləyir. Mən Azərbaycandan itdim. Həmin vaxt artıq təqaüdə çıxmışdım. Sonradan bildim ki, o dövrlərdə Hacı Məmmədovgil məni axtarıblar, izimə düşüb öldürmək istəyiblər. Bu haqda Hacı Məmmədov həbs olunandan sonra ifadə verib. Hacı Məmmədov ifadəsində bildirmişdi ki, İlham Əsədovu da vurmaq istəyirdik, amma tapa bilmirdik. “Qara kəmər” əməliyyatından sonra mən MTN-də ifadə vermişəm. 2005-ci il mayın əvvəllərində daxili işlər nazirinin kadrlar üzrə müavini Əsgər Ələkbərov çağırdı, dedi ki, nazirin qəbuluna gəlməlisən. Qəbulda Ramil Usubov dedi ki, bilirəm, sənə qarşı böyük haqsızlıqlar olub, vaxtında haqqında düzgün məlumatlar verilməyib. Biz səni işinə bərpa edirik. Həmin vaxt mən artıq vəkillik fəaliyyəti ilə məşğul idim. Dedim ki, cənab nazir, mən geri qayıtmaq istəmirəm. Dedi ki, əgər həqiqət axtarırsansa və güman edirsənsə, kimsə kiməsə nəsə edəcək, bu fikirdən vaz keç, hamı qalıb öz işini işləyəcək. Sənə də tövsiyəm budur ki, gəl qayıt, ətəyindən bu daşı tök yerə. Əsgər Ələkbərova da dedi ki, bu yoldaşı sərəncama götürün. Mən orada cənab nazirə bir daha bildirdim ki, Ramil müəllim, mən geri qayıtmaq istəmirəm. O da bir daha bildirdi ki, sən həqiqət axtarırsan və elə bilirsən ki, bunların tutulması ilə kiməsə nəsə olacaq, bil ki, heç kimə heç nə olan deyil”.
 
“Bütün bunların sonu bağımın yandırılması, oğluma...”
 
İlham Əsədov deyir ki, onu Hacı Məmmədovun işi üzrə zərərçəkən kimi tanıyıblar, amma sonradan onun epizodu üzrə işi ayrıca icraata götürüblər: “Hacı Məmmədovun işini məhkəməyə göndərdilər, onda bildim ki, Novruz Kərimov, Sahib Ələkbərov və digər müstəntiqlər ifadəmi işdən çıxararaq hüququ qiymət verməyiblər. 2005-ci ildən sonra da hər bir işimdə çox ehtiyatlı davranmışam. Gec-tez zərbə gələcəyini gözləyirdim. Vəkillik fəaliyyətimdə işləyərəkən Yusif İldırımzadə ilə də konfliktlərim olub. O, yeganə prokurordur ki, “Prokurorluq haqda” qanunun 33-cü maddəsinə zidd olaraq 64 yaşı olsa da, təqaüdə göndərmirlər. Azərbaycanda elə bir prokuror yoxdur ki, 60 yaşı tamam olsun, amma vəzifədə qalsın. Bu, onu arxasındakı gücün göstəricisidir. Və onun verdiyi qərarları, istəyir, qanunun tam əksinə olsun, heç kim ləğv etmək istəmir. Yusif İldırımzadə haqsızlıq etdiyi işlərdə mənə deyib ki, geri çəkil, yoxsa axır-əvvəl bizim əlimizə keçəcəksən. Vəkil kimi onun prokuror olduğu rayonda belə işlərə çox çıxmışam. Məsələn, Elman Əliyevlə və Arifə Əliyevanın dəmir yolunun yaxınlığındakı mülklərini əllərindən almaq istəyirdi. Həmin ərazidə “Əmrahbank”ın baş ofisi tikilməli idi. Vəkillik fəaliyyətim dövründə də mən istəmədən DİN rəhbərliyi ilə konfliktli situasiyalar yaranıb. Bütün bunların sonu bağımın yandırılması, oğluma heç bir əsas olmadan cinayət işinin başlanmasına gəlib çıxdı”.
 
“İş bizim icraatımızda deyil”
 
Vəkilin səsləndirdiyi ittihamlara cavab almaq üçün Meydan TV adıçəkilən qurumlarla əlaqə saxlamağa çalışıb. Daxili İşlər Nazirliyinin sözçüsü Orxan Mansırzadə məsələni araşdıracağını və birazdan zəng etməyi məsləhət görsə də, gün ərzində telefon zənglərinə cavab verməyib.
 
Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə deyib ki, İlham Əsədovun müraciətindən xəbərdardılar. Ancaq iş prokurorluğun icraatında olmadığından münasibət bildirə bilmirlər. Bununla belə, problemi diqqətdə saxlayıb, araşdırmağa çalışacaqlar.
 
Eks-müstəntiqin şikayət etdiyi prokuror Yusif İldırımzadə ilə isə əlaqə yaratmaq mümkün olmayıb. Xətai rayon Prokururluğundan sualları cavabsız qoyublar.(MeydanTV)