Vasif Nəftullayev: Müqəddaratımızı pislikdən-yaxşılığa doğru Mübarək Ramazan qədər heçnə dəyişə bilməz

Artıq Mübarək Ramazan ayı öz qədəmlərini qoydu. Ramazanın başı rəhmət, ortası bağışlama, sonu isə, Cəhənnəmdən qurtuluşdur. Peyğəmbər (s.ə.s), Ramazan ayının fəziləti haqqında buyurur: “Ramazan ayı mübarək bir aydır. Allahu təala, sizə Ramazan orucunu vacib etdi. O ayda rəhmət qapıları açılar, Cəhənnəm qapıları bağlanar, şeytanlar bağlanar. O ayda bir gecə vardır ki, min aydan daha qiymətlidir. O gecənin (Qədr gecəsinin) xeyrindən məhrum qalan, hər xeyrdən məhrum qalmış sayılar”.
 
İslam Peyğəmbərinin dediyi bu kəlamlar Ramazan ayının nə qədər fəzilətli və bərəkətli ay olduğunu sübut edir. Ona görə də, hər bir müsəlman bu ayda öz əməllərinə diqqət yetirməli, nəfsinə hakim olmalı və günahdan çəkinməlidir. İnsan yalnız bu halda mübarək ayın fəzilətlərindən pay alaraq kamilliyə doğru addım atmış olar. 
 
Bəs insan bu ayın fəzilətlərindən tam bəhrələnməklə öz mənəvi müqəddaratını bir ömür boyu dəyişə bilərmi?
 
Mövzunu ilahiyyatçı alim Vasif Nəftullayevlə müzakirə etmişik. İlahiyyatçı öncə Azərbaycan xalqını, iman əhlini mübarək ayın gəlişi münasibəti ilə təbrik edib. Müsəlmanlara bu ayın bərəkət və fəzilətini həm maddi, həm də mənəvi dünyalarında hiss etməyi arzulayıb: “İlin içərisində müəyyən günlər var ki, insan həyatında müsbət istiqamətdə böyük dönüşlər yarada bilər. Lakin Mübarək Ramazan ayı insanın müqəddəratının mənfidən-müsbətə, pislikdən-yaxşılığa, bədbəxtlikdən-xoşbəxtliyə doğru dəyişməsində çox əhəmiyyətli rol oynayır. Bu barədə “Qədir Gecələri”nin xüsusi rolu var. Çünki Allah Qurani Kərimdə buyurur: “Bu mübarək gecələrdə hər bir insanın taleyi, müqəddaratı həll olunur”. Odur ki, bu ayda insan Allaha ən azı gücü çatdığı qədər, hətta bir az da artıq ibadət və itaət etməlidir ki, həyatında müsbət istiqamətdə dönüş yaransın. Məhz bu ayda insan öz adını Allahın rəhmət və mərhəməti sayəsində xoşbəxtlər sırasına yazdıra bilər. Lakin unutmaq lazım deyil ki, təkcə yeməkdən çəkinməklə bu səadət və xoşbəxtliyə nail ola bilmərik. İnsanın həm gözü, həm qəlbi, hətta fikri belə oruc tutmalı və haramdan çəkinməlidir. Allahdan arzu edək ki, başqa aylarda təkcə qidalanmaq bizə halal olsun, başqa oruclarımız isə son nəfəsimizə qədər davam etsin”.(islaminsesi)